AYDIN QACAR
İlk dəfə bir neçə misrasını efirdən eşitmişdim, qulağım sanki bir sirrə, sehrə toxunmuşdu:
Dünyaya adam gəlib, oturmağa kətil yox,
Dur, qoy yer kürəsini qonağının altına…
Sonra müəllifin adı çəkilirdi – Salam Sarvan!
Maraqlandım, “Salam gənc, ümid verən şairlərdəndi” dedilər. Şeirlərini tapıb oxumaq istədim.
Görünür, üzündən keçilməsi mümkün olmayan üzlülərin çoxluğundan, qəzetlərdə kifayət qədər nöqtəsiz, vergülsüz, baş hərfsiz boz şeirlər yer alırdı – guya, yenilikdi.
Salamın imzası görünmürdü…
Xeyli vaxt ötdü. Nəhayət, “Yeni Müsavat” qəzetinin “ЕQО”çular səhifəsində bir şerinə rast gəldim… Və Salam poeziyası ilə ilk tanışlığım beləcə – “Sənin alın yazın neçə xətt tutub?” şeiri ilə başlandı.
Bircə şeiri ilə də ovsunladı məni.
Kitabın axtardım, özü ilə maraqlandım, dedilər, “onu tanıyan var, deyərik, sabah tapıb gətirərlər, tanış olarsan – kitabı isə yoxdu, təzə başlayıb”.
“Şairin ayağına gedərlər” deyib, həmin gün Salamla ayaqüstü görüşdüm. Vərəqlərdə, qəzet parçalarında verdi şeirlərini.
Nəsimi simalı bir cavandı. Nədənsə, mən pinti, piyli, gözünü ət tutmuş adamı poeziya ilə, sənətlə bağlaya bilmirəm.
Salamın isə camalı ilə kamalı bu baxımdan bir-birini tamamlayır.
Vərəqlərini – şeirlərini dəfələrlə oxuyub, hər dəfə də yeni yozumlar verirdim. Düşündüm ki, təəssüratları yazsam, yaxşıdı, sonra da qəzeti götürüb Məmməd əminin üstünə qaçar, “Gözün aydın, Məmməd Araz, dünyaya şair gəlib” – deyərəm. Mən axı, özümü Məmməd Araz köynəyindən çıxmış oxucu hesab edirəm…
Beləliklə, Salam Sarvan…
Gəl də, gəl, nişan al – nişanla məni,
Üzüksüz barmağın tətiyə gəlsin.
Gəzsin kürəyimdə odlu yanağın –
Köynəyim bu isti ütüyə gəlsin.
Qorqud boylarından gəlir bu nəfəs. “Gəl, murad al məndən igid, murad ver” – deyimini yaddaşa gətirir. Birinci iki misra ilk baxışdan gülləyə tuş gəlmək istəyən aşiqin çağırışı, nidası, kimi səslənir, yəni, barmağın tətiyə gəlsəydi, canım qurtarardı mənasında.
“Gəzsin kürəyimdə odlu yanağın – köynəyim bu isti ütüyə gəlsin” misrası oxunar-oxunmaz isə, birinci misra haqqda olan fikir tezcə dəyişir, daha xoş məramda başa düşülür.
“Gəl, nişan al məndən” (nişanlan) – “nişan ver mənə” (nişanla) mənasında, “üzüksüz barmağın üzüyə (tətiyə) gəlsin”, adaxlanaq.
Erotikadan, pafosdan uzaq “Gəzsin kürəyimdə odlu yanağın” misrası, heç kimin deyə bilməyəcəyi dərəcədə gözəl deyilib! Adamın əhdini kəsir, “ütünün” – yanağın istisi köynəyi yandırıb keçəcək qədər çoxdu.
Şeirə fikir verin, “kürəyimdə” yerinə “köynəyimdə” sözünü də işlətmək olardı – onda təmas qabaqda baş vermiş olurdu.
Yanağın kürəyə söykənməsi, “ləbin qoy ləbim üstə” kimi sırtıq deyimlərdən qat-qat intim, həm də uca və ülvidir.
Milli mentalitetimizin örnəkləri yaşanır bu deyimdə. Qadın öz təşəbbüsü ilə istəklisinə nəvaziş göstərməyə həya edər, arxada dayanardı…
Şəxsi taleyimdə illərin sıxıntısına, boğanağına, itkisinə qərq olmuş bu bakirəlik, mənim kürəyimi hələ də yandırır.
***
Salamın digər bir şeirinə keçək. “Bu gün vaxtım yoxdu, bu gün ölürəm” – belə adlandırıb Salam bu şeirini və mən böyük ləzzətlə şeirin bir yox, elə bütün bəndlərinin açıqlamaq istəyirəm. Çox deyil axı Salamın şeirləri, barmaqla saymaq olar.
Yaranın üstü tək açıldı gözüm –
İndi bu yaradan axan qandı su.
Dərdin doqquzuncu mərtəbəsində
Bizim gözümüzdə saatnandı su.
Səni necə atım, necə, bilmirəm,
Bir zərsən – düşmürsən heç üzü üstə.
Şəklini asdığım, mıx qalıb ancaq
Sinə divarımın iç üzü üstə.
İki tərəfin var – gözlərin, dilin;
Bu işıq gələndi, o da it hürən…
Gələ bilməyəcəm sənnən görüşə,
Bu gün vaxtım yoxdu, bu gün ölürəm.
Salamın şeirləri zehnimdə, fikrimdə sükuta atılan güllə kimi səslənir. Bu səsin uğultusu bütün başqa səsləri batırır. Aradan saatlar, anlar ötsə də, o uğultu qulaqlardan getmir. Ovqatdan asılı olaraq şeirlər mənə hər dəfə müxtəlif yozumlarda çatır. Fantaziyama güc verib yuxarıdakı şeirin mənə çatan təfsirini vermək istəyirəm.
Gözdən “qan-yaş” axması təşbehinə bütün şairlərdə rast gəlmək olur. Elə şeirimizin heyrət bürcü – nəhəng Füzulimizin “Şəbi-hicran”ını yada salaq: “Şəbi-hicran yanar canım, tökər qan çeşmi giryanım”, yaxud “Güli-rüxsarinə qarşı, gözümdən qanlı axar su”…
Adətən, fikri gücləndirmək üçün işlədilir bu təşbehlər.
Salamın da yuxarıdakı şerində “göz”, “qan”, “su” sözləri işlənir, ancaq təşbehdən, metaforadan çox uzaq – son dərəcə praktik və realist bir deyimlə: “Yaranın üstü tək açıldı gözüm – indi bu yaradan axan qandı su”.
Gözdən “qan-yaş” axmasını iddia etmir, gözdən su axır, qan yox, ancaq bu su yaradan axan qan kimi sudur.
Doqquzuncu mərtəbədə yaşayan şəhərlinin – bakılının gözündə su, problemdi – saatnan verilir, yəni, azdır. Ağlayan üçün isə saatnan ağlamaq çoxdu. Ancaq “dərdin doqquzuncu mərtəbəsində” – son həddində nə edəsən?!
Şeirin əbədi mövzusu olan göz yaşı ilə, şəhərlinin bugünkü məişət qayğısını bir müstəviyə gətirib, dörd misraya yükləsə də, bu qədər yük altında sözlər özlərini çox azad, sərbəst hiss edir.
Elə “Səni necə atım, necə, bilmirəm, bir zərsən – düşmürsən heç üzü üstə” misrasında olduğu kimi. Burda “atım” sözü həm zər atmaq, həm də insanı – qadını atmaq mənasında işlənib. Bir də iki məna daşıyan “heç üzü üstə” fikridi, vəssalam. Yəni, doğrudanmı, yükü də özü kimi sadədir bu misranın?
Dünyaca məhşur, Məmməd Araz fəlsəfəsinin məhək daşı olan “Bir taleyin oyununda cütləşmiş zərik , Yüz il qoşa atılsaq da qoşa düşmərik” misrasının – “qoşa düşmərik” nisgili, həsrəti var, ancaq hər halda, bu, mümkün ola bilər.
Salam isə o qədər qismətsizdir ki, necə atırsa, zər heç üzü üstə də düşmür, bəs necə olur, nə üzü üstə düşür? “Heç üzü” istəyir şair? Heç üzü yoxdu axı zərdə; misra beləcə labirintə çevrilir – oxucu gözündə.
“Şəklini asdığım mıx qalıb, ancaq sinə divarımın iç üzü üstə” misrası isə fikri tamam başqa yönə aparır. Şair istəyini döşdən asmaq istəmir, odur ki, mıxı da içəridən çalıb, döşdən asılan şəkil ürəklə üz-üzə düşmür, salam ONUN şəklini “sinə divarının iç üzü” üstdən asır ki, istəklisinin üzü ona tərəf olsun. O isə üzü üstə qalmır ki, qalmır…
Artıq zər söhbəti də mövzudan çıxıb, şəkil də üz-üzə qalmır, sinə divarının iç üzündə qalan təkcə asmaq istədiyi şəklin mıxıdır, onu da Salam bilir, heç kim görmür, hiss etmir bu ağrını!
Sonuncu bəndin əvvəlinci misrası isə nağıl hikmətindən yoğrulub. Gözün, dilin işıq gələn və it hürən təşbehi heyrətin özünü heyrətləndirir! “İki tərəfin var – gözlərin, dilin; bu işıq gələndi, o da it hürən…” misrası oxucunu nağıl dünyasına qaytarır, biri vardı, bir yoxdu… hekayəti yada düşür, gecə vaxtı yol azanlar işıq gələn və it hürən istiqamətli iki yol ayrıcına çatıblar… Nağılda hansı istiqamət seçilməsini uşaqlıqdan bilirik. Ancaq Salamın daha nağıllara xam düşən vaxtı deyil, seçim qarşısında bəhanəsi belə olur: “Gələ bilməyəcəm sənnən görüşə, bu gün vatım yoxdu, bu gün ölürəm!”
Bu bəhanə ilə həm ölümü adiləşdirir, kiçildir, həm də istəyi böyüdür şair. Oxucuya elə gəlir, lap elə-belə də deyə bilərmiş Salam: qırxımdan sonra, ya yeddimdən sonra görüşərik!
Yaxud bir də görərsən, hər gecə yuxusuna girib yatan qıza teleqram gəlib Salamdan: “Mən gələr olmadım, yolu qarşıla!”
Son misra – “Bu gün vaxtım yoxdu, bu gün ölürəm”– nəticədi, üç bəndlik şeirin fəlsəfəsidi, insan istəyi zamanın da, ölümün də fövqündə durub!
***
Hərdən onu nehrə asıb yağ tutana bənzədirəm. Elə bil, Salam fikrini, hissini, sözlərini, lap elə şeir yazmaq həvəsini də, bir yerdə nehrəyə doldurub, üstünə də bir qoşa ovuc duz atır. Başlayır çalxalamağa. Çürüyən çürüsün. Ayranı da ayran yerində. Salama yağı lazımdı. Sonra o yağı da bir daha əridib, tortasın atır. Yerdə qalanı Salamındı. “Çoxa” iddiası yoxdu. Ona görə üç bənddən böyük şeirə rast gəlməzsən:
Yazmaq – qələm kimi yonulmaqdı da,
Yonulub kağızdan yuxa çıxıram…
Qara günlər çıxır kir kimi məndən,
Yuyunub beş arşın ağa çıxıram.
Qələm kağız imtahanında kağızdan “yuxa” çıxmağı Salam təvazökarlıqla deyir. Əslində yonulduqca ağırlaşır – Salamın özü də, sözləri də, fikirləri də, şeirləri də.
Mən Salamla müqayisə üçün, tənbəllik etməyib söz bazarında ucuzu çox, bahası az olan, təzə “klassik”lərdən birinin nəfis tərtibatlı, qalın şeir kitabına baxıram. Salamın axtarışında olanda “Ulus” qəzetində işləyən jurnalist xanım verib: “Эta oçen xoroşinkaya, dyadka”, buna da bir söz deyin, “yesli mojna””.
Kitabın vərəqi pomidoru, pendiri pıçaq kimi kəsər, onlarla titulu, işi-vəzifəsi, imkanı olan şairdi. Və oxucu kimi öz mizan-tərəzimi qurub, nəfis tərtibatlı kitabla Salamın “vərəqlərin” müqayisə edirəm, subyektiv qənaətim belədi: Salam şeiri poeziyanın “Qapan tərəzisi”ndə çəki daşlarıdı, biri xanım jurnalistin təqdim etdiyi “klassik”in onunu çəkər!
Tapın, oxuyun Salamı, baxmayın, indi hərənin yüz dərdi, yüz problemi var; baxmayın, indi şeir oxuyası halda, şeir oxunası məmləkətdə yaşamırıq…
***
Salam yalnız təpədən dırnağa şair olanda şeir yazır. O deyir: “Mən şeiri həyat tərzinə çevirməmişəm, bəzən aylarla yazmıram. Ancaq yazanda içimdən gələn sözün də içini çıxarıram. Ədəbi baxımdan mənim yazı prosesimi sözlərə zülm eləmək, sözlərə divan tutmaq prosesi də hesab etmək olar”.
Nə yaxşı, bu “zülmün” içində olmaq, elə sözlərin içində olmaqdır. Və sözlərin içində olmaq, özünə ləzzət verir Salamın. Hərçənd ki:
Bizə dərd gələndə bu it
Hürmür, ilahi, hürmür.
Bu söz bu şerin içinə
Girmir, ilahi, girmir…
– deyə, neyləyim, necə eləyimdə qaldığı vaxtları da az olmur.
“Bütün yazı prosesində ayaq üstə oluram və bu zaman Füzulini də, Allahı da inkar edirəm” – söyləyir Salam!
Bu İNKARIN mayasında, bir növ, eqoistlik dayanır. Ancaq deyirlər, bu eqoizm incə sənətlərin – rəssamlığın, şairliyin, bəstəkarlığın mahiyyətindən irəli gəlir və yaradıcılıq prosesinə, yaxşı mənada, stimul verən amillərdəndir. Mübahisəli məsələdi. Nə dərəcədə doğru olduğun deyə bilmərəm, bu yazıda mənim istəyim Salamı oxuculara tanıtmaqdı…
Zəruri əlavə: Salamın da üzv olduğu “eqoçu” gənclərin ambisiyalı eqoizmi fonunda, son abzası Salamın portret cizgilərini cızmağa həsr etmişdim. Ancaq bu sonluqla bitən yazını gözdən keçirərkən, özümə müəmmalı görünən həmin hissəni çıxarmalı oldum. Gənc şairi ümumiyyətlə siyasətdə, intriqalarda görməyin – nədənsə, hisslərimi də yazımı da TƏHRİF etdiyi qənaətinə gəldim.
Və bu fikirləri çözməyi başqa vaxta saxladım. Bir də cəmi bir şeirin və bir bəndin təfsiri sığan bu yazı özümə qanıq vermir. Ürəyimi soyutmaq üçün, heç olmasa sonda, bəzi şeirlərdən etüdlər səsləndirmək istəyirəm:
Salamın gül dərdiyi dağ:
Sənin ad günündə gül dərmək üçün
sinəmə çəkdiyin dağa çıxıram…
***
Salamın xahişi:
Xatirə dəftərini yandırmaq istəyən qız,
mənim də adımı yaz varağının altına…
***
Onu qaldırmaq istəyənə məsləhəti:
Nədi, çox ağıram?… Gücün çatmayır?
Yarı ruh, yarı can – bölüb atsana.
Bu yer kürəsini çəkməmin altdan
Bir lopa palçıq tək silib atsana.
***
Onu gözündən oxumaq istəyənə:
Gözümdən oxuya bilməzsən məni,
Qadın, mənim “xəttim” yaxşı xətt deyil.
***
Onu sevməyin yolu:
Məni sevməyin də yolu başqadı,
Bununçün məhəbbət-filan şərt deyil.
***
Onun təəccübü:
Bir açar da düşməz aça qapımı,
Amma bağlamağa hər kilid düşür.
***
Onun rənginə düşməyən gün:
Mübarək, Tanrı bir gün verib mənə,
o da ki, qaradı rəngimə düşmür.
***
Onun meyvə istədiyi budaq:
Yuvam dimdiyimdə gəzirəm hələ…
Sənsiz yer də yoxdu dərbədər mənə
Gəl e, gəl, qırılıb qırağa düşmüş
O qol budağımdan meyvə dər mənə.
***
Onun arzusu:
Durub tullanasan bir çəpər üstdən,
düşəndə görəsən Yer üzü yoxdu.
***
Onun sualı:
Arzum yox, pulum yox, nəzir qutusu,
mən nə niyyət tutum, nə salım sənə? …
***
Onun süfrəsi və yediyi:
Allah, mən İÇİMİ yedim qurtardım,
bu dəri süfrəni yığışdır indi.
***
Onun təəssüfü:
Ömrü bir az bərk sürürdüm –
saxlaya bilmədim sənə.
***
Onun bəhanəsi:
Kəfəni boynuma çoxdan salmışam –
qəbrə getmək olmaz bu nimdaş ilə.
***
Onun gileyi:
Deyəsən, gözünü yaş tutub, olsun…
Mən ki sənnən baxış ummuram daha.
Bu qara günləri qara qır kimi,
Üstümə tökənnən dammıram daha.
***
Onun hədiyyəsi:
Niyə yubanırsan bulaq başında,
Gözlərim tez dolan kuzədi, götür.
Ömrümü mən sənə bağışlayıram,
Beş gün sürməmişəm, təzədi, götür.
… Bu seçmələrdən sonra, deyəsən, az da olsa, toxdayır və hələlik Salam dünyasından qopuram – təzədən, təkrar -təkrar qayıtmaq üçün!
12.05.1999
“Ulus” qəzeti