XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

24 İyun 2016 - 18:52

Ələsgər Ələkbərovun haqqında “Alimin həyatı, yaradıcılığı və taleyi” adlı kitabın təqdimatı oldu –AMEA-da

elesger-elekberov

Bu gün AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Azərbaycanın görkəmli arxeoloq və etnoqrafı Ələsgər Ələkbərovun anadan olmasının 125 illiyi münasibətilə çap olunmuş “Alimin həyatı, yaradıcılığı və taleyi” adlı kitabın təqdimatı keçirilib.

İnstitutdan Strateq.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli bildirib ki, Ələsgər Ələkbərov XX əsrdə Azərbaycan arxeologiyası və etnoqrafiyasının əsaslarını qoymuş görkəmli insanlardan biri olub.

Akademik İ. Həbibbəyli vurğulayıb ki, bu baxımdan müəllifləri Tamilla Kərimova-Qocayeva, İlhamə Sadıqova və İdris Əliyevin olduğu “Alimin həyatı, yaradıcılığı və taleyi” adlı kitabın əhəmiyyəti olduqca böyükdür.

Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova  öz çıxışında Ələsgər Ələkbərovun həyatı barədə maraqlı  avtobioqrafik məlumatları qeyd etmiş, görkəmli  alim tərəfindən Azərbaycanda küp qəbirləri, qədim şəhər tarixi və d. tədqiqat mövzularının bünövrəsinin yaradıldığını, Azərbaycan arxeologiyasında və etnoqrafiyasında bir çox ilklərə imza atıldığını deyib: “O,  qısa bir müddətdə öz tədqiqatları ilə Azərbaycan arxeologiyasına və etnoqrafiyasına dəyərli töhvələr vermiş, gələcək tədqiqatçılar nəsli üçün əvəzsiz və zəngin məlumat bazasını miras qoymuşdur”. 

Daha sonra təqdimat iştirakçıları tarix üzrə elmlər doktoru, professor Hidayət Cəfərovun “Ə.Ələkbərov və Xocalı tədqiqatları” adlı məruzəsini dinlənilib.

H. Cəfərov öz çıxışında deyib Ələsgər Ələkbərov ensiklopedik bir biliyə sahib ziyalı olaraq, öz dövründə və müasirlikdə də dünyada tanınan İ.İ.Meşşaninov, T.S. Passek, B.A. Latının, B. Hroznı və d. bu kimi tarixçi, arxeoloq, paleolinqvist (qədim dillər üzrə mütəxəssis) alimlərlə birgə çalışıb.

Təqdimatda “Naxçıvan arxeoloji abidələrinin tədqiqində Ə.Ələkbərovun rolu” adlı məruzə ilə çıxış edən tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimli bildirib ki, sovet hakimiyyəti dövründə Naxçıvanda ilk elmi arxeoloji ekspedisiya məhz Ə.Ələkbərovun adı ilə bağlı olub.

Məruzəçi B. İbrahimli öz çıxışında Naxçıvanda arxeoloji tədqiqatlar zamanı Ə.Ələkbərovun üzləşdiyi çətinliklər, onun tətbiq etdiyi və dövrünü qabaqlayan tədqiqat metodları barədə söz açıb.

Təqdimatı keçirilən əsərin həmmüəlliflərindən biri, tarix üzrə fəlsəfə doktoru İdris Əliyevin “Ə.Ələsgərovun həyat və yaradıcılığı arxiv sənədlərində” adlı məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.

İ.Əliyev arxiv sənədlərinə əsaslanaraq Ə.Ələkbərovun 1918 – 1920 –ci illərdə ADR-in hərbi qüvvələrində xidmət etdiyini, sovet hakimiyyəti dövründə dərin biliyə malik alim olmaqla yanaşı, Vətənini və Xalqını sevən, tariximizin saxtalaşdırılmasınaqarşı etirazını bildirməkdən çəkinməyən şərəfli bir vətənpərvər ziyalı olduğunu qeyd edib.

Məruzələrin müzakirəsində çıxış etmiş Arxeologiya və Etnoqrafiya  İnstitutunun şöbə müdiri,  tarix üzrə elmlər doktoru Səfər Aşurov,  İnstitutun Həmkarlar təşkilatının sədri, şöbə müdiri, tarix elmləri namizədi Abuzər Ələkbərov,  Tarix İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhrəmov və digərləri tədqim edilən əsəri və müəlliflərin əməyini yüksək dəyərləndirərək, bugünkü Azərbaycan elminin məhz  Ələsgər Ələkbərov kimi insanların hesabına ərsəyə gəldiyini vurğulayıb.

Tədbirdə iştirak edən Ələsgər Ələkbərovun nəvəsi Nigar xanım Ələkbərova – Seyidzadə kitab müəlliflərinə, AMEA-nın,  Arxeologiya və Enoqraiya İntitutunun rəhbərliyinə öz minnətdarlığını bildirib.

Təqdimatda AMEA Arxeologiya və Etnoqrafiya İntitutunun, AMEA-nın digər institutlarının əməkdaşları, şöbə müdirləri, həmçinin, Azərbaycan – Almaniya Beynəlxalq Arxeoloji ekspedisiyasının həmrəhbəri, alman arxeoloqu, doktor Barbara Helviq də iştirak ediblər.