XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

18 İyun 2015 - 10:21

Nəsimi haqqında yeni İDDİA: “O, Azərbaycanda anadan olmayıb ” – MÜSAHİBƏ


Tərcüməçi yazar Nadir Qocabəylinin orta əsr hürufi şairi Nəsiminin haradan olması ilə bağlı yazdığı statusunda maraqlı məqama toxunub.

O, Türkiyədə təhsil aldığı zaman bir professorun Nəsiminin Azərbaycan coğrafiyasına heç bir aidiyyəti olmadığı fikrini qeyd edib. Qeydi olduğu kimi təqdim edirik:

“Mən Türkiyədə klassik ədəbiyyat üzrə magistrlik oxumuşam. Ona qədər mən də Nəsiminin Şamaxıdan olduğunu düşünürdüm. Bir dəfə dərsdə bunu söylədim. Professor soruşdu: “Bunu haradan çıxardın?”. Kitablarda yazıldığını bildirdim. Dedi ki, bu sizə elə gəlir. Nəsiminin, ümumiyyətlə, nə vaxtsa hazırkı Azərbaycan coğrafiyası ilə bağlılığına dair heç bir mənbə yoxdur. Bundan sonra mən Azərbaycanda Nəsimi haqqında aparılan bütün araşdırmaların, demək olar, hamısını oxudum və bir dənə də mənbəyə rast gəlmədim. Hamısı ehtimaldır. Nəsiminin Şərqi Anadoluda, İraqda, Suriyada olması ilə bağlı müəyyən mənbələr var, amma Azərbaycanla bağlı heç nə yoxdur. Bizim alimlər daha çox onun dil və üslubuna əsaslanır və bu zaman əski əlifbadakı boşluqlardan istifadə edirlər. Əgər əsgi əlifba ilə bağlı bilginiz varsa, məni anlarsınız”.

Məlum statusdan sonra Türkiyədə klassik ədəbiyyat istiqaməti üzrə magistr təhsili alan tərcüməçiyə bir neçə sualla müraciət etdik. Sualları cavablandıran Nadir Qocabəyli alim olmadığı üçün elmi iddia irəli sürmədiyini xüsusi qeyd etdi.

Strateq.az Modern.az-a istinadən İmadəddin Nəsiminin Şamaxıda anadan olub-olmamasından bəhs edən müsahibəni təqdim edir:

– Nadir müəllim, türk professorunun Nəsiminin Azərbaycan coğrafiyasına aid olmadığını qeyd etmisiniz. Bəs, onun anadan olduğu yer kimi ən real ehtimal olaraq haranı göstərirlər?

– Professor Hüseyn Ayan Türkiyədə nəşr etdirdiyi Nəsimi divanının ön sözündə onun həyatı haqda yazır: “İslam türk ədəbiyyatının təməlində adını yazmağı bacarmış Seyid İmadəddin Nəsimi haqqındakı mənbələrdə olan bilgilər çox ziddiyyətlidir. Təzkirələrdə şair haqqında bir-iki sətir bilgiyə rast gəlinir. Ancaq harada doğulduğu, haraları gəzdiyini, harada vəfat etməsini öyrənmək mümkün olmayıb. Həyatının mühüm dönüş nöqtəsi təşkil edən faktlar: Fəzlullah Nəimi ilə görüşmələrini, Anadoluya, Hələbə gəlişi tarixi baxımdan addım-addım izlənilməyib”.

– Əgər həqiqətən belədirsə, sizcə, Azərbaycan nəsimişünaslığında bu fakt indiyə qədər niyə araşdırılmayıb?

– Bu bizdə ola bilsin ki, elmə elm kimi yanaşılmaması ənənəsindən doğur. Bizdə Nəsimi haqqında təsəvvürlər daha çox İsa Hüseynovun “Məşhər” romanına və onun əsasında çəkilən “Nəsimi” filminə əsaslanır. Orada şairin Şirvanşah İbrahimlə, Teymurlənglə görüşləri sırf təxəyyül məhsuludur. Ancaq xalq bunu tarixi həqiqət kimi qəbul edir.

– Demək olar ki, hamı Nəsiminin Şamaxıdan olduğunu bilir. Hansısa mənbədə onun başqa yerdən olması göstərilib?

– Məsələn, Əl-Aksani öz təzkirəsində Nəsimini Nəsimüddin Təbrizi adlandırıb, 1418-ci il miladi, 821-ci il hicri tarixində Hələbdə dərisi soyularaq qətlə yetirildiyini yazır.

“Riyazül-Arifun” təzkirəsində Nəsiminin adı Nəsimi Şirazi kimi yazılıb.

ümumiyyətlə, onu bir neçə mənbədə Şirazi adlandırıblar. Bəlkə bizim alimlər də bundan ruhlanaraq Şirazı Şamaxı ediblər…

– Axı, konkret olaraq Şamaxının Məlhəm kəndində anadan olduğu və oradakı Şah Xəndan qəbiristanlığının da onun böyük qardaşının adını daşıdığı deyilir…

– Bunun mənbəyi, elmi qaynağı varmı? Sizin verdiyiniz məlumatın, məncə, mənbəyi yoxdur.

– Sizcə, bu faktı niyə indiyə qədər dəqiqləşdirməyiblər?

– Qeyd edim ki, mən Nəsimi yaradıcılığı ilə peşəkarcasına məşğul olmuram. Fikirlərim adi bir yazı-pozu adamının mülahizələridir. Əgər Nəsiminin peşəkar tədqiqatçılarından kimsə bu sualları elmi şəkildə cavablandırıb, əsaslandıra bilsə, ona minnətdar olaram. çünki özümüz deyib, özümüz eşitməklə deyil, dünya da buna inanmalı və bizim dediklərimiz təsdiqlənməlidir. Yoxsa, qeyri-ciddi təəssürat yaradırıq.