XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 March 2015 - 06:41

Bir şeirlik sevgi

Həsənov Tofiq Xasay oğlu: 1970-ci ilin 29 Avqustunda, Azərbaycanın Lənkəran roynunda dünyaya göz açıb..
Qafqaz – İslam universitetində müəllim işləyib, əruz vəznindən dərs deyib.
Qələmə aldığı yazılarına görə qısa zaman sonra işdən uzaqlaşdırılıb. Bir neçə kütləvi informasiya vasitələri ilə müxtəlif zaman kəsimlərində əməkdaşlıq edib, lakin bu əməkdaşlığını da uzun sürməyib.

Tofiq Həsənli imzasıyla şeirlər yazır. Strateq.az şairin bir neçə şeirini təqdim edir:

Bir şeirlik sevgi

Mənim bu sevgidən getməyim gəlir,
Göndər gətirdiyin baxışla məni.
Qayıtsam bilirəm bağışlayarsan,
Əyər qayıtmasam bağışla məni.

Yuxusuz ürəyim sənə yatmadı,
Dar gəldi bu geniş qəlbim də sənə.
Qəlbimi boşaltdım səninçün,amma,
Yer tapa bilmədim qəlbimdə sənə…

Gəlib taleyimə çıxa bilmədin,
Mən taleh yolumu azmışam demək.
Əyər bir şeirlik sevmişəm səni,
Səni də ömrümə yazmışam demək…

Səni sevənəcən tənha deyildim

Uzun saçlarına əlim də çatmır,
O qədər kiçilib xırdalanmışam.
ürəyim bulanır, başım hərlənir,
Deyəsən başına çox dolanmışam.

Sussaq-bəlkə bir az səadət dinə?
Bu eşqin baxtı nə, səadəti nə?
Mən sənin baxtına, səadətinə,
Qara ləkə salan ağ yalanmışam.

Sənə əyilmədim, sözə əyildim,
Söz olub, səninçün hər gün deyildim.
Səni sevənəcən tənha deyildim,
Səni sevən gündən tənhalanmışam.

Dözərəmmi görəsən?

Dəftərimə toxunmasan küsərəm,
Varaqlasan dözərəmmi görəsən?
Sözlərimi yollarına düzərəm-
Ayaqlasan dözərəmmi görəsən?

Kim ağlasın baxtımıza-ayrıyıq?..
Görüşmədən düşən bu nə ayrılıq…
Mən ağlasam, dözər buna ayrılıq,
Sən ağlasan dözərəmmi görəsən?

Əcəb düşdüm bu sevdayla bərkə mən.
Hüzurunda gəlsəm bir gün ərkə mən;
Yox, söyləsən, dözə bildim bəlkə mən,
Qucaqlasan dözərəmmi görəsən?

Yollar məndən keçir sənin yanına

üzdüm ayağımı yollardan daha,
Yenə yarıyolda qırıldı yollar.
Sevgi yollarında izimiz qaldı,
İzlərin boynuna sarıldı yollar.

Mənsiz də yaşaya bildin birtəhər,
Mənsiz də qapını döydü sözlərim.
Arxamca bir ovuc söz də tulladın,
Gəlib ürəyimə dəydi sözlərin.

Bu ölən sevginin qatili oldun,
özün ağla ona, özün yan ona.
Onsuz da yollardan keçmirəm daha,
Yollar məndən keçir sənin yanına.