Musa Rəhimoğlu (QULİYEV)
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və
Arxeologiya İnstitutunun böyük elmi işçisi,
tarix üzrə fəlsəfə doktoru
İstər xatirə ədəbiyyatı, istərsə də yazıçı gündəlikləri ötüb gedən yüzilliklərdə bütün xalqların, o cümlədən Azərbaycan xalqının ədəbiyyat tarixinin tam dolğunluğu ilə öyrənilməsində müstəsna əhəmiyyətə malikdir.
XX əsrdə keçmiş Sovet İttifaqında yaşayan xalqların hamısı bir çox siyasi və sosial sarsıntılara məruz qalıblar. Ona görə də istər Sovet dövründə, istərsə də 1990-cı illərdən sonra nəhəng söz ustadları haqqında yazılan xatirələr (sənədlər və məktublar əsasında), həmçinin çap edilən gündəliklər bir çox qaranlıq məsələlərə aydınlıq gətirir.
Bu baxımdan, xatirə ədəbiyyatını və yazıçı gündəliklərini çox sevirəm. Çünki oxucunu yaşamadığı illərə belə, aparıb çıxara bilir. Necə deyərlər, adamı az qala o illərdə olan hadisələrin iştirakçısına çevirir.
Hələ yeniyetməlik illərimdən yazıçılarla ünsiyyətim taleyimdən bir qırmızı xətt kimi keçir. Avtoqraflı kitablar, əlyazmalar, məktublar, xatirə əşyaları, tapılan arxiv sənədləri tez-tez nəhəng söz sənətkarlarını xatırladır mənə…
Ədəbiyyat aləmində mənim üçün sərhəd yoxdur. Yəni, sevdiyim, həmişə həvəslə mütaliə etdiyim söz sənətkarlarının siyahısı çox böyükdür. Əlbəttə, bu siyahıda Azərbaycan ədəbiyyatı öndədir. Yeri gəldikcə, qəzetimizdə xeyli belə yazılarımız işıq üzü görüb.
Hətta Birinci və İkinci Dünya Müharibəsində iştirak etmiş yazıçıların, şairlərin haqqında yazılan xatirə ədəbiyyatları və özlərinin yazdıqları gündəlikləri maraqla oxumuşam və indi də oxuyuram. Bir məsələ var ki, Sovet dövründə çap edilən gündəliklərin bəzi hissələrini senzura, necə deyərlər, “ütüləyir”di. Mütaliə etdiyi yazıçını həmişə ardıcıl olaraq izləyən oxucu belə vəziyyəti əlüstü hiss edə bilirdi. Ona görə də çap edilən memuar-xatirə ədəbiyyatı, gündəlikləri ilə bərabər yazıçıların şəxsi arxivlərində, yaxud dövlət arxivlərində saxlanılan variantları arasında çox fərqlər vardır.
Məsələn, ədəbiyyatşünas alim Əziz Şərifin gələcək nəsillər üçün yazdığı “Salnamələr” tarixmizin də dərindən öyrənilməsində, araşdırılmasında əvəzsiz mənbədir. Amma özünün dediyi kimi, çap edilən əsərlərdə dövr üçün arzuolunmaz məsələlər yoxdur.
Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Sovet dövrünün arzuedilməz saydığı məsələlər ədəbiyyat tariximizdə biz tədqiqatçılara çox lazım olur.
Çox maraqlıdır ki, mütaliə etdiyim söz sənətkarlarının əksəriyyətinin yaradıcılığında Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan və naxçıvanlılar mövzusu əsas yer tutur.
Belə yazıçılardan biri qüdrətli söz sənətkarı, nəhəng söz ustadı, böyük romançı Süleyman Hüseyn oğlu Rəhimovdur.
Süleyman Rəhimov Azərbaycanın gözəl guşələrindən biri olan Əyin kəndində 1900-cü ildə mart ayının 22-də anadan olmuşdur. Böyük yazıçı “Həyat yolu”nda Qubadlı rayonunun Əyin kəndi və onun təbii gözəlliyi, müdrik, maraqlı insanları haqqında söhbət açıb. Yazıçı bütün ömrü boyu yaradıcılıq fəaliyyətində Əyinə sədaqətli qalmışdır.
1931-ci ildən 1983-cü ilədək Azərbaycan ədəbiyyatının ən sədaqətli qələm sahiblərindən olan Süleyman Rəhimovun yaradıcılığı ilə bağlı rus, ingilis, fransız, alman və fars dillərində də xeyli monoqrafiyalar nəşr edilib. Buna əsas səbəb onun Azərbaycan ədəbiyyatının nəhəng romançılarından biri olmasıdır.
Qeyd edək ki, yazıçının barlı-bəhrəli yaradıcılığında xalq yaradıcılığının təsiri, nüfuzu dərindən duyulur. İstər ibtidai təhsil illərində, istərsə də ali təhsil aldığı illərdə dünya ədəbiyyatını, xüsusilə Şərq ədəbiyyatını incəliklərinə qədər öyrənmiş, yazıçı sonralar bu mənbələrdən faydalanmışdır.
Bu xatirə yazıda məqsədimiz onun yaradıcılığı haqqında yazmaq deyil. Çünki onun ədəbi yaradıcılığı o qədər zəngin və çoxşaxəlidir ki, bu, bir və ya bir neçə yazıya sığmaz.
Yeri gəlmişkən, onu sovet dövrünün ustad yazıçısı hesab edənlər də var. Amma yox. Süleyman Rəhimov bütün zamanların ustad yazıçısıdır, qələm sahibidir.
Mən böyük söz ustadı, Xalq yazıçısı Süleyman Rəhimovu ilk dəfə 1970-ci il aprel ayının 29-da axşam saat 7-də görmüşdüm. Həmin vaxt Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqli-Dram Teatrının binasında yazıçının anadan olmasının 70 illiyinə həsr edilmiş təntənəli görüş gecəsi keçirilirdi. O vaxtlar Azərbaycan Yazıçıları İttifaqının Naxçıvan şəhər şöbəsinin hazırladığı dəvətnamələrdən birini də mən, tələbəlik illərinin pillələrinə təzə qədəm qoyan gənc oxucu, çətinliklə əldə etmişdim. Çünki bu görüş yüksək vəzifəlilərin də iştirak etdiyi bir yubiley gecəsi idi.
Hələ VIII sinifdə oxuduğum illərdə yazıçının həyatı və yaradıcılığı haqqında “Ədəbiyyat” dərsliyindən oxumuşdum. Sonralar orta məktəbin yuxarı siniflərində oxuyanda xalq yazıçısı Süleyman Rəhimovun yaradıcılığı haqqında ətraflı məlumatım vardı. Həm ədəbiyyat dərslərində, həm dərnəkdə, həm də Mərkəzi Kitabxanada (indi də imkan tapan kimi, həvəslə getdiyim yer) yazıçı Süleyman Rəhimovun qalın cildlərini həvəslə oxumuşdum. Humanitar fakültənin tələbəsi olmasam da, məni bu təntənəli gecəyə çəkib gətirən yazıçının real həyatdan götürülmüş əsərlərinin cazibəsi idi. İstəyirdim, Azərbaycanda məşhur olan bu nəhəng söz ustadını yaxından görüm, özünü dinləyim.
Bundan başqa, məni buraya çəkib gətirən onun gənc ikən həyatdan köçən oğlu məşhur seysmoloq, fizik, alim-şair Şamo Rəhimovla bağlı idi. Bu haqda bir az sonra.
Həmin gecədə xalq yazıçısı Naxçıvanda Şahbuz və Şərur (o vaxtlar Noraşen) rayonlarında rayon partiya komitəsinin birinci katibi işləməyindən, məşhur “Mehman” povestinin yazılmasında aldığı təəssüratlardan maraqla danışdı və həmin gün Şahbuza gedib yaşadığı mənzilə baş çəkdiyini də dedi. Və qeyd etdi ki, bu evə onu çəkib aparan oğlu Şamo ilə bağlı xatirələrdir. Kövrələn yazıçı, necə deyərlər, salondakıları da mütəəssir etdi. Həmin gecə və o salon indi də apaydın gözlərimin önündədir…
Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvanda da xalqın bu məşhur yazıçını ürəkdən, əsil səmimiyyətlə sevdiklərinin şahidi oldum. Və məndə belə bir fikir yarandı ki, dünyanın ən xoşbəxt adamı yazıçıdır. Amma sonralar həyat yollarında gördüm ki, o vaxtlar yanılmışam.
Azərbaycan ədəbiyyatını, o cümlədən digər xalqların ədəbiyyatlarını oxuduqca, öyrəndikcə gördüm ki, yazıçılar yazdıqları əsərlərini, öz övladları kimi, ürəklərində yaşadırlar və sonra ağ kağızlara köçürürlər. Bu isə asan məsələ deyil.
Məsələn, rus ədəbiyyatını oxuyarkən gördüm ki, şair Nikolay Nekrasovun iztirabları, kədəri çox olub və bu kədər həmin ədəbi aləmdə müqayisə edilə bilməyəcək dərəcədədir. Və Azərbaycan ədəbiyyatlı panteonunda da yazıçı Süleyman Rəhimovun ürəyində yaşatdığı qəhrəman kədəri, oğul kədəri çoxdur, olduqca çoxdur.
Süleyman Rəhimov XX yüzilliyin əvvəllərində dünyaya göz açdığı üçün həyat yolunda müxtəlif siyasi hadisələrin şahidi olmuşdur. Bütün bu hadisələri Azərbaycan ədəbiyyatının şah dastanı (epopeyası) olan “Şamo”da dərin yanğı ilə, məhəbbətlə təsvir edib. Azadlıq uğrunda gedən döyüşlərin bədii tarixi olan “Şamo”da xalqın hünəri, əzəməti və mənəvi qüdrəti ön plandadır. Yazıçı bu 5 cildlik əsər üzərində 50 ilə yaxın işləyib. Əsəri oxuyarkən hiss olunur ki, bu epopeyanı yaradarkən, yazıçı təxəyyülünün gücündən daha çox bəhrələnmişdir. Burada müxtəlif sinif və ictimai təbəqəyə mənsub olan adamların şüurunda doğurduğu əks-sədanın rəngarəng təzahürünün sənətkarlıqla qələmə alındığının şahidi oluruq.
1931-ci ildə “Şamo” adlı kiçik kitabça Mehdi Hüseynin müqəddiməsi ilə nəşr olundu. O, “Şamo”nu ədəbiyyatımızda “müvəffəqiyyətli bir addım” adlandırmışdı.
“Şamo” kitabçasının gənc müəllifi Süleyman Rəhimov 1939-cu ilədək ədəbiyyat aləmində görünmədi. Rayonlarda müəllimlik edən və rəhbər işlərdə çalışan müəllif 1940-cı ildə böyük “Şamo”nun birinci cildi ilə yenidən ədəbiyyat aləmində göründü və nüfuzlu şəxsiyyətlərdən biri kimi, Azərbaycanın ədəbi həyatında şöhrət tapdı.
Filologiya elmləri doktoru Vaqif Yusifli yazır: “Süleyman Rəhimovun “Şamo”su Azərbaycan kəndini KƏND KİMİ TANIDAN, KƏND KİMİ OXUDAN və yaddaşlara həkk edən bir əsərdir. Açığını desək, otuzuncu illərdən üzü bəri heç bir romanımızda kəndimizin Şura inqilabına qədərki mənzərəsi bu cür realistcəsinə əks olunmayıb”.
Əsərdəki hadisələr əsasən Mağaviz (indiki Laçın) nahiyyəsində, Çalbayır dağlarında baş verir və sonra bütün Azərbaycanı əhatə edir. Əsərdə maraqlı obrazlar qalareyası vardır: Şamo, Alo, Safo, Gülsənəm, Qənbər, Qədir, Fərzəli, Sara, Tutu, yasovul Kəlbalı, Sibir Matvey, kankan (quyuqazan – müəllif) Qeybəli, Mirzə Polad müəllim, Dağ İsrafil, Hətəmxan, Maro, Pası…
Roman-epopeyadakı surətlər həm müsbət xarakterli, həm də mənfi orjinallığı ilə yaddaqalandır. Görkəmli tənqidçi Mehdi Hüseyn yazırdı: ““Şamo” romanının ən böyük məziyyəti Azərbaycan kəndinin inqilablar ərəfəsindəki mənzərəsini realist bir qələmlə rəsm etməsidir”.
Mən Şamo obrazı üzərində bir azca ətraflı söhbət açmaq istəyirəm. Çünki böyük sənətkarlarla dostluğum “Şamo”dan başlanır.
Şamo surəti mərdliyi, sözübütövlüyü və digər gözəl əxlaqi keyfiyyətləri ilə seçilir. Şamonun ömrü azadlıq mübarizəsindən keçir. O, azadlıq fədaisidir, mücahididir. Əsərin birinci cildində Şamonun dediyi “hamılıqca silahlanıb bütün bağlanan qapıları açaq” cümləsi onun nə qədər sədaqətli və cəsur döyüşçü olduğunu göstərir.
Ədib azadlıq mübarizəsi yoluna qədəm basmış Şamonun özünəməxsus həyat yolunu çox canlı epik lövhələrlə təsvir edib. Böyük sənətkar Süleyman Rəhimov Şamoya məftundur. Əsəri diqqətlə oxuduqca bunun şahidi olursan. Ancaq yazıçı şah əsərinin baş qəhrəmanı Şamonu idealizə etmir, xalqdan ayırmır. Şamo son nəfəsinədək xalqla birlikdədir. Buradaca böyük rus tənqidçisi V.B.Belinskinin sözləri lap yerinə düşür: “Xalis epik mahiyyətdə olan bir əsərdə… baş qəhrəman inkişaf edən hadisənin yalnız zahiri bir mərkəzidir… Çünki epopeyanın baş qəhrəmanı insan deyil, həyatın özüdür”.
Bəzən oxucuları bir sual çox maraqlandırır: əsərdəki Şamonun prototipi olubmu?
Ədib “Həyat yolunda” bu barədə yazıb. Yazıçı Laçının Hoçaz kəndində işləyərkən müəllim yoldaşlarından biri “Şamo-Qəmər” əhvalatını ona danışır və necə deyərlər, S. Rəhimov həmin hadisənin cazibəsindən qurtara bilmir və “Şamo” kimi V cildlik roman-epopeyanın yaranmasına nail olur. Amma yazıçı ömrünün yarısını, bəlkə də çox hissəsini bu romanı yazmağa sərf etmişdir. O, dönə-dönə əsər üzərində işləmişdir. Bəzən ədibin nahaqdan çox tənqid olunması onun əl-qolunu işdən soyuda bilməmiş, əksinə, o, daha dərin maraqla, cəsarətlə öz işini davam etdirmişdir.
Böyük yazıçı “Şamo” roman-epopeyasının sonuncu-beşinci cildinin üzərində 1974-1977-ci illərdə işləmiş və əsəri 1977-ci ildə tamamlamışdır. Deməli, ədib ömrünün 46 ilini “Şamo”ya həsr edib.
Mən onun yaradıcılıq laboratoriyasında “Şamo” ilə bağlı əlyazmaları görəndə, yazıçı dözümünə, zəhmətinə yüksək duyğu ilə heyran oldum. “Şamo” əsəri bütünlükdə beş cild, 181 çap vərəqi həcmində 3.447 səhifədir.
Nəhəng söz ustadını “Şamo” epopeyasına daha çox bağlayan oğlu Şamonun uğursuz taleyi idi. Çox qəribədir. Onun əsərdə qələmə aldığı səhnələr həyatda öz başına gəlirdi. 1974-cü ildən 1983-cü ilin oktyabrına kimi, mən bu hadisələrin canlı şahidi olmuşam.
Romanın ilkin çapından sonra 1931-ci il aprelin 2-də Bakıda doğulan oğlunun adını Şamo yazdırmışdı. Əsərdəki Şamo azadlıq mücahididir. Öz həyatını azadlığa qurban verir. Oğlu Şamo isə elm fədaisidir, həm də azadlıq mücahididir. Oğlu da qəhrəmanı kimi, öz ömrünü qurban verir. Elmdə çox böyük kəşflər edən Şamonun uğursuz taleyi atanı – böyük ədibi həyatının sonuna kimi dərin sarsıntılara qərq etmişdi. Və yazıçı bu sarsıntıları “Şamo”nun sonuncu – 5-cildində dərindən təsvir edib.
Yazımın əvvəlində yazıçının Naxçıvanda oxucularla görüşündən, təntənəli yubileydən söhbət açmışam. Elə həmin vaxtdan yazıçı Süleyman Rəhimova məktublar yazırdım. Əsərləri haqqında. Çox sevdiyim Mehman obrazı haqqında və ilaxır.
Yazıçının “Seçilmiş əsərləri”nin birinci cildində (Bakı, 1968), “Həyat yolu”nu (“Xatırat” dəftərindən) bir neçə dəfə oxumuşdum.
Özünə “Şamo vaxtı” təyin edən yazıçının yazdıqları mənim yeniyetmə qəlbimə elə təsir etmişdi ki, indi birdən birə uzun illərdən sonra bu xatirə yazını yazarkən, gecənin bu dərin tənhalığında yenə həmin hissləri yaşadım.
Yazıçının oğlu Şamo istedadlı alim və romantik, lirik şeirlər yazan şair idi. Moskva Dövlət Universitetinin fizika fakültəsini, orada aspiranturanı bitirmiş, elmi işini uğurla müdafiə edib ürəkdən sevdiyi Azərbaycana, doğmalarının yanına qayıtmışdı. Doğma Bakıya dönüb, seysmoloq kimi çalışan alim oğlu Şamo nakam bir tale yaşamışdı. O, 40-dan artıq elmi işin və “Yerin strukturunun öyrənilməsi məsələləri” adlı monoqrafiyasının müəllifi idi. Əslində, əsər rusca yazılıb. Təəssüflər ki, Şamonun vəfatından sonra işıq üzü görüb. 241 səhifədən ibarət olan bu əsər (məqalələr toplusu) bu gün də fiziklərin stolüstü kitabıdır.
Əlbəttə, kitabı yazıçı atası Süleyman Rəhimov çap etdirmişdi. Avtoqrafla mənə də bağışlayıb: “Şamonun unudulmaz xatirəsini öz sinəsində – ürəyində yaşadan Musa müəllimə. Hörmətlə S.Rəhimov 15/VII-1974, Bakı”
Şamonun elmi və poetik yaradıcılığı ilə bağlı yazıçıya bir neçə məktub yazmışdım. Bu məktublaşma bizi 1974-cü il iyulun 15-də Bakıda, yazıçının evində görüşdürmüşdü. Həmin isti yay günü, indiki kimi, gözlərim önündədir: Bakı şəhəri, Səməd Vurğun küçəsi, 6 nömrəli ev, 4-cü mərtəbə, 15 nömrəli mənzil, yazıçının göz oxşayan böyük salonu. Buradan Xəzər apaydın görünür. Süleyman müəllim demişkən, nazik bığlı bir cavan oxucu və məşhur bir yazıçı üz-üzə oturub doğmalıqla söhbətləşirlər. Tez bir zamanda bu söhbətləşmə, ədəbi dillə desək, ürəkdən dərdləşməyə çevrilir. Mən, şagird müəllimin önündə oturduğu kimi, Süleyman müəllimin qarşısında oturub heyranlıqla ona qulaq asırdım. Şamo Rəhimov fizik, seysmoloq olmaqla bərabər, həm də “Ayrılıq” adlı poetik bir şeirlər toplusunu da çapa hazırlamışdı. Ancaq onun elmi irsi və “Ayrılıq” poetik şeirlər toplusu Şamonun ölümündən 3 il sonra (o, 1965-ci ildə vəfat etmişdi), yəni, 1968-ci ildə işıq üzü görə bildi.
Həmin 15 iyulda yazıçı atanın alim oğlu haqqında dedikləri bir yazıya sığmaz. Süleyman müəllim mən cavanı kədərləndirməmək üçün çox kədərli, üzücü anlardan, hadisələrdən danışmırdı. Mən də bu haqda sual vermirdim. Ürəyi yaralı olan atanın qəlbinə dəyə bilməzdim. Və heç vaxt da bu haqda ona suallar vermədim. Özü nə lazımsa, deyirdi.
Amma mənim Şamo haqqında oxuduqlarım çox idi. Hər yazıdan, kitabdan anladığım məsələlər vardı. Məsələn, qalın bir neçə cildlik kitabda Şeyda (yəni, Vurğun) adı ilə Şamonun bütöv həyatı təsvir olunub. Qulu Xəlilovun, Ramiz Heydərin və digərlərinin çap etdirdikləri məqalələrdə, poemalarda Şamonun taleyi vardı. Yazıçı O. Salamzadənin “İkinci güllə” əsərində Şamonun 8-ci sinifdə oxuyarkən məqsədli adamlar tərəfindən bıçaqla vurulması təsvir edilib.
Yazıçı Süleyman Rəhimov da yazdığı “Kəsilməyən kişnərti” əsərində oğlu Şamonun həyatına qıyanlardan yazıb. “Kəsilməyən kişnərti” əfsanə-povestini də yazıçı oğlu Şamoya ithaf edib:
Əsərdəki Şükran Şamodur. Kədərli əsərdir, amma müdrik əsərdir. Təsadüfi deyil ki, çox ciddi tənqidçi olan Asif Əfəndiyev “Müdriklik səlahiyyəti” (Bakı, 1976) əsərində bu əfsanə-povestə yüksək qiymət verib. Müəllif yazır: “Bugünkü Azərbaycan nəsrində həmin təmayülün ən maraqlı nümunəsi Süleyman Rəhimovun “Kəsilməyən kişnərti” əfsanə-povestidir. Bu əsər, bizcə, əsil müasir əfsanədir, nağılvari təfəkkürün yeni orijinal şəkildə təzahürüdür, müasir problemlərə folklor estetikası baxımından yanaşmanın parlaq ifadəsidir. Hərarətlə, ürək yanğısıyla, poetik vüsətlə yaradılmış təqdirəlayiq sənət əsəridir”.
Bu əsərlə bağlı yazıçı Süleyman Rəhimovla çox ürək söhbətlərimiz olub. Burada da mövzu və obrazlar real həyatdan götürülüb. Şükranın ölümünə bais olan Mozalan da rəmzdir. Necə deyərlər, həmişəyevçiliyin-minsifətliliyin, paxıllığın, namərdliyin rəmzidir.
Yenə də Asəf Əfəndiyevin bu haqda yazdıqları yerinə düşür: “İdeala, dostluğa, gözəlliyə həmişə, hər vaxt düşmən kəsilən “əbədi” Mozalan! Gözə görünməyən, qan soran, Şükranları məhv edən, Ulduzlara qara geydirən, illərin-ayların, əsrlərin, arasından sağ-salamat gəlib bu günə çıxan Şər! Böyüklüyə qənim kəsilən kiçiklik!”
Mozalan əsərdəki Şükranın və həyatdakı Şamonun saf həyatına qıyan xəbislərin, namərdlərin yazıçı tərəfindən kodlaşdırılmış adlarıdır. Məstəli bəy həm əsərdəki Şamonu, həm də alim-şair Şamonu məhv edən naqis vücuddur.
Söhbətarası Süleyman müəllim mənə böyük salonu göstərir: “Bax, oğul, Şükranın da, Şamonun da cənazəsi bura qoyulmuşdu”.
İkimiz də susuruq. Hiss edirəm ki, oğlunu – gənc Şamonu vaxtsız itirən, “Nəfəsim!” deyə səslədiyi oğlunu əbədilik itirən atanın, yazıçının könül dünyası nisgillə, qəzəblə doludur. Və birdən, böyük salonda dağ vüqarlı, əzəmətli atanın, yazıçının hönkürtüləri bu sükutu pozur. Dağların başında ildırımlar oynayanda, belə yağışlar yağır. Axı yağış da təbiətin göz yaşlarıdır.
Böyük yazıçı Süleyman Rəhimov Şamonun “Ayrılıq” şeirlər kitabına geniş bir avtoqraf yazaraq mənə bağışlayır: “Oğlum, mənim ürəyimi parçalayan Şamo-Şamil, sənin zəhmətin bada getdi, sənin istedad və zəkana qarşı duranlara, sənin əvəzindən cavab verən cavanlar vardır! Səni sinəsində gəzdirən gənc müəllim Musa vardır! Heç söz tapmıram, həyəcanlıyam! Sən mənim yerimdə olsaydın, bilmirəm, necə qələmə sarılıb mənim kimi, öz başını qarışdıra bilərdin?! Mən sənin səsini – “dədə-dədə!” deyən səsini eşidirəm. Sənin əvəzində qələm işlədirəm! Sənin qələmin böyük qələm idi, dünya qələmi idi. … Daha bilmirəm”.
Yazıçı Süleyman Rəhimovun məndə məktubları xatırladan avtoqraflı kitabları vardır. Həmişə deyirdi ki, sənin məktublarına yaza bilmədiyim cavablardır bunlar.
Mən Bakıda qaldığım günlərdə onun arzusu ilə hər gün görüşür və söhbətləşirdik. Bəzən sahilə gedib bulvarda gəzişərək söhbətimizi davam etdirirdik.
Süleyman müəllim zəngin canlı arxiv idi. Və həqiqəti çox sevirdi. Onun mənə danışdığı hadisələri xeyli sonralar, yəni, 1990-cı illərdə mətbuatda oxuyurdum.
Süleyman müəllim 1937-ci ildə Naxçıvan Muxtar Respublikasında Noraşen (indiki Şərur) rayon partiya komitəsinin birinci katibi vəzifısində işləyəndə, onu qəflətən Bakıya çağırıb həbs edirlər. Bu böhtan dolu hadisə 1937-ci il noyabr ayının 26 -da baş verib. Yazıçı özü mənə bu hadisəni təfsilatı ilə danışmışdı. Hətta DTK-nın ona tərtib etdiyi arxiv işinin nömrəsini də unutmamışdı: № 44187.
Nəql edirdi ki, mən tutulanda həyat yoldaşım Zərqələmin 26 yaşı vardı. Onun ümidinə qalan övladlarımın – Oqtayın 8 yaşı, Şamonun 6 yaşı, Şəfiqənin 4 yaşı vardı. Arif isə yaş yarım idi.
Yazıçı Suleyman Rəhimov iradəsi və mərdliyi sayəsində sovet DTK-nın repressiyasından qurtulmuşdu.
Qeyd edək ki , 2010-cu ildə nəşr edilən “Dədə Suleyman Dünyası” kitabında istintaq materiallarından ətraflı söhbət açılıb.
Süleyman Rəhimovun 1949-cu ildə yazdığı “Ata və oğul” povesti avtobioqrafik əsərdir. O, əsərin birinci cildində özü ilə atasının obrazını ustalıqla yaratmışdır. Bizcə, əsərin ikinci cildində özü ilə oğlunun taleyini müəyyənləşdirən amillər haqda yazmaq istəyirmiş. Çox təəssüflər ki, didaktik cəhətdən bu gün də aktual olan “Ata və oğul” sonralar nəşr edilməyib.
Böyük sənətkar Süleyman Rəhimovla qəhrəmanı və oğlu Şamo haqqında söhbətlərimiz çox olub. Hətta onun yazı masası olan böyük salonda oğlu Şamonun çox gənc olduğu illərdə olan fotoşəkli də vardı. İndiyədək çap olunmayan həmin fotonu da yazımıza əlavə edirik.
Bir dəfə Süleyman müəllim Şamonun vəfatından və dəfn olunmasından ətraflı söhbət açdı.
27 iyun 1965-ci il. Həmin gün istirahət günü olduğundan, hamı evdə idi. Süleyman müəllim nəql edirdi ki, Şamo həmin gün 8.30-da yuxudan qalxıb: “Adəti üzrə, mənim iş otağıma gəldi. Mənim həddən çox işlədiyimi dedi, narahatlığını bildirdi. Sonra eyvana çıxdı və xeyli müddət dənizə baxdı. Təkrar otağına daxil olanda mən qürurla ona baxdım. Ürəyimdə özümü danladım. Dedim ki, belə oğlu olan ata da fikir eləyərmi? Dedim ki, Şamo, oğlum, sən mənim nəfəsimsən, Allah eləməsin, sən olmasan, mən tar-mar olaram. Şamo qayğılı-qayğılı gülümsəyib anasını səslədi və mətbəxə keçdi. Bir azdan Zərqələmin heç vaxt unuda bilmədiyim ana fəryadı dünyanı alt-üst etdi… Mən Şamonun otağına keçdim. Artıq sevimli oğlum Şamo əbədilik olaraq gözlərini yummuşdu. Mən keçirdiyim hisslərimi və vəziyyətimi yazdığım “Kəsilməyən kişnərti” əfsanə-povestində təsvir etmişəm”.
“Bakı” qəzeti 28 iyunda 150-ci nömrəsində xəbər verirdi: Şamonun cənazəsi iyunun 29-da gündüz saat 16.30-da Azərbaycan Neft-Qaz Sənayesi Elm-Texnika Cəmiyyəti evindən götürüləcəkdir. Ünvan da göstərilmişdi: Maligin küçəsi 2.
Həmin gün “Bakı” qəzeti yazıçının sənət dostlarının, ziyalıların, elm adamlarının başsağlığı nekroloqlarını da çap edib. Çox sevdiyim əsərin -“Bir gəncin manifesti”-nin müəllifi unudulmaz yazıçı Mir Cəlal ailə üzvləri ilə birlikdə (Mir Cəlal, Püstə xanım, Arif, Aida, Elmira, Tofiq, Hafiz, Ədilə, Aqil) dostları Süleyman Rəhimova dərin kədərlə baş sağlığı veriblər.
Şamonun məzarı üzərində atası Süleyman Rəhimov bir heykəl qoydurub. Şamonun heykəli olduqca canlı və təbiidir. Şamo xəyala dalıb… Heykəli məşhur heykəltaraş Ömər Eldarov işləmişdir.
Yazıçı Süleyman Rəhimov Şamosuz günlərini yazdığı “Həyat yolunda” və digər əsərlərində təsvir edib. 1974-cü ildən etibarən Bakıya gedəndə Süleyman müəllimlə görüşürdüm. O vaxtlar ildə 3-4 dəfə Bakıya gedirdim. Özünün tapşırığına əsasən, Bakıya çatan kimi, zəng edirdim. İndiyədək telefon nömrəsi yadımdadır.
Dəstəyi özü götürürdü: “Oğul, gəlmisən? Evə gəlsənə”.
Mən onun vaxtını çox almaq istəməsəm də, qayğıma çox qalırdı. Hətta hara gedəcəyimi, kimlərlə görüşəcəyimi və harada qalacağımı soruşardı. Böyük salonda divan göstərərdi: “Bax, ora sənin yatmaq yerin, başqa yerdə qalma”.
Bir dəfə evə qayıdarkən, mənə dedi ki, get, mətbəxdə yeməyini ye. Dedim ki, şəhərdə yemişəm. Harada nahar etdiyimi soruşdu. Dedim, Nizami kinoteatrı ilə üzbəüz yeməkxanada. Ürəkdən güldü: “Bakıda küçənin bu başında yesən, axırına çatanda, acacaqsan”.
Bax, belə oxucu-yazıçı dostluğumuz vardı. Məsələn, 1976-cı ilin 29 martında mənə bağışladığı “Seçilmiş əsərlər”inin 6-cı cildində Süleyman Rəhimov belə avtoqraf yazıb: “Əziz dostum, gözəl oxucum-tədqiqatçım Musa müəllim, oğul qədər istədiyim kişi insana dərin hörmət hissilə yadigar olaraq təqdim olunur”.
1975-ci ilin oktyabrında böyük yazıçı vəfalı, sədaqətli, çox cəsarətli ömür-gün yoldaşı Zərqələm xanımı itirdi. Cənazə oktybarın 4-də Səməd Vurğun küçəsindəki 6 nömrəli evin 15 nömrəli mənzilindən qaldırıldı və oğlu Şamonun yanında dəfn olundu.
Qeyd edim ki, Şamonun vəfatından sonra yazıçı qardaşı onun adını təxəllüs götürmüşdü.
Qüdrətli yazıçı “Saçlı”, “Ağbulaq dağlarında”, “Ana abidəsi”, “Qoşqar qızı”, “Mehman”, “Pəri çınqılı”, “Gülən balıq”, “Gülsabah”, “Uğundu” və sair əsərlərin müəllifidir.
Süleyman Rəhimov cəsarətli və cürətli yazıçı idi. Buna görə də yazıçının paxıllığını çəkənlər tapılırdı. Amma bu qüvvələr Süleyman Rəhimovun “dağ cürətinin” önündə davam gətirə bilmirdilər. Çünki onun əsərlərindəki hadisələrin mayası real həyat idi və yazıçının işlətdiyi ifadələr tutumlu və sərrast idi.
Hər dəfə görüşüb ayrılarkən, deyirdi ki, hökmən mənimlə son görüşə gələrsən.
Axırıncı dəfə 1982-ci ilin mayında görüşdük. Mənə çap olunmamış əsərinin əlyazmasından, Əyin kəndində Qələm xanımla birgə çəkdiyi fotoşəkil və digər maraqlı fotoları bağışladı. Və 1983-cü ilin oktyabrında Azərbaycan radiosu Xalq yazıçısı, Sosialist əməyi Qəhrəmanı Süleyman Rəhimovun vəfat etməsi xəbərini verdi. Təcili təyyarə ilə Bakıya uçdum və M.Maqomayev adına filarmoniyada yazıçının son görüşündə oldum. Cənazəni üzüyuxarı (xeyli məsafəni) çiynimizdə aparırdıq. Böyük yazıçı 1-ci Fəxri xiyabanın girəcəyində torpağa tapşırıldı. Axşam onun evində ehsan verildi. Saatlarla, bəzən günlərlə dərdləşdiyimiz böyük zal da, qalan digər başqa otaqlar da ağzınacan dolu idi. Mən isə böyük kəşflər eləyən Şamonun otağında oturmuşdum. Fikir məni Süleyman müəllimli günlərə çəkib aparmışdı. Süleyman Rəhimov 1969-cu ildə Mərdəkanda rus şairi Yaseninin abidəsinin açılışnda və Ali Sovetin 1978-ci ildə Sesiyasındakı çıxışında demişdi: “Nəhayət, bu xalq rahatlıqla nəfəs ala bilər. Əgər Allaha inanırıqsa, demək olar, Allah özü bizim xalqımıza Heydər Əliyev kimi müdrik bir insanı göndərib”.
Süleyman Rəhimovala görkəmli dövlət xadimləri Əziz Əliyevi və Həsən Əliyevi qırılmaz dostluq telləri bağlayırdı. Özü bu haqda mənə danışmışdı.
Həmin kədərli axşam Şamonun otağında oturub fikir karvanının məni çəkib apardığı maraqlı tarixləri, hadisələri iti sürətlə xatırlayırdım. 1960-cı ildə Süleyman Rəhimov ilk dəfə Azərbaycan xalq yazıçısı adına layiq görülüb, 1975-ci ildə yazıçılardan ilk dəfə ona “Sosialist Əməyi Qəhrəmanı” fəxri adı verilib. Süleyman müəllim hər dəfə “Qızıl Ulduz”a sevinclə baxırdı. Deyirdi ki, bu ulduzu xalqımızın qəhrəman oğlu Heydər Əliyev verib mənə, əgər o, 1969-cu ildə hakimiyyətə gəlməsəydi, məni də oğlum Şamo kimi, öldürəcəkdilər.
Heydər Əliyev ədəbiyyat aləmindəki intiriqalara, mənasız çəkişmələrə son qoydu. Yazıçılara böyük qayğı göstərən Heydər Əliyev Moskvadan görkəmli professorları Azərbaycana dəvət edirdi ki, xəstə yatan qələm sahiblərini müalicə etsinlər. Süleyman müəllim 1977-ci ilin iyununda Mərkəzi Komitənin xəstəxanasında müalicə olunurdu. Mən Bakı yolu ilə Şimali Qafqaza, Jeleznovodska gedirdim. Vağzalda zəng etdim, dedilər, xəstəxanadadır. Oradakı telefon nömrəsini öyrənib, zəng etdim. Süleyman müəllim sevindi, dedi ki, gəl, görüşək.
Həyətdə ona baş çəkməyə gəlmiş şairləri gördüm. Hüseyin Arif, Nigar xanım Rəfibəyli, Mədinə Gülgün, Balaş Azəroğlu… Hamısını fotoşəkillərdən, televiziyadan tanıyırdım. Süleyman müəllimdən də soruşdum. Dedi ki, düz tanımısan. Və çox hörmətlə, səmimiyyətlə dedi: “Nigar xanım Gəncənin general-qubernatorunun qızıdır”.
Süleyman müəllim dedi ki, həkimim də naxçıvanlı Baba Qədimovun qızıdır, məşhur rejissor Həsən Seyidbəylinin həyat yoldaşıdır.
Elə həmin gün Azərbaycan Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev yazıçıya zəng etdi. Xeyli danışdılar…
Bütün bunları xatırladıqca, inana bilmirdim ki, elə təkcə “Kəsilməyən kişnərti” əfsanə-povesti ilə müdriklik səlahiyyəti qazanan yazıçı dostumla bir daha görüşməyəcəyəm, onun səmimi, ürəkdən gələn şirin səsini eşitməyəcəyəm. Sonralar Bakıya yolum düşdükcə, ya yolüstü Bakıda olarkən birbaşa Fəxri xiyabana gedirdim ki, dostumu yad edim. Qəbirüstü abidəni heykəltaraş, SSRİ xalq rəssamı, akademik Ömər Eldarov hazırlamışdı. Sonra Şamonun dəfn olunduğu yerə gedirdim.
Bir dəfə yolumu Səməd Vurğun küçəsindən saldım ki, görüm, oralarda nə var, nə yox. Binanın önündə xeyli dayandım. Süleyman müəllimdən sonra bəzi hadisələr birdən-birə yadıma düşdü. 1987-ci ildə Vəzirov bir iclasın stenoqrammasını mətbuatda çap etdirmişdi. Həmin yazını “Literaturnaya qazeta”da da (Moskva) dərc etdirmişdilər. Bu həmin iclas idi ki, orada Süleyman müəllim Heydər Əliyev haqqında yüksək fikir söyləmişdi. Yuxarıda bu haqda yazmışam. Buna görə Süleyman Rəhimovun 1937-ci ilə aid işlərini yoxlayırdılar ki, ona ləkə yaxsınlar. Amma arxivlərdə onu kimsəyə yamanlıq etməsi haqda heç nə tapa bilmirdilər. Süyelman müəllimin dediyi bir müdrik kəlamı xatırladım: “Dünyanın nəhəng çaylarını üstümə axıtsalar, yenə mən lil altında qalmaram”.
1990-cı il aprelin 25-də rəhmətlik Taleh Həmidin baş redaktoru olduğu “Yeni Fikir” qəzeti xalq yazıçısı Süleyman Rəhimovun Sov. İKP MK-nın Baş katibi Y.V Andropova yazdığı məktubu dərc etmişdi (Qaçaq Nəbi ilə bağlı. Bax: “Atlar yəhərlənəndə”).
Ümummilli liderimiz müstəqil Azərbaycan Respublikasının prezidenti olarkən yenə Süleyman Rəhimov yaradıcılığına yüksək qiymət verdi:“Bilirsiniz ki, insanlar arasında paxıllıq da, rəqabət də var. Bəziləri dedilər ki, niyə Süleyman Rəhimova belə yüksək ad-Sosialist Əməyi Qəhrəmanı adı verdilər?… Mən Süleyman Rəhimov haqqında hələ o vaxt düşünürdüm ki, o, ədəbiyyatımızda həqiqətən özünə məxsus yer tutub… Ümumiyyətlə, ədəbiyyatımızda, mədəniyyətimizdə çox şəxsiyyətlər olub. Amma elə şəxsiyyətlər olur ki, onlar özünəməxsus bir yer tutur, təkrarolunmazdırlar, onları heç kəs əvəz edə bilmir… ”
2000-ci ildə “Dədə Süleyman dünyası” kitabı nəşr edilib. Burada ədib haqda xatirələr toplanıb. 1980-cı ildən üzü bu yana, səhv etmirəmsə, yazıçının yubileyləri keçirilməyib. Çox qəribədir. İki böyük şəxsiyyətin – Süleyman Rəhimovun və Şamo Rəhimovun yaşayıb yaratdıqları binada onları xatırladacaq adi xatirə lövhəsi yoxdur belə. Buna çox təəssüflənirəm. Səbəbi mənə məlum deyil. Küçənin o biri tərəfinə keçirəm ki, 4-cü mərtəbədəki eyvanı görə bilim: “Aha, nə yaxşı oldu”. Eyvana açılan qapı yazıçının sağlığında olduğu kimi, açıqdır. Çox sevindim. Mənə elə gəldi ki, Süleyman Rəhimov və alim oğlu Şamo sağdırlar. İnandım ki, Süleyman Rəhimovun xeyirxahlığı, insanlığı, saflığı və azadlıq mübarizəsini öyrədən cild-cild əsərləri onu- Azərbaycan ədəbiyyatı tarixində ilk epopeyanın müəllifini bütün yüzilliklərdə nəsillərə xatırladacaq. Cəmi 34 il yaşasa da, seysmologiyada böyük kəşflər edən, Bakının seysmik xəritəsinin müəllifi istedadlı alim Şamo Rəhimov da hər nəslin yaşıdı olacaqdır. Çünki onların hər ikisinin- Ata və Oğulun yaradıcılıqlarının cazibə qüvvəsi çox böyükdür, güclüdür. Bu cazibə onları həmişə öz oxucularının qəlbində yaşadacaqdır.
Fotoda: Süleymn Rəhimov və yazının müəllifi Musa Quliyev