XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 May 2016 - 11:44

Mayor Hafiz Təmirov yazır:"Əsgər çəkmələri"

 

ana-1

 

Əsgər balasını salıb yadına,

Gecələr yuxusun qatar, analar.

Yenə də göz yaşı çatar dadına,

Gözünün yaşıyla yatar analar.

 

Hey baxar yollara üzünü tutub,

Qəlbində min istək, qəlbində umud.

Əsgər balasından gələndə məktub,

Sevincdən-sevincə batar analar.

 

Ürəyi döyünər hər gələn səsə,

Kövrələr kim əgər "əsgərəm" desə.

Doğma balasını görmək istəsə,

Bir anda yanına çatar, analar…

 

Güllələr dil bilməz ki, anam. Dost atdı, düşmən atdı – fərqi yoxdur. Açıldımı – düz hədəfə doğru uçar. O hədəf insan da olar, quş da, heyvan da. Lap elə torpağa-daşa dəyib soyuyar hardasa. Bir dəmir parçası bir ömrü yarımçıq qoyar. Və neçə ömrün ocağına ildırım düşər. Öldürənin də, ölənin də anası sevinməz heç vaxt. Çünki əvvəl-axır öldürən də nə vaxtsa öldürüləcək və yenə də analar ağlar qalacaq.

Ey şəhid anası, əsgər anası! O əlindəki çəkmələrdə övladının ətrini, iyini, qoxusunu axtarırsan. Bir güllə bir ömürlük məsafə ilə səni balandan ayırsa da, bir də ana-bala görüşü qiyamətə qalsa da, başını dik tut, yetər, yetər, sən ağlama! Bəlkə də səndən xəbərsiz göz yaşının düşdüyü hər yerdə oğul balanın da sevdiyi güllər bitər, çiçəklər boy verər. O çəkmələri, vətən torpağına dəyən o yadigarları təkcə sən deyil, hamımız göz bəbəyimiz kimi qorumalıyıq. Çünki o çəkmələr həsrətində olduğumuz və qanımız bahasına aldığımız torpaqlara dəyib. İlk dəfə yer üzünə qədəm basan insan misalı heyrətlənmişik hamımız aprel günlərində. Bax, sənin övladın o sevinci bizdən qat-qat çox yaşayanlardandı.

Anam mənim, bir dön, çevrənə bax, əlində üçrəngli bayraqlarla “Vətən, sənə canım fəda” deyən oğullar da sənin balan deyilmi? Övladından yadigar qalan o çəkmələri bu gün səngərdə düşmənlə üzbəüz dayanan, ciyərparanla bir döyüşdə çiyin-çiyinə düşmənə qan udduran əsgərlərdən birinə bağışla. O çəkmələr hər qarışı azad olan vətən torpaqlarına dəydikcə, sənin oğul balanın da ruhu sevinəcək. Ölməzlik şərqisini oxuyanların sevdaları da ölməz özləri kimi, anam mənim!

Anam mənim, qoy bütün dünya görsün bu şəklini. Bəlkə, bundan sonra bu qanlı-qadalı dünyanı qiyamətə qədər analara verələr, müharibə olmasın, oğullar ölməsin deyə. Axı analara övladlarının yadıgar əşyaları deyil, onların özü lazımdı. “Dərd elə bil şəkildi ki, hər ürəkdə çərçivəsi var”. Bəli, mən də yaxşı bilirəm bunu. Çünki qoynunda doğulduğum və hər adı gələndə ruhumun belə qaysaq tutmadığı yarası göyüm-göyüm göynəyən Dağ İlməzlini xatırlayıram.

Ay ana, qurban olum, o çəkmələri mənə ver! Qoy o çəkmələrlə yolumuzu gözləyən Vətən torpaqları uğrunda döyüşlərə gedim, əgər qismət olsa, sənin balanın ucaldığı ilahi mərtəbəyə ucala bilim!

 

Hafiz Təmirov,

polis mayoru