XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Yanvar 2021 - 21:18

Ərəb dili, əruz vəzni və rəqəmsal sistem…

Bu gün həyatımızı rəqəmsal sistemin ən sadə şəkildə tətbiq olunduğu adi məişət texnologiyaları – kompüterlər, televizorlar, telefonlar və sairələr olmadan təsəvvür edə bilmirik.

Hələ  hərbi və tibbi sahələrdə rəqəmsal sistemə əsaslanaraq  işləyən avadanlıqları demirik. Bu mənada, bu gün rəqəmsal sistemə həyatımızın hər sahəsində təsadüf edirik. Bəs rəqəmsal sistem nədir, nə deməkdir? Tarixi haradan başlayır?  Əgər birinci suala cavab verəsi olsaq, onu deyə bilərik ki, mahiyyət etibari ilə rəqəmsal sistem bütün informasiyaların 0 və 1 işarələri və onların müxtəlif kombinasiyaları ilə ifadə olunması, təmsil olunması deməkdir. Bu, bu sistemin bütövlükdə mahiyyəti, məğzidir. Bu mahiyyətin müxtəlif sahələrə tətbiqi,  müxtəlif texnologiyalarda təzahürü isə başqa məsələdir. Məsələn, dediyimiz kimi, kompüter, televizor, telefonlarda bu sistemin mahiyyəti o deməkdir ki, bu cihazlara bütün məlumatlar- audio və video məlumatlar əsasən 0 və 1-dən ibarət olan kodlar şəklində gəlir, sonradan isə bu cihazların daxillərində olan avadanlıqlar vasitəsi ilə yenidən səsə və görüntülərə cevrilirlər. Bəzən biz bunu, məsələn, kompüterlə harasa məqaləni yanlış şəkildə göndərən zaman manitorda müxəlif işarələrin çıxması kimi görürük. Deməli, ən azından məqaləmiz göndərdiyimiz yerə kodlar, işarələr şəklində gedirmiş… İkinci suala gəldikdə isə, alimlər ikinci sualın cavabını qədim Hindistanla bağlayırlar. Onların qənaətlərinə görə, bu gün bizim işlətdiyimiz və ərəb rəqəmləri adlandırdığımız rəqəmlər qədim hind alimləri tərəfindən icad olunmuş və müxtəlf hərfləri, işarələri simvolizə etmişdir. Bu mənada, müasir və qismən də orta əsr alimləri 0 və 1 rəqəmlərinin də hələ o dövrlərdən etibarən simvolik xarakter daşıdıqlarını güman etmişlər. Bu gümanlarda isə müəyyən həqiqətlər vardır. Belə ki, böyük ərəb alimi, ərəb dilçiliyində müstəsna xidmətləri olan, əruz elminin yaradıcısı  Xəlil ibn Əhmədin ərəb şeirinin vəzni olan əruz vəzni  haqqındakı təliminə nəzər salsaq, bu gümanların həqiqət olduğunu görərik. Belə ki, bizcə, Xəlil ibn Əhməd (718-791) kökü Hindistandan gələn bu təlimi daha da inkişaf etdirmiş, onu ərəb dilinin və ərəb şeirinin vəzni olan əruz vəzninin mahiyyətinə tətbiq edərək, onu daha da qətiləşdirmiş və sabitləşdirmiş, bununla da  hələ VIII əsrdə, 767-ci ildə, əslində ərəb dilini və əruz vəznini kodlaşdırmış, rəqəmsallaşdırmışdır.

Əruz vəzninin nəzəri əsaslarının tarixi və Xəlil ibn Əhmədin həyat və yaradıcılığı haqqında ən yaxşı məlumatları, əruzşünaslıq tarixində bu sahənin ən mükəmməl tədqiqatçısı olan Əkrəm Cəfər verir. O, əruzun nəzəri əsasları haqqında olan  təlimin  qədim hind şeir vəzninin təliminin təsiri ilə bağlı olub-olmadığı və Xəlil ibn Əhmədin vəzn barəsində qədim hind təlimləri ilə tanış olub-olmaması barəsində yazarkən, vəzn haqqında hind və ərəb təlimləri arasında müəyyən yaxınlıqların olduğunu qeyd etsə də, bu yaxınlıqların terminoloji oxşarlıqlardan uzağa getmədiyini söyləyərək, Xəlilin öz təlimini yaradarkən heç bir təsirə məruz qalmadığını bildirir. Lakin Əkrəm Cəfərin dediyinə görə, bu yaxınlıqlar içərisində Xəlilin öz təlimində geniş şəkildə işlətdiyi 0 və 1 rəqəmlərinə oxşar, yəni şəkil baxımından deyil, mahiyyət baxımından onlara bənzəyən işarələr vardır ki, bu işarələr də hind şeir təlimində təqribən 0 və 1-in Xəlilin təlimindəki funksiyasını yerinə yetirirlər.  Onu da qeyd edək ki, Xəlildən sonrakı əsas əruz mənbələrində daha çox Xəlilin ənənəsinə, 0 və 1 işarələrinə rast gəlsək də, amma hər halda Əkrəm Cəfərin hind mənbələrinə, daha doğrusu Əbu Reyhan Biruninin (973-1048) vəzn haqqında hind təliminə əsaslanaraq verdiyi məlumatlara görə yuxarıda dediyimiz hind şeir təlimində işlənən və Xəlilin 0 və 1 işarələrinin funksiyalarını yerinə yetirən işarələrə də, bəzən bir qədər fərqli şəkildə olsa da, rast gəlrik. Bu mənada, Əkrəm Cəfərin doğru olaraq dediyi kimi, Xəlil ibn Əhməd əruz elmi – ərəb əruz elmi haqqında öz təlimini yaradarkən mahiyyət etibari ilə böyük mənada hind vəzn təliminin təsirinə məruz qalmasa da, hər halda Xəlilin bu təlimdən xəbərdar olması tamamilə təsirsiz də ötüşməmiş və Xəlil, bəlkə də, şüuraltı şəkildə bu və digər təlimlərdən, yəni hind şeir təlimi ilə yanaşı, yunan şeir təlimindən də istifadə etmişdir. Bu mənada, bizcə, Xəlil istəsəydi də, bu təsirlərdən yan ötüşə bilməzdi və mütləq onların təsirinə düşməli idi. Çünki mənbələrin verdiyi məlumatlara görə, Xəlil ibn Əhməd, eyni zamanda, böyük riyaziyyatçı idi ki, VIII əsrdə də riyaziyyatçı olub, riyazi təfəkkür haqqında hind təlimləri ilə tanış olmamaq və buradan da bu təlimlərin təsirinə qapılmamaq qeyri-mümkün idi. Bu mənada, hind dilçilik məktəbləri, hind şeirinin vəzn sistemi ilə tanış olan Xəlil, böyük riyaziyyatçı kimi, yəqin ki, hind riyazi təfəkkürü ilə də tanış idi ki, bu təfəkkürün nəticələri də özünü onun ərəb şeirinin vəzni olan əruz vəzninin nəzəri təlimində parlaq şəkildə biruzə verirdi. Beləliklə, bir qədər yuxarıda dediyimiz kimi, Xəlil, nəticə etibarilə, əldə etdiyi bu biliklərin və üstəgəl ilk ərəb musiqi nəzəriyyəçısi olub, musiqi nəzəriyyəsini gözəl şəkildə bildiyinə görə kökü Hindistandan gələn nəzəri kodlaşdırma, müasir dillə desək, rəqəmsallaşdırma təlimini daha da inkişaf etdirmiş, onu ərəb dilinin və ərəb şeirinin vəzni olan əruz vəzninin mahiyyətinə tətbiq edərək, onları rəqəmsallaşdırmışdır.

Nədir bu təlimin mahiyyəti? Bu suala cavab vermək üçün ilk növbədə bir məsələni aydınlaşdırmaq lazımdır. Ümumiyyətlə, Xəlil ibn Əhmədin əruz vəzni haqqındakı təlimi nəyə lazımdır, Xəlil onu nəyə görə yaradıb? Axırıncı suala cavab verərkən onu deyək ki, Xəlil ibn Əhməd əruz vəzni haqqında nəzəri təlimi yaradarkən bu təlim vasitəsi ilə bu vəzndə yazılmış şeirin vəzn baxımından düzgün olub-olmadığını yoxlamaq üçün hamının istifadə edə biləcəyi bir sistem yaratmağa çalişmış və bu işı naşı oxucuların və tənqidçılərin ixtiyarlarına buraxmaq istəməmişdir. Ona görə də Xəlilin təliminin mahiyyətini anlayan və sonralar onun ənənələrini davam etdirərək əruz haqqında qiymətli əsərlər yazan Zəməxşəri, Nəsirəddin Tusi, Əlişir Nəvai kimi əruzçular öz əsərlərinə ”Əruz elmində düzgün ölçü”, “Şeirin meyarı”, “Vəznlərin tərəzisi” kimi adlar qoymuş və bununla da Xəlilin təliminin bir ölçü, vəznin tərəzisi olduğunu bir daha təsdiq etmişlər. Bu mənada, Xəlilin təlimi, həqiqətən də, tərəzidir, ölçüdür, özü də riyazi sistemlə qurulan və şeirin vəznini son dərəcə riyazi dəqiqliklə ölçə bilən tərəzi. Mübaliğəsinə bəzi “alimlər” inanmasa da, deyək ki, bəzən müasir günümüzdə elektron tərəzilər belə bu tərəziyə həsəd apara bilər… Eyni zamanda, onu da qeyd edək ki, indiyə qədər nə Şərqdə, nə də Qərbdə belə şeir, vəzn nəzəriyyəsi yoxdur. Döğrudur, qədim yunanların, qədim hindlilərin, çinlilərin və hətta rusların da vəzn haqqında müəyyən təlimləri olsa da, onlar yenə də Xəlil ibn Əhmədin ərəb şeirinin vəzni haqqında olan əruz vəzni haqqındakı təlim qədər sistemli və mükəmməl deyildirlər.

Beləliklə, qeyd etdiyimiz kimi, Xəlil ilk növbədə dilçi olmuş, daha sonra isə təlimini riyazi dilçı kimi tamamlamışdır. Bu mənada, dilçı kimi Xəlil ilk növbədə ərəb dilinin ən kiçik ritmik hissələrini, sintaqmlarını, ritm yaradan vasitələrini müəyyənləşdirmişdir. Və bu ritm yaradan vasitələrin də əsasında hərəkəli və hərəkəsiz hərflərin durduğunu aşkarlamışdır. Ərəb dilində hərf nəzəriyyəsi böyük bir nəzəriyyə olduğundan, biz onun üzərində geniş şəkildə dayanmayaraq, sadəcə olaraq onu demək istəyirik ki, bütün bu nəzəriyyənin yaradıcısı olan Xəlil  nəticə etibarilə ərəb dilində olan hərəkəli hərfi 0, hərəkəsiz hərfi isə 1 işarələmiş, bununla da ərəb dilinin, gələcəkdə isə əruzun nəzəri əsaslarının kodlaşdırılmasının, rəqəmsallaşdırılmasının əsaslarını qoymuş, gələcək işlərini bu əsas üzərində qurmuşdur. Bu mənada, Xəlilin müəyyənləşdirdiyi ərəb dilinin və şeirinin ən kiçik ritmik vahidləri, Xəlilin terminləri ilə desək, əruzun rüknləri və onların rəqəmsal işarələri aşağıdakılardır (xatırladaq ki, ərəb yazısı sağdan sola istiqamətləndiyi üçün bu sətirlərdə də rəqəmlərə sağdan sola istiqamətində nəzər salmağınız xahiş olunur):  yüngül səbəb: bir hərəkəli və bir hərəkəsiz hərfin birləşməsi -1 0; ağır səbəb: iki hərəkəli hərfin birləşməsi – 0 0; yanaşı vətəd: iki hərəkəli və bir hərəkəsiz hərfin birləşməsi – 1 0 0 ; aralı vətəd: bir hərəkəli, bir hərəkəsiz və yenə də bir hərəkəli hərfin birləşməsi – 0 1 0; kiçik fasilə: üç hərəkəli, bir hərəkəsiz hərfin birləşməsi – 1 0 0 0; böyük fasilə: dörd hərəkəli və bir hərəkəsiz hərfin birləşməsi – 1 0 0 0 0 .

Beləliklə, ərəb dilinin və şeirinin ən kiçik ritmik vahidlərini müəyyənləşdirən Xəlil, daha sonra, təliminin sonunda bu təlimin nəticəsi kimi, təbii ki, yaratdığı bəhrlərin qəliblərini göstərir. Bizim də burada məqsədimiz əruzun nəzəri əsasları haqqında söhbət açmaq olmadığından,  biz də əruzun nəzəri əsaslarından, bu qəliblərin necə yarandığından söhbət açmır, nəticə olaraq ancaq qəlibləri və onların kodlarını göstəririk. Dediyimiz kimi, hər rəqəm bir hərfi simvolizə etdiyindən, biz ilk olaraq, hər hansı bir bəhrin qəlibini, məsələn, təvil, mədid və bəsit bəhrlərinin ilk qəliblərini rəqəmlərlə göstəririk: (yenə də sağdan sola).
Təvil bəhri:                                                     101010010100101010010100

Mədid bəhri:                                                   100101010010100101010010

Bəsit bəhri:                                                    100101001010100101010100

Gördüyümüz kimi, bu sistem o qədər dəqiqdir ki, yazıda əksini tapan heç bir hərf bu sistemdən kənarda qala və vəznin ölçüsündə iştirak etməyə bilməz. Ona görə də, dediyimiz kimi, Xəlil ilk növbədə ərəb dilinin hərflər və səslər nəzəriyyəsini işləmiş, ərəb dilini rəqəmsallaşdırmış, daha sonra isə bu sistemi əruzun nəzəri əsaslarına tətbiq etmişdir. Və buradan əslində, ərəb şeirinin səs və hərf həcmi də müəyyən olur. Və heç də təsadüfi deyildir ki, Xətib Təbrizi Xəlilə söykənərək ərəb dilində beyt şəklində qırx səkkiz hərfdən böyük şeir olmadığını söyləyir. Belə ki, əslində heç bir şair bu qəliblərdən kənara çıxmadığı zaman (çıxa da bilməz, çünki çıxan kimi şeirinin vəzni pozular), onun neçə hərf və ya səs əsasında yazacağı da müəyyən olunur.  Beləliklə, gördüyümüz kimi, hətta bölgülərinə qədər (sağdan sola nəzər saldıqda 1 rəqəmi təqribən, əgər belə demək mümkünsə, eyni zamanda, bölgünün sərhəddini də göstərir) bu sistem o qədər dəqiqdir ki, bu rəqəmlərin hər hansı birinin olmamasını hələ demirəm, onlardan birinin adi yer dəyişmələri belə, vəznin pozulmasına və bunu ən adi oxucunun müəyyən etməsinə qədər gətirib çıxarır. Çünki hər şey oxucunun gözləri qarşısında, məhz rəqəmlər vasitəsi ilə öz əksin tapır. Qulaqla, vəznin eşidılməsi zamanı kiminsə musiqi zövqünün zəif olması nəticəsində vəznin düzgün təyin edilməməsi baş verə bilsə də, bu ölçü rəqəmlərə əsaslanan zaman belə bir nöqsanın baş verə bilmə ehtimalı yoxdur. Bu mənada, Xəlil rəqəmlər vasitəsi ilə ilk növbədə bu dəqiqliyi nəzərə çarpdırmış, bununla da öz nəzəri sisteminin möhkəmliyini, möhtəşəmliyini  bir daha sübut etmişdir. (Müasir günümüzdə də texniki avadanlıqların rəqəmsal sistemə keçmələrinin səbəbi daha çox dəqiqliyə nail olmaq istəmələri ilə bağlıdır). Beləliklə, ümumi və qısa şəkildə Xəlilin ərəb dilini və əruz vəznini rəqəmsallaşdırmasının mahiyyəti budur. Lakin Xəlil öz təlimində bu qənaətlərlə kifayətlənibmi? Təbii ki, yox. Və kifayətlənsə idi, yəqin ki, Xəlil olmazdı…Və Xəlil VIII əsrdə bu rəqəmsal sistemlə əruzda elə işlər görub, yaxşı mənada elə hoqqalar çıxarıb ki, bəlkə, heç rəqəmsal texnologiya ilə məşğul olan müasir alimlərin ağıllarına belə gəlməyib…

Beləliklə, bura qədər hind riyazi təliminə söykənərək 0 və 1-dən istifadə edən Xəlil, daha sonra ərəb dilçıliyində riyazi dilçıliyin əsasını qoyaraq, bu təlimi daha da inkişaf etdirmiş və onu daha da genişləndirmişdir. Belə ki, biz bir qədər yuxarıda əruzun təvil, mədid, bəsit bəhrlərinin ilk qəlblərinin rəqəmsallaşmış dəqiq ölçülərini göstərdik. Xatırladaq ki, əruzda belə bəhrlərin sayı on doqquz, onların əsas qəliblərinin sayları isə onlarladır. Və onların hamısının qəlibini belə, yəni 0 və 1-lə göstərmək çox sadədir. Lakin Xəlil öz dühası ilə bu sadəliyi bir qədər də sadələşdirmiş, bu kodların, rəqəmlərin, rəqəmlərdən ibarət kombinasiyaların daha asan yadda qalmaları üçün onları bir daha kodlaşdırmış, onları yenidən  hərfə, səsə (vəznin, ümumiyyətlə, hərfdə, səsdə meydana çıxdığını nəzərə alsaq), bu dəfə mücərrəd – mənası, məzmunu aydın olmayan hərfə, səsə çevirmişdir.  Bu haqda bir qədər sonra…

İndi isə Xəlilin 0 və 1-lə etdiklərinə bir daha nəzər salaq. Belə ki, Xəlil bəhrləri rəqəmsallaşdırdıqdan sonra, onların 0 və 1-lə ifadəsinə görə eyni, yəni əruz terminlərinə görə desək, tərkiblərində işlənən səbəb, vətəd və fasilələrin saylarına və növlərinə görə eyni olan, lakin düzülüşlərinə görə müxtəlif şəkildə düzülən bəhrlərini eyni dairələr ətraflarında toplayaraq,  onların müxtəlf bəhrlər olmalarına baxmayaraq, eyni kökə malik olduqlarını söyləmişdir. Və beləliklə, təvil, mədid, bəsit bəhrlərini bir, vafir, kamil bəhrlərini bir, həzəc, rəcəz, rəməl bəhrlərini bir, səri, münsərih, xəfif, müzare, müctəs, müqtəzəb bəhrlərini bir, mütəqarib, mütədarik bəhrlərini isə digər bir dairə ətrafında toplamışdır.  Məsələn, biz, ədəbiyyatımızda daha çox işlənən həzəc, rəməl, rəcəz bəhrlərinə rəqəmlər şəklində baxsaq, onların tərkiblərinin eyni olduqlarını, lakin bu eyni tərkiblərin müxtəlif bəhrlərdə müxtəlif şəkillərdə düzüldüyü üçün onların ayrı-ayrı  vəznləri təşkil etdiklərini, bir dairə ətrafında toplanarkən isə  bir-birlərinə daha yaxın olduqlarını görərik. Belə ki, hər üç vəznin tərkibi iki yüngül səbəb və bir yanaşı vətəddən təşkil olunmuşdur.
Həzəc bəhrinin rəqəmsallaşmış şəkli aşağıdakı kimidir:                               1010100101010010101001010100

Rəməl bəhri:                       1010010101001010100101010010

Rəcəz bəhri:                        1001010100101010010101001010

İndi isə gəlin baxaq: bu bəhrlərdən hər hansı birinin rəqəmsal qəlibini dairə şəklində  yazsaq, bu üç bəhrin bir-birinin tərkibində olduğunu görərik. Başqa sözlə desək, bu qəliblərdən hər hansı birinin qəlibini dairə şəklində  yazsaq və o dairədə əgər misranı bir dəfə yanaşı vətədlə başlasaq, misra həzəc bəhrində; bir yüngül səbəblə başlasaq misra rəməl bəhrində; yox əgər iki yüngül səbəblə başlasaq,  onda misra rəcəz bəhrində olacaqdır. Qeyd edək ki, əruzun bu imkanını,  misraları-şeirləri ancaq bu şəkildə, dairələr ətrafında toplayıb, onları rəqəmsal şəkildə göstərərkən daha aydın anlamaq olur. Təbii ki, orta əsr əruzçuları da əruzun, kökü Xəlildən gələn bu nöqtəsini də duymuş və öz əsərlərində əruzun dairələrinin bu xüsusiyyətlərini daha da inkişaf etdirərək, onu geniş şəkildə izah etmişlər. Məsələn, XIII əsrin ortalarında, 1251-ci ildə  “Mi”yarül-əş”ar” (Şeirin meyarı) əsəri ilə ərəb və fars əruz və qafiyə elmlərinə yekun vuran böyük Azərbaycan alimi Nəsirəddin Tusi  öz əsərində əruzun dairələrinə geniş yer ayırmış və bu dairələrin, hətta, rüknlərin də rəqəmsal təsvirlərini vermiş, eyni zamanda, onları poetik nümunələr – şeirlərlə süsləmişdir. Məsələn, əgər onun müctəlibə, cəlbedilmlşlər dairəsində həzəc, rəməl, rəcəz bəhrlərinə aid verdiyi poetik nümunəni özünün dediyi kimi, bir dəfə “məra del bi delarami nəyaraməd” (məni ovuda bilməyən ürək ovudmaz) kimi oxusaq, misra həzəc bəhrində, “del bi delarami nəyaraməd məra” (ovuda biməyən ürək ovuda bilməz məni) kimi oxusaq, misra rəcəz bəhrində və əgər “bi delarami nəyaraməd məra del” (ovuda bilməyən ovudmaz mənim ürəyimi) kimi oxusaq isə, misra rəməl bəhrində olacaqdır.

Xəlilin rəqəmsallaşma baxımından aralı vətədlə (010) səri, münsərih, xəfif, müzare, müctəs, müqtəzəb bəhrlərinin daxil olduqları dördüncü dairədə -müştəbihə (oxşarlar) dairəsində etdikləri isə daha geniş auditoriyaların söhbətidir…

Məsələ burasındadır ki, dairələrin verdiyi imkanlar bununla bitmir. Dairələr, eyni zamanda, əruzun bir vəzn kimi potensialını da göstərmiş olur. Belə ki, əgər əruz vəzninin qeyd etdiyimiz on doqquz bəhrinə dairələr ətrafında rəqəmsal şəklində baxsaq, onda birinci dairədən ərəb poeziyasında işlənən üç bəhr deyil, beş bəhr çıxdığını; ikinci dairədən iki bəhr deyil, üç bəhr çıxdığını və dördüncü dairədən isə altı bəhr deyil, doqquz bəhr çıxdığını görərik. Bu mənada, Xəlil bu dairələr, onların dəqiq rəqəmsal ifadələri vasitəsi ilə eyni zamanda, əruz vəzninin  gələcək potensialını da göstərmiş və bir növ şairlərə “bu bəhr və qəliblərdə kim yaza bilirsə, bacarırsa, yazsın” mesajını vermişdir. Həqiqətən də, sonralar Xəlilin proqnozu düz çıxmış, bəzi şairlər Xəlilin poeziyada geniş yayılmayan, lakin  nəzəri şəkildə göstərdiyi qəliblərdə şeirlər yazmış, fars şairləri isə Xəlilin nəzəri şəkildə dördüncü dairəyə aid etdiyi, lakin  ərəb şairlərinin işlətmədikləri qəlibləri bəhr halına salaraq, onları bütölükdə fars poeziyasında qərib, cədid, müşakil bəhrləri kimi işlətmişlər. Bu mənada, tədqiqatçıların Xəlil ibn Əhmədə təkcə əruzun nəzəriyyəçısi kimi deyil, eyni zamanda, bütövlükdə ərəb şeirinin, vəzninin refarmatoru kimi baxmaları da təsadüfi deyildir…

Dediyimiz kimi, Xəlil dahi dilçı olmuş və yaratdığı nəzəri qəlibləri – babları  ərəb dilinin əsasına tətbiq edərək,  ilk növbədə onu kodlaşdırmışdır. Daha sonra o, bu babları – heç bir məna kəsb etməyən bu nəzəri qəlibləri daha da inkişaf etdirərək, əruzun nəzəri əsaslarına tətbiq etmişdir. Belə ki, o, bu nəzəriyyəni əruza tətbiq edərkən, rəqəmləri, yəni 0 və 1-i və rəqəmsallaşdırdığı qəlibləri yenidən kodlaşdırmış və bu dəfə isə onları yadda qalmaları üçün səslərlə və məzmunu heç bir məna kəsb etməyən, bablara oxşayan  sözlərlə – məfA”İlün (1010100), fA”ilAtün (1010010), müstəf”ilün (1001010), fə”Ulün (10100), fA”ilün (10010), mütəfA”ilün (1001000), müfA”ələtün (1000100), məf”UlAtü (0101010) və s. ilə əvəz etmişdir. Gördüyümüz kimi, əruz terminləri ilə desək, bu təf”ilələrin də kökündə 0 və 1 rəqəmləri dayanaraq, hər hərf bir rəqəmi ifadə edir. Və bu mənada, məsələn, həzəc bəhrinin əruz təfilələri ilə qəlibi dörd dəfə  məfA”İlün şəklində olsa da, onun bütövlükdə mahiyyəti, məğzi bir qədər yuxarıda göstərdiyimiz rəqəmsal şəklindəki kimidir. Və bununla da o, dahiyanə bir iş görmüş, kökü rəqəmsal sistemə söykənsə də, hər halda səslə, sözlərlə meydana çıxan mənzum əsəri, səslə ölçmüş, onları səslərlə dəqiq şəkildə ölçə bilən bir meyar yaratmışdır. Belə ki, buna görə də biz, şeiri oxuyarkən, eşidərkən onu rəqəmsal şəklə salıb təhlil etmir, vəznin düz olub-olmadığını bu şəkildə yoxlamır, onu məfA”İlün, fA”ilAtün, müstəf”ilün, fə”Ulün, fA”ilün və s təf”ilələr vasitəsi ilə düzəldilmiş qəliblər vasitəsi ilə təhlil edirik.

Dediyimiz kimi, Xəlil, eyni zamanda, böyük musiqi nəzəriyyəçisi olmuş və ərəb musiqi tarixində “Kitabül-iqa” (Ritmlər kitabı) adlı ritmlərdən danışan, lakin bizə gəlib çatmayan bir kitabın müəllifi kimi də tanınır. Bu mənada, Xəlil musiqinin də nəzəri əsaslarını gözəl bilmlş və deyilənə görə, bu bilgi ona musiqili vəzn olan, tərkibindəki hərflərin düzülüşü ona xüsusu avaz, ton verən əruzu yaradarkən də lazım olmuşdur. Belə ki, bir rəvayətə görə o, bir gün bazardan keçərkən çəkic zərbələrindən çıxan daq-dadaq və dadaq-daq səslərini eşıtdikdən sonra evə gəlib mütəqarib (fə”Ulün- dadaq-daq) və mütədarik (fA”ilün- daq-dadaq) bəhrlərini yaratmışdır. Bu rəvayətin real hadisə olub-olmamasından asılı olmayaraq, kökündə duran mahiyyətin, yəni bu təf”ilələrin bu səsləri tam dəqiqliklə ifadə edə bilməsi və buradan da bu mahiyyətin elə musiqi nəzəriyyəsinin əsasında da dura bilməsi və eyni zamanda, bu təf”ilələrin müvəffəqiyyətlə şərq musiqisində notları da əvəz edə bilməsi faktını tam aşkarlayır. Bu mənada, Xəlilin icad etdiyi 0 və 1-ə əsaslanan dairələrin bir qədər dəyişikliklərlə orta əsrlər Şərq musiqi nəzəriyyəsinin əsaslarına da tətbiq edilməsi heç də təsadüfi deyildir. Belə ki, biz bu təsiri və tətbiqi böyük musiqişünas Səfiəddin Urməvinin “Kitabül-ədvar” (Dairələr kitabı) əsərini ən adi şəkildə vərəqləyərkən də görə bilərik.

Beləliklə, böyük ərəb alimi Xəlil ibn Əhməd əl-Fərahidi əl-Bəsrəi əl-Əzdi hələ VIII əsrdə ərəb dilini, əruz vəznini rəqəmsallaşdırmış və rəqəmsallaşmanın müxtəlif kombinasiyaları vasitəsi ilə ərəb dilinin və əruz vəzninin gələcək imkanlarını praqnozlaşdırmışdır. Bununla da o, zəmanəsini, bəlkə də, 1000 il qabaqlamış və bu gün, demək olar ki, heç kimin xəbəri olmasa da, rəqəmsal texnologiyanın prinsiplərinin əsaslarını qoymuşdur.

  Tərlan Quliyev, filologiya elmləri doktoru, professor

(ilkxeber.org)