XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

12 Mart 2015 - 04:59

Şirvan aşıqlarının babası

12 mart aşıq Mirzə Bilalın doğum günüdür.

Aşıq Mirzə Bilal 1872-ci il mart ayının 12-də Şamaxının Qəşəd kəndində (Qəşəd kəndi hazırda Ağsu rayonunun ərazisinə daxildir) anadan olmuşdur. İlk təhsilini Molla Xasının məktəbində almışdır. Sonra isə Şamaxı şəhərinə gəlmiş və burada Azərbaycanın böyük maarifçi şairi Seyid Əzim Şirvaninin məktəbində təhsilini davam etdirmişdir. Seyid Əzimin məktəbində təhsil aldığı illərdə klassik şərq poeziyasını, ərəb və fars dilini öyrənmişdir. Şamaxıda təhsil aldığı illərdə Seyid Əzimin rəhbərliyi ilə fəaliyyət göstərən “Beytüs-səfa” ədəbi məclisinə qatılır, məşhur Şamaxılı mülkədar, xeyriyyəçi Mahmud ağanın tez-tez evində təşkil etdiyi şeir-sənət məclislərində iştirak edir. Mahmud ağanın evində təşkil olunan məclislərdə Əngəxaranlı aşıq İbrahimlə və el arasında “Şirvan bülbülü” kimi tanınan xanəndə Mirzə Məhəmmədhəsən ilə yaxından tanış olur. Aşıq İbrahimdən aşıq sənətinin sirlərini, Mirzə Məhəmmədhəsəndən isə muğamları mükəmməl şəkildə öyrənir. Bundan sonra el məclislərini idarə etməyə başlayır. Sonralar üzeyir bəy, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, aşıq Mirzə, aşıq Əsəd kimi məşhur sənət adamları ilə dostluq edən Mirzə Bilal 1928-ci ildə keçirilən Azərbaycan Aşıqlarının I Qurultayının iştirakçısı olur.

O, bir müddətdən sonra təkcə Şirvanda deyil, bütün Azərbaycanda tanınan və sevilən sənətkarlardan biri olur. Otuz beş ildən artıq sənətlə məşğul olmuş, onlarla ustad sənətkar yetişdirmişdir. “Pristavın əlindən” adlı şeirinə görə 1917-ci ildə həbs olunan aşıq, Azərbaycan Demokratik Cümhuriyyətinin qurulmasında da iştirak etmiş, ADR dönəmində Şamaxıda əmniyyət müdiri vəzifəsində çalışmışdır. Lakin sonralar el arasındakı nüfuzu və ADR dönəmindəki fəaliyyəti onun üçün başağrısına çevrilmişdir. Aşıq Mirzə Bilal 1937-ci il iyun ayının 17-də həbs olunur.

Dəli könlüm, heç ahu-zar eyləmə,

Hər iş qaydasında keçib gedəcək.
Dünyanı dördəlli qamarlayanlar,

Əcəl şərbətini içib gedəcək.

-deyən ustad aşıq elə həmin il noyabr ayının 26-da Q.B.Martirosovun qərarı və Sumbatovun göstərişi ilə “xalq düşməni” damğasıyla güllələnir.

Bəraət alması isə çox gecikir. Yalnız 1993-cü il oktyabrın 28-də Azərbaycan Respublikası prokurorluğunun qərarı ilə aşıq Mirzə Bilal Mustafa oğlu bəraət almışdır.

Aşıq Mirzə Bilalın yaradıcılığından bir örnək;

Gedəcək

Dəli könül, heç ahu-zar eləmə,

Hər iş qaydasında keçib gedəcək.

Dünyanı dördəlli qamarlayanlar,

Əcəl şərbətini içib gedəcək.

Qapında var olsa, süfrəndə aşın,

Dostların çoxalar, ucalar başın.

Bədbəxtlik üz versə, qohum-qardaşın,

Hərəsi bir yana qaçıb gedəcək.

Sirrini söyləmə vəfasızlara,

Xəyanət eyləyər əhdə, ilqara.

Yalançı dostunu çəksələr dara,

Sirrini aləmə açıb gedəcək.

İstər nökər olsun, istər hökmdar,

Dünyada hər kəsin ömür payı var.

Bir gün də gələcək Bilal dili-zar,

Bu fani dünyadan köçüb gedəcək.

Hazırladı: Namiq