XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

30 May 2015 - 23:45

Ürəyin qanı-qələmin mürəkkəbi

Aslan Kənan

Əsl söz adamı, qələm adamı qələminə ürəyinin qanını içirdir. Mənim dostum Aslan Kənan da belə qələm adamlarındandır.

Son dövrlərdə 1937-ci il repressiyalarının qurbanı olmuş adamların həyatı haqqında ən çox yazanlardan biri Aslan Kənandır. Onun bu mövzuda indiyə qədər onlarla məqaləsi və bir neçə kitabı işıq üzüq görmüşdür.

1937-ci il repressiyalarının qurbanları haqqında yazmaq çox çətindir. Bu çətinliyin də bir çox səbəbləri var. Onlardan ən başlıcası bunlardır:

1. Repressiya qurbanlarının haqqında yazanların əksəriyyəti ilkin sənədlərlə tanış ola bilmir, onun əziyyətinə qatlaşmaq istəmir, obyektivliyi gözləmir, hisslərinin ardınca gedir, faktlardan çox şəxsi düşüncələrinə söykənir, nəticədə dəyərsiz, qərəzli yazılar ortaya çıxır. Əslində istintaq materialları da o qədər dolaşıq və qarışıqdır ki, onlarla tanış olanlar belə, əsl həqiqəti üzə çıxarmağa çətinlik çəkirlər.

2. İstintaq materialları ilə tanış olub, insanlara verilən dəhşətli işgəncələri təsəvvür eləyəndə, hər adamın əsəbləri dözmür, tarıma çəkilir. Elə buna görə də Aslan Kənan yazır: "Bu təsadüfə sevinsəm də, lakin vərəqləri çevirdikcə həyəcanımın durmadan artdığını hiss edirdim. Vaxtilə repressiyaya məruz qalmış insanlar haqqında nəşr etdirdiyim kitabdakı ah-nalələri bir daha "eşitməmək" üçün bu mövzudan uzaq olmaq qərarına gəlmişdim". Doğrudan da belədir. 1937-ci il repressiyalarında min bir işgəncə verilmiş insanların ah-nalələri istintaq materiasllarına da hopub. Vərəqlərə insan əli, insan nəfəsi dəyən kimi, həmin ah-nalələr yenidən səslənir. Bunu da duyğulu adamlar daha çox eşidirlər.

Bu çətinliklərə baxmayaraq, Aslan Kənan yenə də 1937-ci il repressiyalarının qurbanlarını unutmur, onlardan yazır. Elə bil, bu iş Aslan Kənanın alnına yazılıb, onun boynuna düşüb.

Aslan Kənan arxivlərdə işləyir, əvvəlcə istintaq materialları ilə yaxşı-yaxşı tanış olur, "müttəhimlərin" kimliyini, "törətdiyi" cinayəti, onun mahiyyətini, müstəntiqlərin istintaq üsullarını, şahidlərin ifadələrini dərindən öyrənir və sonra onların təhlilinə keçir. Təhlillər artıq Aslan Kənanın öz yaradıcılıq işidir və burada hər şey onun şəxsi bacarığından, analitik təhlil qabiliyyətindən asılı olur. Əksər yazılarda biz Aslan Kənanın bu bacarıq və qabiliyyətini görürük. Yəni Aslan Kənan artıq bu sahədə püxtələşmiş qələm adamıdır. O istintaq materiallarını çox diqqətlə araşdırır, tutuşdurmalar aparır və hər dəfə çoxsaylı uyğunsuzluqlar tapır, işdəki saxtakarlıqları, qərəzləri üzə çıxarır. Aslan Kənanın təhlillərini oxuyanda görürük ki, onun araşdırdığı istintaq materialları heç də həqiqəti üzə çıxarmağa yox, yalnız müstəntiqlərin öz qarşılarına qoyduqları vəzifəni nə yolla olursa-olsun yerinə yetirməyə xidmət etmişdir. Bu fikrin təsdiqi üçün bir fakta diqqət yetirmək kifayətdir:

İstintaq materiallarından birində müstəntiq "müttəhimi" həbs etmək üçün onun boynuna oğurluq hadisəsi qoymaq istəyir. İstintaq materialları arasındakı bir sənəddən aydın olur ki, oğurluq aprel ayının 29-da baş verib (Əgər baş veribsə). Digər sənəddə isə bu oğurluq haqqındakı istintaq materiallarının prokurorluğa 11 gün ondan əvvəl göndərildiyi göstərilmişdir.

Hər şey aydındır. Müstəntiq kimisə həbs etmək üçün aprel ayının 18-də artıq oğurluq faktı haqqında saxta sənəd hazırlayıb prokurorluğa göndərmiş, lakin sonrakı sənədlərdə həmin tarixi unudaraq oğurluğun guya aprel ayının 29-da baş verdiyini göstərmişdir. Ona görə deyirlər ki, "yalançının yaddaşı olmaz".

Aslan Kənanın tanış olduğu istintaq materialları arasındakı sənədlərdə bu cür uyğunsuzluqlar və saxtakarlıqlar kifayət qədər çoxdur.

Aslan Kənanın üzə çıxarıb araşdırdığı sənədlərdə öz əksini tapmış saxtakarlıqlarla tanışlıq gözlərimiz önündə qəribə səhnələr canlandırır. Belə çıxır ki, bütün müttəhimlərin siyahısı əvvəlcədən tutulurmuş, kimlərin həbs ediləcəyi məxfi olaraq müəyyənləşdirilib, adları həmin siyahılara salınırmış. Cinayət motivləri də, maddələri də, cəza növləri də irəlicədən müstəntiqlər tərəfindən uydurulurmuş. İstintaq isə formal xarakter daşıyırmış. İzahatları ilk dəfə "müttəhimlərin" özləri yazıb "cinayətlərini" inkar etsələr də, ağır işgəncələrdən sonra müstyəntiqlərin yazdıqları izahatlara asanlıqla qol çəkib, "cinayətlərini" də boyunlarına alırlarmış. Şahid ifadələrinin də çoxusu müstəntiqlər tərəfindən yazılırmış. Sonradan bəlli olur ki, ifadə verən şahidlərin çoxu kimin haqqında danışdığını bilmirmiş. Müstəntiqlər tanımadıqları adamlar haqqında onlardan şahid ifadələri alırlarmış.

Təkcə Bəhlul Behcətin haqqındakı cinayət işində toplanmış materiallar arasında bu cür saxta, işgəncələr altında yazılmış iki ifadəni tutuşdurduqda, hər şey aydın olur.

Bəhlul Behcət yaşlı bir din xadimi olub. Ədəbiyyatla, daha çox xalq yaradıcılığı ilə maraqlanıb. Sarı Aşığın bayatılarını toplayıb nəşr etdirib. Onu bir neçə dəfə qazamata salıblar. Həbsini də çox zaman din xadimi olmağıyla bağlayırlar. Məncə, Bəhlul Behcətin həbsi onun folklora məhəbbəti ilə bağlı olmuşdur. Folklor milli ruhu ovxarlı saxlayır, adamı kökə daha çox bağlayır. 1937-ci il repressiyalarında ən çox folklorçuların güllələnməyi də bu fikri təsdiqləyir.

Bəhlul Behcətdən dönə-dönə izahatlar alınmışdır. Onu əks-inqilabçı adlandırır, millətçi təşkilatın üzvü kimi ittiham edirdilər. Lakin Bəhlul Behcət 1936-cı ilə qədər yazdığı bütün izahatlarda müstəntiqlərin bu ittihamlarını rədd etmiş, heç bir əks-inqilabçı və millətçi təşkilatın üzvü olmadığını bildirmişdir. Lakin sonuncu izahatda Bəhlul Behcət hətta belə bir millətçi təşkilatı özünün yaratdığını "boynuna almış" və Ə.Pepinovun, Ə.Cavadın, H.Cavidin, M.Müşfiqin, R.Nəcəfovun, S.Vurğunun, A.Şaiqin, S.Mümtazın və başqalarının da onun yaratdığı təşkilatın üzvü olduqlarını "etiraf" etmişdir. "Etiraz"dan "etiraf"a aparan cəmi bir addımlıq bu yolu həmin insanların necə çətinliklərlə keçdiklərini də ən azı təsəvvür etmək lazımdır.

Yuxarıda çəkilən adlar bizə çox şey deyir. Deməli, bir saxta izahatla bəzən 9-10 nəfərin taleyi həll olunurmuş. Burada Bəhlul Behcətə verilən işgəncələrin dəhşətini və dözülməzliyini düşünmək o qədər də çətin deyil. Bu məsələnin bir tərəfidir. Məsələnin ikinci tərəfi də elə birinci tərəfi qədər dəhşətlidir. Müstəntiq artıq güllələnəcəkləri xəlvətcə qərara alınmış adamların adlarını özü bilə-bilə bu izahata salmışdır ki, onları həbs etmək üçün əlində bəhanə olsun. Yuxarıda adları çəkilənlərdən yalnız Səməd Vurğun və Abdulla Şaiq sağ qalmışlar. Bu da bir təsadüfdür.

Yeri gəlmişkən demək lazımdır ki, sağ qaldıqlarına, güllələnmədiklərinə görə heç kimi ləkələmək, satqın və ya xəyanətkar adlandırma
q olmaz. Əgər "satqınlar" sağ qalsaydılar, onda yuxarıda adları çəkilən böyük sənət adamlarını "satan" Bəhlul Behcət də güllələnməzdi. Məsələlərə bu cür səthi və birtərəfli yanaşmaq olmaz.

Sonrakı illərdə 1937-ci il repressiyalarının qurbanı olmuş şəxslərin cinayət işlərinə yenidən baxılarkən istintaqın düzgün aparılmadığı, faktların sübuta yetirilmədiyi, ifadələrdəki ziddiyyətlərin aradan qaldırılmadığı və s. üzə çıxarılır və həmin insanlara bəraət verilirdi. Bunlar da 1937-ci il repressiyalarında istintaqın ən vəhşi üsullarla aparıldığını bir daha təsdiqləyir.

1937-ci il repressiyalarında müstəntiqlər həm "cinayətkarları", həm də şahidləri dindirərkən çox dəhşətli işgəncə üsullarına əl atırdılar. İnsanlar bu işgəncələrə dözmürdülər. Ona görə qardaş qardaşın, oğul atanın üzünə dururdu. Həmin dəhşətli işgəncələrdən sonra bunları etməmək mümkün deyildi. Əlabbas Müznib qardaşı Əmin Abidin pantürkist olduğunu görəsən, doğrudanmı, "boynuna almışdır"?! Görəsən, Əlabbas Müznib "Bəli, mənim qardaşım Əmin Abid pantürkistdir" sözlərini deyəndə, yaxud həmin sözlər yazılmış vərəqə qol çəkəndə onun ağlı yerində, huşu başındamı olmuşdur?! 1937-ci il repressiyalarından yazanlar, birinci növbədə, bunları unutmamalıdırlar. Onlar həmin işgəncələrin dəhşətlərini bircə anlığa öz canlarında hiss etməyi, duymağı bacarmalıdırlar.

1937-ci il repressiyaları Azərbaycanda 1920-ci ildən başlamışdı. Bolşeviklər "ağıllı" bir plan işləyib hazırlamışdılar. Onlar yazıçıların özlərindən əvvəl əsərlərinin və həmin əsərlərin qəhrəmanlarının məhkəmələrini qurmağa qərar vermişdilər. 1920-1930-cu illər arasında Azərbaycanda nəşr olunmuş qəzet və jurnallarda bu barədə kifayət qədər materiallar çap edilmişdir. Cəlil Məmmədquluzadənin "ölülər" əsərinin qəhrəmanı Kefli İskəndəri, Cəfər Cabbarlının "Aydın" pyesinin qəhrəmanı Gültəkini, Hüseyn Cavidin "Şeyx Sənan" əsərinin qəhrəmanı Şeyx Sənanı və "Şeyda" əsərinin qəhrəmanı Qara Musanı müttəhimlər kürsüsündə əyləşdirib mühakimə edən bolşeviklər bununla onların müəlliflərinə xatırlatmaq istəyirdilər ki, yaxın vaxtlarda yazdıqlarınıza başınızla cavab verəcəksiniz!

Məhz həmin vaxtdan Azərbaycanda "təmizləmə" işi aparılırdı. Bilmək lazımdır ki, 1920-1930-cu illər arasında Əhməd Cavad, Cəfər Cabbarlı və ömər Faiq Nemanzadənin hərəsi 2 dəfə, Seyid Hüseyn və Əli Rza Şamçızadənin hərəsi 1 dəfə, Hacı Kərim Sanılı isə düz 4 dəfə həbs edilmişdilər. Onlardan əvvəl isə Firidun bəy Köçərli bolşeviklərin qəzəbinə tuş gəlmişdi. O, 1920-ci il may ayının 10-da həbs edilmiş, cəmi 25 gündən sonra-iyun ayının 4-də güllələnmişdir. Əgər Cəfər Cabbarlı 1934-cü ildə dünyasını dəyişməsəydi, 1937-ci il repressiyalarının ilk qurbanlarıəndan biri olacaqdı. Nəriman Nərimanov bütün bunları görür və çox narahat olurdu. Bolşeviklərin məqsəd və məramları artıq ona güzgü kimi aydın idi. Ona görə də Nəriman Nərimanov bunların qarşısını almağa çalışırdı. Eyyub Xanbudaqov da "təmizləmə" siyasətinin arxasındakı məkrli niyyətləri yaxşı görürdü. Bu işdə o da Nəriman Nərimanovla həmfikir idi. Nəriman Nərimanovun və Eyyub Xanbudaqovun bu cür ayıq-sayıqlığı bolşeviklərin ürəyincə ola bilməzdi. Bu cür adamlar onların əl-ayaqlarına dolaşırdılar. Ona görə də 1924-cü ildə Eyyub Xanbudaqovu türk millətçiliyini dirçəltməkdə günahlandırır, ona qarşı açıq ittihamlar irəli sürürdülər. Nəriman Nərimanovun 1925-ci ildə Moskvaya aparılması və aradan götürülməsi də 1937-ci il repressiyalarını planlaşdıranların işi idi. Onlar yaxşı başa düşürdülər ki, Nəriman Nərimanov sağ qalsa, bu repressiyaların qarşısını ala bilər. Nəriman Nərimanov böyük şəxsiyyət idi, ətrafındakılar onun kimliyini də, gücünü, qüdrətini də yaxşı bilirdilər. Nəriman Nərimanovun böyük vətənpərvər olduğunu da unutmurdular. Bir türkün bu cür vətənpərvərliyi də bolşeviklərin ürəklərinə qorxu salırdı. Niyə?

Bu niyənin cavabını Aslan Kənan yaxşı bilir. Ona görə də yazır: "Bu quruluş insanlara yalandan bir-birinin üzünə durmaq, şər atmaq, onları qorxu içində saxlamaq, başqasının bədbəxtliyində öz xoşbəxtliyini tapmaq ideyalarını aşılayırdı. Həmin quruluş nəinki yaradıcı şəxsləri, hər bir insanı üz-üzə qoymaqla onların məhvinə nail olurdu. Unutmaq olmaz ki, yalanlar, böhtanlar üstündə qurulmuş bu dövləti quldurlar, cəlladlar, başkəsənlər idarə edirdilər".

Bəli! 70 il Sovet dövlətini başkəsənlər və cəlladlar idarə etdilər. Onlar da bir nəfər kimi türk xalqının düşməni idilər. Stalin, Beriya, Mikoyan, Orconikidze… daha nə qədər "ya"lar, "ze"lər və "yan"lar! Bu imzaları unutmayın. 1937-ci ildə Azərbaycanda repressiya cinayətlərinin hamısını onlar törətmişdilər!

İslam Sadıq