XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2015 - 10:31

Şeirlərinə bənzəyən şair….

MƏMMƏD TAHİR– 60

memmed.jpg

Məmməd Tahir Naxçıvan MR Kəngərli rayonunu Xok kəndində anadan olub. 1977-ci ildə Naxçıvan Dövlət Pedaqoji Universitetini bitirib.

1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

“Vətən məni qınama”,”Yurdum-and yerim”,”Yaz nağılı”, “Yol ver keçim dünya səndən”,”Könlüm came qapısı”,”Bir azdan Günəş doğacaq” və rus dilində “Den koqda ya vernus” şeir kitablarının müəllifidir.

1999-cu ildən təhsil sahəsində çalışır. Hazırda Bakı şəhər Təhsil İdarəsində işləyir.

Belə bir fikir var ki, şair kimlər üçünsə yazır. Bu fikir qismən ədalətlidir. “Kimin üçün yazırsız?” sualına böyük rus bəstəkarı İqor Stranviski cavab vermişdir: “özüm üçün və hipotetik alter eqo üçün yazıram”.

Hər şair ömrü boyu oxucu sevgisi qazanmağa can atır. Hardansa oxumuşdum, şair tanışlıqdan çox anlaşılmağa can atır. Belə şairlər öz dünyasına çəkilib sakit sükutla heç kəsdən təmənna ummadan iddia etmədən yazan şairlərdir.

Məmməd Tahir özünə sözünə güvənən şairlərdəndir. Onun şeirləri də özünə bənzəyir.

Sən özünə bənzə, özün ol ancaq,

Sən özün özünü sən kimi tanı.

Hər kəs yaradanın bir parçasıdı,

Canı yaradana tən kimi tanı.

İmzasını tanıyanda özünü tanımırdım. Məmməd müəllim təbiətə bağlı insandır, fəsillər onun könül evidir. Hər fəsildə düşdüyü şair ovqatına özünəməxsus köklənir:

Könlümdə bir qərib sevgi,

Sən üz döndərib gəlirsən,

Sən bir sevda cəngavəri,

Niqab endirib gəlirsən.

Gecənin yağmuru kimi,

Gözündə sevgi yaşları,

Başlar payızın küləyi,

Dən axtarar çöl quşları.

Məmməd Tahir sevgidə də iddasızdır. Yazdığı şeirlərdə tanrıya bağlandığı kimi, sevgisində də safdır, realdır:

Könlüm bir göz otaq kimi,

Hərdən gəl ki, sıxılmasın.

Vurulsa sənə vurulsun ,

Bölünməsin çıxılmasın.

Sən ömrümün güzgüsüsən,

Baxıram çat-çat görürəm.

ömür uçuq divar kimi,

Durub təzədən hörürəm.

Məmməd Tahir çox saf insandır. Şairin ömründə və sözündə uşaq təmizliyi, dünyaya uşaq baxışları var. Dili diriltmək, yeni obrazlar yaratmaq hər bir qələm sahibinin borcudur. Məmməd Tahir də bu məqam qarşısında özünü borclu sanır və bu borcun öhdəsindən gəlməyə ürəklə xidmət edir.

Hər kəs bir yolun yolçusu,

Hərə bir yuvadan çıxır.

Hər kəs özüylə döyüşür,

Hər gün bir davadan çıxır.

Qurdun yanında quzusu,

Bacadan yetir ruzusu,

Yeni söhbətin mövzusu,

Ya sudan, havadan çıxır.

Dərddən dolubdur ürəyi,

Qançır olubdur kürəyi,

Müsəlmanın duz-çörəyi

Allaha duadan çıxır.

A.S.Puşkin deyirdi: “Xalqın tarixi şairə məxsusdur”. Məmməd Tahirin şeirlərində zaman güzgü kimi görünür. Zamanın ağrısı, acısı şairin ürəyini ox kimi dəlib keçir.

Gecələr

İçimə yağan qara bax,

Qara.

İçimdə yara

Qarabağ.

Sızıltısı

Gecələr yatmağa qoymur.

Giziltisi

Baş qatmağa qoymur.

Bu dərd o qədər böyük ki,

Kölgəmə sığmır.

Bu yük

O qədər böyük yük ki,

ölkəmə sığmır.

Dünya götürüb çiyninə,

Amma yerə qoya bilmir.

Sahibini tanıya bilmir

Qarabağ,

Unudub sahibini,

Bu dərd o qədər dərin ki,

Kimsə görə bilmir dibini.

İçimdə yara

Qara bağ.

Gecələr

İçimə yağan

Qara bax.

Əbəs yerə deməyiblər hər kəs dilinin altında gizlənir. Məmməd Tahir oxucu ilə, ünsiyyəti şeirlərilə qurur. Onun zamana, həyata haqsız bütün etirlazları şeirlərində görünür.

Əl əkər,

Göz toxuyar.

Alov ilmələr,

Köz toxuyar.

Yamacda boz ləkə,

Gül üzündə toz ləkə.

ürəkdə yaradır.

Niyyətdə olsa

Qaradır.

Açıq yol-yolağa.

Dolaşıq söz

xoş gəlməz qulağa.

İlməyə düşsə

çözülməz.

Acısı çox,

Dözülməz.

Dünənə töhmət,

Bu günə qınaq.

Zamana göz dağı

Tarixə yamaq.

Bu haqsız dünyada hərə bir cürə dəyişdi. Adamları biraz cəmiyyət, biraz da dövran dəyişdi. Biraz da istər istəməz özümüz dəyişdik. Məmməd Tahir eyni xislətdə, eyni əqidədə qaldı. Əyilmədi, enmədi sözü bağrına basıb əzizlədi. Sözün başına pərvanə kimi dolanıb, quş kimi misradan-misraya, kitabdan-kitaba qondu.

Gündüzlər adam cildində,

Gecə ağacda yatıram.

Gözümdə bayquş yuxusu,

Gün olur, ac da yatıram.

Ovcumu açıb göylərə,

Göz yumub dua edirəm.

Mən ac quş, quru ağacı

Hər axşam yuva edirəm.

Məmməd Tahir ünsüyyətcil şairdir. O, müxtəlif vasitələrlə, dünyayla, zamanla, daşla, ağacla ünsiyyətə girir və bu qarşılıqlı ünsiyyətdən uğurla çıxır.

Bəzən razılıqdı, bəzən etiraz,

Gah dolaqda saxla, gah da dildə tut.

Nə payız tanıyır, nə qış, nə də yaz,

Hər fəsil ürəkdən göyərir sükut.

Şair hara üz tutursa tutsun yenə də özünə qayıdır, özü də sözüdür sözünə qayıdır.

Yağış damcıları budaqdan süzülür,

Fikir baxışlardan.

ürək qayğılardan qurtarır,

Bulud yağışlardan.

Hərdən ildırım çaxır,

İlan tək qıvrılır şimşək.

Sıxılır yumaq kimi,

çırpınır ürək.

Yağış qaranlığa yağır,

Qaranlıq gözümə.

Yağış torpağa qayıdır.

Mən özümə.

Məmməd Tahir haqqını almayan şairlərdəndir. çünki haqqı almağa haqqı var. Gərək haqq verən adamlarda bunu unutmasınlar. O həm də etibarlı dostdur. Sədaqəti də şeirə, sözə olan sədaqətindən doğur. üzü dönmür, haqqı itirmir. Təmənna unmur, kimə yanaşsa ürəyi ilə yaraşır, dili dualıdır.

Beləcə gəlib çıxdı 60 yaşına Məmməd Tahir. üzü ağ, alnı açıq, gəlib çıxdı ömrün bu yaşına. Hərdən üzünü ad gününə tutub söhbət elədi. Bir az sevindi, bir az təəssüfləndi, hərdən yeridi, hərdən yüyürdü, Yerdən ayrıldı, Göyə çıxdı:

Sənin ki, boyun bu qədərdi,

Bəs niyə ucadan gəlirsən.

Gedəndə sürünə-sürünə,

Gələndə bacadan gəlirsən.

Əllərin günəşin üzündə,

İsti içindən tökülür.

Bir kimsə tikməz sən tikəni,

Sən tikən yaxadan sökülür.

Nə qoruq-qadağa bilirsən,

Gedəndə uçurub gedirsən.

Sən yeri təzədən hörürsən,

Təzədən göy qurub gedirsən.

Bir günlük kəpənək kimisən,

Bir azdan nə varsa bitəcək.

Bir günlük sevgidə yaşadın,

Bu da bir həvəsdi ötəcək.

Məmməd Tahirin çox kitabları var, hamsı da stolüstü kitablarımdır. Amma “Bir azdan Günəş doğacaq” kitabı çox vaxt özümə yol yoldaşı ed
irəm. çünki bu kitab bütövlükdə şairin xasiyyətinə bənzəyir. Günəşli, təbəssümlü, işıqlı…

Onsuz da şairin yaşı olmur. Min dəfə demişəm indi də yeri gəlmişkən deyirəm:

çəkdiyi əzabına,

Tab gətirən sinədi,

Yaranışdan itirir,

Doğum adlı sənədi,

Şairin yaşı olmur…

İyunun 15-i Respublikamızda Milli Dirçəliş Günüdür. Sənin də doğum günün çox gözəl bir günə təsadüf edir. çünki, bu heç də təsadüfi deyil. Əsil vətəndaşsan, vətənpərvərsən, hər sətirində təpədən dırnağa milliliyə köklənmisən.

Yoluna, məramına, istəyinə həmişə Günəş doğsun dostum-qardaşım. 60-cı baharın mübarək!

Fərqanə Mehdiyeva

Ulduz jurnalının poeziya şöbəsinin redaktoru.