Milli Məclisin sabiq deputatı Gülər Əhmədova yeni şeirlər yazıb. Strateq.az Musavat.com-a istinadən, həmin şeirləri oxucularına təqdim edir:
Dərdini danışma – gülməsin ölüm,
Gülüşdə boğ yaşı, yuxuda ağla.
Düşmənə, nakəsə göstərmə, gülüm,
Daşı qəlbinə bas, yuxuda ağla.
Bu dərd qurtaracaq, alma vecinə
Qara fikirləri salma içinə
Duayla sinə gər dərdin köçünə –
Daşı qəlbinə bas, yuxuda ağla!
Səni incitməsin tənəli baxış,
Bu çətin gündən də var yenə çıxış…
Təkcə Allahına dərdini danış –
Daşı qəlbinə bas, yuxuda ağla…
Hər kəsin öz dərdi, özünə böyük,
Dərdini dinləməz hər qəlbi sönük.
Görsən ki çıxdılar dostların dönük –
Daşı qəlbinə bas, yuxuda ağla…
Dağın dərdi varsa – səma sirdaşı
Ağac quruyarsa – istər yağışı…
Səni qaldıracaq Rəbbin naxışı –
Daşı qəlbinə bas, yuxuda ağla…
Rəbbin rəhimlidir, o sevir səni,
Dua et, onunla şad et qəlbini.
Bu dünya aparıb neçə dərdini,
Daşı qəlbinə bas, yuxuda ağla…
Bu günü o günə cala, tələsmə,
Sakit ol, itaət eylə həvəslə.
İbadət əhlisən, de, uca səslə:
– Daşı qəlbinə bas, yuxuda ağla!
Deyirlər, afərin, dözürsən dərdə,
Sınmırsan, küsmürsən mərdə, namərdə.
Haqqın bir üzü var çıxacaq hərdəm –
Daşı qəlbinə bas, yuxuda ağla.
Bir tarix yazırsan, hələ bilmirlər,
Kişilər kişilik nədir, bilirlər.
Səni başa düşər, bir gün aqillər
Daşı qəlbinə bas, yuxuda ağla.
***
Dağ və Külək
bu dağa bir külək gəldi,
aparacaqdı nə isə
bu dağdan qoparacaq
nəyi vardı apardı
bir az toz, bir az qum,
bir də kol-kos apardı.
Dağa dəyə bilmədi
bu dağ nəyin itirdi?
qəlbindəki incilərimi?!
köksündə idi,
dəyə bilmədi külək,
kolun saçından yapışıb
sürüdü yelə verdi…
dağ heç bir şey demədi,
çünki qəlbi sağ idi.
Küləklə sovrulanlar
küləyə baş əydilər
qalxıb göyün üzünə
birdəfəlik öldülər.
Dağdan keçən küləyin
sayını itirmişəm
əsirlərdir gəlirlər,
uçurub sevinirlər
dağsa durub dağ kimi,
külək hey gəlib-gedir…
kimin ki yox kimliyi
qəlbi, könlü
havada dəli kimi sovrulur
sovrulanlar, soyanlar,
tez-tez gəlib keçəcək
nə tapsa aparacaq.
Dağsa, elə daglığında qalacaq!
***
Ərşə çəkilən yuxum
Məni xoşbəxt edən yuxu,
Niyə ərşə çəkilmisən?
Yoxsa,
qovuşdurmaq üçün mənə
o günahsız körpəmin
çökmüsən gözlərinə?!
Bəlkə əsgər oğlumlasan
kipriyindən asılmısan?!
hara getmisən, ay yuxu,
namərd dostlar kimi
səndəmi üz çevirmisən?!
Aparmasın sellər deyə,
namərd körpüsündən keçmisən!
Axı mənim dostum idin
dəmir qapı arxasında.
Gəl apar məni, apar
bəlkə,
o körpə balam
bu gecə açıbdı üstünü…
Yəqin küsüb həm özündən,
həm də məndən
hər görüşdə:
"nə vaxt evə gələcəksən?"
sorub, sorub
yorulardı,
ayrılanda ağlayardı.
hardasan, ay namərd
axı ağır keçir gecə.
gəl, gəl,
bu dəmir qapını
keçək gizlicə,
gizlicə
yalnız sənlə
görə billəm fidanımı
ana qucağından uzaq
üşüyərək yatanımı!