XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

03 İyul 2015 - 07:34

Məmməd TAHİR: [color-red]Şeirlərinin qan qrupu Vətənin qan qrupu ilə üst-üstə düşən şair

O, öz şeirləriylə əkiz doğulub

Söz hər şeydən ucadı, təkcə Tanrıdan aşağıdı… Təsadüfi deyil ki, müqəddəs kitabımız “Qurani -Kərim” də bizlərə məhz söz şəklində gəlib çatıb. Biz onu söz şəklində oxumuşuq və qəbul etmişik. Bir kəlmə”OL” sözündən bu cümlə-cahan pərvəriş tapıb.

Nə vaxt ki, dərgahdan qovuldu şeytan,

Qurtara bilmirik suçdan, günahdan.

Beş kəlmə söz qalıb Xətai şahdan,

Qalan nə qalıbsa sözdən aşağı.

Bəli,o boyda Şah İsmayıl Xətainin taxt-tacından, xanədanlığından bizə miras kimi heç nəyi qalmayıb. Qalan ancaq sözləridir. Bir sözlə, Şah İsmayıl tarixdə şah kimi yox, şair kimi qalıb göründüyü kimi.

“Qurani-Kərim”də “Qələm”adlı surə var. Ulu Tanrı bir neçə şeyə and içir ki, onlardan biri də qələmdir. Ona görə də qələm çox müqəddəs sayılır. Qələmə xəyanət etməksə ən böyük günah hesab olunur.

Bu gün yaradıcılığından bəhs edəcəyim şair Məmməd Tahir də qələminə xəyanət etməyən şairlərdəndir. Onun bu günlərdə 60 yaşa gəlib çatdığını eşidəndə gözlərimə inanmadım, doğrusu. Hələ də uşaq məsumluğunu, uşaq təbiətini və gənclik görkəmini qoruyub saxlayan Məmmədi yaşca özümdən kiçik hesab edirdim. Sən demə, Məmməd məndən üç yaş da böyük imiş. Nə isə…

Şairin yaşı olmur əslində. Məmməd gözlərimdə hələ də 80-ci illər Naxçlvan ədəbi mühitində gördüyüm yaşdadı elə. Onu da deyim ki, Naxçıvan ədəbi mühitinin ən istedadlı nümayəndələrindən biridi Məmməd Tahir. Bəli, o, Naxçıvan ədəbi mühitinin Azərbaycan ədəbiyyatına bəxş etdiyi çox sevilən şairlərdəndir.

Mərhum ədəbiyyatşünas alim Arif Əmrahoğlu bu nüansı ilk görənlərdən, müşahidə edənlərdən idi: “Məmməd Tahir ədəbiyyatın və ədəbi prosesin yaşamasında rolu olanlardandır” Şərhə ehtiyac yoxdur sanıram.

…Və şair üçün çox əsas sayılan cəhətlərindən biri onun çəxsiyyətinin yazdıqları ilə üst-üstə düşməsidir. Necə ki, Məmməd Tahir şeirlərinə, şeirləri də Məmməd Tahirə çox bənzəyir. Daha doğrusu, ekizdirlər Məmmədlə şeirləri.

Şeirlərində fəlsəfi ruh, poetiklik, obrazlı deyim, sadəlik, səmimilik, dilin gözəlliyi daha qabarıqdır.

Sən gedəndən mənim könlüm

Pozulmuş sərhəd kimidi.

Gündəlikdə pis cavaba

Yazılmış qiymət kimidi.

Və yaxud:

Vəzni pozuq şeir kimi

Oxuyanda dilə yatmır.

Könlüm bir körpəyə dönüb,

Oyna, ovut, bələ, yatmır.

Başqa bir kiçik nümunə:

Sən ömrümün güzgüsüsən,

Baxıram, çat-çat görürəm.

ömür uçuq divar kimi,

Durub təzədən hörürəm.

Göründüyü kimi, Məmməd Tahir uçulub dağılmış ömrün çat-çat olmuş divarlarını durub təzədən hörən şairdi. Bu isə böyük ustalıq tələb edir. Daşı daş üstə qoymaq cilalamaq, yəni sətirləri, misraları, bəndləri elə düzmək ki, könül oxşasın və bir daha çat verməsin, əsl şairlik də elə budur. Məmməd Tahirin şeirlərində-hörgülərində çat yeri görünmür.

Mərhum şair dostum Akif Səməd deyirdi ki, şeir oxumaq ibadətdir, sevgidir. Mən də şeir yazmağın ibadət və sevgi olduğu qənaəti ilə dostumun bu fikrini təsdiq edirəm. Eləsə deyə bilərik ki, Məmməd Tahir 80-ci illərdən bu ibadət və sevgi ilə nəfəs alır.Bu gün gəlib çatdığı 60 yaşına da əliboş gəlməyib. Yeddi şeir kitabının müəllifidir. Və ən başlıcası özünəməxsus bir şairdi Məmməd-öz ifadə tərzi, öz üslubu ilə.

Hər payız durnalar kimi

Arana daşınır,

Köhnə filmlər kimi

Ekrana daşınır

Unutduğum adamlar.

Gözəl, poetik və obrazlı bir deyim…

“ört”adlı şeirinə baxaq:

Bu dünya yaman soyuqdu,

üstümə bir yorğan da ört.

Gündüzlər pəncərəmi aç,

Gecə gəl, ay doğanda ört.

Aparır alçı toxanı,

Şuçlayır baxan baxanı,

İndi ki,açdın yaxanı,

Barı,gəl mən baxanda ört.

Yollar silər izlərimi,

İllər qatlar dizlərimi,

Açıq qalan gözlərimi,

Qəmlər səni boğanda ört.

Fələk gəzir açıq-saçıq,

Fürsət düşüb, çıxır acıq,

Məzarımın üstü açıq,

Gözündən yaş yağanda ört.

Qan qruplara bölünür bildiyimiz kimi. Hər qan hər qana qovuşmur. “Şeirin də qan qrupu var” deyirdi mərhum şair, rəssam dostumuz Adil Mirseyid. Əgər doğrudan da şeirin qan qrupu varsa, Məmməd Tahir şeirlərinin qan qrupu B.Vahabzadə, M.Araz, M.İsmayıl, A.Səməd şeirlərinin qan qrupu ilə üst-üstə düşür. Və ən çox da bu xalqın, millətin, Vətənin qan qrupu ilə eynidi Məmməd Tahir şeirlərinin qan qrupu.

Sən yandıran o ocaqda

Yaşı qalır, quru yanır.

Az lilləndir bu dünyanı,

Lil süzülür,duru yanır.

Yalanı gizlənir şahdan,

Fərmanı gəlir Allahdan,

Balığın çəkdiyi ahdan

Balıqçının toru yanır.

Od tutur bağçası, bağı,

Enir yerə göy qurşağı,

Əyil, bax, bizdən aşağı

İsrafilin suru yanır.

Göründüyü kimi, suları lillənən dünyanın, balığının çəkdiyi ahdan toru yanan balıqçının taleyi səmimiyyətlə tərənnüm olunur. Məmmədin şeirlərində obrazlı deyimlər çoxluq təşkil edir. Məsələn:

Əlim əlinin üstündə,

Əlimə bir fürsət düşür.

Əlim keçibdi sərhəddi,

Əlimə cinayət düşür.

Və yaxud:

Gözlərin sevgidən sərxoş,

Hərdən qınağa tuş gəlir.

Yaylaqda qış havasısan,

Havan adama xoş gəlir.

Bu cür poetik nümunələrin sayını bir az da artırmaq olar. Lakin mən ədəbiyyatşünas deyiləm və Məmməd Tahir yaradıcılığı görkəmli tənqidçilərin, söz adamlarımız tərəfindən layiqincə qiymətləndirildiyindən bu barədə çox bəhs etməyi lüzum bilmirəm.

Ancaq şair dostumun , qardaşımın bu müdriklik yaşında – 60illik yubileyində sadəcə bir dost sözünə ehtiyac duydum. Məmməd böyük bir abır-həyanın, əxlaqın, tərbiyənin sahibidi. O abır-həyanın ucbatından hələ sovetlər dönəmində işıq üzü görəsi kitabı vaxtında çap olunmadı, ildən-ilə geri atıldı, gecikdirildi, Buna baxmayaraq M.Tahir ədəbiyyatımızda, poeziyamızda öz imzasını təsdiq etdirən şairlərdən biri kimi yadda qaldı, sevildi.Bu gün də çox sevilməkdədir.

60 yaşın qutlu olsun, qardaş! Yeni-yeni yaradıcılıq uğurları arzusu ilə!

KƏMALƏDDİN QƏDİM

21 iyun 2015

“Hürriyyət”