XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

28 May 2015 - 10:10

Bizə necə tənqidçi lazımdır?

namiqhaciheyderli.jpg

Namiq Hacıheydərli

Bu günlərdə qələminə və intellektinə böyük sayğı duyduğum tənqidçi-ədəbiyyatşünas Əsəd Cahangirin Facebook sosial şəbəkəsində paylaşdığı “çağdaş Azərbaycan poeziyası – DƏYİRMİ MASA” adlı yazını oxdum. Deməli, Əsəd Cahangirin təşkilatçılığı və aparıcılığı ilə bir neçə qələm adamının iştirak etdiyi ədəbi polemikada çağdaş ədəbiyyatımız, əsasən də poeziyamız müzakirə edilib.

Oxuduğum bu yazıda bir məqam özəlliklə diqqətimi çəkdi:

İham Qəhrəman: Kim deyir ki, zəif şairdən məqalə yazılmasın. Demək istədiyim odur ki, zəifdən zəif kimi yox, az qala dahiymiş kimi yazır, zibildən konfet düzəltmək istəyirlər.

Əsəd Cahangir: İlham, bu gün bizdə ədəbi-tənqidlə məşğul olanlar əsasən bu şəxslərdir – İsa Həbibbəyli, Nizami Cəfərov, Nizaməddin Şəmsizadə, Vaqif Yusfli, Tehran Əlişanoğlu, Cavanşir Yusifli, İradə Musayeva, Bəsti Əlibəyli, Nərgiz Cabbarlı, Elnarə Akimova. Səncə, bunlardan hansının konfet sexi var?”

Xırdalığa və geniş izahata varmadan desəm, ümumiyyətlə Əsəd bəyin adını çəkdiyi bu tənqidçilərin çoxu çağdaş ədəbi prosesi yetərincə izləmir və bilmir – düşüncəsindəyəm;

1. İsa Həbibbəyli, Nizaməddin Şəmsizadə, Nizami Cəfərov sizcə, Tural İrfanı, Habil Yaşarı, Nofəl ümidi, Emil Rasimoğlunu, Ruslan Dost Əlini, Faiq Hüseynbəylini, Şəhanə Müşfiqi, İntiqam Yaşarı, Aqşin Evrəni, Elçin Aslangili, Sərvər Kamranlını və digər adını çəkə biləcəyim onlarla gənc yazarı oxuyubmu, tanıyırmı?

2. Azərbaycanda adı bəlli (və hətta mifi yaradılmış) tənqidçilərin əksəriyyəti professional və obyektiv tənqidçi deyil;
Hər tənqidçi yalnız bəlli bir janr üzrə namizədlik və ya doktorluq işi yazıb və yalnız həmin janr üzrə peşəkardır. Deyək ki, dissertasiya işi poema janrı barədədi, hekayə haqqındadı, yaxud romanla bağlıdı. O üzdən bu adamlar yalnız haqqında dissertasiya yazıb, müdafiə etdikləri janr üzrə peşəkarcasına dəyərləndirmələr apara bilir, digər janrlarda isə uğurlu təhlil apara bilmirlər.

3. Bizim tənqidçilərimizin qarşısında ən ciddi maneə isə budur;
Onların çoxu öz məhdud dünyagörüşlərindən və zövqlərindən qırağa çıxa bilmirlər. Ədəbiyyatda, yaradıcılıq örnəklərində yaxşı mətndən daha çox görmək istədiklərini görməyi arzulayırlar. Yəni, ədəbiyyata geniş düşüncəli, professional ədəbiyyatşünas mövqeyindən deyil, şəxsi zövq və maraqları prizmasından yanaşırlar;
– Müxalif düşüncəlidirsə, siyasi motivli yazılar axtarırlar,
– Hakimiyyət yönümlüdürsə, tənqidi ruhlu yazılara baş bulayırlar,
– Milliyyətçi düşüncəlidirsə, postmodernist, kosmopolit ruhlu yazıları heçə endirirlər;
– Əyər tənqidçilər kosmopolit düşüncəyə sahibdirsə, Milli Məfkurəyə dayanan örnəklərə ağız büzürlər və ümumiyyətlə bu cür ədəbi mətnləri təhlil etməyə nə gərəkən geniş üfiqləri, nə də səbrləri olur.

– Tənqidçilərin çoxu ədəbi prosesdən daha çox öz “kruq”ları haqqında yazmaqla kifayətlənirlər və sair.

Bu gün ədəbiyyatımızın tənqidçilərə böyük ehtiyacı var. Lakin hər hansı bir şəxsin, marağın, cərəyanın, hər hansı bir “izm”in və sairin təsiri altında olan, şəxsdə, əsərdə və özəl maraqlarda əriyən tənqidçiyə deyil, əsərdən bir boy yuxarıda dayanmağı bacaran tənqidçiyə gərək var. Bizə elə bir tənqidçi lazımdır ki, heç bir “izm”ə sığmasın, bütün “izm”ləri zəngin dünyasında həzm edə bilsin, zamanı bir addım qabaqlamağı bacarsın. ümumiyyətlə tənqidçinin “kruq”u varsa, o, obyektiv tənqidçi ola bilməz. Zənnimcə, ən yaxşı və obyektiv tənqidçi ədəbi aləmdə heç bir dostu olmayan, varsa belə, yazılarına görə bir-bir bu dostlarını itirən tənqidçidir. Əgər tənqidçinin yazıları ona yalnız dost qazandırırsa, yazı böyük ədəbiyyat naminə deyil, qarşılıqlı olaraq iki nəfərin maraqlarının təmin olunması üçün yazılmış yazıdır – deməkdir.

Və bir də yazılarından araq iyi, kabab qoxusu, yarınmaq ehtirası, para cingiltisi duyulan tənqidçi, tənqidçi deyil, ədəbi alverçidir. Ədəbiyyatımızı ədəbi alverçilərdən qoruyaq.

Namiq Hacıheydərli