XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

28 May 2015 - 09:21

Yuya bilsən, günahını yu ömrün…

hafiz.jpg

Strateq.az gənc şair və publisist Hafiz Təmirovun bir neçə şeirini oxucularına təqdim edir.

Məlumat üçün bildirək ki, Təmirov Hafiz Ziyadxan oğlu 1981-ci ildə qədim oğuz-türk yurdu olan indiki Ermənistanın Kalinino rayonunun İlməzli kəndində doğulub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və Bakı Dövlət Unuversitetini bitirib. “Sevgi dolu ürəyəm”, “Gözləmə nə vaxtsa qayıtmağımı”, “Atillaya məktub”,“Dərdimdən ölən dərdlərim”“İşıq” adlı şeir kitablarının müəllifidir.

Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

MƏMMƏD İSMAYILA

70 yaşın yeddi düyün, yeddi bağ,

Yeddi dərə, yeddi təpə, yeddi dağ.

Qara günlər ağ günləri yedi, bax,

Kim bağladı taleyini bu ömrün,

Yuya bilsən, günahını yu ömrün.

Əsrikdəmi qalıb yoxsa baharı,

Bu çiçəyə daha qonmaz o arı.

Ahıl yaşda çıxır üzü yuxarı.

Ver sinəni qabağında dur ömrün,

Yuya bilsən, günahını yu ömrün.

Gah atlanıb küləklərlə yarışdı,

Dağ çayına, dağ selinə qarışdı.

Bir də gördün alnındakı qırışdı.

Ocaq ömrün, kösöv ömrün, su ömrün.

Yuya bilsən, günahını yu ömrün.

ürək ki, var ağrılara yəhərdi,

Bircə kərə “of” deməyə nə həddi.

Şair ömrü bir yüyənsiz kəhərdi.

Hərdən-birdən qulağını bur ömrün.

Yuya bilsən, günahını yu ömrün.

Gedən dönməz, daha gecdir qadası.

Bu oyunun bax belədi qaydası…..

Bakı ilə çanaqqala arası,

Heç olmasa saatını qur ömrün.

Yuya bilsən günahını, yu ömrün.

***

Yadıma düşmüsən, elə düşmüsən.

Hər səhər evimdən çıxıb ağlaram

Gəldiyin yollara, gedər-gəlməzə,

Gözümün yaşını sıxıb ağlaram.

Yükü çox olanda nər də yellənir.

Sevincə qol açan, dərdə yellənir.

Baxıram quruca pərdə yellənir.

Sizin pəncərəyə baxıb, ağlaram.

Beləcə bağlanar sevda qovluğum.

Sən demə dərd imiş mənim qovduğum.

Getdi qaynarlığım, dəlisovluğum.

Bir quru çay kimi axıb, ağlaram.

18.01.2014-cü il

***

Elə dolmuşam, Şuşam.

Elə dolmuşam indi.

Qara buludlar kimi.

Yağan gözlər mənimdi.

Təqvimdəki günləri,

özümə ümid bildim.

Eh, Şuşam, sənə deyil,

Sənsizliyə əyildim.

Dərdimə söykənmişəm,

İçim udur özümü.

Səni unutmaqdansa,

Qoy unudum özümü.

özüm düşüm beləcə,

Gözümün zirvəsindən.

Atılım bir yarğana,

Xanın ağlar səsindən.

Ayrılığın 11 il,

Məndən uşaqdır, Şuşam.

Eh, yaxına nə var ki,

Uzaq, uzaqdır, Şuşam…

***

Gözlərim qarşılar səni,

Yol gələrsən gözüm üstə.

Ayaqların yorulanda,

Dincələrsən gözüm üstə.

Qorx ki, ölüm gələ birdən,

Yerdən çıxa, enə göydən.

ürəyimi hərdən-hərdən,

Tərpədərsən, gözüm üstə.

Hafiz, oldum ömrə qənim,

Bələnibdi eşqə tənim.

Bir dərvişəm, dünya mənim,

Nə dilərsən gözüm üstə.

***

Şair dostum Elşən Əzimin eyni adlı

şeirini oxuduqdan sonra…

Canında sərt qışın qorxusu qalıb.

Axı bu baharda təzə nə var ki.

Gözündə bir çiçək yuxusu qalıb

Axı bu baharda təzə nə var ki.

Bu torpaq qoxuyan yarpaq deyir ki.

Təzə gördüyümüz təzə deyil ki..

Bu dərd mizrablıq yox, təzanəlikdi.

Axı bu baharda təzə nə var ki.

Nə ili il bilmə, nə günü gün say.

çox da qaranquşlar salar hay-haray.

Seli həmən seldi, çayı həmən çay.

Axı bu baharda təzə nə var ki.

Bir az ağacları sərxoş, havalı.

Açan çiçəkləri Leyli misalı.

Dərdi bir kəlməlik, bircə misralıq.

Axı bu baharda təzə nə var ki.

Ağzına daş alıb susur adamlar.

Yanır torpaq kimi susuz adamlar.

Baharı gözləmir yurdsuz adamlar.

Axı bu baharda təzə nə var ki…

01.03.2014

***

Dilbilməz ayrılıq duranda qəsdə.

ürək inildəyər sarı sim üstə.

İlahi, nə çoxmuş dərdi şikəstə.

Gecəsi ağlayan, gündüzü gülən.

Tale yarıdıbdı ömürdən kimi.

Sərçə dimdiyində ömür dən kimi.

Kim axı yaşayar ömrü mən kimi,

Bir gözü ağlayan, bir gözü gülən.

Neyləsəm getməz ki, dərdin izləri.

Bir “ah”ım coşdurar lal dənizləri.

Elə doğulandan ağlar gözlərim.

Heç görən oldumu Hafizi gülən.

22.10.2012

NEYLƏYƏRSƏN?

Sevdiciyim, gözlərinin,

Nuru olsam, neyləyərsən?

Külə dönən ürəyinin.

Qoru olsam, neyləyərsən?

Hicran gələr axın-axın.

Dərdin həmdəm, qəmin yaxın.

Sinəmə çəkdiyin dağın.

Qarı olsam, neyləyərsən?

Bu pələsəng ömür kimin?

Gəl tərpətmə sarı simin.

Səni sevib, özgəsinin.

Yarı olsam, neyləyərsən?

27.12.2013

QAYALAR

Min illərdir bax beləcə,

Yatır qayalar, qayalar.

Zirvəyə baxıb qaşını

çatır qayalar, qayalar.

Bir az yorğun, bir az üzgün,

Görüb xoş gün, görüb pis gün.

Günəşin gözünə güzgü

Tutur qayalar, qayalar.

ürəyi çiçək bükümü,

Qışda geyər qar kürkünü.

Dağların duman yükünü

Dartır qayalar, qayalar.

Qulaq verər kim ahına?

Eh, quruyar Kür ahına.

Kəkliklərin günahına

Batır qayalar, qayalar.

Odur əvvəl, odur ən ilk,

Qəmə həmdəm, dərdə şərik.

Hafiz, nəyi itiririk

Tapır qayalar, qayalar.

***

KƏNDİMİZƏ…

Bu sərhəddən bax o yana,

Kənd var, İlməzli adında.

Göz yaşımın dağıtdığı,

Bənd var, İlməzli adında.

Xatirələr çıxmaz yaddan,

Oğulsansa, dərdə qatlan.

Qənd deyil, dilmin altda-

Dərd var, İlməzli adında.

Yoxluğuna yas tutduğum,

Yuxumda da üz tutduğum.

Oynadığım, uduzduğum,

Nərd var, İlməzli adında.

21.02.2015

***

< p> Aman Allah, havalanıb,

Bu gözəl dərdə oynayır.

Başındakı havasına,

Tel yanır, pərdə oynayır.

Baxışları puçur-puçur.

Dodağında qönçə açır.

Xəyalı göylərdə uçur.

Ayağı yerdə oynayır.

Qalandıqca qəm-qəm üstə

Cəfa altda, sitəm üstə.

Bu yaralı sinəm üstə.

Doymayıb bir də oynayır….

15.02.2014

***

Kibrit qutusudur bu şəhər belə.

Qırlanmış damları od tutub yanır.

Vəhşiyə dönmüşük divar içində.

Şəhərli olmaqdan adam utanır.

ütülü geyinmək adətdir burda.

Danışdın sözün də ütülü olsun.

Elə yalan danış köhnəlməsin heç,

Ya əjdaha ili, it ili olsun.

Beləcə başını qatıb hər günün.

Tozlu asvaltlara yol-yoldaşı ol.

Eh, sonu gəlməyən bu yoluq ömrün.

Yarısı qırılmış məzar daşı ol.

Mən kəndçi babayam şəhərli qardaş.

Mən başdan ayağa dağ adamıyam.

ürəyimdə kədər, gözlərimdə yaş.

Mən qara dünyanın “ağ” adamıyam

***

Eh, mən yerdə deyiləm ki,

Göydəyəm, Sevinc, göydəyəm.

Elə ürəyi yumuşağam.

Göynəyəm, Sevinc, göynəyəm.

Döz yenə, bu ömürə döz.

Dilimdə hakimdi bu söz.

Bir üzü od, bir üzü köz.

Köynəyəm, Sevinc, köynəyəm.

Buludgözlüm, birim, pirim.

Səndən gizli deyil sirrim.

Təzə nəyim var göstərim?

Köhnəyəm, Sevinc, köhnəyəm.

10 oktyabr, 2013-cü il

DƏRDİM

Adı yoxdur çağırasan.

Doğulubdur adsız dərdim.

Dolanır ruhum başına.

Bu dəvəsiz, atsız dərdim.

Hər şeyə döz deyə-deyə.

Dizə çıxar…çıxmaz yiyə.

Heç nəyi almaz ciddiyə.

ölümü zarafatsız dərdim.

Bağrıyanıq lalə görüb.

Həsrətlə qol-qola görüb.

Məni üzüyola görüb…

Arsız dərdim, arsız dərdim.

04.11.2013

BİR İLHAM PƏRİSİNƏ…

Dünyanın qara rənginə,

üzünü boyama, nolar.

mən sənə günəş verirəm,

bir dön, bu yana, nolar.

Əllərin ilan kimidir,

ürəyimi üşüdürsən.

üzümə elə baxırsan,

guya məni eşidirsən???

Gözlərin ac yarğan kimi,

gözləyər, atılım ölüm.

eh sənə nə var ki, mən,

it olum, at olum, ölüm.

Sən özünçün doğulmusan,

qalan hamı yaddı sənə.

təkcə mənim acığıma,

yaşamaq inaddı sənə.

MƏN…

Nəğməsi yarımçıq bir qu quşuyam.

Kədər əsgəriyəm, qəm qoşunuyam.

Taleyin ən ağır qurğuşunuyam.

Sənin ürəyindən asılmışam mən.

Yolum uzaq düşüb, kəsəm olmayıb.

İçi qızıl dolu kisəm olmayıb.

Kürək söykəməyə kimsəm olmayıb.

Sakitcə özümə qısılmışam mən.

Hafiz, keçənləri nə axtar, nə gəz.

Hay versən hayına, səsinə gəlməz.

Eh, məni hər aşıq oxuya bilməz.

“Dilqəmi” üstündə yazılmışam mən.

29.11.2012

***

Vətəndən yazıram səni düşünüb.

Yazıram, yazıram…və sən də yoxsan.

Yoxluğun yadıma bəs hardan düşüb?

Sən axı çoxdandır Vətəndə yoxsan.

23.03.2014.

***

Yuyub ürəyimi yuxa eyləyib,

Asım kirpiyindən qurusun gözüm.

***

ömrün uçurum yaşı,

Otuzdan başlayırmış.

Qırxa gəlib çatanda

Qanan təpik atırmış,

Qanmayan daşlayırmış.

50-nin sevincini

60-da qəm udur.

70-i gözləyəndə

ömür bizi unudur.

Dünya ölüm rəngində,

Atomlar çiçəkləyir.

80, 90 bir yuxu.

Bizi nələr bəkləyir?

Bircə anın içində,

Toylar dönürsə yasa.

Oxu, oxu, ay bala:

“Kim yüz il yaşamasa?”…

05.08.2014

GüLNAR SƏMAYA

ürəyimi partlatma gəl.

Bu yolları qısa elə.

Tovuzdan düz Bakıyacan.

Dağı, daşı kəsə elə.

Can deyir, nəfəs deyir ki.

İçimdən bir səs deyir ki.

Görəndə hər kəs deyir ki:

Nəsə elə, nəsə elə

Gözəl gözlüm, bu nə qəmdi.

Qəm özü də bir aləmdi.

Qəribəm, ahım sənəmdı.

Düşər küyə, səsə elə.

ömür günə-gün toxuyur.

Bir gül, min könül toxuyur.

Gözlərin məni oxuyur.

çəkib zilə, pəsə elə.

5 aprel 2014-cü il

NƏRGİZİN

Şair dostum Elməddin Nicata

Qardaş, qorxuram ki, gələ bilməyim,

Birdən ötüb keçər vaxtı, Nərgizin.

Dərdi gözlərimdə yaşa dönübdü,

Həsrəti sinəmdə oxdu, nərgizin.

O mənim ömrümə tanrıdan paydı.

Eşqimi çiçəkdən-çiçəyə yaydı.

Taleyi rənginə oxşamayaydı.

Güləydi üzünə bəxti, nərgizin.

Nərgiz çiçəyidir sevən ürəklər,

Sevilə-sevilə döyünəcəklər.

Hafizdən küsməsin güllər, çiçəklər.

Göylərdə qurulub taxtı, Nərgizin.

***

Sənə şeir yazmaq üçün saatlarla gözlərinə baxmalıyam…

su kimi saçlarında axmalıyam…

yanımda ola-ola darıxmalıyam….

şeirdir bax…

xatirə qatarı vurmalıdır məni…

Sonra hisslərimi buxovlayıb, özüm-özümü tovlayıb…

bir daşın üstünə adını çizməliyəm,

dəli kimi, səfil-səfil gəzməliyəm…

Adının baş hərfi sancılar yuxularıma…Bu oxdan ölərəm…

sən olmasan mən çoxdan ölərəm…

çoxdan və yoxdan nəsə yazılmır…

şeir səsə yazılmır…

birnəfəsə yazılır.

Bax, sənə yazıram bu şeiri…

15.10.2014-cü il

***

Adından başqa hər şeyi unutdum.

Doğulduğun gün, ay, il.

Sənsizlikdən səssizliyə qaçmaq istədim.

Baxdım ki, yaşamaq deyil.

Yaşamaq sənsiz bir şəklə baxıb ağlamaq.

Ağlayıb, darıxmaqmış.

Unutmaq nədir, bilirsən?

Unutmaq, nə vaxtsa gələcəksən deyib, yol ayırıcında duruxmaqmış.

10.09.2014

***

Mən səni ulduz bilib,

Göylərə çox baxmışam.

özüm də ulduz kimi,

Gözlərimdən xəbərsiz,

ürəyimdən axmışam.

Xatirən əllərimi,

Buraxmayıb sənin tək.

Danlayırsan hey məni,

Kövrəksən, yaman kövrək.

Bir ürək yiyəsiyəm,

Gecə-gündüz alışan.

İndi də adımı sən,

Qoymusan çox danışan.

Dərdli deyingən olar,

Yadına salım barı.

Mən unuda bilmirəm,

Məni unudanları.

16.08.2014

***

ATAMA YAZDIĞIM ŞEİR

Fələyin bir işinə bax,

Bükülür dəmir əllərin.

Qocaldıqca qırış-qırış.

Gödəlir ömür əllərin.

Gül dərir, çiçək gətirir.

Bal süzür, pətək gətirir.

Yenə də çörək gətirir.

Yoruldum demir əllərin.

Belə bağlanıb həyata,

Oxşayır qoşa qanada.

Şükür, çöx şükür, ay ata.

Günah eləmir əllərin.

BU GüN ONU GöRDüM

Qırpma kipriyini, alma nəfəs də,

Sınıb, çıliklənər adın bir səsdən.

Sən ərindən gizlin, mən də anamdan.

Elə bil çıxmışıq bu dar qəfəsdən

Nə yaman çaşdırıb bu görüş bizi.

üz-üzə gəlməyə üzümüz yazıq,

Bir kəlmə deməyə dilimiz gödək.

Bir ömür boyunca danışammadıq.

Bəlkə bu görüşdən diliboş gedək.

Sən nə itirəcən, mən nə tapacam

Keçmişə qasyıtmaq günahdı, gülüm.

Bu cavabsız qalan sevgi tapmacam,

Tapılsa cavabı min ahdı, gülüm.

O susuz baxışlar göyərməyəcək,

Donmuş kirpiklərin əriyə çətin.

Sənin əllərinə bələnməyincə

Bu körpə ürəyim kiriyə çətin.

Yeri, yerişini qucaqlayım mən,

Təsəlli tapıbdı izindən gözüm.

Girim gözlərində qoy ağlayım mən

Su içsin gül kimi gözündən gözüm.

çalxalanar içində bu dəniz ömür,

Bəxtimi tutmağa tilov qoymuşam.

Uzaqdan baxanda kim axı görür,

ömrümü yolunda girov qoymuşam.

Adını çəkmirəm, yaxşı yol sənə.

Sınıb, çiliklənər adın bir səsdən.

Yuxuma gələndə özün görərsən.

Şəklini asmışam başımın üstdən.

çƏKƏCƏK

Bilirəm ki, zalım fələk.

Sevincimi kəm çəkəcək.

Taleyimin rəssam əli,

Yenə kədər, qəm çəkəcək.

Nə həmdəm var, nə də həyan.

Gündüz ağla, axşam da yan.

Gözlərimin qarasından.

Kirpiklərim nəm çəkəcək.

Batabatda can yelkənim.

ömür atlı, illər qənim.

Belə getsə tanrı mənim.

üstümdən qələm çəkəcək.

***

Lalların toyu.

Dünyanın ən sakit toyu.

Hərəkətlərin sözləri üstələdiyi an.

Bir səs, bir söz.

Hamı bir ağızdan:

A-a-a-a-a….

Beləcə,

xoşbəxtlik arzulanır Allahdan…

***

Hər ölən qağayı dənizin uçmaq arzusudur.

YOL

Yolunu alnımın qırışından sal,

O səni qəlbimə kəsə gətirər.

öMüR

Hamı bu dünyaya beşgünlük deyir,

Hamı da yaşamır axı beş günü.

ümidsiz günlərim “sə”lərə oxşar,

ümidlə gözlərəm gələn “şeş” günü.

Ya hələ uzanar, ya sona çatar.

Sevinc özgələrə, yas ona çatar.

Kiminsə böyrünə qısılıb yatan-

Olmaq istəmirəm ömür düşgünü.

İslandı gözümün yaşında ömrüm.

Günahı çiynimdə daşınan ömrüm,

Sevinə-sevinə yaşanan ömrün,

İlahi, olmadı mənə xoş günü.

DüŞüR

Eh, görəsən hər günümə

Neçə dənə günah düşür.

Bu günahlar içində hey,

ürəyimə min ah düşür.

Yoxdu bir sevinc verənim,

Dərd kəsilib ömrə qənim,

Mələklərim ölüb mənim

Hər çiynimdən qanad düşür.

SEVGİN

Uçan kəpənəkmi, açan çiçəkmi?

Yıxılan xəyalmı, yanan ürəkmi?

Görəsən dərdimi göyərdəcəkmi?

Dönübdü şumlanmış zəmiyə sevgin.

Körpəcə cığırdı gəlib-gedirdim.

Ağlayıb gedirdim, gülüb gedirdim.

Onu işıqgələn bilib gedirdim,

Zülmətə bələndi, bəs niyə sevgin.

İtirdim, bilmədim harada qaldı,

Əli saçımdakı qarada qaldı.

Yetim uşaq kimi arada qaldı.

Axırda bölündü ikiyə sevgin.

üRƏK

Bəlkə də peşmansan yarandığına,

Mən dərman tapmıram dərdinə ürək,

Qismətim belədi, ya yerdən çıxar,

Ya göydən başıma dərd enər ürək.

Götür get başını, çəkil küncə sən,

Hələ döyünəcən mən ölüncə sən.

Bax, həsrət qalmısan bir sevincə sən,

Mənim də dilimdə dərd dinər ürək.

Əli boynumdadı dərdin, qəmin ki…..

Batmaz bu dəryada sənin gəmin ki….

Həminki Hafizəm, elə həminki.

Mənim tək olurlar dərdlilər ürək.

YERİNƏ OLSAM

Sinəmdə sevgisiz vuran ürəyi,

çıxardıb ataram yerinə olsam.

Susuz baxışlarda gül bitirməsəm.

İtərəm, bataram yerinə olsam.

Başlanar beləcə sürgünü ömrün,

Sökər xatirələr kürkünü ömrün.

Durna qatarıdır hər günü ömrün.

Yüyürüb çataram, yerinə olsam.

İllər qalandıqca illərin üstə,

Quruyub qalaram yolların üstə.

Bir səssiz ölümün qolları üstə,

Uzanıb yataram, yerinə olsam.

***

Aynaya baxma, kor qadın.

Səni heç kim görməyəcək,

Nə günahların üzünə durmaz, nə xatirələrin

ağlatmaz səni.

Əllərin sevinsin qoy, bu gün yağış yağacaq.

İslanmış barmaqlarının ucunda kör ümidlərin

göyərəcək bu gün.

Ancaq sızıldayacaq ayaqların.

Aynaya baxma, kor qadın,

İndi öz yaddaşında sən uşaq qalmısan,

Uzaqlara çox yaxın, yaxınlara çoooox uzaq qalmısan…

Pişiklər cırmaqlayar qapını hər səhər, amma bir kimsə döyməz.

Döyənlər tapılar. Nə üçün, nədən?

Axı həm də tənhasan sən,

Axı həm də sonsuzsan sən.

Vədlər verəllər,

Qılığına girəllər.

Sənə baxarıq,

sənə üç nöqtə,

səni üç nöqtə.

Beləcə uzanar ismin halları.

Məsələ məlum: evinə göz dikiblər.

İçinə, çölünə göz dikiblər.

Kor qalmış gözlərində basdırdığın ölünə göz dikiblər.

Aynaya baxma, kor qadın.

Sənə yazığım gəlir.

Budur, bax, külək pəncərəni açdı,

Budur, bax, gözündən kor yuxun qaçdı.

Allahın da sənə yazığı gəldi.

Nəfəsində ərit bu səssizliyi, nəfəsində ərit bu kimsəsizliyi.

Bir ho elə dondur bu insanlığı.

üzü pəncərəyə gəl, barmaqlarının ucunda.

Bir addım daha irəli.

Aha, bir addım.

çatdı ən xoşbəxt anın,

Aha, intihar vaxtın.

***

Xoşbəxtlik

Bax, bu da xoşbəxtlik, kəpənək ömrü,

Ya üç gün, ya beş gün, dərd qucaq-qucaq.

O ömür yaşayır, ancaq sürünmür.

Gör, necə xoşbəxtdir, qarışqaya bax.

Onun çəkdiyi yük alın yazısı,

Haqdan yazılanın əzabı olmur.

Ay ata yavrusu, ana quzusu,

Qulun qul içində azadı olmur.

Biz kimik, torpağa düşən bircə dən.

Göyərər sevdamız boyumuz qədər.

Açılan səhərdən, zülmət gecədən,

Xoşbəxtlik umaqmı, hədər. çox hədər.

Xoşbəxtlik özü də çiçək kimidir,

Qonaq ləçəyinə ac arı düşməz.

Tale bağladığı qara kilidə,

Bəzən xoşbəxtliyin açarı düşməz.

Düşdük “moşu”ların sırasına biz,

Söydük ağına biz, qarasına biz.

Dəyişdi günbəgün qiyafəsini,

Tapa bilmədik ki, qafiyəsini.

üz tutduq dünyanın harasına biz.

Xoşbəxtlik!

Tapanlar itirməz, itirən tapmaz.

Əlindən uçdumu, uçub gedəcək.

Xoşbəxt olmağa da ömrümüz çatmaz,

Bədbəxt olmağa da ömrümüz çatmaz.

Sənə sualım var, cavabını ver:

Söylə, xoşbəxtsənmi, ürək, ay ürək.

08.05.2015

***

Sənsizliyin üstündə dayandı satin əqrəbləri…

Qılman İmanlıya

Bəla birdən gəldi nəqafil ömrə

çaqqallar daraşdı, qardaş, fil ömrə.

Açar tapammadım bu qıfıl ömrə,

Qılman, öldürəcək bu həsrət bizi…

Əldə çıraq tutub dərd gəzdi məni,

Əcəl hey axtarır dördgüzlü məni.

Göyçə səni gözlər, İlməzli məni.

Qılman, öldürəcək bu həsrət bizi…

İp kimi zamanın yumağındayıq,

Yurdsuzuq, ellərin qınağındayıq.

Hələ ki, illərin sınağındayıq,

Qılman, öldürəcək bu həsrət bizi…

Nə qədər can sağdı, ruh ki, diridi,

Ağlama, sızlama, kiri, kiri di!

Qardaş, yaddaşımız yanğı yeridi,

Qılman, öldürəcək bu həsrət bizi…

Dərdi miras qoydu babalar bizə,

Həsrətdi o ellər, obalar bizə.

Dönməsək nə deyər, balalar bizə.

Qılman, öldürəcək bu həsrət bizi…

Hafiz Təmirov (Hacxalıl)