XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

13 May 2020 - 02:45

Muxtar Qasımzadə yaradıcılığından seçmələr:"Dünya", "Bura Şuşadı" - "Xanəgah"dı...

Muxtar Qasımzadə – 1951-ci ildə Naxçıvan şəhərində anadan olub. İbtidai sinfi 5, orta təhsili 7 nömrəli məktəbdə tamamlayıb. Naxçıvan Dövlət Pedoqoji İnstitutunu və Azərbaycan Jurnalistlər İttifaqının Jurnalist Sənətkarlığı İnstitutunu bitirib. 50 ildir ki, fasiləsiz olaraq, jurnalisitika sahəsində çalışır. 1000-ə yaxın kitabın redaktorudur, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Şeirləri rus, ingilis, fars və fransız dillərinə tərcümə olunub. Bir neçə dəfə beynəlxalq poeziya festivallarında Muxtar Respublikanı təmsil edib.

“Əcəmi” nəşriyyatının redaktorudur.

 

BELƏCƏ

Eşitdiklərimi qulaqlarımda,
Gördüklərimi gözlərimdə,
Anladıqlarımı ağlımda,
Duyduqlarımı ürəyimdə saxladım.
Tanrının ərki insafa,
Yoxsulun ərki azadır.
Buludun ərki yağışa,
Şairin ərki kağızadır.
Zəngin insafını,
Yoxsul azını,
Bulud yağışını,
Şair kağızını
Zümzümə edir hər gün sakitcə.
Ən gözəl xorunu oxuyur bəşər,
Xor oxuyur beləcə…


XANƏGAH

Əlincə qalasından,
üç min dirsək yuxarı.
Gəlin, dərə yoxuşa
qalxaq gedək yuxarı.

Ceviz qocalıb tamam,
cadar-cadar qolları.
Kəndirlənib dizinə
Xanəgahın yolları.

Yüz illərdi beləcə,
Zaman dayanıb durub.
Heyran qalıb Əlincə,
Duman dayanıb durub.

Qovuşub müridləri
Mövlana Fəzlullaha.
Adlayıb altı əsri
yol gəlib Xanəgaha.

Dağdı, daşdı müridlər,
şeir deyir Nəsimi…
Xor oxuyur qəbirlər:
“Ya Fəzlullah Nəimi”.

Sirri-Xudaya görə
bilir bu yer, göy nədir.
“İnsan üzü kitabə”,
gözəlliyi Ayədir.

Mat qoyub teymurları,
çatıb haqqa, kamala.
Hürufilər Nigarı,
can dildarı Fəzlullah.

Xaliqin qüdrətiylə
faili-Muxtar olub.
Haqqın kəramətiylə,
ocaq olub, pir olub.

Memar Cəmaləddinin
ehtişamıdı türbə.
Şeyx Fəzlullah cəddinin
yanar şamıdı türbə.


DÜNYA

Ömrümüzü dəryaz kimi,
Vaxtlı-vaxtsız biçən dünya.
Heç bilmədim sirrin nədir,
Gülü xəlvət açan dünya?

Tikan sərib, kol bitirən,
Cığır açıb, yol bitirən,
Sinəmizdə sal bitirən,
Üstümüzdən keçən dünya.

Nifaq səpdin sıramıza,
Barı dəymə yarımıza.
Şeytan salıb aramıza,
Gülə-gülə qaçan dünya.


BURA ŞUŞADI…

(Şeir Şuşanın işğalından əvvəl yazılıb)

Dağların yaxasında
Boy atıb, bitib evlər.
Sanki yallı gedəcək,
Əl-ələ tutub evlər.
Ucalıb pillə-pillə,
Zirvəyə çatıb evlər.
Bir-birinin dizinə
Baş qoyub, yatıb evlər.
Şirin-şirin nəğməyə,
Nağıla batıb evlər.
Qalıb qonağı oldum,
Doğmasıtək oxşadı,
Bura Şuşadı.

Bağçaları, bağları,
Şirinlik tabağıdır.
Uca dağlar qoynunda
Sanki cənnət bağıdır.
Qarabağın əlində
Gözəllik bayrağıdır.
Doğma Azərbaycanın
Musiqi ocağıdır.
Düşdüm ulu Qarqara
Gördüm ilham çağıdır.
İsa bulağı üstə
Mürsəl muğam başladı,
Bura Şuşadı.

Xəlfəlisi möcüzə,
Daşaltısı nağıldı.
Qol-boyun meşələri
Üfüqlərə sığaldı.
Dərəsinə söz atdım,
Hər daşdan səs sağıldı.
Məxmər yamaclarını
Gəzdim, huşum dağıldı.
“Xarı bülbül”ə qıyan
Paxıldan da paxıldı.
Çəməni xalı-xalça,
İlməsi tamaşadı,
Bura Şuşadı.

Xan qızı Natəvanın
Ayna bulağını gör.
“Xuraman qayası”nın
Pərişan tağını gör.
Boylan Cıdır düzünə
Vaqifin “dağını” gör.
Cabbarın eyvanını,
Xanın otağını gör.
Baş əy Nəvvab ruhuna,
Seyid ocağını gör.
Sənətkarı, sənəti

Əbədilik yaşadır,
Bura Şuşadı.

Abidələr diyarı,
Gözəllik qoruğudur.
Sanki qala divarı
Boynunda muncuğudur.
Ormanları Çənlibel,
Hər qaya Koroğludur.
Dərə döşü təbildi,
Gur sellər yumruğudur.
Havalanan qovaqlar
Niyazi çubuğudur,
Burda dahi Üzeyir
Zirvələrlə qoşadı,
Bura Şuşadı.

Çadır-çadır zanbağı
Bənzər gümüş xalına.
Çıraq-çıraq lalələr,
Nur səpir camalına.
Dolanıb dörd yanından
Bahar girib qoluna.
Hüsnündən doymaq olmur,
Xoş Şuşanın halına.
“Maraldağın”, “Qırxqızın”
Qovuşdum vüsalına.
Könlüm ovsuna düşüb
Sevgisiylə yaşadı,
Bura Şuşadı.

Xana-xana evləri
Ədalı göyçək kimi.
Gül-çiçəyin içinə
Qonub kəpənək kimi.
Şuşa təzə gəlindi –
Bəzənib mələk kimi.
Burum-burum zirvələr
Çiynində səhəng kimi.
Bəyaz-bəyaz buludlar
Başında örpək kimi,
Dönüb hayana baxdım
Toy evinə oxşadı,
Bura Şuşadı.

“Şuşa”qəzeti,
20/IX-1983.


ÇAĞIRIŞ

“Dünyanın bəzi sularına atom gəmiləri yerləşdirilmişdir”.
Qəzetlərdən

Biçin, biçin bu dəryanı,
Keçin, keçin bu dəryanı –
Zahiri mələk,
Batini qorxulu dəryanı!
Qayası bayquş,
Daşları bayquş balası
bu dəryanın dibini şumlayın!
Bu sular balıqların
əsir düşmüş vətənidir.
Dalğalar çürümüş kəfənidir…
Delfinlər göz yaşı tökdülər o ki var.
İnsanlığın o tayındakılar
kef çəkdilər o ki var!
Bədniyyətlər qara fikir ovxarlayır,
Atomların caynağında,
gəmilərin yedəyində
Yer kürəsi balıq kimi çabalayır.
Ağıl kəsə-kəsə, göz görə-görə,
Səsimiz içimizdə,
içimiz sözümüzdə ağlayır.
Falasını altından çəkin,
qarnında nüvə kürüsü tökənlərin.
Başında turp əkin,
hərbə avar çəkənlərin!
Keçin, keçin bu dəryanı,
biçin, biçin bu dəryanı,
Yarasına məlhəm qoyun,
dalğasına məlhəm qoyun.
Su pərisi ərə getmək,
Balıqlar yaşamaq istəyir!..


BƏY QUŞ

Sən quşların bəyi idin
Niyə tənha qaldın axı?
Səni gözdən salanların
Görüm dağılsın tufağı.
Orman-orman vətənindən,
Sənə bir budaq qalmadı,
Qara qarğalar qədər
Hörmətin olmadı.
Səni qovdular,
Yuva-yuva ev yıxanlar
Sənə qoydular adlarını.
Varını çeynədilər,
Adını çeynədilər,
Bayquş qoydular adını!
…Bəzəkli sarayların qapısını
Çırpıb getmisən,
Küsüb getmisən.
Mülkündə çalağanlar gəzir,
Quzğunlar oynayır.
Yalan olub atomlar,
Xaraba qoyduqları yerləri,
Sənin adına bağlayırlar.
Yazıq Bəy quş,
Nələr çəkmisən.
Günahsız balalarınla
Tənhalığa çəkilmisən.
Çəkil!
Bu da bir qədərdi.
Ağla, ulu bayquş, ağla.
Gözdən düşmək
Ölümdən də betərdi.
Ula, gözəl bayquş, ula
Səninki qiyamətə qədərdi…

“525-ci qəzet”