XƏBƏR LENTİ

28 Fevral 2021
27 Fevral 2021

Digər Xəbərlər

20 Yanvar 2021 - 14:32

QANLI YANVARIN QANLA YAZDIĞI KİTABLAR:inamı güllələnmiş xalqın azadlığa açdığı yol...

Ramiz QASIMOV

AMEA Naxçıvan Bölməsinin əməkdaşı,

Filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Xalqımızın həyatına 1990-cı illər çox qara günlərlə daxil oldu. Bu illər həm də sınaq illəri kimi yadda qaldı. Bu ilin əvvəlindən, yanvarın 19-dan başlayaraq, xalqımız çox ağır günlərlə, dəhşət dolu hadisələrlə üz-üzə qalmalı oldu. 1988-ci ildən başlayaraq, dədə-baba torpaqlarımıza göz dikən, süfrəmizin artıqları ilə ocağımızın ayağında böyüyən ermənilər mənfur xislətlərini bir daha büruzə verdilər.

1990-cı ilin yanvarının 19-u günü mənfur ermənilər Azərbaycan və türk dünyası üçün böyük geostrateji əhəmiyyətə malik olan Naxçıvana silahlı hücumlar etməyə başladılar. Həmin günün 19-dan 20-nə keçən saatlarında isə erməni xislətinə havadarlıq edən SSRİ-nin Silahlı Qüvvələri paytaxt Bakı şəhərində azadlıq deyə meydanlarda birlik nümayiş etdirən Azərbaycan xalqına qarşı misligörünməmiş bir xain faciə yaşatdı. Vaxtilə “Qızıl Ordu” deyə inam bəslənilən bir ordu öz vətəndaşına silah tuşladı, misligörünməyən dəhşətli bir faciə yaşatdı, insanları tankların tırtılları altında əzməkdən belə qaçınmadı və işğalçı simasını nümayiş etdirdi. Söz yox, azadlıq təşnəsinə dönmüş xalq üçün ölüm vətən naminə şəhidlik zirvəsi idi. O meydana çıxan körpə də, qoca da, qadın da, kişi də ölümünə azadlıq istəyilə çıxmışdı və hər cür təhdidlərə qarşı sinə gərməyə hazır idilər. Bu üzdən xalq üzərinə gələn xain tankların, vəhşi əsgərlərin atəşindən nəinki qorxmadı, hətta o “dəmir parçalarının” qarşısını sinələri ilə kəsməyə hünər göstərdilər. Beləliklə, artıq ilk açılan silahın səsi Naxçıvandan başlayaraq paytaxt Bakı və digər regionlara yayılmışdı. Vətənin bütövlüyünü və azadlığını qorumaq uğrunda xalq birliyi ilə böyük mübarizə açılmışdı. Gedən bu mübarizənin, baş verən ürəkparçalıyıcı qanlı hadisələrin ağrısı isə ədəbiyyatımızda da əks-səda verir, bütün ağrısı, acısı ilə əks etdirilirdi.

Qanlı 20 Yanvar faciəsi və ümumən ərazi bütövlüyümüzün qorunması uğrunda baş vermiş hadisələrə dair bir çox əsərlər həsr edilmişdir. Bir sıra ədəbiyyat nümunələrimizdən Qanlı 20 Yanvar hadisəsinin dəhşəti, Xocalı faciəsinin vəhşəti, ölən, şəhid olan olan insanların üsyan, döyüşən oğlanların mübarizə nidaları gəlir. Bu illərin bu qanlı hadisələrinin əks olunduğu əsərlər sırasında poemalar da xüsusi yer alır. Şair-dramaturq Kəmalə Ağayevanın “Solan qönçələr”, “Gözü yolda qalan var” poemaları, Asim Yadigarın “Kədərə qoyulan heykəl”, “Oğul dağı”, “Qisas qiyamətə qalmaz”, “Bir gecənin ağrısı” əsərləri, İbrahim Yusifoğlunun “Mənim inamımı güllələdilər” poeması məhz bu hdisələrdən bəhs edən qiymətli poemalardandır.

Şair Asim Yadigarın “Kədərə qoyulan heykəl”, “Oğul dağı”, “Qisas qiyamətə qalmaz”, “Bir gecənin ağrısı” kimi poemalarında müharibə, insan taleləri, ictimai kədər əsas yer tutmuşdur. Bu poemalarda Azərbaycan xalqının başına açılan bəlalar, qəlbinə vurulan mənəvi dərdlər, taleyinə yazılan siyasi problemlər, məruz qaldığı hərbi təcavüzlər əks olunub. Şair bu poemalarında Böyük Vətən Müharibəsində iştirak edən Azərbaycan övladlarının qəhrəmanca iştirakı və anaların göz yaşı məsələsinə ictimai məna verir. 20 Yanvar faciəsi və Xocalı ağrısından, Sədərək döyüşləri və Böyük Vətən Müharibəsindən kədərlə, acı ilə bəhs edir.

Şair Asim Yadigarın “Qisas qiyamətə qalmaz” poeması dünyaşöhrətli görkəmli yazıçı Oljas Süleymanovun dilindən deyilərək 1990-cı ilin 20 Yanvar hadisələrindən bəhs açır. Poema 2008-ci ilin yanvarında (21-22 yanvar) yazıya alınıb. Azərbaycan xalqını dərin məhəbbətlə sevən görkəmli türk-qazax yazıçısı Oljas Süleymanovun 20 Yanvar hadisələrindən duyduğu kədəri, onun həmin gecə Bakı şəhərinə gəlməsi, azərbaycanlılarla bir yerdə olması və s. təsvir olunub. Sovet İmperiyasının mənfur xislətini tənqid və qəzəb qarşısında qoyan müəllif Oljas Süleymanovun dilindən Azərbaycan xalqının mübarizlyini, azadlıqsevərliyini təqdir və tərənnüm edir. Onun qəhrəmanlığından qürurla, ləyaqətlə bəhs edir. Şair:

Nə qədər nifrəti, kini vardısa,

Tökürdü yağıştək Bakının üstə.

Bakı ağrılara sinə gərirdi,

Qurbanlar versə də dəstəbədəstə, –

deyə qırğının miqyassızlığını, hadisənin dəhşətini, cəzanın hüdudsuzluğunu göstərmək istəyir. Çünki bir çox post-sovet ölkəsində belə hadisə baş vermişdi, amma Bakıda olan qədər, burdakı hadisə dərəcəsində, dəhşət miqyasında heç yerdə olmamışdı. Bakıda baş verən qırğın ən dəhşətlisi, ən hüdudsuzu idi. Bu isə, Sovet-rus imperiya rəhbərlərinin Azərbaycana qarşı məkirli siyasətini, ikiüzlü baxışını təsbit edirdi. Ağrıdan bəhs açan əsər olsa da, poema son misralarını ümid və intiqam notları ilə bitirir:

Qisas qiyamətə qalmaz deyiblər,

Yağıdan qisaslar alınacaqdır.

O zaman Şəhidlər Xiyabanında

Üzeyir “Cəngi”si çalınacaqdır.

Poema bəndlərdən qurulmuş bir bir əsərdir. 53 bənddən ibarət olan poemada bəndlər dördlüklər şəklində qurulmuşdur, əsasən “abcb” və ya “abab” şəklində qafiyələrdən təşkil olunmuşdur. Poemada tez-tez istifadə edilən Bakı bir çox halda metanimiya nümunəsi olaraq Azərbaycanı təmsil edir.

Naxçıvan ədəbi mühitinin istedadlı və qocaman nümayəndələrindən biri olan İbrahim Yusifoğlunun “Mənim inamımı güllələdilər” poeması da Azərbaycan tarixinin qanlı qara Yanvar hadisələrinə həsr edilib. 1990-cı ilin 19-dan 20-nə keçən gecə baş verən bu qanlı hadisə Azərbaycan xalqının humanizmə, sülhə və dostluğa olan inamını güllələmişdi ki, şair İbrahim Yusifoğlu da məhz bu mövzunu öz əsəri üçün müəyyənləşdrmiş və uğurlu bir əsər ortaya qoymuşdur.

İki hissədən ibarət olan poemada Yanvar hadisələrinə aparan yol, Yanvar hadisələrinin baş verməsi, günahkarları və s. poetik pafosla, acı və kədər dolu misralarla ifadə olunur. Şair bu hadisələrin başlanmasına ideya köməkliyi edən mənfur erməni ideoloqu Zori Balayana müraciətlə yazılmış ““Ocağ”ın müəllifinə” başlıqlı şeiri ilə münasibət bildirir. Bundan sonra baş verən müxtəlif hadisələr poemanın ayrı-ayrı bölmələrində bəhs edilərək oxucunun ədəbi yaddaşına mənimsədilir. Qorbaçovun yenidənqurma şüarı altında həyata keçirdiyi ikiüzlü siyasət, ermənilərin fəallaşması və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi haqqqında verilən saxta qərar, aparılan missiya, xalqın bütün gücü və birliyilə 1988-ci ildə kütləvi etirazlara qalxması, hadisələrin milli azadlıq ideyaları ilə daha da inkişafı, meydan hərəkatı poemanın giriş xarakterli birinci hissəsində bəhs edilirvə Qara Yanvara aparan ictimai-siyasi hadisələr olaraq səciyyələndirilir.

Şair poemanın ikinci – əsas hissəsində təkcə 20 Yanvar hadisələrindən deyil, həm də Azərbaycanın ərazi bütövlüyünə müdaxilə, hərbi təcavüz istiqamətində xain erməni silahlılarının havadarlarının köməyi ilə Naxçıvan ərazilərinə hücumlarından da ətraflı bəhs açır. Sədərək kəndi ətrafında gedən qanlı döyüşlər və naxçıvanlıların el birliyilə bu döyüşlərdə fəal iştirakı poemanın əsas hadisələrini təşkil edir. “Qeyrət qalası Sədərək kəndi”, “Şərur şəhərindən Sədərəyədək”, “Kimin günahıdır, zəifliyidir”, “Şərur şəhərində, xəstəxanada” kimi bölmələrdə Naxçıvan hadisələri əks etdirilir. Erməni vandalizminə qarşı əhalinin birliyi, mübarizə əzmi, vətənpərvərlik və şücaətlə dolu fəaliyyətlri və s. geniş bəhs mövzusuna çevrilir. Silahsız adamların döyüş qeyrətli ürəyi ilə müharibəyə getməsi bütün zamanlar üçün vətənə məhəbbətin və qəhrəmanlığın nümunəsi olaraq əks olunur. Bütün adamları – cinsindən, yaşından asılı olmayaraq bütün insanların Naxçıvanın ərazi bütövlüyü uğrunda müdafiə hərəkatına qoşularaq qorxmadan döyüşlərəatılması misilsiz qəhrəmanlıq örnəkləri, əsl vətəndaş davranışları olaraq tarixləşdirilir, gələcəyə xədəbi yaddaş formaında olsa da, miras olaraq saxlanılır.  “Elimin matəm günüdə”, “Bura paytaxt Bakıdır” bölmələri bilavasitə Qanlı Yanvar hadisələrindən bəhs açır, onun dəhşətlərini əks etdirir. Bir az sonra müəllif bu dəhşətli günlərin acı və kədərli nəticələrini saxlayan, ifadə edən “Kapitan Seyidov küçəsindəyəm”, “Sağalmaz bala dağı”, “Şəhid bacıları”, “Sizi dərəmmədim, lalə, nərgizim”, “Ölümü tanrıdan gələn qardaşım” kimi hissələrdə yanıqlı ifadələr və kədərli notlarla bəhs açır. “Kapitan Seyidov küçəsindəyəm” hissəsində şair Sədərək döyüşlərinin böyük qəhrəmanlarından olan Azərbaycanın Milli Qəhrəmanı kapitan Məhərrəm Seyidov haqqındakı təəssürat və xatirələri vərəqləyir, onun igidlik və qəhrəmanlığına işıq tutr. Poemanın adıgedən hissələrindən biri öz kədəri ilə daha çox seçilən bir hadisəyə – mənfir erməni quldurlarının atdığı raket və top zərbələrinin canına qıydığı iki körpə balanın – Elvin və Malik qardaşlarının şəhid düşdüyü qanlı hadisə ələ alınan  bölmə oxucu marağı cəlb etməsi ilə seçilir.  “Sağalmaz bala dağı” adlanan bu hissədə şair o dərin kədəri, acını və yanğını əks etdirmək, oxucu qəlbinə sirayət etdirmək üçün 11-lik şeir formasından 7-lik şeir formasına, bayatı janrı tələblərinə keçir. Məsələn:

Tutubdu qala dağı,

Kəməndə sala dağı.

Nə yara var sağalar,

Sağalmaz bala dağı!

Xalq bayatısının ardından 7-lik şeir şəklini davam etdirən müəllif bu şeir şəklinin imkanları daxilində öz hisslərini bölüşür, bir kədər səhifəsi yazır:

Eşidin, bu qəmli səs,

Bir ananın səsidir.

Bu qəm-kədər, bu nalə,

Dünyamısın bəsidir.

 

Deyir, topdan, raketdən,

Düşmənlər od ələdi.

Elvinlə Malikimi

Al qanına bələdi!

Bu misraları oxuyan oxucu erməni zülmünün təkcə bu iki körpə uşağın qanlı faciəsilə bitən qəmli dastanından deyil, əksinə, başlayan dastanından xatırlatma etməli olur: Elvin və Malik qardaşları ilə başlayan körpə balalarımızın qanlı faciəsi 20 Yanvar faciəsilə davam edir, Xocalı hadisələrilə daha da qatılaşır, amansızlaşır, Zəhra və digər körpə balaların ölümü faciə rəngini daha da tündləşdirməli olur. Oxucu bu misraları oxuduqca xatırladığı bu qanlı hadisələrin təsiri altında əxlaqı, heysiyyəti olmayan erməni terrorizminin simasızlığını yaxından müşahidə etmiş olur və əlbəttə, əsl, vətənpərvər oxucunun, qəlbi mərhəmətlə dolu istənilənin oxucunun hislərində ədalət uğruna mübarizə hislərini oyadır. Bu hissənin ardından müəllif “Şəhid bacıları” bölməsilə vətən uğruna can fəda edən şəhid övladlarının bacı kədərlərini təsvir və əks etdirir, Azərbaycan ailəsinin qadın-bacı keyfiyyətlərinə uyğun tələblərlə qardaşları ölən bacıların kədəri və üzüntülərini təqdim edir. Poemnın son hissəsi olan “Ölümü Tanrıdan gələn qardaşım” bölməsi, ümumiyyətlə, yanvar hadisələri zamanı Vətənin ərazi bütövlüyü və istiqlalı uğruna həyatından keçmiş şəhid övladların xatirəsi ümumiləşdirirlir və onların şərəfinə ağı təsirini bağışlayır.

Bəli, 20 Yanvar Azərbaycan xalqının sinəsinə çəkilən ağır bir dağın nişanəsidir. Həm də bu dağda azadlıq mücahidlərinin uca heykəlləri yer alıb. Yazılan əsərlərdə də bu qanlı faciədən doğan kədərlə bərabər böyük qəhrəmanlıq nümunəsi kimi də bəhs edilir. Çünki bu qanlı hadisənin əks olunduğu əsərlərin hər biri azadlıq bülbüllərinin oxuduğu müstəqillik nəğməsi, Vətən marşıdır!