XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

31 Mart 2016 - 20:21

Adilə Nəzər:“Təklik - yaradıcılığın meydançasıdır”

 

adile1

Arada-sırada cızma-qara etsəm də, hər hansı bir şairdən müsahibə almaqdan çəkinmişəm. Bu, yəqin ki, peşə vərdişiylə bağlıdır. Jurnalist fəaliyyətim boyunca bütün müsahiblərim siyasilər, iqtisadçılar, hüquqşunaslar və bu kimi sosial sahələrin adamları olub. Odur ki, Adilə Nəzərlə həmsöhbət olarkən, “görəsən, necə alınacaq” sualı  beynimi qurcalayırdı.

Söhbətimiz əsnasında anladım ki, ədəbiyyat adamlarıyla danışmaq daha rahat olurmuş. Zaman-zaman söhbətin quruluğundan ayrılıb poeziya aləminə səyahət etməyin gözəlliyi başqa imiş. Adilə xanım çox sağ olsun, tez-tez söhbətimizə poetik rənglər qatırdı.

Alim-şairəmiz Adilə Nəzərin Strateq.az-a müsahibəsini təqdim edirik:

ADİLƏ NƏZƏR (Adilə Həsən qızı Nəzərova):

 

Naxçıvan MR-nin Şərur rayonunda anadan olub.

5 kitab, 30-dan çox elmi məqalə və tezislərin müəllifidir.

Filologiya üzrə fəlsəfə doktorluğu üçün dissertasiyasını müdafiə edib.

AR Təhsil Problemləri İnstitutunun əməkdaşıdır.

 

– Adilə xanım, bildiyimə görə, bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyinə üzv olubsunuz. Əvvəla, sizi təbrik edirəm. Doğrusu, sizin indiyə qədər birliyə üzv olmadığınızı bilmirdim. Özünüz kənarda dururdunuz, yoxsa AYB-yə daxil olmaq müşkül məsələdir? Bu, sizə yeni yaradıcılıq stimulu verə bilərmi?

Təşəkkür edirəm, Heydər bəy! Doğrusu kitablarımı 4 il əvvəl (o zaman 2 kitabım vardı) AYB-yə təqdim etmişdim. Bu müddət ərzində kənarda durub gözlədim, gördüm heç maraqlanan yoxdur. Bu il kitabları (5 kitab – 4 şeirlər, 1 fəlsəfə lüğəti) və zəmanətləri yenidən təqdim etdim, bir az da tələbkarlıq etdim. Məncə, müşkül məsələ deyil, sadəcə üzvlük seçiminə qədərki mərhələdə işçilər səhlənkarlıq edirlər, etinasız yanaşırlar bu işə.

Oxumaq, yazmaq mənim üçün vazkeçilməz həyat tərzidir, demərəm ki, AYB-yə üzv oldum deyə, daha yaxşı yazacağam. Bəlkə yazdıqlarıma daha məsuliyyətli yanaşacağam.

– Siz həm şairliklə, həm də elmi fəaliyyətlə məşğul olursunuz. Məlumdur ki, elmi fəaliyyət beyin məşğuliyyəti, şairlik isə qəlb işidir. Emossionallıq və əqlilik əksər hallarda iki təzadlı məfhum olaraq ortaya çıxır və antaqonist qüvvələr kimi bir-birinə mane olur. Ruhunuzdakı əqllə hissiyyatın mübarizəsini necə tənzimləyirsiniz?

– Ərəb əsilli yazıçı Cəbran Xəlilin bir kəlamı var. Deyir ki, şairlə alim arasında bir zolaq var, bu zolaqdan alim şairə tərəf adlayırsa, müdrik, şair alimə tərəf adlayırsa, dahi olur. Bu adlar mənim üçün çox böyük səslənir, təbii ki, amma, hər halda bu şəffaf zolaqda kiçik də olsa ziq-zaqlar etməyə çalışıram.  Onu deyə bilərəm ki, elm insanlığa xidmət etməlidir. Ancaq, müşahidələrim deyir ki, elmin bir adı məntiq olduğu kimi, o biri adı da siyasətdir, insana obyektiv reallığı özünə tabe etdirməyin qaranlıq və təhlükəli yollarını göstərir, eyni zamanda insanı hesablı yaşamağa öyrədir. Ömür boyu hesablı yaşam insanlığın süqutudur.

Bu düşüncələr içində əqli iş gərginlik, yorğunluq gətirir və bu yorğunluğu poeziyada atmaq ən asan və ən doğru yoldur mənim üçün – balansı qorumaq aspektindən. Hər yazdığım şeirdən sonra özümü qayğıdan, ağrıdan az da olsa arınmış hiss edirəm.

Elm məqdəsli düşüncədir, çox vaxt mütləq həqiqətdir, poeziya isə o həqiqətin mahiyyəti, gözəlliyi, bəzən utopiyası. Poeziya eyni zamanda zövqdür, şeir isə zövqün təntənəsi. İndi bahar fəslidir, təbiətdə o qədər estetika, gözəllik var ki. Bunları yazmaq üçün bir də gözəl ruh yüksəkliyi olsa…

Alim deyiləm, 
Amerika kəşf etmədim,
elm öyrənənlərdən nə ilk,

nə də sonuncuyam, 
mən də sadəcə ötürücüyəm…

Şair deyiləm – 
həyat hekayələrini şeir adına yazan, 
üzündə itirdiyi məsumiyyəti 
gözündə bitirən başı bəlalı,

sinəsi qadalıyam.
Səbirliyəm, çılğınam,
mən Sevgi mayalıyam…
Mənimki bir həvəsdir.
Ən gözəl şeir, 
…və ən dərin fəlsəfə 
minarədən gələn səsdir.

Uluları həqiqət “su”yunda boğulan, 
ağıllıları “hava”lanan,
“od”una kasıbları isinməyən, 
torpağına adamlığın Adəmdən əvvəl köçdüyü
bir dünyanın müəmması – İnsanam.

Əqlimlə hisslərim heç vaxt mübarizə etmirlər, əksinə çox yaxın dostdurlar. Biri olmasa, o biri gücsüz qalır. Tanrı məni var edən bu iki dostu qorusun!

– Sirr deyil ki, cəmiyyətimizdəki patriarxal ənənələr əksər hallarda qadının şairliyinə mane olur. Kişilərin sevgi etirafları xoş qarşılandığı halda, qadın duyğularına dodaq büzülür. Yəqin razılaşarsınız ki, hər bir şeir də əslində sevgi etirafının nəzmə çəkilmiş formasıdır. Yaradıcı fəaliyyətinizdə hər hansı basqıyla üzləşibsinizmi?

– Orta məktəbdə sinifin divar qəzetinin redaktoru olmuşam. Yəni qələmim uşaqlıqdan olub amma, şeir yazdığımı ancaq məktəbdə biliblər. 70-ci illərdə bizim kənddə nəinki şeir yazan qıza, hətta oğlana da gülürdülər. Böyüdükcə, beləcə şeir yazmaq həvəsimi içimdə doğdum.

Sonralar qəzetlərdə dini yazılar (köşə yazısı) yazdım (şərti adla).

Müstəqillik dövrü mənim kimilər üçün bir şans oldu. Yenidən şeirə qayıtdım. Heç utanmadan, çəkinmədən yazıram indi. Bu barədə bir az da gözüqarayam, cəsarətliyəm. Mənim fikrimcə şeir yazmaq  hissləri, duyğuları olduğu qədər ağılı, biliyi ortaya qoymaq qabiliyyətidir. Kim deyir ki, ağlamaq duyğu işidir?  Hər damla göz yaşında ağıl var. Mənə elə gəlir ki, oxucularım məni bu qabiliyyətimə görə dəyərləndirirlər, şevgi etirafı edirəm kimi yox. Qaldı ki, kiçik narahatlıqlar, basqılar hər sahədə var, bu sahədə də eynilə. Səbr etmək lazımdır, heç nə asan deyil.

Nə çətindir şair olmaq…

Göz açmamış fikirləri

çürüyür qar altında.

Qadağan yuxular görür

günün günorta saatında…

Şair üçün fərqi yoxdu

payızın, qışın, yayın.

O, ayrı bir mövsümünü

yaşayır bu dünyanın…

 

-Sizin bu “gözüqaralığınız” sevindircidir. Amma nədənsə, mənə elə gəlir ki, əksər şairələr “gözüqara” deyillər, toplumda mövcud patriarxal dünyagörüş qadın şairlərimizin yaradıcılığına ciddi təsir göstərir. Bəzən qadın şairlərimiz sözlərini daxili redaktədən keçirdikdən sonra kağıza köçürürlər, bəzən yazdıqlarını ümumiyyətlə ortaya çıxarmır, bəzən isə onların şeirlərindən kişi “odekolonunun” qoxusu gəlir. Məsələn, sevgilinin uzun saçlarından, incə gülüşündən, nazlı yerişindən danışılır. Halbuki, bütün bu özəlliklər qadına xasdır və kişini heç də yaraşıqlı göstərməyən xüsusiyyətlərdir. Siz özünü redaktə edə-edə “kişiləşən” qadın şairlərimizə nə demək istərdiniz? 

Əzizinəm, ha dindir,
Eşq iman, həm də dindir.
Qələm ol, qəlbi dindir –
Gör ki varaqda nə var…

Bu problem məni də çox narahat edir, bu barədə bir neçə qələm dostumla mübahisələrimiz olub. Düzü, indiki dövrdə demokratik ölkədə toplumun patriarxal dünyagörüşünü nəzərə alan şairin olduğuna inanmıram. Poeziya aləmi azad düşüncə aləmidir. Şükürlər olsun ki, duyğuların ittihamı yoxdur. Kim hansı səsdə, hansı rəngdə yazır yazsın, ittiham etmirlər. Şair təbiətin rəngini duyğularının rənginə köçürür. Təbiətin rəngini köçürmək asandır şair üçün, bu siyasətin itmiş rənginə bənzəməz… Bir də ki, mənim bildiyim şair öz duyğularını toplum üçün yazır, buna görə utanmamalı, cəsarətli olmalıdır. Qadının sevgisi də, həsrəti də kişininkindən fərqli yazılmalıdır. Kişi ayrılığın acısını özünü dağa-daşa vurmaqla, özünə yer tapmamaqla, dəli-dolu misralarla izhar edir, qadın sadəcə üzüntünün rəsmini çəkir sözlə:

Çiçək olub əkilmişəm qəlbinə,

Niyə sulamırsan soluram axı.

Heç sevinc gəlməzmi mənim dərdimə?

Bulud tək boşalıb doluram axı.

 

Neylərəm özgəni, mən səni sevdim,

Sorağın quşlardan alıram axı.

Sənsiz cadar olmuş torpaq kimiyəm,

Şimşək ol, yağış ol, ölürəm axı.

Bu cür hallara qəzəl yazan qadın şairlərdə daha çox rast gəlmişəm, irad tutmuşam, müxtəlif bəhanələr gətiriblər. Buradan da bir  daha o qənaətə gəlinir ki, oxuduqlarından təsirlənməmək mümkünsüzdür… Ümumiyyətlə, bu dünyada nə varsa elmdir – ədəbiyyat da, poeziya da, sevgi də, eşq də elmdir. Elm bilikdir;  bir var  bilmək – ağıl etmək, bir var bildiyini yazmaq, biri də var əldə etdiyi biliyi özündən sonrakına ötürmək. Bildiyini özününküləşdirməyən şairin ötürdüyü də özgənin olacaq. Bax, o zaman beləcə qadın qələminin incə, zərif ətirini kişi “odekolon”unun sərt qoxusu öldürəcək.  

– Azərbaycan xalqı şair xalqdır. Əsrlər boyu bu ölkədə hansı papağı qaldırsan, altından şair çıxıb. Amma bu papaq altında yatan şairlər öz çəkilərini bilib, cızma-qaralarını ortaya çıxarmayıblar. Nəticədə barmaqla göstəriləcək qədər şair söz meydanında at oynadıb. Bəlkə də buna görə, sözün, şeirin dəyəri olub. İndisə əlinə qələm alan şairlik edir. Bu da sözü dəyərdən salır. Yaxşı şairlərin dərc etdirdiyi onsuz da az tirajlı kitabların "gözü" evlərində oxucularını gözləyə-gözləyə saralır. Sözün dəyərdən düşdüyü indiki zamanımızda şair olmaq sizə yorucu gəlmir ki?

– Bunu çox düşünmüşəm. Düşünmüşəm ki, mənim şeirlərim kimə lazımdır? Məsələ burasındadır ki, mən şair olmaq üçün yazmıram. Təklik yaradıcılığın meydançasıdır, bəlkə də bu sıxıntını atmaq üçün yazıram, bəlkə də əksinə, yazmaq üçün tək qalmaq istəyirəm.

Bir dərd evim vardır – sakini tək mən,

Küləklər sovurar, açar qapımı.

Hər gecə bir şeir enər qeybdən,

Döyər pas bağlayan naçar qapımı.

Təkrarçılıq olacaq, amma, yazmaq mənim üçün dinclik tapmaqdır. 

Şeirlərim
dumanlı ölkəmin bağırtı səsi,

damarlarımda partlayan ah,
hisslərimin batdığı günahdır…

Fikirlərim 
xəyal gəmisidir –

dənizlərdən başqa hər yerdə üzə bilən…

Baxışlarım
ta dərinliyimə qədər uzanan yol,
özümü tərk etdiyim dənizdir –

sahilinə qağayı leşləri yamanan…

Gördüklərim 
görmədiklərimin kölgəsidir…

Həqiqətim 
ürəkdən ürəyə səssizcə verilən Salamdır…

Bir də…

Sığınıram qoynuna sözün, dalıb gecələr,

Gərəksiz söz-söhbətlər əslini tapmayanda.

İlham pərilərinin pay verdiyi hecalar,

Dünya boyda dərdimin birinə çatmayanda.

 

Mən şeir yazmıram ki, mənə əhsən deyələr,

Ya da söz adamıtək girim şair cənginə.

Üsyankar ölümlərin üzün pərdələyirlər,

Kəmiyyətlər boyanır keyfiyyətin rənginə…

 

Dözməyəndə sarılıb gah gözümün yaşına,

Gah da qələm-kağıza, boşaldım hiddətimi.

Dəli duyğularım da, çıxan ocaq başına

Sığallayır, ovudur, soyudur şiddətimi.

Mən şeir yazmıram ki…

 

– Sosial media indi şairlərə özlərini daha yaxşı tanıtmaq imkanı verib. Bu, əlbəttə yaxşı haldır. Bununla belə, virtual imkanların artmasının insan yaradıcılığına mənfi təsirləri də var. Məsələn, əvvəllər yazdığın şeirləri dərhal ictimailəşdirmək imkanı yox idi. Məcburən, oturub üzərində işləməyə zamanın olurdu. İndisə əsərlərin isti-isti ictimailəşməsi bu imkanı ortadan qaldırıb. Şəxsən, mən bir çox şeirlərimdən özüm də utanır, silmək istəyirəm. Sizin, necə, “kaş ki, tez paylaşmasaydım” dediyiniz şeirləriniz varmı?

 – Çox olub, sonradan redaktə etmişəm, hətta silib atdığım şeirlər də olub. Bütün bunlara rəğmən, virtual imakanların bizlərə açdığı bu meydandan razıyam. Əsas odur ki, silmək və ya düzəliş etmək imkanı da verilir. Kitab isə elə bir nəsnədir ki, lap alın yazısı kimi… Əksinə, paylaşdığımız şeirlərdə qələm dostlarımızdan aldığımız şərhlərə əsasən fikrimizi dəqiqləşdirə, dəyişə bilirik. Əvvəllər çap etmədən qabaq şeirləri redaktora verirdilər, indi “redaktorlar”a təqdim edirik. Bu bizim xeyirimizədir.

Bir vaxtlar televizoru ilk dəfə görənlər ona şeytan əməli deyirdilər, sonra kompüterə də möcüzə kimi baxdılar. Sonra gördülər ki, ziyanı olduğu qədər xeyiri də var.

Ənənəvi media (qəzet, jurnal, kitab) rəsmi təzyiq altında ola bilər, sosial media isə hər kəs tərəfindən bərabər səviyyədə müdaxilə edilə bilən qlobal platformdur. Bu baxımdan sosial media öz əhəmiyyəti ilə fərqlənir.

Virtual imkanların artmasının şəxsən mənim yaradıcılığıma mənfi təsiri yoxdur. Müsbət rəylər məni ruhlandırır, mənfi rəylər məsuliyyətimi artırır. Başdansovdu rəylər də olur, belələrinə də başdansovdu yanaşıram.

Mütləqi var, ötərisi,

əbədisi, keçicisi…

Cismanisi, ruhanisi –

            boşdur birlik ideyası,

           dünya  – təzadlar adası…

 

Kimlər kimə biyətdədir,

söyləməz dil,  – nəbadə…

Bir ucundan mələk tutub,

bir ucundan şeytan tutub

aparırlar bu dünyanı

ta əzəldən əbədə.

– Sərbəst vəzndə şeirinizi dinlərkən ağlıma bir sual gəldi: Son zamanlar nəzmdən çox, mənasız söz yığınından ibarət nəsrə şeir deyib cəmiyyətə sırıyanlarla qarşılaşırıq. Müəlliflər bu əsərlərin adını da sərbəst şeir qoyurlar. Mən bir dəfə “əsəri” barədə fikrimi soruşan gənc adama sərbəstə başlamamışdan əvvəl hecada yazmağı tövsiyyə etmişdim. Məlum olmuşdu ki, gəncin ümumiyyətlə heca vəznindən xəbəri yoxdur. Sərbəstliyin bu qədərinə necə baxırsınız?

– Sərbəst şeir yazmaq heca şeiri yazmaqdan çətindir. Hecanı yaza bilməyən sərbəsti yaza bilməz. Sərbəst şeirdə qanadlı fikirlər, sətiraltı mənalar və xüsusilə hikmət olmalıdır. Hikmətli fikirləri, deyimləri sərbəst şeirdə daha yaxşı ifadə etmək mümkün olur, çünki onlar çox vaxt ölçüyə çığmırlar. Sərbəstin özündə də daxili qafiyə olmalıdır, əgər daxili qafiyə yoxdursa deməli, sərbəst yox, ağ şeirdir. Bəziləri sərbəst şeiri hecaların yerdəyişməsi, vurğunun yerdəyişməsi kimi başa düşürlər. Sərbəstin də özünün texnikası var. Ölçüyəgələn olmalıdır. Məsələn,

Həsrətdən çox yazdım

bu günə qədər,
Həsrət – sevincdirmi,

yoxsa ki, kədər?

Həsrətini çəkdiyim,

Tale – hakim,

sən – cəza,

mən – məhkum.
Çəkəcəyəm bu cəzanı


  • Sevəcəyəm
  •  

And içirəm

sinəmi dağlayan közə.

Hakim söndürür bu odu,

cəzam yenidən qalayır.

Mənə qalır təbiətdən

meh umam,

mən bu eşqə məhkumam,

Əsas mənalı fikirlər, tapıntılar olmalıdır, fikirləri yerinə oturdub, sonradan əlavə kəlmələr də gətirmək olar, və ya uzun fikirləri bir misraya sığdırmaq mümkün olmadıqda müxtəlif manevrlərlə fikrin davamını ikinci misraya keçirtmək mümkündür. Bu şeirdə olduğu kimi:

Döyüş kimi qürurlu, 
sükut kimi qürursuz
bir zamanın içindən 
axır, hələ səbr axır.
Şəhidin qaşlarının 
arasından hələ ki 
bəyaz göyərçin baxır.

 … və ya

Xəbərin oldumu?
Bu bahar xəzan əsdi 
dağlara, daşlara, yamaclara,
təzə çiçəkləyən ağaclara.
Bülbüllər günahkar-günahkar oxudular –
naləsinə güllər ağladı.

Xəbərin oldumu?
Bütün şeirlərimin üzlərini qəm,
gözlərini qan tutdu.
Yazdıqlarım can üstədi sağ qalmır,
Gedənin yeri dolmur,
buralardan uzaqlara hara gedim? –
burda da qalmaq olmur.

Xəbərin oldumu?
Çox çağırdim bu gecə,
İlk heca və son heca: – 
al apar məni 
bu xəzan vurmuş baharın əlindən, Allah!
Bu bahar gözümdən düşdü,
bu bahar məni qışdan betər üşütdü.

Xəbərin oldumu?
Yollarımız ayrıldı –
ayrılığı istəmədən,
qəlbimdə bir həsrət var
Ağrı dağını əridən…

Gözlərimi bulaq bilib çağlatdı,
ümidimi bağladığım qan ağlatdı –
bu bahar 
Xəbərin oldumu?…

Mən sərbəst şeiri daha çox sevirəm, şeirlərimin bəlkə də yarıdan çoxu sərbəstdir. Bir də diqqət etmişəm, sərbəst şeirləri gecələr yazıram, bəlkə elə  gecənin özü kimi sərbəst olduğu üçün…

Qaldı ki, sərbəst şeir adına nöqtəsiz, vergülsüz, sizin “söz yığını”, mənim alt qatında məna yükü olan, amma hər oxucu tərəfindən anlaşılmayan ağ şeir (heç vaxt yazmamışam, yazacağımı da düşünmürəm) dediyim şeirlər başqa ölkələrdə keçən əsrdə də olub. Bizdə yeni və çox yayqın olmayan üsuldur.

Sərbəst şeir yazanlara isə tövsiyyəm budur ki, əvvəl texnikasını öyrənsinlər. Yaradıcılıq kurslarına, poeziya məclislərinə getsinlər. Mən də o yolu keçmişəm…

-Siz həm də Hüseyn Cavid ədəbi məclisinin üzvüsünüz. Məclisinizin bəzi tədbirlərində mən də iştirak etmişəm. Üzünüzə demək olmasın, iştirak etdiyim bu tədbirlər xeyli səviyyəli və faydalı alınıb. Xüsusilə, təşkil etdiyiniz görüşlərdə tanınmış şairləri seçirsiniz. Bu  faydalı fəaliyyətinizdə AYB-dən hər hansı dəstək alırsınızmı?

– Təşəkkür edirəm, çalışırıq ki, tədbirlərimiz layiqli olsun. Biz bir qrup ziyalı 2 il bundan əvvəl toplaşıb “Hüseyn Cavid Ədəbi Məclisi”ni təsis etdik. Bu müddət ərzində tədbirlərimizi keçirmək üçün rəsmi və qeyri-rəsmi dairələrə müraciət etdik. Mən özüm Prezident Admistrasiyasının onlayn ünvanına məktub yazdım, cavab gəldi. Bakı Şəhər İcra Hakimiyyətinə tapşırıq vermişdilər ki, müvafiq yerlə təmin edin. Onlar da Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinə göndərdilər. O qurum isə çox get-gələ saldıqdan sonra, qısacası bu işi başından atdı. AYB- də tədbirlərin keçirilməsi bildiyim qədərilə ödənişlidir. Biz məclis olaraq heç bir yerdən maliyyələşdirilmədiyimiz üçün AYB-yə müraciət etmədik. Bu günədək keçirdiyimiz tədbirləri, tədbiröncəsi toplantılarımızı da öz imkanlarımız hesabına keçirmişik.

– Müsahibənin əvvəlində qeyd etdiniz ki, demokratik ölkədə yaşayırıq. Doğrudanmı, ölkədəki sosial-mədəni mühit, mədəni səviyyə sizi qane edir?

– Mədəni səviyyənin yüksək olması üçün mədəni inkişaf lazımdır. Mədəni inkişaf üçünsə sosial problemlərin normal həlli. Şair olmaq, həqiqətləri görməmək demək deyil. Həyat təcrübə ilə qazanılır. Vacib deyil ki, bu təcrübəni özün keçəsən, kitablardan da öyrənə bilərsən. Zəif imkanlı ailələrin uşaqları normal təhsil ala bilmir, kitab oxumaq imkanı yoxdur. Bu problemləri istəmədiyiniz qədər uzatmaq olar, vəziyyət ortadadır… İnsanların müəyyən hissəsi müxtəlif problemlərdən əziyyət çəkir.

Mən İnstitutda işlədiyim üçün bəlkə də başqalarına nisbətdə daha az neqativ hallarla rastlaşıram. Amma, ətrafımda hadisələr cərəyan edir, həyatlar dəyişir… Hər gün qanqaraldıcı xəbərlər duyuruq. Birinin şokunu atlatmamış o biri gəlir. Niyə? – savadsıqlıqdan, işsizlikdən, psixoloji problemlərdən ağlını itirmiş adamların üzündən. Bir haşiyə çıxım: Axmaq kəlməsi ancaq insan haqqında istifadə edilir. İnsandan başqa heç bir canlıya (axmaq quşdur, axmaq pişikdir, axmaq toyuqdur, axmaq pələngdir) deyilmir. Demək ki, ağıl qazanılmır, o hər bir canlının təbiətində, yaradılışında var. O zaman insan ağlını şikəst edən amillər var, ancaq kimsə bunun səbəbini aradan qaldırmaq haqqında düşünmür. Elit təbəqə dediyimiz bir qrup ailələrlə bir ölkənin sosial-mədəni mühiti formalaşa bilməz. Mədəniyyəti mümkün qədər cəmiyyətə nufuz etdirmək və ortaq məqsəddə birləşmək mümkündür.

Gənclərə boyun əyməyin, açılan cığırla getməyin, mövqe tutmağın, prestij və pul qazanmağın vacibliyini yox, güclü və cəsarətli olmağı, döyüşməyi, mərd, ədalətli olmağı, kəşflər etməyi, halal yaşamağı aşılamaq lazımdır. Azad düşüncə, azad fikir, azad inanc əsas meyar olmalıdır.

“Dünya bir sınaq yeridir” deyib atalarımız. İnsan insanlığıyla sınanar, sınaqdan çıxmayacağıqsa bu bizim insanlığımızda olan kəsirlərdir.

– Yenə qayıdaq şeirə. Xatırlayıram, yazmışdınız ki, not bilsəydim şeirlərimə mahnı yazardım. Onda şeirlərinizin şəklini də çəkə bilərsiniz?!

– Bəli, mən çox heyfsilənirəm ki, musiqi təhsilim yoxdu, xüsusilə sərbəst şeirlərimə mahnı yazardım, rəsmini də çəkə bilərəm. Bir dəfə Elmlər Akademiyasında işlədiyim vaxt bir professor mənə divardan asılmış tablonu göstərib soruşdu ki, gördüyünü təsvir edə bilərsənmi? Mən tabloya baxıb dedim:

Bir qoca oturmuş sahildə,

dərin baxışları üfüqlərdə.

Sanki onun keçmişindən

hüzünlü bir hekayə

mənə əl eyləyirdi.

Hekayəni qoca deyil,

göz yaşları söyləyirdi.

Elə bu kiçik şeir də o anda yarandı. Tablonu oxuya bilən, şeiri də çəkə bilər. Yaradıcı adamların hamısı şairdir – heykəltəraş daş üzərində, bəstəkar səsdə, rəssam rəngdə şeir yazır. Şairlər isə Tanrının görünən (təbiət) və görünməyən (ruh aləmi) əsərlərini sözə çevirir. 

-Sonda şair Adilə Nəzəri təqdim edin oxuculara. Özü də mümkündürsə şeirlə…

 

-Mən – baxışları ənginliklərdə itən adam,

dayanacağı bilinməyən qürbət qatarı.

Mən – səhrasına həsrət qalan dərya misalı –

                                       bir Leyli timsalı.

Mən – yol ortasında çaş-baş qalmış bir yolçu –

                                         əli əsalı.

Mən – yana-yana yazılmış, vergüllərlə dolu,

sual işarələrində boğulan anlamsız üç-beş sətir…

ya da sonu üç nöqtə ilə bitən hekayət,

yağışa susayan cadar-cadar torpaq.

Mən – keçmiş, dünən, bayağam,

bu dünyanın həsrət adlı mənzilində qonağam.

Mən – sinəsini gün döyən ümman içrə bir ada,

mən – əvvəlin axırına köç edən bir piyada.

Yaşadığımı onda bilirəm ki, yazıram. İndi insanların çoxu sadəcə vardır, var olmaq yaşamaq deyil. Unutmayaq ki, yaşayanlar yox, var olanlar ölürlər.

 

Söhbətləşdi: Heydər Oğuz

Strateq.az