XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

14 Mart 2016 - 14:03

 Məmməd Tahir:ÜÇÜNCÜ, SƏN…

 

(Vladimir Putinə, Barak Obamaya və onun kimi digərlərinə)

BİRİNCİ , SƏDDAM

 Ölüm quyusunun üstündə

Durmuşdu Səddam Hüseyn.

Boğazında kəndir,

Fikirdən susuz ağac kimi

Qurumuşdu Səddam Hüseyn.

Ayaqüstə ölü can kimiydi.

Saqqallı üzü

Alaq basmış bostan kimiydi.

Bəbəkləri göz çuxurunda

Zəncirlənmiş köpək .

Göyüzündə nəfəsini

İçinə çəkmişdi  Fələk.

Buludların üstündə

Tüstülənirdi sönmüş bir şam.

Edama məhkum idi

Yer üzündə Səddam.

Ölüm quyusunun ağzı

Cəhənnəmin qapısı kimi açıq.

Səddam Hüseynin gözlərindən

Daşıb tökülürdü acıq.

Bəbəklərində yuxu,

Canında qorxu yox idi.

İçi şum olmuş torpaq

Ləki, arxı yox idi.

Heyrət içində idi

İraqda hamı.

Edam edirdilər

Yer üzündə Səddamı.

Ölüdən qorxurdu,

Ölümdən qorxmurdu.

Ölümün gözünə baxırdı,

Onu öldürənlərin

Gözünə baxmırdı.

Boynunda kəndir.

Kəndirə baxırdı,

Özünə baxmırdı

Səddam Hüseyn.

Dünyadan küsmüşdü,

Dünyanın üzünə baxmırdı

Səddam Hüseyn.

 

        İKİNCİ , QƏDDAFİ
 

Qaçırdı Qəddafi,

Tökdüyü qanlardan qaçırdı.

Qaçırdı Qəddafi,

Öldürdüyü canlardan qaçırdı.

Qaçırdı.

Quş kimi qanad açırdı.

Dünyanın ən varlı adamı

Ölümdən qaçırdı.

Qaçırdı çirkab quyusuna sarı,

Qaçırdı ölümdən qurtarsın.

Qaçırdı  onu qovanların

Əlindən qurtarsın.

Liviya xalqı

Onu arxadan qovurdu.

Bir böcək kimi

Ətəkdən, yaxadan qovurdu.

Bir milləti üzüstə qoyan,

İndi özü çirkab quyusunda

Uzanmışdı üzü üstə.

Bütün bədəni qan içində,

Qançır-qaqnçır.

İndi nə canı ağrıyır,

Nə bir yeri sancır.

Bir vaxtlar qurduğu tələyə

İndi özü düşmüşdü.

Dünyanın ən varlı adamı

Qara torpağa ölü düşmüşdü.

Xalqından üz döndərmişdi

Müəmmər Qəddafi.

Bir ömür yaşamışdı

Bir ömür hədər, izafi.

Viran idi var-dövləti,

Cah-cəlalı.

Ayaqlar altında can verirdi

Krallar kralı.

 

ÜÇÜNCÜ SƏN

Bunları yazdım görk olsun.

Qulağında sırğa,

Başında börk olsun.

Bəzən olur,

Əyri yola yan aşırsan.

Sən eyni aqibətə

Addım-addım yanaşırsan.

Məmurların xalqı

Soğan kimi soyur.

Piyada polislərin

Atlı şeytanı mat qoyur.

Azalır gün-gündən

Neftin cəsarəti.

İnsanlara ot yoldurur

Özəl bankların kredit siyasəti.

Hələ ki, qulağa xoş gəlir

Silah səsləri.

Oturdubsan təhsilin başında

Təhsildən bixəbər kəsləri.

Əxlaq meydanında

Ovsaytda olanlar,

Efirdən dərs verir millətə.

Yaltaqlıq çevrilib içlərdə

Bir xəstəliyə, illətə.

Müxalifət dişsiz qoyun kimi

Otlayır verdiklərini.

Görmədiklərindən yazır qəzetlər,

Gizlədir gördüklərini.

Hələ ki, saçına sığal çəkir,

Xarici dəstək.

Yoxdur öz gücünə

Nə şübhə, nə şəkk.

Bu gün şahsan,

Bir gün səni

Piyadalar mat edər.

Qurduqlarını bərbad edər.

Yazdıqlarımdan nə küs,nə inci.

Sən nə birincisən,

Nə ikinci,

Amma… bəlkə üçüncü, sən.