XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 May 2015 - 07:13

“Qurd ilə qalan deyiləm”

Şair Etibar Qəribinbir neçə şeirini Strateq.az oxucularına təqdim edirik:

AZƏRBAYCAN!

Ana deyib, adına bağlandığım,

Sənin üçün yaşamadım, ölmədim!

Nəyə yarar, için-için yandığım,

“Dağ”ım oldun, dağlarına dönmədim.

Sərhəddini, – həsrətinə dəyişdim,

Sərvətini, – məsləkimə dəyişdim.

Yelkənimi, – hər səmtə dəyişdim,

Sahil adlı, çağlarına dönmədim.

Hər gecənin gəldi sübhü, yetişdi,

Bu zülmətin gəlmir sonu nə işdi?!

Vətən, dedin: “Dur dadıma yetiş, di!”

övlad kimi, çırağına dönmədim.

Dörd bir yana, baxa-baxa çaş oldum,

Nə dərd çəkdim, nə gözündə yaş oldum.

Mən köksündə, bircə qara daş oldum,

Tərs atıldım, yarağına dönmədim.

Şər əməli taca döndü, şər kəsin,

Verməlidir, yerin haqqa şər, kəsin.

Bir vətəni, bir eli var, hər kəsin…

Mən, Türk-Turan torpağıma dönmədim,

Vətən! Vətən! Hələ varam. ölmədim!

SƏN VARSAN, İLAHİ…

Tənhayam.., bu tənhalıqda,

Sən varsan, İlahi! Sən varsan!

Dörd yan uçurum.., bu darlıqda,

Sən varsan, İlahi! Sən varsan!

İnsan – toxum, insan – əkin,

Kim cücərdi tarlada, kim…

Mən kiməm ki, hesab çəkim?

Sən varsan, İlah! Sən varsan!

“Can” – dedinmi, can isinər,

ürək, damar, qan isinər…

Canın, bu “can” – kəlməsində

Sən varsan, İlah! Sən varsan!

Gedənlərdən,– mənəm qala,

Şahım – zalım, özüm – lalam…

Kim olacaq, məndən qalan?

Sən varsan, İlahi! Sən varsan!

İməklədim durmaq üçün,

Durdum, Yolu bulmaq üçün…

Haqq divanı qurmaq üçün,

Sən varsan, İlahi! Sən varsan!

SöZ öMRü…

Başımın altda yastıq,

üstumdə yorğanım dərd.

Şeir yazır nəfəsim,

budur, İlahi nemət…

Bir gün öz yatağımda,

məni ölmüş görsəniz ,

O gün məni, “Ağrı”da,

bitməmiş şeirimlə,

qoşaca dəfn edərsiz!

Bəlkə cümə günləri,

ilhama gələ bildim.

dönüb bitirə bildim…

Mən bütöv bir, söz ömrü,

yaşamaq istəyirəm.

İlhamımı, ruhumda

daşımaq istəyirəm.

Yaşamaq istəyirəm,

yaşamaq istəyirəm..

QORU, BU QƏRİB ADAMI…

İlahi! Qaçıb gəlmişəm,
Yazdığın yazıya sarı…
Günaha batıb gəlmişəm
Yerdə, yeddi əzalarım!

Bu günah kimin işiydi?
Batınca, canım üşüdü…
Mən ki, cənnətdə kişiydim,
Həvvadan oldu, a canım!

Meyvəni dərdi, neylədi?
Bir gün yavanlıq eylədi…
Bizi, dünyalıq eylədi,
Başladı, can imtahanı!

Hələ də, Adəm kimiyəm,
Urvasızam, dilənçiyəm.
Həvva yanında, – dənçiyəm,
Daşıyıram, günahını!

İlahi! Azıb, gəlmişəm,
Olanı, yazıb gəlmişəm.
Quyumu, qazıb gəlmişəm,
Qoru, bu Qərib adamı!

25.04.2015

“ALLAH” – DEYƏ, DEYƏ…

Könül! Gəl də, qoşa gedək,

Gedək, “Allah!” – deyə, deyə!

Yoldu.., alaq başa, gedək,

Gedək, “Allah!” – deyə, deyə!

Nə kəsmələr.., nə asmalar?

Taxtım ha yoxdu, boş qala!

Həllac Mənsuram, – “daşqalaq”

Gedək, “Allah” – deyə, deyə!

Olmaz olaydı, olanlar,

Göründü, döngə-dalanlar…

Sağlıqla qalsın, qalanlar,

Gedək, “Allah!” – deyə, deyə!

Əzəli danan deyiləm,

O qədər avam – deyiləm.

Qurd ilə qalan deyiləm,

Gedək, “Allah” – deyə, deyə!

Aprel, 2015