XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

20 Aprel 2016 - 14:01

“Qanuni oğru” polislə necə əlbir oldu? –"Avropalı agent kod 152"də buna da aydınlıq gətirilib

elvend-1

Detektiv janrında meydana çıxan ədəbi məhsullar, adətən, kütlənin marağına hesablandığından, əksər oxucunun zövqünü oxşaya bilir. Açığını desəm, bir yazar, həm də bir oxucu olaraq, kütlənin zövqünə hasablanan bu tip əsərlər məni o qədər də cəlb etməyib. Bəlkə də kütləvi olanları xoşlamadığımdan, bu belədir.

Onu da qeyd edim ki, indiyə qədər oxuduğum detektiv əsərləri özüm üçün qruplaşdırmaq istəsəydim, tərəddüd etmədən onları iki qrupa ayırardım:

1. Hakim zümrənin tərəfində dayanıb, "avtoritetlər"ə ("qanuni oğrular"a) qarşı mübarizə aparanlardan bəhs edən detektivlər;

2. Hakimiyyətə qarşı mübarizə aparan "avtoritetlər"dən bəhs edən detektivlər;

Lakin indi haqqında yazacağım “Avropalı agent kod 152” əsəri yuxarıda detektivlər haqqında qeyd etdiyim stereotipləri alt-üst etdi. Belə ki, bu əsərdə cərəyan edən hadisələr oxucu kütləsi toplamaq üçün, yalnız yazıçı fantaziyası olaraq düşünülməyib. Şou və ya oxucu diqqətini özünə zəncirbənd etmək xətrinə süni şəkildə dramatikləşdirilməyib. Detektivdə cərəyan edən hadisələr tarixi faktlara, gərgin yazıçı axtarışlarına və bu axtarışların məntiqi-elmi nəticələrinə söykəndiyindən, maraqlı və aktualdır. 

Əlvənd Mehman, bir yazıçı olaraq hiss olunur ki, yalnız istedada deyil, həm də zəngin elmi biliklərə və geniş dünyagörüşə malikdir. Elə buna görə də onun qələminin kəsəri diqqətli oxucunu dərhal düşündürür və bu silsilədən yeni əsərlər gözləməyə sövq edir.

Detektivdə diqqətimi cəlb edən ən əsas məqamlardan biri hakim zümrədən olan qanun keşikçilərinin avtoritetlərlə birləşərək tarixi saxtalaşdıranlara qarşı birgə mübarizə aparmalarıdır. Hadisələrin mərkəzində polkovnik İbrahim Məmmədovla, “Avropalı agent” – Səfər Qurban Zərrinin qarşıdurması dayanır.

İbrahim gənc olmasına baxmayaraq, öz peşəsini dərindən bilən peşəkar bir polis işçisidir. Həm də nazirinin böyük etimadını qazanan vətənpərvər və etibarlı bir qanun keşikçisi! İbrahim həm də dostluqda və sevgidə sədaqətli, andından dönməyən bir gəncdir. Əsər boyu bir qanun keşikçisinin cinayətkarla kəskinləşən mübarizəsi oxucunu nə qədər gərgin vəziyyətdə saxlayırsa, Cəvahir adlı tələbə qızla sevgi macərası da bir o qədər duyğulandırır…

Avropalı agent Melkum xanın nəslindəndir. O da dədə-babalarının yolu ilə gedərək, Azərbaycanın qədim Qarabağ bölgəsinin tarixini saxtalaşdıraraq, erməniləşdirməklə məşğuldur. Onun bu yöndə Amerikanın, Almaniyanın, İngiltərənin kəşfiyyat orqanları ilə işbirliyi var. Eləcə də Azərbaycanda da gizlin fəaliyyət göstərən himayədarları vardır. Buradan da aydın olur ki, çörəyimizi yeyib, bizə nankorluq edən düşmənlərimiz – ermənilərin simasında tarix boyu başımızın ən böyük bəlasına çevrilib.

Hadisələrin xronologiyası uzaq keçmişdən bu günümüzədək zəncirvarı olaraq elə təsvir olunur ki, sanki bugünkü faciələrimizin zaman-zaman necə boy verməsinə güzgü tutur.

Avropalı agentin Azərbaycana növbəti səfəri, əsərdə qeyd olunduğu kimi, onun məkrli planları ilə bağlıdır. Belə ki, milliyyətcə erməni olan, lakin sənədlərdə adını və soyadını dəyişən Səfər Qurban Zərrin çox peşəkar və qorxulu bir agent olaraq, vaxtilə Qarabağ ərazisində mövcud olmuş, itmiş “Arran” dövlətinin tarixini özündə əks etdirən “Dəmir sandıq"ın ələ keçirilməsi tapşırığı ilə Azərbaycana gəlib. Səfər Qurban Zərrin əsər boyu oxuculara gah “Avropalı agent” gah da “Avropalı qonaq” adlarıyla təqdim olunur.

Avropalı qonaq Bakıda “dostları” tərəfindən məxfi olaraq qarşılanır. Onun Azərbaycandakı gizlin fəaliyyəti üçün zəruri tədbirlər görülmüşdü. O, əvvəllər də bir neçə dəfə Bakıda olmuşdu. Lakin Bakının indiki inkişafını görən erməni agent çaşıb qalır və heyrətini gizlədə bilmir. Bir neçə gün Bakının nəzərdə tutulmuş məkanlarında olan agent plan üzrə Qəbələdə, Gəncədə, İsmayıllıda, Zərdabda, Bərdədə, ən nəhayət, Ağsu rayonu ərazisində yerləşən “Xəzinə dağı"nda peyda olur. Agentin məhz bu ərazilərdə olması heç də təsadüfi deyil. Bu, itmiş “Arran” dövlətinin həqiqi tarixinin gizləndiyi dəmir sandığın axtarış trayektoriyasıdır. Bəzi məkanlar isə izi itirmək üçün agent tərəfindən qəsdən seçilir. O, bütün axtarışlarını hiyləgərcəsinə və peşəkarlıqla aparır. Lakin digər tərəfdə məkrli və hiyləgər erməni agentinə qarşı mübarizədə daha peşəkar və təcrübəli Azərbaycanın Dövlət Təhlükəsizlik Orqanları, o cümlədən Daxili İşlər Nazirliyi dayanır. Bu mübarizədə isə Azərbaycan tərəfin ən güclü silahı Polkovnik İbrahim Məmmədov və onun əqidə dostlarıdır. Avropalı agent gecə-gündüz axtarış aparmaq üçün ən müasir texnoloji avadanlıqlarla təchiz olunub. Buna baxmayaraq, daha müasir avadanlıqlarla təchiz olunmuş Azərbaycan polisi gecəsini gündüzünə qataraq tarixini saxtalaşdıranlara qarşı misilsiz vətənpərvərlik nümayiş etdirir. Digər tərəfdə heç bir şərəfli tarixi olmayan erməni agenti bir daha Azərbaycan tarixini saxtalaşdıraraq özününküləşdirmək uğrunda iyrənc axtarışlarını davam etdirir.

Son məkan “Xəzinə dağı"dır. Səfər Qurban Zərrin məhz burada qazıntı apararaq sandığı ələ keçirir. Lakin… qələbə yenə də haqqın tərəfində olur. Polkovnik İbrahim Məmmədov sərəncamında olan polis işçiləri ilə eləcə də Azərbaycanın tanınmış “Qanuni oğrular”ı ilə birgə əməkdaşlıq sayəsində avropalı agenti iş başında yaxalayaraq həbs edir.

Burada bir məqam oxucunu çox düşündürür: Millətin, xalqın, ana torpağın maraqları uğrunda mübarizədə, Polis – Qanuni oğru tandemi! Bax bu birlik sonda oxucunu da məmnun edir və avtoritetlər haqqında dolaşan “qorxunc əfsanələr”i darmadağın edir.

Kitabda xüsusi marağa səbəb olan yeniliklərdən biri də “Yaponçik” ləqəbi ilə tanınmış əfsanəvi qanuni oğrunun Azərbaycan dilini bilməsi və qeyri-adi yaddaşa malik olması haqqındakı informasiyalardır.

Əsərdə hələ də tədqiqatına ehtiyac duyulan bir çox maraqlı tarixi faktlar qabardılır. Bir çox faktlar isə müəllif tərəfindən ustalıqla qabardılaraq, öz oxucusunun ixtiyarına buraxılır. Məsələn, Azərbaycan tarixinin önəmli simalarından olan Nəsrəddin şahın və Ağa Məhəmməd şah Qacarın sui-qəsd nəticəsində ermənilər tərəfindən öldürülməsi faktlarla təqdim olunur.

Digər maraqlı bir fakt isə mətbuat tariximizlə bağlıdır. Müəllif qeyd edir ki, hələ 1870-ci ildə Bakı şəhərində Azərbaycanlıların bir dənə də olsun qəzeti olmadığı halda, ermənilərin 17 adda qəzeti nəşr olunurdu. Həsən bəy Zərdabinin fəaliyyətinə diqqət çəkən müəllif, Qriqori Arzruni adlı erməninin Çar Hökumətinə etdiyi satqınçılıq üzündən “Əkinçi” qəzetinin nəşrinin beş il ləngiməsi səbəbini diqqətə çatdırır. Əsərdə elə məqamlara toxunulub ki, tarixi faktlarala üz-üzə qalan oxucu bir daha tarix boyu açıq düşmənlərinin – Fars-Rus-Erməni triosundan ibarət olduğunu dərk edir.

Əsər bir sıra oxucular üçün hələ də xəbərsiz olduğu tarixini dərindən öyrənmək üçün zəruri və aktual informasiyalarla zəngindir.

Düşünürəm ki, bu kitab bir neçə aparıcı xarici dilə tərcümə olunaraq, yayımlanarsa, daha da faydalı olar. Əsərlə tanış olan istənilən bir əcnəbi oxucu Azərbaycanın şərəfli tarixi ilə tanış olar, xalqımızın zəngin mədəniyyətə malik olduğunu anlayar, görməli və gəzməli yerlərimizlə baş-başa qalar. Bu, həm də gələcəkdə ölkəmiz üçün turizmin inkişafı baxımından da müsbət rol oynayar. 

Əlvənd Mehmanın “Avropalı agent kod 152” əsərinin bir ayrı özəlliyi də şifrələnmiş adlarla bağlıdır. Səfər Qurban Zərrin “Empirey”, “Srinəqərəst”, “Ayüzlülər”, “Kod 152” şifrələri üzrə hərəkət edir. Bu parolları anlamaq və şifrələri açmaq nə qədər çətin olsa da, polkovnik İbrahim Məmmədov bunun öhdəsindən də gələ bilir. Bu işdə ona Şamaxı Rəsədxanasının və AMEA-nın tanınmış alimləri, eləcə də xalq arasında nüfuza malik olan ağsaqqallar yardımçı olurlar. Demək, müəllifin təbirincə desək, xalqının tarixinə, aliminə, ağsaqqalına, hətta qanuni oğrusuna güvənən qanun keşikçisi uğurlar əldə edə bilər.

İbrahim gərgin axtarışların fonunda sevgilisi Cəvahirə də lazımınca diqqət ayıra bilir ki, bu da saf bir sevgi romanının könül oxşayan rəsmini cızır.

Cərəyan edən hadisələr zaman və məkan baxımından çevik və rəngarəngdir. Əsərin dili aydın və səlis olduğundan, oxucu darıxmır. 200 səhifədən ibarət olan detektivi, demək olar ki, birnəfəsə oxumaq mümkündür. Cüzi redaktə xətalarını nəzərə almasaq, əsər son illər Azərbaycan ədəbi mühitinə vəsiqə qazana biləcək ən uğurlu ədəbiyyat nümunələrindən biridir.

Qeyd edək ki, kitabı "28 May" metrostansiyası ətrafındakı kitab mağazalarından və digər kitab mağazalarından əldə etmək mümkündür. 

Vahid Aslan
Yazıçı-jurnalist, "Müəllim sözü" qəzetinin baş redaktoru, ADPU müəllimi