XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Aprel 2016 - 17:31

 Vətəni qibləgah edən şəhidlər –Ülvin Məmmədov

 13045618_979567995467328_389237156_n

V yazı

“Qəhrəman oğulları qəhrəman analar doğa bilər.  Bir də ki, qəhrəmanlar  dünyaya qəhrəman kimi gəlirlər” –  bu sözləri mənə Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsi, Laçınoba yatağında məşkunlaşan Laçının Qarakeçdi kəndinin sakini, ədəbiyyat müəlliməsi Zəhra  Şirinova dedi. Dedi ki, Ülvin Cəmaləddin oğlu Məmmədov həm qohumlarıdır, həm də onun sinfində oxuyub. Dərsini həm də ondan alıb:

– O elə bir qoçaq idi ki, ürəyi sinəsinə sığmazdı. Ürəyində bir od-alov vardı. Belə adamlar üçün el arasında deyərlər ki, “ sağ baş qəbrə aparmayacaq”. Yaman at sürməyi var idi. Əsgər getməmişdən qabaq, bir də gördük ki, çaparaq atın üstündə gəlir, yaxınlaşanda  yerdə çömbəlib oturan  11 yaşlı uşağı tərkinə alıb, ilğım kimi getdi. Bu igidliyi hər sinəsinə vuran oğul edə bilməz. At üstündə olanda atının da ayaqları yerə dəyməzdi. Yel kimi ötərdi. Bizim obanın-elin uşaqlarını zəhmət tərbiyələndirir. Vətən torpaqlarımızı azad etmək mücadiləsində Qarakeçdi kəndinin ilk şəhididir  Ülvin.

13052443_979551385468989_2048421024_o

… Onların evlərini də sorağa-soraq gəlib tapdım. Hər iki tərəfi palçıq, düzənlik olan, ortasından dağım-duğum, kələ-kötür  keçən yol bizi düz yatağın içərisinə gətirmişdi. Buradakı evləri görəndə, məəttəl qaldım. Qarğı və qamışdan palçıqla hörülmüş evlər. Divarlarda palçıqlar da cadar-cadar idi. Bu tikililərə ev demək mümkün olsaydı, görünən hər evin hündürlüyü heç 1 metr yarım deyildi. Camaləddin Məmmədovun həyəti sayılan bu qamış evlərin və tövlələrin yanında ağ rəngli iki böyük yas çadırı qurulmuşdu.

13054898_979567585467369_1874383263_o

Əvvəlcə qadınlara görüşmək üçün yeri palçıq, daş döşməli, divarları qamışdan və qarğıdan olan bir otağa keçdim. Yerə sərilmiş xalçaların üstündə dizi üstə oturmuşdu Qarakeçdi kəndinin qadınları.

13010049_979568008800660_807937738_o

20 yaşlı, şəhidi, igidi ağlayırdılar. Qadınlar bir-birinin dilindən söz alıb bayatı deyirdilər. Bu bayatıları ürəyin içərisindən, qəlbindən keçirməyə insanda hünər lazım idi. Oxucularımızın diqqətinə çatdırım ki, şəhid Ülvin Məmmədovun həyatından bəhs etdiyim bu yazını elə kəndin, obanın öz  sakinlərinin dili ilə yazıram.

13016709_979535915470536_1358464787_o

Elə bilməyin ki, üstünüzə qəm-kədər, acı oxumaq fikrindəyəm. Gördüklərimi olduğu kimi qələmə almaqla, dağ kəndinin adamlarının ilan mələyən səhralarda yaşadığı günlərini, qəhrəmanlıqlarını öz dilləri ilə diqqətinizə çatdırsam, yəqin ki, məni anlayacaqsınız.

13016531_979568012133993_1558795745_o

Sinəmdən  əmdiyin süd halalın olsun

Saçları Laçın dağlarının qarı kimi ağarmış Göyüş nənə belə salamladı məni:

                                         Otlar maralımı ver,

                                         Dağlar maralımı ver.

                                         Mənim balam əsgərdir,

                                         Saçı qaralımı ver.

                                         Balam laylay, a laylay…

                                         Soldatım laylay, laylay…–

Bala hökumətlərə demirəm ki, balam niyə gedibdir? Vaxtı tamam olubdur, ona görə gedibdir. Qızım, qarşıda qan ağlarıq, tökübən qan ağlarıq. Ülvinin anası onu qarğıların altında, ilanların içində, müharibədən 5 il sonra doğdu. Balamın dayısı yox idi. 6 qardaşsız xalası vardı. 90 yaşında babası vardı. Deyirəm ay bala, gəl bizi qoyub getmə, boynunu burub getmə. Boynu çiyni üstündə, qardaşsız ananı qoyub getmə. Düşmən gülləsinə tuş gələn balam laylay, a laylay. Vətən uğrunda gedən balam ay laylay…”.

Göyüş nənə bir sinədəftərdir ki, dediyi sözləri ipə-sapa yığıb dəstələmək də mümkün olmurdu. 20 yaşlı nəvəsinin yolunu gözləyən nənəyə, tabutunu gətirmişdilər. Ülvin Göyüş nənəni yaman dilləndirmişdi:

13035575_979568002133994_1026533946_o

– O torpaqlara görə nə qədər şəhid, əsir vermişik. “Mən də getməliyəm” – dedi. O qədər o müharibədən, o düşmənə əsir olan Vətənimizdən danışdıq ki, ona… Bizim allı-güllü dağlarımız, şirin bulaqlarımız var idi. Ona deyirdim ki, bala bizi düzlərlə bir elədilər, torpaqlarımızı aldılar. Xocalının müsibətindən danışırdıq, cavanları, qocaları,  əli körpəli gəlinləri nə günə qoyduqlarından danışırdıq…

Oxuduğu, gördüyü o ağrıları, o dərdlərimizi bilirdi, canını götürüb getdi ki, düşməndən qisas alsın. Bütün şəhid olan  balalara bu yaralı canım qurban. Allah hamının ömrünü uzun eləsin. Ay qızım, get mənim sözümü o prezidentimizə çatdır, de ki, 70 yaşında arvad xahiş edir, yalvarır, bu qan yerdə qlmasın. Bəlkə bu torpaqlar alınsa, onda ürəyimiz sakitləşər. Qurban olum bu torpaqlara. Erməninin öz torpağımızda bizə tütdüğü divanların hayıfı alınsın, Vərənimiz geri alınsın. Şəhidlər vermişik, qisas günüdür, torpaq almasaq bu yoldan geri dönmək yoxdur.

13020358_979567875467340_1669828685_n

Erməni bununla üçüncü-döründcü dəfədir, bizim camaatın leşkərini qırıb, gedib.  O balamı bükdüyümüz bayrağı aparıb Laçına, Vətənimizə sancalar. O bayraq Vətənə sançılarsa yarı dərd, yarı dərman olar. Ulvin gərək Laçına qədər gedəydi, orda şəhid olaydı. O bayrağı gərək Ülvin sancaydı. Göyüş nənənin dilindən bayatını Leyli bibi aldı:

Su gəlib lülə lülə
Tökülüb qızılgülə

Düşməndən qisas alıb

Qan töküb gülə-gülə.

Yar  aşiq yara məndə,

Al məndə, qara məndə

Erməni bir yara vurdu

Sağalmır yara məndə.

Göyüş nənə heç dil boğaza qoymurdu, bayatını belə davam elədi:

– Ay qızım bizi yaxşı anla sən…  Gələn ayaqlarına qurban olum. Dərd bizi dilləndirir. Bilirsənmi, Bir quşum var çığırqandı, ət yeməz çığırqandı. Balam Ülvin deyir ki, özünüzü öldürməyin, Vətən yolunda getmişəm, öz torpağımda erməni məni elə vurdu, Cığırlarım tamam qandı.

Sonra Ülvinin anası danışdı:

– Balamın o qanlı meydanı haqqı, dedi ki, “ay mama şəhidlik nə gözəl şeydir”. Dedim, “ay oğul elə demə, dedi, yox, mən əsgər gedib şəhid olacam”. Təpindim ona. Dedim, “qardaşın oxudu, biri də işləyir”. Dedi ki, “mən onların hamısından üstün olacam. Görərsən, əsgər gedib qayıdandan sonra, özümü, adımı zirvələrə yazacam”. Zirvələrə qaldırdı, adını dünyalara yaydı, amma öz canını torpağa əmanət etdi. Uşağımız gedib şəhid olub. O vətəni, torpaqları  atadan-anadan üstün tutdu. 1996-cı ildə doğulmuşdu.  İndi fikirləşirəm ki, ay bala, sən o torpağı ata-anadan irəli bildin, sinəmdən  əmdiyin süd halalın olsun, get rahat yat balam. Axırıncı dəfə  6 ayı tamam olanda yanına getdik. Görüşdük. Elə bəxtəvər idik ki… Səsini 31 martda eşitdim axırınıcı dəfə. Onun üçün qoç qurban bağlamışdım ki, balam əsgərliyini bitirib gəlir. Dedim, “niyə gecikirsən, ay oğul?” Dedi, “bir az işim var, gələcəm”. Dostlarına deyib ki, “döyüşə getməyimi anam bilməsin”. Balamın  salamat gəlişi üçün nəzir götürmüşdüm, boxçalar bəzəmişdim. Nəziri qəbul olunmadı.

Ülvinin yas məclisinə yığışan qadınların hər biri bir sinədəftər idi. Onların dərdlərini, dediklərini dəryalar mürəkkəb, meşələr qələm olsa yazıb bitirə bilməz. 70-75 yaşında qoca qadınlar qəhrəmanlıqdan, Vətən sevgisi, həsrəti haqqında  sinədən elə bayatılar, elə şerlər deyirdilər ki, insan bir anlığa, bir ədəbiyyat dərsində oturduğunu zənn edirdi. Mən belə bir dərs görməmişdim. Bu kəndin  qadınları bir universitet idi. 24 il bundan əvvəl Laçındakı Vətəndən didərgin düşmələri onları bir sona bülbülə döndərmişdi.

Vətən dərdi ağır olur, bir də duydum. Heç bir dərdə bənzəməz Vətən dərdi.

Sayını, hesabını itirmişdim. Elə hey bayatı deyirdilər. Özləri də xahiş edirdilər ki, hər birini dinləyim. Bir də Aygün xalası dinləndi. Bunu da yazmasam olmayacaq, çünki, söz vermişəm:

Mən getdim anam qaldı

Oduma yanan qaldı.

Nə gedib Vətənə çıxdım,

Nə bir nişanam qaldı. 

Balam bulağa gəlsin,

Ensin bulağa gəlsin.

Anam bir dəfə çıxıb “balam” desin,

Səsi bulağa gəlsin.

13035655_979550985469029_1501836186_o

Komandir, mən Laçına, Qarabağa qayıdana kimi sizinləyəm

Diz yerə qoyub, palçıq damın altında oturub, igid bir oğlanı sözlərlə, şirin laylalarla ürəklərinin yanğısı, ağrısı ilə vəsf edən, boyunu, toyunu oxşayan, o qəhrəman analardan ayrılıb, bu kəndin qəhrəman kişiləri oturan ağ rəngli yas çadırına keçdim. Atası Cəmaləddin Qəmbər oğlu Məmmədovla və kəndin ağsaqqlları, cavanları ilə ehtiramla görüşdüm. Camaləddin kişi ilə söhbət etdim. Oğlunu söruşdum. Dedi ki, aprelin 1-də ordudan təxris olunubmuş. Elə həmin gün səhər çağı hərbi hissə komandiri təxris olunanan əsgərləri sıraya düzüb  və soruşub:

13035494_979551158802345_1728367896_o

 Siz azadsınız. Kim müddətdən artıq hərbi xidmət keçmək istəyirsə, bir addım irəli çıxsın. 
Ülvin irəli çıxıb və deyib: 
– Komandir, mən Laçına, Qarabağa qayıdana kimi sizinləyəm. Vətən uğrunda şəhid olmaq arzusundayam”.  
Komandiri deyir ki, “ay kürd balası, bilirdim ki, bizimlə qalacaqsan”. 
Elə həmin gün Murov dağından enib Tərtər, Talışdağa yola düşür. Aprelin 5-i 2016-cı ildə Tərtər, Talışdağ uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olur. Oğlumun komandiri  məzarının üstündə ağlaya-ağlaya onun qəhrəmanlıqla həlak olduğunu dedi. Söylədi ki, üç yoldaş, üç dost irəliləyərək, erməninin səngərini  və yüksəkliyi götürürlər. Burada xeyli silah-sursat, girov da əldə edirlər. Girovların əl-qolunu bağlayır, 9 ermənini isə məhv edirlər.  Hətta ermənilərə köməyə gələn qüvvəni də darmadağın edirlər. Ülvin ermənilərin radio ötürücü vasitəsini əlinə götürüb sevincindən “Azərbaycan-Azərbaycan”, – deyə mahnı oxuyur. Onun səsi  radio ötürücülərlə ermənilərə çatır. Və  düşmən tərəfin atdığı  minomyot onu həlak edir. Oğlum şəhidlik zirvəsinə də özünəməxsus ucaldı. Oğlumu hər dəqiqə gözləyirdim ki, gələcək…

13016777_979551008802360_236416383_o

İlanlar mələyən bu küdürü düzündə insanlar məhv olur

Kənd məktəbinin direktoru İlqar Məmmədov qəhrəmanlıqla şəhid olan Ülvinin idmanın sərbəst güləş növündən qazandığı uğurlarından danışaraq qeyd etdi ki, 2013-cü ildə Qarakeçdi kənd 1 saylı tam orta məktəbini bitirib, dəfələrlə idmanın sərbəst güləş növü üzrə Azərbaycan çempionu olub, fəxri fərmanlar və medallarla  təltif olunub. İdmana gec başlasa da, özündən peşəkar olanların arxasını yerə vurub. 1992-ci ildən Laçın rayonundan köçkün gəlmişik. Vətəndaşlarımız hərbidə döyüşüb də, həlak olub da. Bizim insanların üzünə diqqətlə baxsan görərsən ki, bu günə qədər onların sifət cizgilərində Vətən həsrəti iz salıb. Bu gün biz bir laçınlı, qarakeşli kimi, hamımız ürəkdən deyirik ki, şəhid balamız kimi silaha sarılmaq istəsyirik.

Ali Baş komandan İlham Əliyevin bütün çıxışlarını izləyirik, onun daxili və xarici siyasətini müzakirə edirik, nəticə çıxarırıq. Bizim obanın, kəndin adamları  prezidentimizə yazmışıq, müraciət etmişik ki, torpaqlarımızın alınmasında iştirak etmək istəyirik. Əməlimiz, məsləkimiz odur ki, yenə Vətən yolunda vuruşaq. Şəhidlər ölmür. Göylərə ucalırlar. Biz Laçının mərkəzində kəndimizin qəhrəmanı Ülvin Məmmədovun  abidəsini ucaltmaq istəyirik.

Bu kəndin kişiləri də hamısı şerlə danışır, o qədər savadlı nitqləri, danışıq qabiliyyətləri var ki, bir anlığa, elə bilirsən ki, ətrafında oturan insanların hamısı ali məktəblər bitirib, elmi dissertasiyalar yazıblar. İlqar müəllim fikrini belə davam etdirdi:

– Bizim belə sınıq görsənməyimizə baxmayın. Bizim imkanımız var idi ki, özümüzə 1 mərtəbə, iki-üç nərtəbə, otaqlar, saraylar tikək, lakin o dağların  həsrəti, o vətən göynərtisi imkan vermir ki, daşı-daş üstünə qoyasan. Sonra Laçın rayonunun məşhur şairi Məzahir Qarayevin  bir şerini səsləndirdi:

Səsinə səs verməz harayla, çağır.

Nə qədər çətindir, nə qədər ağır,

Allah qayalara yenə qar yağır,

Elə bil anamın saçında dəndir.

O dağın o üzü bizim Vətəndir.

Müdhiş yuxulardan oyanaq gərək

Düşmənlə üz –üzüə dayanaq gərək,

Yolunda  al qana boyanaq gərək.

Bircə addım atsaq, əlim yetəndir

O dağın o üzü bizim Vətəndir.

Söhbətimizə kəndin ağsaqqallarından biri   Məhyəddin Əlvəndov körpü saldı. O danışdıqca ürəyi köksünə sığmırdı:

– Biz bu ilanmələyən səhralarda ev tikməkdənsə, gedib o Laçındakı daşların quru kölgəsində yatarıq. Vətənin havası, dadı başqadır. Kəndimiz 1 şəhid verib, 50-sini də verməyə hazırdı. Bizə yardım lazım deyil. Onu prezidentimiz versin silaha, silahı da versin bizə, gedək torpaqlarımıza. Bizə o ata-baba torpaqlarımız lazımdır. 60 dərəcə istidə ilanlar mələyən bu küdürü düzündə insanlar məhv olur. 1992-ci ildən bəri Azərbaycanın yaylaqlarını gəzib, arandan dağa, dağdan arana gedirik.  Ata-baba sənətimiz çobanlıq, maldarlıqdır. Qışda yaylağa, yayda dağlara. Elə adam var ki,  imkanı olmadığından elə yayı-qışı bu şoran torpaqlarda keçirir. O vaxtdan bu vaxta gələnlərimizin yarısı qalıb. Yarısı qırılıb, çoxsu da Vətən dərdindən dünyasını dəyişib. Qarakeşdi kəndinin 20 minə yaxın əhalisi var. Laçının isə 75 min əhalisinin 80 faizi Ağcabədi rayonunun  ətrafında, kəndlərində məskunlaşıblar.  Hazırda burda bizim bu yataq yerində 200 ailə var. 1000-ə yaxın əhali. Bizim indi gördüyünüz bu yatağı 1936-ci ildə Stalin Həsən əmiyə görə kəndimizə pay torpağı kimi verib. O vaxt maldarlıq planını yerinə yetirən Həsən əminin döşündən Lenin ordeni asıb. Bizdə elə o vaxtdan qışda köçümüzü buraya gətirmişik. Köçkün düşəndə, ayrı yerimiz olmadığına görə öz yataqlarımıza gəldik. Biz istəyirik ki, gedək torpaqlarımıza… Öləndə də orada ölək.

Məhyəddin Əlvəndov fikrini tamamlamamış, söhbətə  Ələstən  Əlvəndov da qoşuldu:

– Bizim prezidentimiz yaxşıdır, namuslu atanın cəsarətli oğludur. Biz hamımız onun arxasınca birləşib ya ölməli, ya torpaqları azad etməliyik. Ancaq ölmək haqqında  fikirləşmirik. Mənim 65 yaşım var. 100 cavana dəyərəm. Bir yaxşı top, yaxşı silah versin, gedək torpaqları azad eyləyək. Ağlı kəsən körpələrimiz də Vətən deyir.  Ölməyə yox,  qisasa hazırıq.Bilirsən nə var ay qızım, dərd bizi basıb, bir çıxılmaz yolda qalmışıq. Fikrinin öz şeri ilə davam etdi:

 Mehrim mal-mülk deyil, var gəlib gedər,

Ancaq ürəyimdə dərd olub nələr.

Başı ata-baba ruhlu zirvələr,

Qoynu dəfinəli zirvələr qalıb.

Bu qocaman və mərd, bəzisi yaşlarından da yaşlı görünən kişilər, ağsaqqallar  ellərinin, obalarının üstünü alan dərdə sinə gərmişdilər. Heç birinin boynu bükük görünmürdü. Çinar kimi şax qamətlərini dərdə əymək istəmirdilər. Hər birinin duruşunda, baxışında Laçında qalan İşıqlı, Qızılboğaz, Mıxtökən, Qırxqız daların məğrurluğu  var idi. Və bu insanların bu boyda iradəyə, geniş qəlbə sahib olmasının da səbəbkarı o dağlar, o büllur bulaqlar idi. Ana südü kimi təmiz  büllur bulaqların suyu ilə böyüyən, o dağların havası ilə yaşa dolan  bu insanları  şair, sinədəftər edən də  qoyub gəldikləri o gözəlliklər idi. Ona görədə kiçikli-böyüklü, qadınlı-kişili hansı ağzını açırdısa, dillərindən dürr tökülürdü:

                                         Verməz  bilin bir özgəyə torpağın,

Koroğlular ovxarlıyır yarağın.

Al  qanın üstündə enən bayrağın,

Sülhlə düzəlməsə, alalrlar dağlar

13054938_979541282136666_464755898_o

Bu şeri də kəndin  toylarını şənləndirən aşıq Nizami dedi.  

Sonra  Ulvinin yaxın qohumu və dostu ilə Qarakeçdi kəndinin qəbristanlığına yol aldıq. Kənddən təxminən 1000 metr uzaqlıqda yerləşən bir məhəllə boyda qəbristan  həsrət  şəhərinə bənzəyirdi. Ağsaqqalların bayaq yas çadırında dedikləri sözlər düşdü yadıma: “Yarımız qırılmışıq…”

13010241_979542415469886_1029218497_o

Bu qəbristanlıqda uyuyanların hamısının ürəyində Vətən dərdi qubar bağlamışdı.  Şəhid Ülvin Məmmədovun məzarının üstü tər çiçəklərlə dolu idi. Dostu dedi ki, onu dəfn etməyə bütün el-oba gəlmişdi, tabutunun önündə idmanda qazandığı medallarını aparırdılar, onu son mənzilə yola salan insanlar “Şəhidlər ölməz, Vətən bölünməz!” – deyə şüarlar səsləndirirdilər. Qardaşları Elvin və Maqsud Ülvinin çərçivəyə salınmış şəklini ürəklərinə sıxmışdılar. Atası Camaləddin  isə son sözünü belə deyibmiş:

“Oğlum Vətən yolunda şəhid olub, Vətən sağ olsun!”

Gözləri dolmuş dost onu da dedi ki, biz heç vaxt bu qədər Azərbaycan bayrağı görməmişdik. Neçə min insanın əlində Vətən bayraqları dalğalanırdı.

Onu alqışlarla, əl çala-çala Vətən torpağına əmanət etdilər. Nə vaxtsa, biz onu  güləşdə qələbə qazananda belə alqışlamışdıq… O bizim kimi yüzlərlə  cavanı arxasınca getməyə vadar etdi.  

 

ARAYIŞ: Ermənilərin Azərbaycanın tarixi torpaqlarının işğalı nəticəsində  Laçın rayonunda 264 nəfər şəhid, 103 nəfər əlil olub, 65 nəfər girov götürülüb. Rayonun 6 Milli Qəhrəmanı var. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 19 nəfəri şəhid, 225 nəfəri əlil olub, 1071 nəfəri, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalıb.İşğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəyib.

 

Aida Eyvazlı