XƏBƏR LENTİ

13 İyul 2020
12 İyul 2020

Digər Xəbərlər

06 Aprel 2020 - 00:33

Tahir Tahiroviçin hekayəsi:"YUN ÇIRPAN"

Tahir TAHİROVİÇ, rejissor

 

Azərbaycandan 8 il vardı ayrılmışdı Hikmət. Bu illər ərzində mühacir kimi çox əziyyət çəksə də, savadlı və təhsilli olması Avstriyada özünə yer tutmasına imkan vermişdi.

Bayaqdan əli cibində Dunay sahilini gəzirdi. Çayın sakit axan mavi sularına baxa-baxa doğma Naxçıvançayı xatırlayırdı. Düzdür, onun suyu belə mavi olmasa da, yazın ortalarında, eynən Dunay kimi, gurlayıb-çağlamağı da vardı. Hə, bir də Naxçıvançayda balıq tutardılar, yayda çimərdilər…

O, siqaretini söndürüb, prospektə tərəf yollandı. Bayırda bir işi qalmamışdı, evə gedib dincəlmək istəyirdi.

Hikmət saxtakarlıqla sənəd düzəldib «mühacir» adını qazanan həmyerlilərindən, adətən, uzaq gəzməyə çalışırdı. Bununla belə, mühacirlərin məhkəmələrinə də həmişə özü getməyə məcbur idi. Çünki alman və fransız dillərini səlis bilirdi.

Yaxınlıqdakı marketdən pivə alıb evə qalxdı.

Bakıdakı dostu Tahiroviçlə telefonda bir az danışdıqdan sonra televizoru yandırıb, Miloş Formanın filminə baxırdı ki, qapı möhkəm döyəcləndi. Hikmət diksindi. Elə bil, kimsə bu dəqiqə qapını yerindən qoparacaqdı.

Avstriyada qapını bu cür yalnız özününkülər döyə bilərdi. Ona görə də oğlunu yolladı ki, qapını açsın.

İsmayıl idi. Özünü təngnəfəs içəri salıb, nəfəsi kəsilə-kəsilə dedi:

– Hikmət, qardaş, kömək elə. Arvadı polislər apardı.

Tələm-tələsik ayaqqabısını geyinib İsmayılla polis məntəqəsinə yollandı. Polis rəisi Rudi Fazbinder onu salamlayıb otağına dəvət elədi.

Hikmət İsmayılın həyat yoldaşı Tükəzbanın həbs olunmasının səbəbini soruşdu. Cənab Rudi bildirdi ki, onlarlıq bir iş yoxdur. İsmayılın yoldaşını qonşuları xanım Matera Hanpelin şikayəti əsasında tutub, dəlixanaya təhvil veriblər. Qalanını ordan öyrənmək gərək.

Dilxor olmuş Hikmət həmyerlisinə kömək etmək üçün yenidən yola düzəldi. Dunay çayının sağ sahilində yerləşən psixiatriya mərkəzinə gəldi. Baş həkim Selena Müller təbəssümlə Hikməti salamladı. Hikmət İsmayılın həyat yoldaşı Tükəzbanı soruşdu. Həkim dedi ki, o artıq müalicə üçün palataya yerləşdirilib. Onu da əlavə etdi ki, Tükəzban ən azı 3 ay burda qalmalıdır.

Hikmət həkimlə danışıb dedi ki, Tükəzbanın əlli beş yaşı var, ərinin də indiyə kimi həyat yoldaşından heç bir şikayəti olmayıb. Arvadının və özünün adını eşidən İsmayıl gözlərini tez-tez qırpıb yazıq-yazıq Hikmətə baxırdı. Həkim sözünə davam etdi:

– Onların qonşusu Matera Hanpel bizə şikayət edib. Biz də, öz növbəmizdə, polislə birgə onu bura gətirdik.

Hikmət şikayətin səbəbini soruşdu.

Həkim:

– Xanım Hanpel bizə zəng vurub dedi ki, həyətimizdəki mühacir qadının başına hava gəlib. Qonşular, eləcə də cəmiyyət üçün təhlükəlidir. O, binanın həyətindəki çəmənliyə parça sərib və əlində uzun çubuqla yun çırpır.

Hikmət bütün vasitələrdən yararlanıb həkimə anlatmaq istədi ki, yun çırpmaq dəlilik əlaməti deyil, bunu onlarda bütün qadınlar edir. Həkim Hikməti diqqətlə dinləyib sual verdi:

– Axı o, yunu hardan tapıb yığıb və niyə onu döyür?

Hikmət həkimə izah etdi ki, yun Azərbaycandan döşəyin içində gəlib. Azərbaycanda, Avstriyadan fərqli olaraq, yun yorğan-döşəkdə yatırlar.

Həkim bu izahdan sonra ayağa qalxıb İsmayıla dedi:

– Həyat yoldaşına başa sal, yunu həyətdə döyməsin.

Hikmət həkimin dediklərini İsmayıla azərbaycanca başa saldı və təbii ki, həkimin «döymək» sözünü «çırpmaq» kimi çevirdi.

Tükəzbanı buraxdılar. İsmayıl yolboyu arvadını danladı ki, bir daha yunu həyətdə çırpmasın:

– Dədən evindən gətirdiyin o çubuğu da əlindən alıb qıracam.

Tükəzban evə çatar-çatmaz bayaqdan həyətin ortasında atılıb qalmış yun qalağına doğru getdi. Hikmət isə evə qayıtdı. Yenidən televizorun qarşısına keçib pivənin qapağını açmaq istəyirdi ki, qapı bayaqkı kimi, yenə döyüldü.

Qapını özü açdı. İsmayıl bu dəfə ağlayırdı:

– Hikmət qardaş, arvadı yenə polislər apardı.

Hikmət polis idarəsinə çatanda cənab rəis Rudi Fazbinder elə qapıdanca əli ilə işarə etdi ki, gedin dəlixanaya, yenə ora apardıq.

Yenidən dəlixanaya yollandılar. Psixiatriya mərkəzinin baş həkimi xanım Selena Müller Hikməti görən kimi, özü söhbətə başladı:

– Bağışlayın, cənab Hikmət. Siz gedəndən 20 dəqiqə sonra onların qonşusu olan xanım Matera Hanpel yenidən zəng vurub şikayətləndi ki, bu dəlini niyə buraxmısınız? Biz polislə birlikdə təkrar həyətə gedəsi olduq. O, yenə bir topa yunun içində oturmuşdu. Düzdür, bu dəfə əlində çubuq görünmürdü. Amma yunu əlinə alıb didirdi. Sizcə, bu normaldırmı? Bəlkə, sizin ölkəniz üçün normaldır, bizim insanlar isə belə mənzərəyə öyrəşməyiblər. Unutmayaq ki, bura Avstriyadır, cənab Hikmət!

Baş həkimin bu qəti sözlərindən sonra Tükəzbanı bir daha buraxdırmaq mümkünsüz idi. İsmayıl 3 ay arvadsız qalmalı olacaqdı. Bəs saxta sənədlə mühacir ünvanı alanda, bilmirdi hara gəlir?! Arvadının dəlixanaya düşməsi ilə barışmaq istəməyən İsmayılın rəngi ağarmışdı.

Hikmət ona güc-bəla ilə izah elədi ki, heç nə eləmək mümkün deyil. Bundan sonra İsmayıl büzüşüb, sanki, yumağa döndü:

– Gedib arvad üçün sovqatdan, döşəkdən-zaddan düzəldim, xəstəxanada quru yerdə yatmasın…

Hikmət istədi yenə nəsə deyib İsmayılı başa salsın ki, heç nə lazım deyil, amma yorulmuşdu. Cibindən siqaret çıxarıb yandıra-yandıra Dunayın sahili ilə yumaq kimi yomalanan İsmayılın dalınca göz atıb, üzünü çaya çevirdi. Bu vaxt həzin külək əsdi. Tükəzbanın yunları hardansa üzə çıxıb qar topası kimi göydə uçuşmağa başladı və uçub-uçub qağayıtək düz gəlib bir-bir çayın üzünə qondu. Bir azdan Hikmətin dayandığı yerdən keçən yun topaları gülərüzlə həmyerlilərini salamlayacaqdılar.

Hikmət dərindən ah çəkdi. Nədənsə, yadına Naxçıvandakı Abraqini əmi və bir də Çuxur məhəlləsi düşdü.

ONN.az