XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

22 Aprel 2016 - 20:29

Türk yazçısı Şərəf Yılmaz:"Bir həsrət ölkəsi" - hekayə

Şərəf Yılmaz 1967-cin il aprelin 1-də Antalyada anadan olub. Litseydən başqa Səlcuq Universitetinin türk dili və ədəbiyyatı bölümünü bitirib. Fəlsəfə, dillə məşğul olub. Yazarlar üçün Yaradıcılıq məktəbi açıb. “Temrin”, “Ecemi” dərgilərinin, nəşr evinin təsisçisi, bir neçə şer, nəsr kitablarının müəllifidir.

Yılmazın bir hekayəsini tanınmış yazıçı Eyvaz Zeynalovun tərcüməsində Strateq.az-ın oxucularına təqdim edirik.

seref yilmaz

Birmaya gedəcəyini bilincə xəritədə bu ölkəni axtarmağa başladı. Adını eşitmədiyi bu ölkənin həyəcanı bütün mənliyini sarmışdı.

Tanıdıqlarından soruşdu, ətrafdan bəzi məlumatlar əldə etdi. Gedəcəyi ölkənin kasıb bir yer olduğunu öyrəndi.

– Allahın qullarına xidmət və insanlıq eləmək üçün yaxşı bir yerdə olmaq elə də vacib deyil. Allah kərimdi, – dedi.

Az bir müddətdə yol hazırlığını tamamladı. Birmaya endiyi zaman ilk olaraq hava limanı diqqətini çəkdi. Oturmağa bircə yer belə yoxdu. Pəncərədən bayıra baxanda kasıb bir ölkəyə gəldiyini anladı.

Hava limanından çıxıb hara gedəcəyini düşündü. Daha əvvəl əldə etdiyi məlumatlardan ölkə əhalisinin doxsan faizinin müsəlman olmadığını bilirdi. Minəcəyi taksi sürücüsünə dərdini necə anladacaqdı? İngilis dilini bildiyi üçün özünü daxilən sakitləşdirməyə çalışdı. İçində bir inciklik hiss etdi. Sonra da:

– Buraya Allahı tanıtmaq üçün gəlmişəm. – mənim halımı görüb dedi.

Hava limanından çıxan kimi əlindəki ağır çamadanları yerə qoydu və ətrafına baxdı. Buralarda o qədər də çox adam gözə dəymirdi. Yaxınlıqda dayanan bir taksi sürücüsü gözünə sataşdı. Tünd qara dərili bir adamdı.

Adamın diqqətlə üzünə baxdı.

– Lap yaxındakı otelə gedəcəyəm, – dedi.

Taksi sürücüsü “oldu”, deyirmiş kimi başını tərpətdi və müştərisinin əlindəki çamadanları alıb maşınının baqajına qoydu. Yola düşdükdən sonra müştərisindən soruşdu:

– Müsəlmansan?

– Bəli.

– Adınız nədi?

– Vahdət.

– Hardan gəlirsiniz?

– Türkiyədən.

Türkiyə sözünü eşidən kimi adamın gözləri parıldadı. Vahdət bəy adamın həyəcanlandığının fərqindəydi.

– Nə olub, bəyəfəndi?

– İndi bizim evə gedirik, olarmı? – deyib birdən sükanı yan tərəfdəki küçəyə burdu.

Vahdət bəy şaşırdı. Tanımadığı bir adamın evinə gedib nə edəcəkdi? Bir müddət sakit dayandıqdan sonra adamdan soruşdu:

– Çox yaxşı, siz müsəlmansınız?

– Bəli.

– Bir-birimizi tanımırıq. Məni evinizə niyə dəvət edirsiniz?

Adam etimad təlqin edən bir tonla:

– Siz müsəlmansınız və türksünüz, deyilmi?

– Bəli, – Vahdət bəy dedi.

– O zaman tanıyırıq deməkdi.

Vahdət bəy adamın dediklərindən bir şey anlamadı.

– Amma siz türkə oxşamırsınız.

– Mən hidli bir müsəlmanam.

Vahdət bəy tanımadığı bir ölkədə bir müsəlmanla tanış olduğu üçün rahatlanmışdı. Adamın dəvətini qəbul etdi. Ətrafı bağça ilə əhatə olunmuş birmərtəbəli köhnə bir evin qarşısında dayandılar. Hindli Vahdət bəyə:

– Bax bu gördüyünüz kiçik, köhnə ev bizimdi.

Vahdət bəy fürsəti fötə vermədən hindlidən soruşdu:

– Adınız nədi?

– Əhməd.

Evə keçib oturdular. Qısa bir səssizlikdən sonra hindli Əhməd soruşdu:

– Bura nəyə gəlmisiniz?

Vahdət bəy gülümsədi:

– Burada məktəb açacağam.

Hindli müsəlman əndişəli bir halda sağına-soluna baxdı.

– Əsla! – dedi. – Bu zamana qədər buralarda belə bir şey görünməmişdir. İki müsəlmanın belə bir araya gələ bilmədiyi ölkədə macəra dalınca düşməyin mənası yoxdu.

Vahdət bəy əndişəsini saxlaya bilmədi:

– Burda belə bir iş görmək qanuna ziddimi?

– Xeyr, zidd deyil, amma bu ölkə buna icazə verməz.

– Niyə?

– Sizi sabah biri ilə tanış edəcəyəm, niyəsini ondan öyrənərsiniz.

Vahdət bəy bir az sıxıldı, bir az əndişəli gözlənti ilə sabahı güclə açdı.  Nahara yaxın birlikdə bir evin qabağında dayandılar.

– Hara gəlmişik, – Vahdət bəy soruşdu.

– Səbrini bas, tanış edəcəyəm.

Evin qapısını taxta toxmağı ilə döydülər. Bir azdan yaşlı bir adam qapını açdı. Dərisinin rəngi tünd qara, saçı və saqqalı ağappaq bir yaşlı hindli qonaqları içəri dəvət etdi. Hamısı birlikdə yerdəki döşəkçələrin üstündə oturdular. Hindli Əhməd Vahdət bəyi tanıtdı:

– Yaqub əmi, bu yoldaş bura Türkiyədən gəlib.

Yaqub əmi Vahdət bəyi xeyli süzdü.

– Çox zəifsən, oğul, Osmanlı nəsli belə deyildi, – dedi.

Vahdət bəyin beynində bir anda şimşəklər çaxdı. Xəritədə güclə tapdığı bir ölkənin adamı Osmanlını hardan tanıyırdı? Bir müddət düşündü. Yaşlı hindlinin sualı onu özünə qaytardı:

– Oğul, sən nə işlə məşğulsan?

– Müəlliməm.

– Burada dərs verəcəksən?

– Bəli.

– Harda?

– Özümün açacağım Türk məktəbində.

Yaqub amca da eynən hindli Əhməd kimi Vahdət bəyə iradını bildirməyə ehtiyac duydu. Bu vəziyyət Vahdət bəyi çox narahat etdi.

Tezliklə bir otelə getməli və sonra da özünə qalmaq üçün bir ev tapmalıydı. Bu haqda hindli Əhmədə söz açdı. Yaqub əmi onun dediklərini eşidən kimi gülümsədi.

– Vahdət əfəndi, – dedi, – indilik buradasan. Mən sənə nə zaman icazə versəm, onda gedərsən.

Yaqub əminin ağzından çıxan “əfəndi” sözü Vahdət bəyin diqqətindən yayınmadı. Bu söz nə hind, nə də ingiliscə idi. Türkcəni bilməyən Yaqub əmi bu hardan bilirdi? Maraq güc gəldi.

– “Əfəndi” sözünü hardan bilirsiniz?

– Osmanlıdan.

– Osmanlını hardan bilirsiniz?

– Buradan.

– Osmanlı bura gəldimi?

– Təbii, gəldi.

Vahdət bəy özünü Osmanlı türkünün evində hiss etdi. Yaqub əminin yaşlı olduğunu görürdü, amma osmanlını bilməsi mümkün deyildi. Bəlkə atasından eşitmişdi.

Yaqub əminin qulağına tərəf əyildi.

– Osmanlını atanızdan eşitmisiniz?

– Xeyr, görmüşəm.

– Yaşınız neçədi?

– Doxsan beş.

Vahdət bəy böyük bir çaşqınlıq içində Yaqub əminin yaşını hesablamağa başladı. Doğulduğu tarix 1904-cü ili göstərirdi. Bəli, o tarixdə Osmanlı hələ hakimiyyətdəydi. Daha doğrusu, hakimiyyətdə qalmaq üçün mübarizə aparırdı.

Vahdət bəy dərin fikrə getmişdi. Bu zaman Yaqub əmi hindli Əhmədə:

– Əhməd, Vahdət əfəndini bir az şəhərdə gəzdir. Sonra da cüma namazına götür, – dedi. Sonra da “Əsla, unutma ha!”, deyə yaxşıca tapşırdı.

– Yaxşı, – hindli Əhməd dedi.

Şəhərdə gəzərkən Vahdət bəy hindli Əhməddən soruşdu:

– Bu ölkənin təbii sərvətləri varmı?

– Bəli, var. Bu ölkə qızılın və almazın ən çox olduğu yerlərdən biridi.

– Çox gözəl, kim çıxardır?

Hindli Əhməd bir az ləngidi. Vahdət bəyə:

– Rahat bir yerdə oturub söhbət etsək yaxşı olmazmı?

– Olar, – Vahdət bəy dedi.

Birlikdə böyük bir parka gəldilər. Yaşlı bir çinarın altındakı skamyada oturdular. Vahdət bəy budaqları ətrafı tutmuş yaşlı çinara baxıb hindli Əhmədə:

– Yaşlılar adama çox şey öyrədir, – dedi. – Eynən Yaqub əmi və bu çinar kimi.

Hindli Əhməd Vahdət bəyin sözlərini təsdiq etmək mənasında başını tərpətdi.

– Haqlısan, – dedi. – Bu ölkədə yaşlılar çox şey bilir. Bu ölkədə baş verənləri mütləq Yaqub əmidən soruşmalısan. O, çox şey görüb. Mən sənə yalnız 1962-ci ildən bu yana baş verənlər haqqında danışa bilərəm.

– Olsun, ona da ehtiyacım var, – Vagdət bəy dedi.

Hindli Əhməd yan-yörəsində kiminsə olub-olmadığına əmin olmaq üçün ətrafına göz gəzdirdi, sonra danışmağa başladı:

– Bu ölkədə 1962-ci ildən əvvəl ingilislər olub. Mən o dövrü yaxşı xatırlamıram. Kiçik bir uşaqdım. 1962-ci ildə Çinin təsiri ilə bu ölkə kommunizm xəstəliyinə tutuldu. Bax onun bəlasını biz o gündən bu günəcən çəkirik. Bu ölkənin doxsan faizi buddistdi. Müsəlmanlar on faizdən artıq deyil. Azlıqda qalan müsəlmanlara girəvə düşdükcə işgəncə verilir, zülm edilir. Əvvəllər bu daha artıqdı. 1982-ci ilə qədər kommunizmin ən şiddətli vaxtıydı.

Vahdət bəy hindli Əhmədin sözünü kəsdi:

– O dövrdə istədiyiniz yerə gedib istədiyiniz adamla görüşə bilirdinizmi?

– Xeyr, – dedi hindli Əhməd. – İstədiyimiz yer, istədiyimiz adam qalsın bir yana, öz qohumlarımızda belə qala bilmirdik. Gecə yatmaq üçün evimizə qayıtmağa məcburduq. Bir dostum atasının evində yatıb qaldığı üçün ertəsi gün dövlət məmurları onu sorğu-suala çəkmişdilər.

– Dostunuza bir şey elədilərmi?

– On dörd il həbs cəzası kəsdilər.

– Atasının evində yatdığı üçün?

– Bəli.

Vahdət bəy deyilənləri eşidəndə tükləri biz-biz oldu. Narazılığını gizlədə bilməyib:

– Bu nə deməkdi? – özünü saxlaya bilmədi.

– Sakit ol, – hindli Əhməd dedi. – Bu an bayırda olduğumuzu və kiminsə bizi eşidə biləcəyini unutma.

Vahdət bəy eşitdiklərinə inanmaq istəmədi. Belə bir şeyi ağlına və məntiqə sığışdıra bilmirdi. Sakitləşməyə çalışdı. Hindli Əhməd:

– Amma 1988-ci ildən sonra vəziyyət bir az dəyişdi, – deyə sözünə davam etdi. – Bu tarixdə böyük bir xalq qiyamı baş verdi və bu üsyanda beş min adam öldü.

Vahdət bəy həyəcanla:

– Sonra nə oldu? – soruşdu.

Hindli Əhməd “sakit”, işarəsi verərək:

– 1990-cı ildə seçki oldu. Xalqın seçdiyi partiya bu seçkidə səslərin 92 faizini qazandı, amma silahlı güclər icazə vermədi.

Vahdət bəy deyilənləri heyrətlə dinlədikdən sonra:

– “Zülm ilə abad olanın axırı bərbad olar”, deyərlər. Sıxılmağın axırı partlamaqdı. Sizinki də belə olub, – dedi.  

Vaxt tez keçmiş, cümə namazının vaxtı çatmışdı. Birlikdə məscidə getdilər. Cümə xütbəsi Vahdət bəyin diqqətini çəkdi. İmam xütbədə Osmanlı sultanının adını çəkirdi. Vahdət bəy imamın arxasındakı ay-ulduzlu Türk bayrağına xeyli baxdı. Gözlərinə inanmadı. Yaddaşını işə saldı. Ay-ulduzlu başqa bir bayraq vardımı? Xey, xeyr. Qırmızı-ağ ay-ulduzlu bayraq Türk bayrağıydı.

Dünyanın bir tərəfindəki bir ölkədə Osmanlı hələ yaşayırdı.

Namazdan çıxandan sonra hindli Əhməd:

– Yaqub əmini götürüb bizə gedək.

– Aparıb sorğu-suala çəkməsinlər!

Hindli Əhməd gülümsədi:

– Yox, qorxma. Heç nə olmaz. Xalqa əvvəlki kimi zülm etməkdən çəkinirlər. Amma biz Yaqub əmini yenə də evinə qaytararıq. Onun da, bizim də işimiz rahat olar.

Yaqub əmi evinin önündəki bir stulda oturub qonaqlarını gözləyirdi. Onları görən kimi:

– Narahat oldum, uşaqlar, – dedi.

Vahdət bəy Yaqub əmiyə yaxınlaşıb qoluna girdi. O, vahdət bəyə tox bir səslə:

– Vahdət əfəndi, hələ buralara bələd deyilsən. Ona görə istər-istəməz sənə görə narahat oldum, – dedi.

Yaqub əminin bir ata şəfqətini andıran sözləri Vahdət bəyi çox duyğulandırmışdı. Yaqub amcaya:

– Allah mənim qarşıma da sizi çıxartdı, – dedi.

Aradan bir neçə həftə keçdi. Vahdət bəy özü üçün bir ev kirayələdi. Yaqub əmi və hindli Əhmədlə bir ailə kimi oldular. Bir gün Vahdət bəy Yaqub əmi ilə söhbət edərkən:

– Yaqub əmi, burda haçan məktəb açacağıq, – dedi.

Yaqub əmi ümidsiz bir halda:

– Vahdət əfəndi, bu iş üçün sənə ən azı on il lazımdı. Bu ölkəyə bu zamanacan kənar bir yatırım qoyulmadı. Bunlar belə şeyləri anlamazlar.

Vahdət bəy:

– Biz təklif edək, onlar qəbul etməsələr, etməsinlər.

O gün bu söhbət eləcə də unuduldu. Onsuz da üstündə durmaq da mənasızdı. Çünki bu haqda nəsə etmək mümkün deyildi. Yaqub əmi o gün söhbət əsnasında Vahdət bəyə fikrindəki bəzi hadisələri başa saldı. Vahdət bəyin çətin vəziyyətdə qalmasını istəmirdi. Ona oğlu kimi baxırdı. Söhbət edərkən Vahdət bəyə:

– Bax, oğul, bu ölkə çox çətinliklərdən keçdi. Mənim qardaşımın bu ölkədə iyirmi bir dənə fabriki vardı. 1962-ci ildə kommunistlər ölkədə hakimiyyəti ələ alandan sonra bu fabriklərin hamısını bir gecədə ictimailəşdirdilər. Yandakı qonşumun babası burada doğulmuş bir adamdı. Uşaqlıqdan tanıyırdım. İndi yaşamır. Allah rəhmət eləsin, imanlı bir adamdı. Onun uşağı bu ölkədə yalnız 1990-cı ildən sonra vətəndaşlıq ala bildi. Babası burada doğulmuş, özü də buralı olan bir adama sırf müsəlman olduğuna görə vətəndaşlıq vermədilər. Adam illərlə qaçaq kimi yaşadı.

Vahdət bəy Yaqub əmidən eşitdiklərinə inanmaqda çətinlik çəkdi. Bir müddət fikrini cəm edə bilmədi. Aradan bir neçə gün keçdi. Vahdət bəy hindli Əhmədi telefonla axtarıb öz evinə dəvət etdi. Söhbət zamanı hindli Əhmədə Yaqub əmidən eşitdiklərini söylədi. Hindli Əgməd ona:

– Yaqub əmi bu ölkədə çox şey görüb. Sizin ondan öyrənməli olduğunuz çox şey var. Mənim qonşum bahalı siqaret çəkir və evini rənglətdi deyə günlərlə sorğu-suala çəkildi. “Bu pulu hardan alırsan?” deyə anasından əmdiyi südü burnundan gətirdilər.

Vahdət bəy hindli Əhmədin söylədikləri ilə lapdan çaşqına döndü:

– İnsan olmaq çox çətindi, – dedi.

Hindli Əhməd:

– Bəli, elədi. Nə edək? Başqa əlacımız yoxdu.

– Çarə çoxdu.

– Nə edə bilərik ki?

– Məktəb aça bilərik.

– Ay allah, bu sövdadan əl çək. Məktəb açıb neyniyəcəksən?

– İnsanlığa xidmət edəcəyəm.

Hindli Əhməd etiraz etmədi. Vahdət bəyin dediklərinin qarşısında sadəcə dodağını büzdü.

Vahdət bəy:

– Bir işi bacarmaq o işi bacara biləcəyinə inanmağa bağlıdı, – dedi. – Sən də mənimlə bərabər bu işə inanırsan. Allah qapıları üzümüzə bağlamaz. İnsanlığın məhv edildiyi ölkədə Osmanlının ruhu hələ yaşayır. Allahın izniylə biz bu məktəbi burda açarıq. İndi durub Yaqub əminin yanına gedək.

Yaqub əmi axşamın düşdüyü bir vaxtda qonaqlarını görüb həm məmnun oldu, həm də əndişələndi. Vahdət bəy Yaqub əminin əndişəsini duydu.

– Yaqub əmi, bura gəlməyimizin bir səbəbi var, – dedi.

– O nədi?

– Məktəb açacağıq.

– Vahdət əfəndi, mən sənə yaşadıqlarımı və yaşananları söyləyirəm. Söylədiklərimin hamısı doğrudu. Bu ölkədə müsəlmana asan iş verməzlər.

– Yaqub əmi, indi sizlik bir iş var: mən dua edəcəm, siz “amin” deyəcəksiniz. Gerisi bizi çox da maraqlandırmır. Oldumu?

Yaqub əmi çarəsiz halda:

– Çox gözəl, elə olsun, baxaq, – dedi.

O gündən sonra söhbətlərin əsası “məktəb” oldu.

Bir gün Vahdət bəy Yaqub əmi ilə hindli Əhmədi yeməyə dəvət etdi. Onlar gəlməmişdən əvvəl stolu yaxşıca bəzədi. Qonaqları süfrə ətrafında əyləşəndən sonra onlara xitabən söhbətə başladı.

– Bu gün bu ölkə tarixi bir qərar verdi. Məktəb açmaq istədiyimi söylədim, qəbul etdilər.

Yaqub əmi Vahdət bəyin sözünü kəsdi:

– Bu iş necə oldu?

– Dövlət idarəsinə bir iş üçün getmişdim. Mənim xarici olduğumun fərqinə varan bir işçi bəzi maraqlandığı suallar verdi.

– Məktəb açacağam dedin, onlar da icazə verdilər, eləmi?

Xeyr, elə demədim, Yaqub əmi. “Dünya qloballaşır”, deyə sözə başladım. Sonra da belə davam etdim: “Beynəlxalq şirkətlər bütün dünyada çoxalır. Siz xarici kapitalı ölkənizə dəvət etməyi düşünmürsünüzmi?” Orada vəzifəli bir məmur dedi:

– Bu məsələ ötənlərdə ölkə idarələrində geninə-boluna müzakirə edildi. Əslində biz də xarici kapitalı dəvət etmək istəyirik, amma işə hardan başlamağı bilmirik.

Məmura dedim:

– Məndən başlaya bilərsiniz.

– Necə yəni? Siz nə etmək istəyirsiniz?

– Məktəb açmağı düşünürəm.

– Məktəblə ölkəyə nə qədər kapital gələcək?

– Ən böyük kapital məktəbdi. Baxın başa salım: mən məktəb açmaq üçün Türkiyədən bura bəzi iş adamlarını dəvət edəcəyəm. Onlar burada məktəb açmağa gəlincə, bununla əlaqədar bir çoxları bura gəlib gedəcəklər. Daha sonra da iş adamı yoldaşları ilə hər dəfə fürsət düşdükcə bu ölkəyə gələcəklər. Burada türk məktəbi olduğu üçün hər il bir çox iş adamını buraya dəvət edəcəyik və onlar bu ölkədə nə iş görə biləcəklərini araşdıracaqlar. Beləcə bir çox sahədə iş görmək imkanı yaranmış olacaq.

– Çox gözəl, sonra nə oldu?

– Sonra o məmur telefonla harasa zəng vurdu və mənim dediklərimi yuxarıya anlatdı. Onlar da məmin təklifimi çox bəyənmiş və “olar” demişlər.

Vahdət bəyin söhbətini bitirincə Yaqub əmi gözləri dolmuş halda ayağa qalxdı.

– Sən bizə Osmanlıdan miras qalmısan, – dedi.

Vahdət bəy:

– Deyəsən, belədi, Yaqub əmi, – dedi. – Mən bura gələrkən hələ də Osmanlı sulatanının adına xütbə oxunduğunu bilmirdim. Onların ruhu bu ölkədə yaşayarkən biz gəlmişik.

Gələn ilin başında məktəbin təhsilə başlayacağına dair dövlət adamlarına söz verildi. Deyildiyi kimi də oldu. Məktəbin türklər tərəfindən açıldığını eşidən müsəlmanların hamısı məmnun olmuşdu. Müsəlman olmayanlar isə baş verənləri maraqla izləyirdilər. Vahdət bəy bir tərəfdən məktəbin təhsil və tədrisi ilə məşğul olur, digər tərəfdən ölkənin kasıb xalqına kömək etməyin yollarını araşdırırdı. Avstraliyada ətin ucuz olduğunu, orada yaşayan insanların ət ehtiyacı olmadığını öyrəndi. Avtraliyalı müsəlmanlarla əlaqə yaratmaq istəyirdi. Avstraliyada açılan türk məktəbləri səlahiyyətliləri ilə əlaqə yaratdı.Ölkədəki xalqın vəziyyətini onlara anlatdı. Onlar da bunu özlərinə bir vəzifə qəbul edəcəklərini söylədilər. İlk qurban bayramında tonlarla ət gəmi ilə Birmaya gəldi. Vahdət bəy Yaqub əmi, hindli Əhmədlə birləşib bu vəziyyəti dəyərləndirdilər. Din, dil və irq fərqi qoymadan əlləri çatan bütün kasıblara bu bu əti paylayacaqdılar.

Ət ehtiyacı olan hər kəs gəlib məktəbdən ət ala biləcəkdi. Yayım zamanı məktəbin önü ana-ata ilə doluydu. Əl ağacı ilə gələn yaşlı bir qadın Vahdət bəydən öz payına düşən əti aldıqdan sonra ağlamağa başladı. Vahdət bəy əvvəl bir yanlışlıq etdiyini düşündü.

– Nə olub, xala? – deyə soruşdu.

Yaşlı qadın:

– Bu əti kim paylayır?

– Yeni açılan türk məktəbi.

Qadın gözü yaşlı geri dönərkən Vahdət bəy soruşdu:

– Axırıncı dəfə nə vaxt ət yemisiniz, xala.

Qadın hıçqırıqlarla boğulmuş halda:

– Xatırlamıram, – deyə bildi.

Gördüyü mənzərə qarşısında Vahdət bəy də göz yaşlarını saxlaya bilmədi. Öz-özünə:

– Allahım, səndən bir diləyim var. Mənə Avstraliyaya getməyi və bu yardımları göndərən müsəlmanlara orada təşəkkür etməyi qismət elə.

Bir gün Vahdət bəyin Avstraliyaya gələcəyi xəbəri eşidildi. Bir gəmidə xeyriyyə və həmrəylik gecəsi olacaqdı. Bu Avstraliyada yaşayan türklərin iştirak edəcəyi bir gecəydi. Vahdət bəy mikrafona dəvət edildi.

– Dualarım qəbul olundu, – deyə sözə başladı. Sonra da: – Kasıblıqdan əzab-əziyyət çəkən bir ölkəyə sizin yardımlarınız yeni həyat verdi, – deyə sözünə davam etdi.

Buradan gedən yardımları hara, necə payladıqlarını danışdı. Hamıya təşəkkür etdi. Böyürdəki stulda oturan biri həm göz yaşını silir, həm də belə deyirdi:

– Bunlar bir gün bütün dünyaya yenidən həyat verəcək.