XƏBƏR LENTİ

05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

23 May 2020 - 16:34

AYDIN QACAR BU DƏFƏ RAMİZ QUSARÇAYLI YARADICILIĞINDAN “BAL SÜZDÜ”:"Bu, arı işi deyil..."

Aydın QACAR

 

Qarşımda iki seçim, iki Qusarçaylı var.

Biri, misraya düzdüyü Vətən çiçəklərinin gözəlliyindən məst olub bayılan, oxucusunu da sehrləyib məst edən və bu çiçəkləri, gülləri, naz dəlisi qız bənövşəni, təzə-tər saxlamaq üçün “Çıxart ürəyimi, üstə sər, saxla” – deyib heyrətə salan Şairdir.

İkincisi, uca kürsülərdən “Sən, ey istiqlalımın əbədiyyət sancağı – Azərbaycan bayrağı!” deyib hayqıran, ancaq dörd yanına baxanda, “Bəs niyə bir zəfər yox, bu boyda zəhm içində?” sualları ilə öz içinə qısılan şair;

“Ağlaya-ağlaya Qarabağ deyib, Şuşanı bazara çıxara bilən” bu qədər alçağın, haramzadanın haradan peyda olmasına təəəccüblənən, “Bu millət, bu millət, bu millət mənim” deyib yanan, sızlayan şair;

– hər tərəf “iftira, yalan yuvası, əsarət yuvası, talan yuvası” olduğunu  yazsa, desə də, “Dözümlü xalq” brendinə özü də sadiq qalan, neçə illərdi “Lazım gəlsə” laylasında yatıb xoranaq çəkən, uyuyan xalqıyla bir yastığa baş qoyan şair;

– bütün bunlarla bərabər, “hər şəhid qəbrində can havası var, qisas havası var, qan havası var” nigarançılığı, təşvişi içində vurnuxan şair!

Məsələ burasındadır – susmaq, loyal olmaq, ölkəni bürüyən talana, yalana göz yummaq da hələ heç nəyi həll etmir, gərək, hakimiyyətin mədhiyyə xoruna qoşulub “ha-kış-ta…” deyəsən, nə çalınırsa, o dınqıra süzəsən.

Tapşırıq gəldisə, təngənəfəs ekrana çıxıb, saxta kədər, dərin pafos içində sənə kinonun qapısın açan adamı, yaş yuyub-quru sərəsən – Fəxrəddin Manafov kimi.

Telman Adıgözəlov, Fuad Poladov hansı günahın sahibi idilər? Harda, nə vaxt, kimə, nəyə etiraz edib günaha batmışdılar? İşlədikləri teatırda vida mərasimlərinin keçirilməsinə belə, “dobro” verilmədi, urvatsız edildilər.

İkinci Qusarçaylı növbəsin gözləsin, söhbət uzun olacaq!

***

Birinci Qusarçaylıdan başlamaq istəyirəm.

Mən Məmməd Araz sayəsində dağ, dərə, daş dilini bilirdim, Musa Yaqub duyumunda palıd, vələs, meşə dillərini anlayıb, duya bildim.

Ramiz Qusarçaylı oxuyalı isə nərgiz, süsən, bənövşə dillərini, arı, kəpənək, çiçək sirlərini öyrəndim.

Hər üçü Vətənin həzin, kövrək, yeri gələndə də sərt, ötkəm, Daş, Çiçək, Yarğan, Yastan, Arı, Leylək, Bal dilləridi!

Məmməd Araz şerinin qanadlarında “bir dağ döşü, bir daş otaq” eyvanından seyrə dalıb “qayaların lal dilini başa düşmək” nə qədər hüzurlu, nə qədər möhtəşəmdisə, Ramiz Qusarçaylı şeirinin zərifliyində, tikana sancılmış kəpənək dili, qız bənövşənin çiçək dili, naz dili, Şair qüdrətinin şənini vəsf etdiyi Azərbaycan bayrağı şeirinin, sərkərdə, komandan, ər dili, ərən dili o qədər hüzurlu, o qədər möhtəşəmdi.

“Yarpağını qoparıb, budağını əymərəm, əymərəm ay meşələr, Cüyürlərin qaçmasın daha məndən aralı, dizlərimin üstündə yatsalar da dəymərəm, dəymərəm, ay meşələr” laylası, oxşaması, şirin nağıl dilidi “Leyləklərin çöp yuvası”, “Bu dünyanın qara daşı”,  məndən ötrü dildən də şirin Musa Yaqub doğmalığının sözlə çəkilmiş tabloları, şəkilləridi… Bu tabloların üstündə, həmişə al-əlvan bir göy qurşağı da olur – bir ucu göydən-səmadan, bir ucu da Musa Yaqub poeziyasından asılmış.

Mən hər dəfə bu göy qurşağının altından keçmək istəyində oluram – bu keçidi Musa Yaqub sözünün altından keçmək kimi qəbul edir və edəcəyəm.

***

12.05.1999-da gənc şair haqda yazmışdım, deyirdilər, “barıtın” çox etmisən. Qəzeti Məmməd əmiyə aparıb, onu sevindirmək istəyirdim, “Süfrəmiz sözsüz qalmayacaq, belə bir gənc nəsil yetişir” – demişdim.

Yazıya xeyli baxıb, oxuyub, soruşmuşdu:

– Tanıyırsan? İnsan kimi…

– Yoox, hardan tanıyım? Ayaqüstü görüşmüşük, vərəqlərdə verdiyi, hər biri üç bənddən ibarət olan, cəmi 25-30 şeiri var. Mən də bir şeirini qəzetdən oxuyub bəyənmişdim. Görüşüb dəstək olacağam.

Qəzeti kənara itələyib, üzünü yana çevirmişdi…

İlahi, o uşaq məsumluğu, körpə küsəyənliyinə dünyanı verərdim…

O vaxtdan o məqamın, o anın üstünə əlimi qoyub, gözümün, zehnimin ekranından heç vaxt silinməyəcək o zamanı dondurub saxlamışam!

Gülxanım müəllimə gülümsəyərək, – “Səni qısqanır”, – deyib, sakit səslə əlavə etmişdi:

– Bu yaxınlarda Naxçıvana, Hüseyin Cavid tədbirinə Bakıdan bir təyyarə adam gedirdik. Heydər Əliyev özü də, gedənlər hamısı da gəlib Məmmədlə görüşürdü. Sənin bu təzə şairin də ordaydı, nə yaxın gəldi, nə də salam verdi bizə…

O vaxtdan nə az, nə çox, düz, 21 il ötür! Və mən indi ilk dəfədir Məmməd Arazdan qeyri, digər bir şair haqda yazıram.

Etiraf da edirəm, bu illər ərzində, elə təkcə Musa Yaqub, Ramiz Rövşən şeiriyyatı ilə neçə dəfələrlə dolub daşmış, öz şirəmdə boğulmuşam. Ancaq əlimə qələm alıb, bir-iki şeiri incələyib-açıqlamaq, əzizləyib-oxşamaq ləzzətindən özümü mərhum etmiş, o həsbi-halı yaşamaq xoşbəxtliyini özümə rəva görməmişəm!

Hər dəfə o məsum Məmməd Araz silueti, o körpə küsəyənliyi gözlərim önündə canlanmış və o nəhənglikdə insanı, dahini dodaq büzən uşaq kimi əzizləyib oxşamışam:

– Hamısın “akk…” edərəm, qoy çıxıb getsinlər, nə işim var mənim onlarla? – deyib, əslində özümü ovudub, soyudub, fikrimdən daşındırmışam.

…Gənc şairimlə də bir-neçə il əlaqə saxlayıb, yaradıcılığın izlədim. İlk kitabçası da çıxdı, uğurların da qeyd etdik, evində də oldum, dostum bəzi etiraflarda da bulundu:

– Aydın müəllim, sizin məqalədən sonra, özüm bir neçə dəfə öz şeirlərimi təhlil etmək istəmişəm, ancaq heç nə alınmır ki, alınmır…

Yeri gəlmişkən, təhlil, təfsir müəllifdən xüsusi fəlsəfi-poetik duyum, xridarlıq tələb edən, kəşf etmək, açıqlamaq elmidı. Dağ çayı öz yatağının daşını, torpağını, elmi dildə desək, fiziki-kimyəvi özəlliklərini necə yuyub, öz canına, suyuna qatırsa, söz, yazı da insanın içini, duyğularını eləcə yuyub özünə qatır. Yəqin, həm şeir yazmaq, həm də öz yazdıqlarını təfsir etmək bu səbəbdən alınmır.

Dostum öz şeirlərini təhlil edə bilmədiyi kimi, mən də heç vaxt şeir yaza bilmərəm, yazmamışam. Baxmayaraq, ən azı, yeniyetmə yaşlarda əksər oğlan və qızlar, belə cəhdlər edirlər, mən etməmişəm…

Mövzuya qayıdıram…

Ramiz Qusarçaylı ilə bağlı bu tilsimi “Facebook” – Feysbuk sındırıb!

Doğrudan da, möcüzədir bu sosial şəbəkələr – insana kütlə aurası, izdiham efekti yaşadır. Bir də ayılıb görürsən, axının ən gur yerində Ramiz Qusarçaylı ləngərində, Ədilə Nəzər ahəngindəsən! Sabir Yusifoğlu, Kəmaləddin Qədim, Çiçək Mahmudqızı, Xatirə Fərəc aurasındasan! Ayaz Arabaçının çox sanballı bir-iki şeirinə rast gəlib heyran olsam da, izləyə bilməmişəm. Bu qrupa mən öz içimdə, yumorla “ansambl Çinqizxana” – Ramiz Qusarçaylı ansamblı deyirəm, yaxşı mənada. “Ay işığı”nın üzvüləridi. Dostluğumda Azərbaycanın klassik şair və yazıçıları, mətbuat kapitanları, digər əqidə və məslək dostlarım da var. Əlaqələrin çox genişlənməsini istəmirəm, sözə mənəvi tələbat yarananda “başmaqlarımı” çıxarıb, “Ay işığına” keçmək və bu doğma ərazidə bir qədər bardaş qurub oturmaq  kifayət edir.

Feysbuqda sonuncu paylaşımım: 

AAydin Qacar

14 Yanvar 2017 ·

“Nə gizlədim, daha Ramiz Qusarçaylını oxumağa qorxuram, yaxşı mənada! Hər vəchlə çalışıram, uzaq olum Onun şeirlərinin aurasından! Özümü tanıyır və bilirəm, bir-iki addım da atsam, sonra mümkün olmayacaq o cazibədən, o sehrdən çıxmaq. Ancaq tam yüklənməmiş bu qısa feysbuq tanışlığının yaratdığı imkanlar həddində – obyektiv, tərəfsiz bir təhlil, təfsir, əzizləmə, oxşama, oxucu açıqlaması yapmaq – yazmaq istəyirəm Ramiz Qusarçaylı poeziyasının məziyyətlərindən. Nə vaxt “dəmə gələcəyimi” özüm də bilmirəm…”

Beləliklə, Ramiz Qusarçaylı.                                          

Kiçik replikalar atırdım: “Güldə-çiçəkdə, arıda, kəpənəkdə SİRR qoymadı bu Şair!!!”

Hər gül üstü bir arının iş yeri,

Ləçəyində dodaq yeri, diş yeri…

Əlini Söz qanına batırdığını Ramiz Qusarçaylı özü etiraf etdi!

***

– Söz-söz ürəyimi üzürsən, Şair!!! Var olasan!

***

“Çiçəklər zoğalın sarı gülüşü” – gözəl ifadədir, xoşbəxt etdi məni bir misra…

***

“O gün Ramiz müəllimin kəpənək qanadlı misralarına “Güldə-çiçəkdə, arıda, kəpənəkdə sirr qoymadı bu Şair” gileyi yazıb, paylaşmışdım. Ustad həmin paylaşmaya bir şeir də əlavə edib. Bir bəndin sizinlə paylaşır və səriştəli dostlardan xahiş edirəm, bu misralarla səsləşən bir düyməçəli, butalı gül şəkli tapıb, şairin öz şəkli ilə qarışıq qoysunlar bura. Bizimki şairlə gülün təmasın yaratmaqdı, sonra kim kimin yaxasın nəynən açar (nəfəsləmi, baxışlamı), nəynən düymələr (sözləmi, duyğuylamı) – özləri bilər, biz intim məsələlərə qarışmırıq ki…

İlıq bir baxışdan çatlar düymələr,

Meh də yaxasını açar, düymələr,

Ürəkdə min duyğu, min söz düymələr –

Qaynayıb-qarışar gül, adam, belə…”

 ***

Və intensivlik beləcə artan xəttlə gedirdi:

“Ramiz müəllim, gözəl şeir təkcə heyrət deyil, mən ümumiyyətlə sevdiyim şeirlərin hətta ətrini, qoxusunu da duyuram:

Bu həsrətin baxmaq olmur üzünə,
Baş açmıram qarğışı nə, sözü nə,
Sənsizliyim güman dolu xəzinə
Tərpət məni, tala məni, çap məni…

“Sənsizliyim güman dolu xəzinə” – təkcə bu misranın tutumuna bir quzu düşür! Ancaq mən indi ətraflı incələmə aparmaq yox, Sizin bu gözəl şerinizdən burnuma bir tel də (vurğulayıram, cəmi bircə tel) Məmməd Araz ətri qarışdığını və çox məmnun, məsud olduğumu bildirmək istəyirəm. Bunu poeziyaya ərki çatan oxucu kimi deyir və Məmməd Arazın “Unut məni” şeirindən həmin misranı xatırladıram: “Unut məni, aldat məni, at məni.””

***

Bu şəkildə isə, “yaşıl heydən salıb, al vurub səni, şair”, düz deyirsən! Seçilən uşaqlıq pozası elə tarazlayıb, elə duruldub ki, oxucu inanır – bu halda quş da dimdiyində qaldıra bilər, hələ desən, qarışqa da ağzına alıb apara bilər şairi… Təbiətin bir parçasısan…

Gül gülə ötürər, sünbül sünbülə,

Yaşıl heydən salar, al vurar məni.

Ümumiyyətlə R. Qusarçaylının içində yeniyetmə kənd uşağı hələ də boy verib durur… Məncə, onun poeziyasının gücü də elə bu saflıqda, bu ilkinlikdədi!   

***

Şair dilində sözlərin necə daş kimi yonulmasına da, daşdan çıxan fikirlərin şairin özünü necə yonmasına da baxmaq istəyənlər dönə-dönə oxusunlar bu şeiri.

Dilimdə daş kimi yonulur sözüm,
Yonur daşdan çıxan fikirlər məni.
Bir yandan yığılıb doluram özüm,

Bir yandan əndərib tökürlər məni.


Asıb ürəyimi şaqul yerinə,
Ölçürəm daşların düzlüyünü mən.

Asıb ürəyini şaqul yerinə daş düzlüyü ölçən Şair!

Əvvəla, şaqulun görünüşcə ürəyə bənzəməsi çox maraqlı tapıntıdı, hələ düzlük ölçməsin demirəm! Sizin bu gözəl şerinizə, yonulmuş, cilalanmış sözlərinizə böyük məmuniyyətlə mən də ürəyimi şaqul edib, tarazlıq, ölçü çıxarar, ruslar demiş, bir “obmer” edərdim.

***

Sonra mənim Məmməd Araz haqda olan yazıma Ramiz Qusarçaylı rəy bildirmişdi: “Məmməd Araz gəncliyimin ruh şairi olub, bu gün də ruh şairim olaraq qalır… Ata ocağımda olub, toyuma gəlib, tez-tez görüşmüşük, ustadım olub. Yeri behişt olsun!… Gözəl ziyalı Aydın Qacarın Məmməd Araza həsr etdiyi bu yazı məni bir daha Məmməd Arazlı dünyama çəkib apardı, o illəri bir də yaşadım… Var olun, Aydın müəllim!”

Ramiz Qusarçaylı: “Oxudum, doymadım, bir də oxudum… Belə yazıları oxumurlar, yaşayırlar. Oxuya-oxuya Məmməd Araza qovuşdum, onunla ilk görüşdən başlayaraq bütün görüşlərimi yaşadım bir də… Nə yaxşı ki varsınız, Aydın müəllim! Sizin bu səpkidə yazılarınız toplanan kitabınızı istərdim, tənhalığımı unudardım, M. Araz kimi könül aşiqlərimlə baş-başa qalardım… Əli Kərim, Sərdar Əsəd, Musa Yaqub kimi könül aşiqlərimlə də görüşdürün məni… Var olun!”

Aydın Qacar:Ramiz müəllim, Siz də Məmməd Araz kimi məni ərköyünləşdirib, ədəbiyyata, sözə çəkirsiniz. Allah şairliyi sizə böyük səxavətlə əta etdiyi kimi, maşallah, böyük də ürək verib! Adlarını çəkdiyiniz poeziya nəhəngləri, mənim də kumirim – heyrət bürclərimdi. Dediklərinizi ustad tapşırığı kimi qəbul edir və Sizi xoş sözləriniz, gözəl şeirlərinizlə birlikdə bağrıma basıram”.

Ramiz müəllimin bu foto – paylaşımına da sevinmişdim:

“Çox sevdiyim, özümə ruhən doğma, yaxın bildiyim, poeziyalarının vurğunu olduğum, bu iki gözəl şairlə – Musa Yaqub və Ramiz Qusarçaylı ilə, əfsus ki, fiziki təmasım, əyani tanışlığım yoxdu. Ancaq 70 -ci illərin lap əvvəlindən, “qız istəyən” vaxtlardan düzəltdiyim və bu günə kimi də qalan dəftərimə köçürülən ilk şeirlər Məmməd Araz və Musa Yaqubdan olub. Ramiz Qusarçaylı isə feysbuk dostumdu.

Ramiz müəllimin Buynuza gedib, Musa Yaqubu ziyarət etməsi, boynuna qol salıb şəkil çəkdirməsi məni elə sevindirir, elə göylərə qaldırır ki, hardasa qısqanclıq, paxıllıq da edirəm, yaxşı mənada!!! Az qala, mən başqasını yanıma çəkəndə, qızım Əfsanənin gəlib, qolumu götürüb öz boynuna saldığı kimi, Ramiz müəllimin qolunu çəkib, özüm onun yerində olmaq, “mənimdi” demək istəyirəm.

Dəftərimdə olan özünün bir misrası ilə böyük ustadı – Musa Yaqubu yad edirəm: “Çiçəklərin salmasın qoy başını aşağı, bircəsini dərmərəm; bənövşəyə, laləyə yaman üz göstərmərəm.”

Adilə Nəzər: Bu görüşün təşkilatçısının da mən olduğumu unutmayın)) Bu dəfə siz də gedərsiniz bizimlə, inşallah, Aydın bəy.

Aydın Qacar: Təklifinizi qəbul edirəm, şairlərlə təmas mənim üçün poeziya bayramı olar!”

Bir haşiyə:

Adətən, Feysbuka əl uzadanda, gözüm əsasən poeziya, mənzum yazı axtarır, fikirləşirəm, görəsən, bu gün kimə əsir düşəcəyəm? Elə ilk səhifədən bir mətn tapıb oxudum, Ağalar Bayramın ifasında bir-iki şeir dinlədimsə, artıq dozamı almış oluram. İndi bir qədər ironiya ilə “layk ədəbiyyatı” deyilən və günümüzün reallığı olan bu sosial şəbəkələr artıq həyatımızın mühüm bir parçasına çevrilib – ənənəvi qəzət-kitab epoxasını çoxdan arxada qoyub. Bəli, internet insan üçün telefonun, televiziyanın kəşfindən daha möhtəşəm bir nəsnə olmaqla bizi idarə edir. Və mən bu yazını başlayıb, Feysbuk arxivimdə kiçik araşdırma edərkən, bir də xəbər tuturam, sən demə, Ramiz Qusarçaylı poeziyası haqda mənim elə kifayət qədər təhlili paylaşmalarım var. Baxmayaraq kompyuter, telefon istifadəçisi kimi, heç sən deyən, səriştəli də deyiləm, ancaq tapa bildiklərimi təqdim edirəm:

1. “Gedəsən dünyanın axırınacan

“Sətrinə gül adları düzməkdən yorulmayan, bezməyən, bir misra xətrinə ölüb getməyə hazır olan şairin, kəpənək qanadlı bir misrasından başlamaq istəyirəm. Kəpənək dalınca qaçmaq-tutmaq kimi uşaq əyləncələri, böyük müşahidələri hamıya tanış olsa da, şəxsən mən bu şeiri oxuyanacan, “tikana sancılan kəpənək” görməmişdim. Kimdi cücüyə, qarışqaya, kəpənək qurusuna-ölüsünə fikir verən? Lap fikir versən belə, bu materiyalarda gözəllik aramaq heç ağlımıza da gəlməyib. Di gəl ki, “Gedəsən dünyanın axırınacan” şeirində “Tikana sancılan kəpənək kimi, meh döyə şeirinin qanadlarını” misralarını oxuyub, necə demək olar, mən bu lövhəni görməmişəm?

Görməmişdim, ancaq bu şeiri oxuyub da görürəm! Vənəinki görür-duyur, hətta əllə toxuna da bilirəm bu RƏSMƏ, bu TABLOYA. Əslində, heç kəpənək qanadı “söz konusu” olmaya da bilər. Əsas odur, bu misralarda Ramiz Qusarçaylı şeirinin, meh döyən qanadları çırpınır, yellənir, ürək kimi döyünür, damara, qana qarışıb süzülür həssas oxucunun canına!

Şeirin aurasına yükləndikcə, şair sənə yarpaq arasından sarıköynək də göstərir, bulud arasından ay da süzdürür, sən də şairə qoşulub şehli nərgiz könlü alır, hətta bənövşəyə ov da olursan.

Hələ bu azmış kimi, coşdurub yamacda yovşan dənizin, yuyub dalğa-dalğa duruldur da səni şair. Bu duruluqdan sonra dərd üyütməyə dəyirman nə gərək, “dən daşı çəkməz” kimi nigarançılıq nə gərək?… Sadəcə, “dərdini quzutək qırpıb” gedirsən və problem bitir.

Təkcə bu “qırpmaq” sözünün quzu gözəlliyinə fikir verin – “otlamaq” demir, haa!…

Qaldı şairin “bu mizan-tərəzi mən daşı çəkməz” intizarına, bunun da həlli var – “özünü daşlara çırpıb” gedirsən…

Və beləcə, nəzm ilə yazılmış gözəl bir hekayətin sonuna çatır, inanırsan – şair qüdrəti hər şeyi yarımçıq qoydura da bilər, dünyanın sonunda alaçıq qurdura da! Ta ki, ürəyin, duyumun, təbiətlə anlaşığın olsun!

Bu, artıq oxucunu məsud edən nəticədi…

Var olasan Şair, şeirini bitirib qələmi yerə qoyanda, ürəyindən tikan çıxsın, məmnun qalasan, məsud olasan – biz oxucuların kimi.

Ramiz Qusarçaylı: Qardaş, var ol!!! Söz tapmıram deməyə… Allah yar olsun, daha nə deyim!!! Bir daha təşəkkürlər!!!”

2. Şah düzündə yazılan şeir…

“Ramiz Qusarçaylının Şah düzündə yazılmış bu şerini oxuduqca qulaqlarımda, yaddaşımda nədənsə “Nəsimi” filmi, Əlincə qalası, “Şair, məni vəsf et!…” xitabı səslənir. Bu gözəl şeir də VƏSFDİR – Vətən gözəlliyinin, Vətən təbiətinin vəsfi!

A Şah dağım, Şah səngərim,
Şah duruşum, Şah ləngərim…

Şair bir şeirin ləngərində oxucusunu həm Şah dağına, Şah düzünə, Şah səngərinə qaldırır, həm də Şah düzünün gül üzündən gül üzdürür – məhz üzdürür, dərdirmir. Ümumiyyətlə, şeiri diqqətlə oxuyub görün, “gül üzün” felini ustad qələmi necə və neçə haldan hala salır…

Hələ iki daşın arasında, Şair fürsət tapıb, yenə də Qız bənövşəyə, Naz çiçəyinə “dağlar qızı” deyib nazlandırır, oxşayır bu təbiət gözəllərini…

Dağlar qızı, Qız bənövşəm,
Naz çiçəyim, naz bənövşəm,

Və neçə-neçə sirlərini (?!) bildiyinə, üzlərində əvvəllər “dodaq yeri, diş yeri” gördüyünə (?!) eyham vurur, arı adı çəkir…

Beləliklə, şair sirr açmaqdan təngə gəlməsə də, özü “Səslə məni, Təngə, gəlim, Gözəllikdən təngə gəlim” iddiasında bulunur, oxucusunu “Başı daşlı Daş minarə”nin daş nəfəsinə, daş hənirinə qulaq kəsdirir.

“Xınalığım, Xan nağılım,” – deyib də Təngaltından birbaşa Xınalığa yol alır…

Xınalığım, Xan nağılım,
Xana-xana şan nağılım,

“Qalam üstə göyüm göynər” misrasıyla tarixə qiyam-etiraz edib, Qudyalçay sularına “qərib” möhürü vurur, dağ çayının “zillənməsi” ifadəsi ilə zövq oxşayır. Və əfsus ki, Ramiz Qusarçaylı adı ilə assosasiya yaradacaq Qusarçay haqda namərdlik edib, bir söz demir Şair! Və “Elim can-can… Obam can-can… Qübbəm, Qubam Azərbaycan!” nidaları ilə seiri bitirir…

Həmişə belə olub – kiminə vətən sərvətlərini qamarlamaq, kiminə də Vətən təəssübü çəkmək düşüb bu Azərbaycan adlı məmləkətdə. Əlinə, qoluna, təpərinə qüvvət Şair!

Ramiz Qusarçaylı: Sizin hər rəyinizi şeir kimi oxuyuram, oxumuram e, gözümə təpirəm… Bu məmləkətin bənzərsiz təbiətini Sizin yazdığınız rəylər daha da dolğunlaşdırır mənim üçün, var olun, dəyərli Aydın müəllim!”

3. Yazda yağan qar

“Qusarçaylı şeri həmişə heyrətləndirib məni.

Çiçək yanlışlıgına bax: “Bakirə çiçəklər kəpənək bilib, Öpər ləçəyinə ələnən qarı.”

Yazda yağan qar ömrünün ölçü vahidinə fikir ver: “Bir yağım…”

Göy sünbülün, yaşıl  zəminin “bəyaz düşüncə”sinə qoşulma, görüm!?

Təbiətin sənə rəhmi gəlsin, ay Şair, günəş bəyaz düşüncəli sünbülünü, gülünü tez isitsin.

Yaşıl arzuların üşüməsin, donmasın, quşların bədgüman olub geri qayıtmaq haqda fikirləşməsin, qarışqana, arına, barı yarılan bala dovşanına Allah dözüm, səbr versin, Ramiz müəllim! Şeriniz adamı o qədər məst edir ki…

Yazda yağan qarın gəlişi sirli,
Ağardar bir anda yaşıl otları.
Bahardan xoş soraq gətirən quşlar
Təzədən geriyə qayıtmaq istər.

Yüklü qarışqalar, yüklü arılar,
Üşüyər, bu sirdən baş aça bilməz.
Bir bala dovşanın bağrı yarılar,
Nə dayana bilməz, nə qaça bilməz.

Ramiz Qusarçaylı:  Təşəkkürlər, dəyərli dost! Nə gözəl ki, Sizin kimi təbiəti yaşayan və yaşamın təbiətini ürəyə köçürən qardaşlarım var! Var olun, Aydın müəllim!”

4. Yığılır

Ramiz Qusarçaylının gül-çiçək, bənövşə haqda çoxsaylı şeirlərindən sonra qar qızımız Bənövşə özünə gözəl bir soyad da tapmış oldu – Qız bənövşə! Şəxsən mən Ramiz Qusarçaylını oxuyalı bənövşə sözünü mütləq “Qız bənövşə” kimi işlədirəm! Bənövşə görəndə, yanımdakı adama göstərib “Bax, bu çiçək şair qızıdı, Qız bənövşədi”, deyirəm…

Dərd ürək-ürək dərilir,

Bənövşə qız-qız yığılır.

Allah qələmini həmişə belə həssas-incə, dadlı-duzlu eləsin, ürək-ürək çiçək dərdi dərəsən, gözünə ulduz yığasan, Şair! Şit adamlar yerinə – təbiət həmdəmin olsun, duz yerinə – canına-ruhuna çiçək şehi yığılsın, nəfəsinə dağ mehi qarışsın…

Elə artır şit adamlar

Bədənimə duz yığılır…

Şeirin ikinci bəndində isə, şair müdrikliyi təbiətlə fəlsəfəni qovuşdurur. Bu bəndin iki misrasın atalar sözü kimi də işlətmək olar:

Vicdan da papaq kimidi
Atdın, üstə toz yığılır…

Ramiz Qusarçaylı: Təşəkkür edirəm, dəyərli qardaşım, hörmətli Aydın müəllim! Nə yaxşı ki, VARSINIZ!!! İnanın, Sizin hər rəyiniz mənə öz şeirim kimi doğmadı, əzizdi!

Aslan Məmmədov: Göründüyü qədər, Məmməd Araz sehrindən qurtarmamış Ramiz Qusarçaylı sehrinə düşmüsünüz, verdiyiniz izahlarla mənə də şeir oxumağı sevdirdiniz.”

5. Bu çiçək axşamı, bu gül axşamı

“Gözəl şeir, mətin təkcə oxunmur, həm də yaşanır və mən də Ramiz Qusarçaylının bu şerini oxuyarkən keçirdiyim yaşantıları bölüşmək istəyirəm. Şerin bu “gül ləklərini” gəzəndə, oxuyanda, dinləyəndə hər dəfə düşünürəm -görəsən, nə vaxtsa heyrətsiz oxumaq, dinləmək mümkün olacaqmı bu şeirləri?! Elə bil, şair gül dükanında çiçək bağlatdırır. İçində nələr yoxdu?

… İlk bənddən şairin abırlı, həyalı, bakirə, zəhmətkeş arıları yanında ləçək soyunan, öz gözəlliyindən məst olmuş, qayğısız, işsiz Gül gözəllərinin sehrinə düşürsən:

Gül elə soyunur ləçəklərini,
Arılar üzünü yana çevirir
.

Yaxud gülün rənglərini hamımız görürük, bilirik, bəs gülüşün necə, onun da rəngləri varmı? Özü də insan gülüşünün yox ha, ağac gülüşünün! Və ümümiyyətlə, ağaclar gülə də bilirmiş, bəyəm?! Sən demə, gülürmüş, həm də – RƏNGLİ?!

Şair “çiçəklər zoğalın sarı gülüşü” deyəndə, bu yozuma həm heyrətlənir, həm də inanırsan və fantaziyası olan oxucu bu axına düşüb özü də kəşflər etməyə başlayır, ağacların SEVİNDİYİNƏ də inanır – bu da oxucu kəşfi! Göz önündə neçə-neçə çiçək açan şaftalı, badam, alma, ərik SEVİNCİ sıralanmağa başlayır… Və bundan sonra göyəm ağaclarının “göm-göy dil” açması sıradan bir həqiqət olur.

Şeir oxunduqca, oxucu görür ki, şairin “xəbərçiliyi” də varmış – təbiət onu özünə mərhəm bilib, heç nəyin gizlətmədiyi halda, şair bu etimadı doğrultmur, bütün pünhanları açıb tökür, təbiətdə sirr qoymur, hay salıb bütün aləmə car çəkir:

Üşüyür qum üstə yarpız çiçəyi,
Meh öpür lillənən dodaqlarından.

Öpür öpsün da, ay şair, gərək, elə yeri, yatağı ilə açıqlayasız?… Bundan sonra hansı arı, hansı kəpənək yarpız çiçəyinə yaxın düşər, qısqanclıq belə yaranır da… Düzdü, mən oxucu kimi şairin günahından keçirəm – “lillənən dodaq” ifadəsini ədəbiyyata, sözə gətirdiyinə görə, çünki bu vaxtacan soyuqdan “göyərən” qız dodaqları tanıyardıq.(Ərk edib deyim ki, növbəti misrada gələn “qarağacların” sözü yerinə oturmur, – məncə, “ağacların” kimi daha uyğun səslənər.)

Şeir oxunduqca, səsinin budağından asılan sarıköynəklərə, gözləri qamaşan qarışqalara heyrətlənib, nəhayət, çatırıq “Bənövşə gözündə nazlı giley”ə. Neyləyir şair, bu çiçək axşamı, gül axşamında?

Neyləyəcək, sıxır bir laləni, görür, qan çıxır!!!

Əli söz qanına batır şairin… Əli qana batan şair nə deməli, nə söyləməlidi:

Şairlik adında nə varsa, hər şey
Süzülüb bu axşam canımdan çıxır…
Bu çiçək axşamı,
bu gül axşamı.

Beləcə, bir şeirin, bir heyrətin sonuna yaxınlaşıb, “Yaşıl su çiçəyim yaşıl şam kimi, mənə də bir yaşıl axşam gətirər”, ümidi ilə şair də, oxucu da şeirdən ayrılır və oxucu artıq, axşamın “yaşıl”lığına təəccüblənmir…

Bu an dilinə, damağına, canına da bir şirinlik yayılır, etiraf edirsən – “daddım bu axşamın şirinliyini”, ancaq “bu balı nə arı, nə şan gətirər”!

Bəli, doğrudu! Düzdü! Bu, arı işi deyil! Bu, baldan da şirin Sözün şəfti-şəkəridi!!! Bu, insan oğlunun – Şairin, Ramiz Qusarçaylı qələminin sehri, möcüzəsidi – qanımıza, canımıza süzülür…