Bu gün sosial şəbəkələrdən birində ad günü olan yurddaşlarımdan birinə “Döğum günün qutlu olsun”- yazdım. Az sonra yorum yerinə bir nəfər bu sözləri yazdı: “Salam, Namiq bəy! Dostumuzu təbrik etdiyinizə görə çox sağ olun! Ancaq, bəlkə “qutlu” yox, elə öz doğma dilimizdəcə “mübarək olsun!” – deyək? Nə olar? Axı, “qutlu” heç də müasirliyimizdən xəbər vermir. İnciməyin, gəlin dilimizi mümkün qədər kənar təsirlərdən qoruyaq”.
Bunu yazan adamın ziyalı olması məni düşünməyə və bu haqda bir qədər geniş yazmağa vadar elədi. Yəqin ki, hər kəs çingiz Aytmatovun “Əsrə bərabər gün” romanını oxuyub. Nayman ananın yurdunu, yurdunun daşını-kəsəyini, yovşanını sevən, anası, atası və dəyərləri üçün döyüşən oğlu əsir düşəndən sonra düşmənlər tərəfindən manqurtlaşdırılır. Manqurtlaşan oğula hər şey tərsinə təlqin olunur. Onu manqurtlaşdıran düşmən dostu kimi, doğma anası isə düşmən kimi. Bütün varlığı ilə çalışıb oğlunun yaddaşını oyatmağa çalışan ananın ödülü manqurt oğlu tərəfindən oxlanıb öldürülmək olur. Həm də “onun papağını oğurlamaq istədiyi” üçün. Nayman Ananın dağlara-daşlara səs salan “Eheyy! Yadına sal, sən kimsən, atan kimdi?” – fəryadı təsirsiz qalır…
Bunu niyə xatırlatdım? Dilimizdə “mübarək” sözü olmayıb. “Qutlu” sözü olub, “əbədi” sözü olmayıb “bəngü” sözü olub, “alim” sözü olmayıb, “bilgə” sözü olub, “kədər” sözü olmayıb, “bun” sözü olub, “kədərli” deyilməyib, “bunalmış” deyilib, (əski türkcədə bunq), “Salamat” deyilməyib “əsən” deyilib, “dünya” yox, “acun” deyilib və sair.
Zaman-zaman dilimizdə minlərlə sözümüzü sıradan çıxarıb əvəzində bizə yabançı sözlər sırıdılar. Yüzillər sonra Qorqudu, Oğuzu, Xaqanı, Bilgəni, Kültikini, Kürşadı, Atillanı bizdən alıb yerinə Sədrəddini, Bədrəddini, Mikayellanı, Natellanı sırıdılar. Bəy gölümüzü Baykal etdilər, İtili Volqa etdilər, Tanrı dağını Tyanşan etdilər. Bizi biz edən nəsnələri bizdən aldılar. Sonra da “sənin nəyin var ki”? – dedilər.
Rusa – saray, qışlaq, torba, ütü, bardak, yarlıq, damğa, qarovul (karaul), kurqan, qazarma, qaban, şişlik,
ərəbə – basamat (barmaq basma işləri -Misir), başanık (baş örtüləri-Suriya), çvevış (çavuş – Suriya), Bayat (dövlət başçıları –Tunis), begat (bəy, bəylər –İraq), drekat (dirək-Suriya), kadunat (qadınlar-Suriya), kavayık (qayıq –Misir), kurekat (kürək–Sudan), tobçiye (topçular – Suriya, Əlcəzair), yakat (yaxa-Əlcəzair),
yunana – bacanaq (bacanakis), çadır (çadiri),
farsa – ocaq, umud (omidvar), tüfəng, topxana (tupxane, top –türkçə, xane farsca), çadır, (çador), çolaq, xanım (xanom), köç (kuç), dənə (dane) sözlərini verdik;
çin dilində üç yüzdən, fars dilində üç mindən, ərəb dilində iki mindən, rus dilində üç mindən, yunan dilində üç mindən, erməni dilində dörd mindən, macar dilində iki mindən, rumın dilində üç mindən, bolqar dilində üç mindən artıq türk mənşəli söz var. ümumilikdə başqa dillərdə ümumişlək olan 25-30 min türk mənşəli söz var. Bunu görməzdən gəldilər və “diliniz yoxsul dildir” – dedilər…
Yenə qutlu sözünün üzərinə qayıdıram;
“Dədəmiz Qorqudun kitabı”nda;
“Əgər yazıdan-yabandan evə qutlu bir qonaq gəlsə…”
“Bu ad yigidə qutlu olsun!”
“Dibdə oturan xas bəklər! Qutlu olsun dövlətinüz”!
“OĞUZNAMƏ”də;
Bay qaftan geysə, qutlu olsun deyərlər, yoxsul qaftan geysə, “Qanda buldun”? deyərlər.
“Əhməd Harami dastanı”nda;
“Billə gəl gedəlim bu qutlu yola, Ola kim tanrı xeyrin vermiş ola” – deyilir.
Balasaqunlu Yusif əsərinə “Qutadqu bilik” adı verir. Qut – xoşbəxtlik deməkdir. “Qutadqu bilik” Xoşbəxtliyə aparan bilik deməkdir.
Genəlliklə əski dilimizdə qut sözü əsasən üç anlamda işlənmişdir:
1.üstün güc, yaşam gücü, yüksək enerji qaynağı
2. Xoşbəxtlik
3. Tanrısal bolluq (İlahi qaynaqlı bərəkət)
Bunlardan əlavə qut sözü ruh, tale, bəxt anlamında da işlənmişdir. Bir sözlə qut sözü dilimizdə ən ümumişlək və ən dogma söz olub. Bu, o zaman idi ki, mübarək sözü dilimizə sırınmamışdı. Hələ dilimiz aydan arı, sudan duru idi. Diriliyimiz – birliyimiz pozulmamışdı…
Əlbəttə, dilimizdə tr
aktor, kombayn, kosmos, raket, televizor, opera, teatr, müxalifət, samovar kimi dəyişilməsi və qarşılığının tapılması hələ ki zor olan sözlər var. Eyni zamanda gərək olmadığı halda işlənən və öz dilimizdə asanlıqla qarşılığını tapa biləcəyimiz müvəffəqiyyət, müsafir, kompyuter, naxoş, xəstəxana, daxili, xarici və digər bu kimi sözlər var. Dilə düşünülməmiş, yeni söz xatirinə “yenilik” gətirməyin, süni sözləri dilimizə sırımağın qəti əleyhinəyəm. Bütün hallarda yenilik, yenilik xatirinə olmamalıdı. Yenilik toplumsal anlam və əhəmiyyət daşımalıdı. Yenilik xatirinə olan yenilik yalnız ziyan gətirə və acı sonuclar doğura bilər. Bir zamanlar Türkiyədə dili yad sözlərdən təmizləmək üçün bayağı sözləri dilə gətirib dili pozduqları kimi.
Orxon –Yenisey abidələrindən, “Dədə Qorqudun kitabı”ndan, “Divani-lüğət-it türk”dən, “Oğuznamə”dən, digər türk soylarının dilindən və s. yararlanmaqla dildə mümkün saflaşdırılmalar və təmizlənmələr aparmaq olar. O zaman həm dilimizin hər cür düşüncəni ifadə etmək üçün zəngin ifadə imkanları, həm yoxsul dil olmadığı, həm də nə qədər təmiz və duru dil olması üzə çıxmış olar. Bunu isə hər zamankı kimi qələm adamlarımız – şair və yazıçılarımız edəcək. Bu işdə Dilçilik İnstitutuna ümid etsək vay halımıza. Qısaca deyim ki, hələ də yapraq sözünü yarpaq, topraq sözünü torpaq, köprü sözünü körpü, kiprik sözünü kirpik kimi yazırıqsa, şair-şairə, müəllim-müəllimə bölgüsü varsa, Dilçilik İnstitutunun hansısa uğurlu fəaliyyətindən danışmaq gülüncdü. Topraq top sözündəndi, yapraq yaprıxan, yaprıxmış şəkildə olan, köprü köpmək, köpmüş deməkdi…
Son sözüm isə gələnək, gerçək, mutlu, ilgi, iç, doğu, batı, güney, quzey, qut və digər bu kimi qutlu sözlərdən diksinən, qıcıq olan bəzi soydaşlarımadı:
“Eheyy! Yadına sal, sən kimsən, hardan gəldin, sənin soyun kimlərdi”?!
Namiq Hacıheydərli
8 mart 2015