XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

24 May 2015 - 06:10

İntiqam Yaşar: “Yerimə, qələm danışır”

İstedadlı gənc şair İntiqam Yaşarın yaradıcılığından bəzi nümunələri Strateq.az oxucularına təqdim edirik:

İntiqam Yaşar (Cavanşir İntiqam Yaşar oğlu): 3 oktyabr 1990-cı ildə Gədəbəy rayonunda anadan olub. 1997-2008-ci illərdə Gədəbəy rayonunda orta məktəbdə, 2008-2012-ci illərdə Azərbaycan Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. Dünya Gənc Türk Yazarlar Birliyi İdarə Heyətinin və AYB-nin üzvüdür. 2015-ci ildə Azəbaycan Prezidentinin Təqaüd Fondunun təqaüdünə layiq görülmüşdür. Mətbuatda müxtəlif məzmunlu yazılarla çıxış edir. 2012-ci ildə “Nurlan” nəşriyyatında “İlk görüş” adlı şeirlər kitabı çapdan çıxıb. Şeirləri və publisistik yazılari ilə Azərbaycan və Türkiyə mətbuatında müntəzəm olaraq çıxış edir.

Hər gün bir az unutmaq

Hər gün bir az unutmaq

hər gün bir az ölməkdi.

İndi gülmək, doğrusu,

xətir üçün gülməkdi.

Bəzən, unutmaq olmur

ən kiçik zərrəni də.

Xatirələrə xatir

unutmuram səni də.

Sən də unutmamısan,

yüz rola gir, qəddar ol.

Alınır da sözdümü?

çox peşəkarsan, var ol.

Axı, mən özüməmmi,

sənə “özün ol” –deyim?

Hansı işığa baxıb,

“getmə”- deyim, “qal”- deyim.

Sənin nə günahın var,

nə ittiham edim mən?!

Baş ağrısı olmasın,

sözüydü də, dedim mən.

Evdə yoxam

Qapımı döyən ayrılıq,

Evdə yoxam, evdə yoxam.

Qonağam deyən ayrılıq,

Evdə yoxam, evdə yoxam.

Gördüyüm mənə çoxdumu,

Xoş günüm iti oxdumu,

Döyməyə qapı yoxdumu,

Evdə yoxam, evdə yoxam.

Sənə kim dedi, gündə gəl,

ömür bitəndə sonda gəl,

Haçan çağırsam onda gəl,

Evdə yoxam, evdə yoxam.

Mülkümdən qoparıb məni,

Bu qayğı lap sarıb məni.

Aparan aparıb məni.

Evdə yoxam, evdə yoxam.

Divardakı nəm danışır.

Dam dolusu qəm danışır.

Yerimə qələm danışır,

Evdə yoxam, evdə yoxam.

Bəlkə də

Bəlkə də, bu bir yazıdır,

ürəyimiz qırılmaqçün yaranıb,..

Bəlkə, özü də elə buna razıdır,

ürəyimiz qırılmaqçün yaranıb.

Həyatın gedişinə,

– hərdən yüksəlişinə,

hərdənbir enişinə.

şahidlik etmək üçün.

Bir az ayaqlaşmağa,

sevinclə rastlaşmağa,

qəmlə qabaqlaşmağa.

Bunları görə-görə,

ürəyimiz yorulmaqçün yaranıb

QIZ

Yuxuma qonaq gəlmişdin,
Adını unutduğum qız.
Bulaq kimi qaynar olan,
Gözünü qurutduğum qız.

öz bildiyini sayanda,
Dərd üstümə əl qoyanda,
Dünyada cana doyanda,
Dərdimi ovutduğum qız.

Rast gəldin necə birinə?!
Bağlandın qəm zəncirinə.
öz yaşamım xatirinə,
Həyatdan soyutduğum qız.

Unutmaqçün yaşamağı öyrənirəm.

Yaşamaqçün unutmağa cəhd etsəm də, alınmadı.
Dar qəfəsdə hey vurnuxdum, hey vurnuxdum….
Bir qarışlıq bu hüdudsuz dünyam ki var,
bu ucundan o ucuna, o ucundan bu ucuna,
Milyon kərə gəlib-çıxdım.
Yaşamaqçün unutmağa cəhd etsəm də, alınmadı.
Alına da bilməzdi heç,
ürək dedi, ağıl dedi. Ağıl dedi, ürək dedi.
Mən çox dedim nə faydası?!
Bircə kərə fələk dedi.
Yaşamaqçün unutmağa cəhd etsəm də, alınmadı.
Unutmaqçün yaşamağı öyrənirəm yavaş-yavaş.
Sevinirəm.
çünki, indi səbəbi var yaşamağın.
Həm də ayrı ləzzəti var,
Can üstündə, rəngi solmuş ümidləri,
bu günümdən sabahıma daşımağın.
Yaşamaqçün unutmağa cəhd etsəm də, alınmadı.
Unutmaqçün yaşamağı öyrənirəm yavaş-yavaş.
Unutmaqçün yaşamağı öyrənirəm yavaş-yavaş.

Evini

Ev yıxmaq işində usta imişsən,

Yıxdın bu taleyin, bəxtin evini.

Rastına bir sadə şair çıxmışdı,

Yıxdın, zalım qızı, yıxdın evini.

Yazmağa həvəsim, ilhamım da sən,

Gecikən toyum da, bayramım da sən,

Səhərim, günortam, axşamım da sən,

Yıxan belə yıxar, vaxtın evini.

Tüstüsü hələ çox göz acışdırar.

Dözməyə məcburuq, döz, acışdırar,

özcə gözünü də yüz acışdırar,

Yandırdın evini, yaxdın evini