Müsahibimiz haqqında qısa arayış:
Ağaverdi Xəlil, 1962-ci il avqust ayının 30-da Kürdəmir rayonunun Həmzəli kəndində anadan olub. 1979-cu ildə Bakıda orta məktəbi fərqlənmə ilə qurtarıb, 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirib. “Mahmud Kaşqarlının “Türk dillərinin divanı kitabı”nda paremioloji vahidlərin struktur-semantik təhlili” mövzusunda namizədlik dissertasiyası müdafiə edib, “Oğuz eposunda ritual və janrın struktur tipologiyası” mövzusunda doktorluq dissertasiyası yazıb. 2001-2002-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunda “İntellekt-nəzəri eksperimental laboratoriyası”nın, 2003-2006-cı illərdə AMEA Folklor İnstitutunda “Folklor laboratoriyası”nın, 2007-2011-ci illərdə “Folklor nəzəriyyəsi” şöbəsinin müdiri olub. Hazırda AMEA-nın Folklor İnstitutunun “Mərasim folkloru” şöbəsinə rəhbərlik edir.
Ağaverdi müəllimlə əsasən folklorumuzdan, onun dünya folklorundakı yerindən və çağdaş durumundan danışdıq:
– Bilirik ki, kifayət qədər məhsuldar alimsiz. Bizə maraqlıdır: son dönəm hansı mövzu üzərində işləyirsiz? Bu il oxucuları hansı kitabla sevindirməyi düşünürsüz?
– Mənim tədqiqatlarım beş əsas istiqaməti əhatə edir: araşdırma, tədris, toplama, tərcümə, təbliğat. Təbii ki, bunların hamısı haqqında danışsam, söhbətimiz bir kitab olar. Ona görə qısa danışmağa çalışacağam. Fundamental tədqiqatım “Oğuz eposunda ritual və janrın struktur tipologiyası” problemi ilə bağlıdır. Bu, eposda qorunmuş qədim mədəniyyət qatının öyrənilməsi deməkdir. Mahiyyət etibarilə arxeoloji araşdırmalarla müqayisə edilə bilər. Sadəcə, bu mövzu üzrə bizim işimiz yazılı abidələr üzərində gedir. VI-XVI əsrlərə aid, min illik bir dövrü əhatə edən çoxlu sayda türk ədəbi abidələri vardır. Buraya “Orxon-Yenisey” yazıları, “Divani-lüğət-it türk”, “Kitabi-Dədə Qorqud”, çoxlu sayda “Oğuznamə”lər və başqa abidələr aiddir. Bu abidələr bizim ənənəvi mədəniyyətimizi öyrənmək üçün olduqca dəyərli və zəngin qaynaqdır. Burada milli mədəni institutlar və mənəvi konseptlər öz əksini tapır. Qaynaqlarla iş təcrübəsi bizə dəyərlərin dinamikasını, desakralizasiya və resakralizasiya proseslərini müəyyənləşdirmək imkanı verir. Keçmiş mədəni irsi öyrənmək isə ümumiyyətlə, milli varlığımızı daha etibarlı təməllər üzərində qurmaq, mənəvi ehtiyatlarımızı səfərbər etmək, gələcəyə daha inamlı və etibarlı bir şəkildə gedə bilməyimiz üçün vacibdir.
Tədqiqatlarımın əsas xəttini milli mədəni və mənəvi dəyərlərimizi öyrənmək, qorunması yollarını təkmilləşdirmək, xalqımızın rifahı, vətənimizin bütövlüyü və dövlətimizin qüdrətinin artması üçün onun mənəvi əsaslarının möhkəmləndirilməsi təşkil edir. İndiyə qədər yazdığım kitabların hamısında bu istiqaməti sabit şəkildə saxlamağa çalışmışam.
Qeyd edim ki, “Mahmud Kaşqarlının türk dillərinin divanı kitabında ədəbi mətnlər” (2001), “Əski türk savlarının semiotikası” (2006) kitablarımda qədim və orta əsrlər mədəniyyətini, xalq yaradıcılığını, folklorunu tədqiq etməyə çalışmışam. Elə düşünürəm ki, bizim tədqiqatlarımız gənc alimlərə bu dövrü və sahəni etibarlı şəkildə öyrənməyə kömək edə bilər. “Folklor terminləri” (2010) kitabımda folklorşünaslıq elminin nəzəri əsaslarını gücləndirmək məqsədini diqqətdə saxlamışam. Bu kitabda bir çox anlayış və istilahlar müasir nəzəri araşdırmaların mütərəqqi ənənələrinin və nailiyyətlərinin işığında şərh olunmuşdur. “Türk xalqlarının yaz bayramları və Novruz” kitabı ümumtürk kontekstində bir araşdırmadır və bayram mədəni fenomeninin tarixi-kulturoloji səciyyəsini aydınlaşdırmağa imkan verir. “Folklor və dövlətçilik” kitabında dövlətçiliyimizin mənəvi əsaslarını gücləndirmək, abidələrimizdə və folklorumuzda qorunan dövlətçilik düşüncəsini, davranışını və bütün mənəvi konseptlərini səfərbər edərək müasir elmi dövriyyəyə daxil etmək məqsədini izləmişəm. Kitabı böyük dövlət xadimi Heydər Əliyevin xatirəsinə həsr etmişəm. Bu kitabda Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mənəvi əsasları şərh edilib, ənənəvi mədəniyyətin, folklorun, xalq mərasimlərinin, bayramların qorunması, yaşadılması, daha mütəşəkkil şəkildə təşkili və təbliği, gələcək nəsillərə itkisiz və zədəsiz çatdırılması üçün apardığı ardıcıl fəaliyyət öyrənilib. Düşünürəm ki, ənənəvi mədəniyyətimizin və folklorumuzun qorunması və yaşadılması üçün Heydər Əliyevin fəaliyyəti, fikirləri və fərmanları bizim üçün gələcəkdə də əsas strateji istiqamət olmalı, prioritetlər bu əsasda müəyyənləşdirilməlidir.
Bu yaxınlarda bir neçə tədris yönümlü kitabım nəşr olunub. Belə kitablar mütamadi olaraq nəşr edilir və burada bizim məqsədimiz gənclərimizi daha sağlam və obyektiv biliklərlə təmin etməkdən ibarətdir.
-Azərbaycan folklorunu digər xalqların folklorundan fərləndirən hansı özəlliklər var?
-Bilirsiniz, xalq yaradıcılığı, folklor digər sənət sahələri kimi, formaca milli, məzmunca bəşəri olur. Folklor daha çox universal xarakterlidir. Əlbəttə ki, folklor çox geniş əhatəli yaradıcılıq sahəsini və ənənəvi mədəniyyəti özündə ehtiva edir. Bu mənada, folklorda milli səciyyəli xüsusiyyətlər çoxdur, milli koloriti və milli ruhu təmin edən əsasları vardır. Belə səciyyəvi xüsusiyyətlər müqayisəli və ya tipoloji tədqiqatlar zamanı aşkarlanır. Məsələn, yüzlərlə nağıl var, amma bunların əksəriyyəti bir çox xalqlarda eynidir. Yəni bunların əksər hallarda süjetləri eynidir, motivləri eynidir, lakin bir çox hallarda obrazları fərqlidir, formulları fərqlidir, məkan, situasiya, xarakter millidir. Bizim üçün “Göyçək Fatma” nağılı millidir, bizim könül və ruh dünyamızı ifadə edir, Hind-Avropa xalqları üçün isə eyni süjetin “Zoluşka” variantı doğmadır, ümumilikdə isə aparıcı motivin ögey ana olduğu bu tipli nağılların süjet göstəricisi Fin folklorçularının təşəbbüsü ilə XX əsrin əvvələrində tərtib edilmişdir. Amma şahzadə də, ögey ana da, yetim qız da hər xalqın özünün xarakterinə uyğundur.
On minlərlə ataları sözləri var, bunların əksəriyyəti dünya xalqlarının ortaq dəyərləridir. Amma hər xalqın bu dəyərlər içərisində öz payı və haqqı-sayı vardır.
Azərbaycan xalq yaradıcılığının bütün janrlar üzrə yalnız ona məxsus olan nümunələri vardır. Xalq deyimləri, atalar sözləri, bayatılar, əfsanə və rəvayətlər, nağıllar, dastanlar, xalq oyunları, mərasimlər, inanclar və digər nümunələrin hər birində dünya ilə, şərq ilə, türk dünyası ilə ortaq dəyərlərimiz var. Məsələn, 23 variantda Molla Nəsrəddin var, Koroğlu dastanlarına Orta Asiyadan Balkanlara qədər hər yerdə rast gəlinir. Amma bütün bu ortaqlığın içində bizim yerli xüsusiyyətlərimiz də az deyildir. Dastanların, nağılların Azərbaycan üçün xarakterik nümunələri də az deyil, yalnız bizə aid əfsanə və rəvayətlərimiz vardır. Biz fərqliliyi elmi baxımdan öyrənirik, fərqli olmaq üçün deyil, oxşar olmaq üçün. Biz ortaq dəy
ərləri müəyyənləşdiririk, birləşmək, bir olmaq, iri olmaq, diri olmaq üçün. Bütün türk dünyası Qorqud Atanın mənəvi əhatəsində birləşir. Bu ortaq dəyərin içində, onun yaradılmasında və yaşadılmasında bizim Azərbaycan xalqı olaraq çox payımız var. Biz dünyanın nadir sənət incilərini yaradan xalqlarından biriyik. Bu gün mədəni ehtiyatlarımızla qürur duyduğumuz kimi, onları qorumağı, yaşatmağı və gələcək nəsillərin həyatına və ruhuna daxil etməyi bacarmalıyıq. Bu, xalqımızın daha etibarlı gələcək qurmaq üçün mənəvi gücünü artıracaq, onun daha xoş bir gələcəyə doğru getməsinə dəstək olacaqdır.
-Sizcə, Azərbaycan folkloru yetərincə öyrənilibmi və xalq yaradıcılığı örnəkləri araşdırılaraq kitablaşdırılıbmı, yoxsa hələ bu sahədə görüləcək çox iş var?
-Əlbəttə ki, yox. Dünyada folklorun yeni elmi əsaslarla öyrənilməsi XIX əsrin əvvəllərindən başlanır. Həmin əsrin ortalarında bir çox Avropa ölkələrində Folklor cəmiyyətləri, təşkilatları, muzeyləri, arxivləri, kitabxanaları yaradılmışdı. Amma biz o zaman işğal altında idik və müstəmləkə rejimindən əziyyət çəkirdik. Bizim o zaman təkcə torpağımız deyil, eyni zamnda dəyərlərimiz də işğalda idi. İndi əziyyət çəkdiyimiz bir sıra mənəvi zədələr bizə o zamanın mənfi mirası olaraq qalıb. Biz öz folklorumuzu toplamaq, öyrənmək imkanında olmamışıq. Lakin folklor bizim həyatımızda, davranışımızda, yaddaşımızda, könül və ruh dünyamızda mövcud olub və biz folklorla iç-içə yaşamışıq. Həm 19, həm də 20-ci əsrin əvvəllərində həvəskar adamlar olub, folklor toplayıblar. Allah onlara rəhmət eləsin! Yazılı qaynaqlarda xeyli folklor materialları vardır. Onları da yenidən nəşr etmək lazımdır. Sovet dövrünün xarakterindəki formallıq folklor fəaliyyətlərinə də öz mənfi təsirini göstərib. 70 il ərzində xeyli nümunə toplanıb. Amma bu nümunələrin hamısı eyni dərəcədə etibarlı deyil, yararlısı və yararsızı var, kabinetdə yazılan nümunələr var, folklora yersiz müdaxilələr olubdur.
-Bəs müstəqillik dönəmində nə kimi işlər görülüb?
-Folklor fəaliyyəti müstəqillik dövründə geniş vüsət aldı və gerçək bir folklor fəaliyyəti başlandı. Bu fəaliyyətin əsas ilhamvericisi ümummilli lider Heydər Əliyev oldu. Onun göstərişi ilə Folklor sarayı, Folklor Evi, Folklor Mərkəzi, Folklor elmi-mədəni mərkəzi, Folklor İnstitutu yaradıldı. AMEA rəhbərliyinin, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru Yaşar Qarayevin və onun tələbələrinin bu sahədə ciddi xidmətləri olub. 1996-cı ildə qurulmuş Folklor elmi-mədəni mərkəzinin əsasında 2003-cü ilin əvvəllərində Folklor İnstitutu yaradıldı. Yaşar Qarayevin sadiq tələbələrindən biri olan Hüseyn İsmayılov ilk folklorçu kollektivinə rəhbərlik etdi və çalışdığı müddətdə milli mənəvi dəyərlərə və elmi obyektivliyə sadiqliyini yüksək səviyyədə qorudu. 2003-cü ildən 2011-ci ilədək Folklor İnstitutunda 500-dək kitab, jurnal, toplu, dərgi, məcmuə nəşr edildi. Onlarla monoqrafiyalar yazıldı, yeni tədqiqat istiqamətləri müəyyənləşdi, külli miqdarda folklor nümunələri toplandı, zəngin folklor arxivi yaradıldı. Folklor institutunun fəaliyyəti həm ölkədə, həm ölkənin sərhədlərindən kənarda tanındı, hörmət və rəğbət qazandı. Folklor institutu rəhbərindən başlayaraq çalışan fərdlərə qədər elmi obyektivliyi, halallığı və doğruluğu fəaliyyətlərinin əsas prinsipi hesab edirlər. 2011-ci ildə səhhəti ilə bağlı olaraq vəzifədən gedən ilk direktorun yerinə gələn Muxtar Kazımoğlu ilə kollektiv işinə davam etməkdədir. Bu son dörd ildə də 400-ə qədər müxtəlif nəşr məhsulları işıq üzü görmüşdür. Qarabağ layihəsi üzrə institutun böyük bir qrupu üç il işləmişdir. çox zəngin nümunələr toplanmış və nəşr edilmişdir. Digər bölgələr üzrə də toplamalar və nəşrlər aparılır. Elmi tədqiqat işləri də əvvəlki vüsətində davam etdirilir. Amma yenə də görülməli işlər görüləndən qat-qat çoxdur. Bu həm toplama işlərinə, həm tədqiqata, həm də təbliğata aiddir.
-Əski dönəmlərdə mövcud olmuş və unudulmuş elə bir kültür örnəyimiz varmı ki, onun bu gün yenidən mədəniyyətimizdə görünməsini, yayılmasını istərdiz?
-Bir çox folklor nümunələrimiz müasirləşmənin təsiri ilə, mədəniyyətdəki yeni şəkillənmələrə görə unudulub, yaddaşdan çıxıb, arxaikləşib. Bunları nəzəri cəhətdən bərpa etmək mümkündür, amma təcrübədə təsdiqlənməsi xeyli dərəcədə çətindir. Uşaqlar arasınadakı oyunların unudulan nümunələrinin bərpasını istərdim. Bu, uşaqların fiziki və mənəvi cəhətdən daha sağlam yetişməsi üçün çox önəmlidir.
Şəbihləri bərpa etmək olar və bununla da desakralizasiya proseslərinə təsir göstərmək mümkündür. Dəyərlərin öz mənəvi məzmunundan məhrum olduğu bir zamanda dəyər istehsal edən mədəniyyət hadisələrinin bərpasına çalışmaq lazımdır. Cəmiyyətimizin mənəvi ehtiyatlarını səfərbər etməyə ehtiyac var, humanizmi, halallığı, haqq-ədalət duyğusunu, sayğını, sevgini, etibarı, mərhəməti və şəfqəti bütün mümkün vasitələrlə artırmağa doğrudan da ehtiyac duyulur.
Qorqudçu ozanlar yetişdirmək üçün layihə hazırlanmalı və həyata keçirilməlidir. Belə ozanlar Dədə Qorqudu əzbər bilməli və toplantılarda ifa etməyi bacarmalıdır. Qırğız manasçıları kimi. Milli köklərimizdən gələn mənəvi ehtiyatlarla təmasımızı artırmalıyıq. Bəlkə, bu yolla cəmiyyətdəki mənəvi boşluğu doldurmaq üçün imkan qazanarıq. Dini dəyərlərimizi təkcə yas mərasimlərində deyil, hər zaman həyatımızın tərkib hissəsi etməliyik. İçində mənəvi məna daşıyan bütün dəyərləri qorumalı, aktivləşdirməli və populyarlaşdırmalıyıq. Ən azı unudulma və passivləşmə tempi və sürəti qədər ona təsir göstərmək imkanında olmalıyıq.
– Bəzən deyirlər ki, bizim yazılı ədəbiyyatımız dünyaya çıxarılacaq qədər yetkinləşməyib. Sizdəmi bu fikirdəsiz? Eləcə də, folklorumuz haqqında nə düşünürsüz? Azərbaycanın şifahi xalq yaradıcılığı örnəkləri ilə dünyaya çıxa bilərikmi?
– Təbii ki, yox. Mən elə düşünmürəm. Görünür, onu deyənlər ədəbiyyatımızı yetərincə bilmirlər. Bizim ədəbiyyatımız çoxdan dünyaya çıxıb, dünyanın hər yerində tanınır, Buraya həm Nizami, Füzuli, Nəsimi kimi klassikləri, həm də Axundov kimi, Əli bəy Hüseynzadə kimi, Mirzə Cəlil kimi, Cavid kimi, Səməd Vurğun kimi, Bəxtiyar kimi, Rəsul Rza kimi və b. yazarlarımız daxildir. Dünyanın bir çox ölkəsində Anarı tanıyırlar, əsərlərini oxuyurlar.
-Bəs folklor örnəklərimiz necə, dünyada tanınır və oxunurmu?
-Folklorumuz da çoxdan dünyaya yayılıb. Demək olar ki, əksər folklor nümunələrimiz dünya xalqlarının dillərinə tərcümə edilib, nəşr olunub. Azərbaycan folklorunu dünyanın hər yerində oxuyurlar. Dədə Qorqudun əlyazmasını 1815-ci ildə alman şərqşünası Fridrix fon Dits Drezden kitabxanasında tapdı. “Oğuz siklopu” adlı ilk araşdırmanı da o yazdı. Bu məsələ sürətlə Avropada yayıldı. Vaxtilə, Mirzə Şəfini nəğmələri də Avropalıların könül dünyasını fəth etmişdi. Biz Dədə Qorqud haqqında yalnız 1915-ci ildə Türkiyədə Kilisli Rifət müəllim tərəfindən mətnin üzü köçürüldükdən sonra xəbər tutmuşuq. Avropa kitabxanaları, muzeyləri Azərbaycana aid ədəbiyyat və
folklor abidələri ilə zəngindir. Bunların da öyrənilməsinə ehtiyac var.
Azərbaycan hal- hazırda YUNESKO-da muğam sənəti ilə, aşıq sənəti ilə, Novruz bayramı ilə, Kitabi-Dədə Qorqud ilə təmsil olunur, bu xalq yaradıcılığı nümunələri dünyanın nadir sənət inciləri kimi qorunur. Amerikadan gəlib Azərbaycan qadın aşıqlarını öyrənirlər, folklor kollektivlərimiz dünyanın hər yerində xalqımızın zəngin və ecazkar sənətini nümayiş etdirirlər. Alimlərimiz dünyanın ən mötəbər elmi toplantılarında məruzələri ilə Azərbaycan folklorunu tanıdırlar, dünya xalqlarının folkloru ilə müqayisəli şəkildə araşdırırlar.
– Bir sual da doğulub boya-başa çatdığınız bölgə ilə bağlı vermək istərdim. Doğulduğunuz Kürdəmir bölgəsinin folklorunun və etnoqrafiyasının hansısa regional özəllikləri varmı?
-Biz folkloru institut olaraq toplamağa başladığımız zaman belə bir prinsip müəyyənləşdirdik: əvvəlcə işğal altında olan bölgələrimizdən olan insanların yaddaşını yazmalı. Qərbi Azərbaycan və Qarabağa xüsusi diqqət ayırmışıq. Demək olar ki, bu bölgənin bütün rayonları üzrə sanballı cildlər nəşr olunmuşdur.
Kürdəmirdən folklor nümunələri toplansa da, hələ ki, ayrıca bir Kürdəmir folklor örnəkləri cildi nəşr edilməmişdir. Mən imkan olduqca, rayona gedəndə zaman tapdıqca, nümunələr toplayıram. İndi əlimdə xeyli nümunə var. Amma bu bir neçə kəndi əhatə edir. Mən bunun miqyasını artırmaq, rayonu daha geniş şəkildə əhatə etmək istəyirəm. Kürdəmirin Sığırlı və Şilyan kəndlərində lətifə qəhrəmanları var, çoxlu lətifə söyləyiciləri var. Bunu Ərəbqubalı kəndi haqqında da demək olar. Ərşəli və Pirili kəndlərində çoxlu rəvayət söyləyiciləri var. Carlı, Xəlilli kəndlərindən aşıqlar çıxıb. Burada aşıq şeiri, aşıq rəvayətləri hələ unudulmayıb. Kür qırağı kəndlərimiz dindardır, orada dini folklor nümunələri daha çox yayılıb.
Kürdəmir eyni zamanda pirlər, ocaqlar, ziyarətgahlarla zəngindir (Abdul baba, Xoruzlu pir, İsmayıl əfəndinin ocağı və s.). Onlarla bağlı inanc folkloru, rəvayətlər və məlumatlar var. Kürdəmirdə padar etnoqrafik qrupunu, lahıc folklorunu da toplamaq üçün söyləyicilər vardır. Kürdəmirdə iki Kəngərli kəndi, Şahsevənlər, Təkləlilər, Qarasaqqallılar kəndləri də digər rayonlardakı eyni kəndlərlə müqyisəli öyrənilə bilər. Xüsusi şivəsi ilə bütün kəndlərdən seçilən Mollakənd kəndi də maraq doğurur..
– Oxuculara daha nələri demək istərdiz?
-Onu deyə bilərəm ki, xalqımızın mənəvi irsini qorumaq, yaşatmaq hamımızın işidir. Bu işdə fəal olmağa çağırıram. Dəyərlərimizi qoruyaq, onları aktivləşdirmək və cəmiyyətimizdə yaymaq üçün səylərimizi artıraq. Mənəvi dəyərlərin zəngin və aktiv olduğu cəmiyyətlərdə həyat daha rahat olur, ruzi-bərəkət də bol olur. Hər birimiz öz davranışımızda mənəvi dəyərlərimizi yaşatmağa çalışaq, xalqımızın rifahı, vətənimizin bütövlüyü və dövlətimizin qüdrətliliyi naminə.
Söhbətləşdi: Namiq Hacıheydərli
Strateq.az