XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

24 Aprel 2016 - 16:57

Fidan Aslanlı:          Danışmaq üçün kiməsə ehtiyacımız var, ağlamaq üçün isə yox   - Esse      

fidan aslan

Fidan Aslanlı Bakıda 10-cu sinif şagirdidir. Amma onun aşağıda tanış olacağınız düşüncələri və bədii-məntiqi duyumları bu yaşın çərçivəsinə sığmır. “Göz yaşları” klassik Azərbaycan bədii düşüncəsində eninə-uzununa “araşdırılıb”, incələnib. Fidan Aslanlı isə bu fenomenə tamam başqa rakurslardan yanaşır. Ən yaxşısı, özünüz tanış olun… Strateq.az-ın təqdimatında…   

 

Göz yaşı… Bu kəlmə hər birimizə tanışdır. Hər birimiz bu halı həyatımızda dəfələrlə yaşamalı olmuşuq… Az, ya da çox. Maraqlıdır, niyə göz yaşı? Axı “yaş” sözü leksik mənasına görə sifətdir, nəm sözünün sinonimidir. Amma bu ifadə heç də elə demir. Bəlkə, burada “yaş” sözünün rəngarəng məna çalarları var? Məsələn, hər il artan yaşımız mənasında.  Gözlərin neçə yaşı var? Ya hər ağladıqca gözlər bir yaş böyüyür? Bəs onun üçün illərin necə keçməsinin önəmi yoxdur? Belə fikirləşsək, deməli, tez-tez ağlayan, yaş tökən gözlər daha qocadır, kamildir. Nəinki bunu gizlədən, özünü ağlamamağa, sakit qalmağa məcbur edən göz. Ola bilər ki, ikinci tip gözlər buna görə daha mənalı, dərdli görünür, özündə daha böyük fikirlər ehtiva edir.

Niyə körpə uşaqların gözləri həddindən artıq təmiz, saf və ağ olur? Böyüdükcə həmin saflıq itir, bu rəng tündləşir. Bəlkə də, buna səbəb elə həmin yaşlardır. Axı onun yeri artıq bizim gözlərimiz deyil..

Lakin hər şey başqa cür də ola bilər. Yaş sözü “yaşamaq”dan yarana bilər. Gözün yaşadığı. Axı biz qarşılaşdığımız bütün hadisələr qarşısında göz yaşı tökmürük. Bəzən də səbəbsiz yerə ağlayır, yanaqlarımızdan süzülən göz yaşlarını saxlaya bilmirik. Ola bilər ki, gözlər həmin “yaş”’ üçün bir dustaqxanadır və o bəzən zorla üsyan edib azad olur.

Bəzən də açılmış zindan qapısından sürətlə uzaqlaşır. Elə də olur ki, biz ağlamaq istəyirik, amma göz yaşı gəlmir. Təsəvvür edin: həbsxananın qapısı açıqdır, lakin məhbuslar çıxmaq istəmir. Necə ki, belə hallarda göz yaşlarımız qorxur ki, yenə də onları əngəlləməyə çalışarıq. Bəlkə də,  qorxmur, sadəcə, etiraz edir: onu uzun müddət haqsız yerə həbsdə saxlamağımıza…

Göz yaşlarının sadəcə ad olaraq yox, tərkib olaraq da qəribəlikləri var. Araşdırmalara görə, sevincdən, kədərdən, qorxudan ağlarkən axan göz yaşları kimyəvi tərkibcə fərqlidir. Və göz yaşı tərkibinə görə sudan çox fərqli qarışıqdır.Yəqin elə buna görə də biz göz yaşına göz suyu demirik.

Qəbul edək ki, heç birimiz gözləri bu qədər ağıllı bilmirik. Onlar daha çox duyğusal, incəruhlu görünür.

Bu möcüzə inci dənələrinin başqa qəribəlikləri də var. Məsələn, göz yaşı niyə və nə vaxt yaranır? Bu sualın ilk cavabı, təbii ki, ağlarkən, qəmgin olarkəndir. Bəs güləndə, sevinəndə? Heç tanımadığımız, hətta bəzən gerçək həyatda mövcud olmayan insanların – bədii obrazların taleyinə niyə ağlayırıq? O zaman niyə göz yaşları hisslərin təbiiliyini sübut edir? Göz yaşı da sözlər kimidir. O da bəzən birdən-birə ürəkdən gəlir, onu da gizlətməyə çalışırıq. Hətta elə olur ki, göz yaşlarımıza görə peşman da oluruq.

İndi qərar verək, hansı daha güclüdür: gözəl gözlərdən çıxan, həmişə zərif görünən göz yaşları, yoxsa dodaqların fərqli tərpənişindən yaranan, heç görünməyən, bəzən çox kobud, insafsız olan sözlər?

Məncə, göz yaşları. Çünki biz doğulanda ağlayırıq, körpə vaxtından bu zərif, amma güclü göz yaşlarına təslim oluruq. Amma gec danışırıq. Danışmaq üçün ətrafdakılara ehtiyacımız var, ağlamaq üçün yox.

Niyə incidiyimiz insanların üzr istəmələri yox, onların göz yaşları ürəyimizi yumşaldır, “sarı simə” toxunur? Niyə ətrafımızdakıların bizdən narazı sözləri yox, acizanə, bəzən də qəhrəmancasına axan göz yaşları qəlbimizi sızlada bilir? Bu siyahını daha da uzatmaq olar. Deməli, həqiqətən də, göz yaşları daha güclüdür. Belə bir aforizm yaranır. Göz yaşı sözlərin gücsüz olduğu yerdə köməyə çatan ən güclü vasitədir. İnsanlar ağlarkən zəif görünür, əslində isə, onlar istifadə edə biləcəkləri ən güclü silahı işlədirlər. Məsələn, insan ona tuşlanmış tək və ya qoşa qara dairədən (lülələrdən) başqa heç nəyi görməyəndə göz yaşı tökərək həmin lüləni və ya lülələri enməyə məcbur edirsə, silah güclüdür, yoxsa göz yaşları?

Göz yaşlarının da öz məqamları olur. Yəni adi hala çevrilmiş anlar: qadınlar ana olanda, valideynlər övladlarının böyüdüyünü hiss edəndə (uşaqlar məktəbi bitirəndə, universitetə daxil olanda) və qızlar ailə quranda. Sadalanan hallarda bir neçə fərqli məqam var. Əvvəla, niyə o anlarda? Axı biz bu hadisələrin hər birinə hazırlaşırıq. Həmin vaxtlar ağlamağın səbəbi sevinc, yoxsa kədərdir? Maraqlıdır, niyə bu anlarda dinindən, milliyətindən asılı olmayaraq hər kəs göz yaşlarına təslim olur? Digər fərqli məqam odur ki, bu hallar əsasən qadınlarla bağlıdır. Demək, qadınlar bu qüdrətli qüvvəyə müqavimətsiz təslim olur, yoxsa heç kişilər belə hiss eləmir?

 Sonda bu nəticəyə gəlmək olar ki, bütün insanlar ən əzəmətli güc qarşısında eyni cür təslim olur, göz “yaşlarını” artırırlar. Bu hissə müqavimət göstərməyə ehtiyac yoxdu, necə ki asqırmaq gələndə asqırırıqsa, bu hissə də belə tabe olmalıyıq. Bununla da özümüz dərdlərdən, göz yaşlarımız isə “zindandan” azad olur…