XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

29 Aprel 2016 - 08:16

“Ay oğul, gedişin nə qəfil oldu?”-Şeirlər

 

 

Redaksiyamızın elektron ünvanına Beyləqan rayon sakini Nəzakət Həsənovanın adından bir məktub daxil olub. Məktubda oğul həsrətiylə tutuşub yanan bir ananın ürək fəryadlarından doğduğu aydın olan bir neçə şeir var.

Dərdli ananın özünü ifadə edərək, təsəlli tapması ümidiylə şeirləri Strateq.az oxucuları ilə bölüşürük:

 

 

 Yanına köçməyə səbəb gəzirəm

 

 

Qəbrini rüzgarlar, yağışlar döyür,

Ay oğul, gedişin nə qəfil oldu?

Hər kim hər nə deyir – xətrimə dəyir,

Hər gün yuyulmaqdan şəklin də soldu.

 

Yerdən də, göydən də üzülüb əlim,

Yanında ölməyə bucaq gəzirəm.

Hər gün şam yandırmaq olmur təsəllim,

Özümü atmağa ocaq gəzirəm.

 

Nədən bu gedişin dönüşü yoxdur?

Yorğun gözlərimdə sönüb qalmısan.

Yoxdur, yoxuşu yox, enişi yoxdur,

Elə bir nöqtədə donub qalmısan.

 

Mən sənsiz hələ də sağam, görürsən,

Fikrimdə Kərbala, Hələb gəzirəm.

Dağ üstdən çəkilmiş dağam, görürsən,

Yanına köçməyə səbəb gəzirəm.

 

 

 

Qocalma, amandı, qocalma, bacı!

 

Səni gücsüz görsəm, ürəyim durar.

Payız günəşi tək sozalma, bacı,

Ruhunda anamın əziz ruhu var.

Qocalma, amandı, qocalma, bacı.

 

Mən sənin yanında uşaq kimiyəm,

Güvənc yağışımsan, islaq kimiyəm,

Yarpağa bürünmüş budaq kimiyəm,

Sinəndə bir qızın gizli ahı var,

Qocalma, amandı , qocalma, bacı.

 

Yenə əvvəlkitək dara saçımı,

Unudum sayəndə ağrı-acımı.

Qəlbində dilək tut, açım ovcumu,

Hər zülmət gecənin bir sabahı var,

Qocalma, amandı, qocalma, bacı.

 

  Ayaq daşıyam  

 

Sən gedən, bilirsən neçə gün oldu?

Biləsən, hər günüm sənsiz il oldu.

Məni rahat qoymur xəyalın bir an,

Getdin, necə çıxım bu burulğandan?

 

Qulağım səsdədir, uçunur könlüm,

Bu qəfil gedişə məntək dözər kim?

Quşlara qoşulub uçsam göylərə,

Üzünü görmədən enməzdim yerə.

 

Məni atıb getdin, vəfasız oğul,

Razıyam, ulduz ol, gecəmə doğul.

Çünki atanda da qalmayıb dözüm,

İndi məzarlıqdır evimiz bizim.

 

Sinəmdən ən acı fəryad qopardın,

Göz yaşım rəngləri yuyub apardı.

Ancaq qara rəngin boyaq daşıyam,

Sənin torpağının ayaq daşıyam.