XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

07 İyul 2015 - 06:36

Türkçülükdə umacağımız, gözləntilərimiz, üzləşdiyimiz – Təhlil

Son çağlar türkçülüklə ilgilənənlər, eləcə də türkçülüklə uğraşanlar türkün minillik tarixini araşdırıb bir-birindən başqa (fərqli) sonuclar ortaya qoyurlar. Bu sonuclarda öyünməli çalarlar da var, təəssüfləndirici çalarlar da. Ancaq nə olursa-olsun, keçmiş keçmişdir, geridə qaldı. İndi öyünməli olayları da, enişə nədən olan olayları da öyrənmək, düşünmək, örnək götürmək çağıdır. Son minillik tarixdə türklüyün istər yüksəliş, istər eniş nədənləri doğru düşünülsə, ciddi uğurlara yetilə bilər. Araşdırdıqda görürük, türkün yüksəlişini ən çox fiziki olanaqları yetirib – hünər, döyüşkənlik, qorxmazlıq kimi keyfiyyətləri türkə üstünlüklər qazandırıb. Enişləri isə əsasən diplomatiyada uduzmağa bağlı olub.

Türkdə ulusal ruh güclüdür. Ancaq türk dövlətləri diplomatiyada uduzanda yabançı ideolojilər toplumun yaşamına girir, ulusal ruhu gücdən salır. Sonucda dövlətin yönətim quralları (idarəetmə sistemi) ulusallığa deyil, yabançılığa hesablanır. Belə olduqda isə içəridə kəskin ayrılıqlar başlanır, toplumla dövlət bir-birinə yad yaşamalı, çalışmalı olur. Bu, aparıcı dünya güclərinin hazırladığı bir siyasətdir – dövlətin öz içinə başının qarışması, başqa sözlə, hakimiyyətin toplumdan qorunması çabaları. Adını demokratiya qoyublar. Ancaq bu demokratiyanın ərəbləri nə günə qoyduğunu son çağlar hər birimiz izləmişik. İndi də bu dalğa daha amansız şəkildə türklüyün üzərinə yeriyir. Birinci aşamada başlıca yön türkün hər yerdə özgələşməyə (assimilyasiyaya) uğradılmasıdır. özgələşdirmə alınmayan bölgələrdə türkün soyqırıma yuvarladılması baş verir. Buna örnək çağımızda da yetərincədir. Baxın, Colan təpələri adlanan bölgədə, Kərkükdə, Mosulda, Güney Azərbaycanda, Doğu Türküstanda soyqırım olayları baş verir. Dünyanın aparıcı güclərindən bircə yol səs çıxmır. Əzənlər haqlı çıxarılır, qorunur. Bu dediyimizə də tarixi, eləcə də, çağdaş örnəklər çoxdur: minlərlə insanlarımızın qanı tökülüb erməniyə dövlət quruldu; minlərlə insanlarımızın qanı tökülüb yurdumuzun böyük kəsimi fars hakimiyyətinin zülmü altına alındı (türk hökmdarlığına son qoyuldu); minlərlə insanlarımızın qanı tökülüb kürd dövləti qurulur; minlərlə insanlarımızın qanı tökülüb Doğu Türküstan biryolluq çinləşdirilir. Bütün bunları görən, anlayan türk soyları, doğal olaraq, özümləşməyə meyl edir, yəni türklük faktoru şüurlarda ayağa durur. Bu gün bu gedişdən istər Batı, Avropa, istər Rusiya rahatsız olmaqdadır. Buna görədir, ABŞ-Avropa Azərbaycana Güney Qafqaz faktoru kimi yanaşır, şüurlarda da bu faktorun qabarmasına çalışırlar. İstənilən də budur: Azərbaycanın özü də bu təyinatdan qırağa çıxmağa çalışmasın, özünün, Güney Qafqaz faktorundan daha böyük olay olduğunu anlamasın. Bir sözlə, Azərbaycanda türk toplumunun düşüncəsi bütövləşməyə, böyüməyə yönəlib gəlişməsin. Sabah özü bir gücə çevrilib “gözdən uzaqlaşmasın” (nəzarətdən çıxmasın).

Bütün bunlara baxmayaraq, Batı dünyası Azərbaycanı bütövlükdə Qafqaz faktoru kimi sunmaq istəyindən də uzaqdır. Bu məsələdə üstünlüyün Rusiyaya keçməsi də istənilən deyil. çünkü bugünkü Azərbaycanın Qafqazın güclü faktoruna çevrilən Rusiyaya tən tutulması ağılalan məsələ deyil. Ancaq Güney Qafqaz faktoru kimi sunulanda Azərbaycan istər-istəməz Gürcüstanla, Ermənistanla eyniləşdirilir. Bununla da Azərbaycanın böyük türk faktoru olmasının (türk dünyasının bir parçası kimi) dərk olunması əngəllənir.

Bütün bunlara dayanıb demək olar, Azərbaycanın Rusiyanın yanında yer almasından Batının hansısa ciddi əndişə keçirməsi inandırıcı deyil. Sadəcə üzdə elə görsəniş yaradıla bilər. çünkü Batının iqtisadi, ideoloji, siyasi kökləri Azərbaycanda bu gün yetərincə dərinə boy atıb. Yəni Batı Rusiya ilə Azərbaycan uğrunda çəkişmədə (rəqabətdə) uduzmaqdan qorxmur. Ancaq böyük anlamda (insanlarımızın şüurunda) türkçülüklə çəkişmədə uduzmaqdan qorxur. Batı dünyası Azərbaycanın türk faktoruna doğru meyil etməsinin qarşısını almaq üçün hətta Rusiya ilə də anlaşmaya gedə bilər.

Bu gün sosial şəbəkələrdə türkçülüyə meylin çoxalması çoxlarını rahatsız edir. Ancaq diləyimiz odur ki, türkçülüyün arxası boş qalmasın. Bizi hər yerdə, türk toplumları olaraq, ideoloji boşluqlar hədələyir. Ortada görünən də odur ku türkçülük aydın bir plana, bəlli bir sistemə bağlı yürüdülmür. Bir yanda ayrı-ayrı dinlər, o biri yanda Batı demokratiyası düzgün araşdırılıb dərk olunmadığından ulusal kimliyə yamaq edilir, sonucda fikir ayrılıqları, nizamsızlıq, yetkinsizlik ulusal (milli) savaş üçün gücsüz, gələcəksiz ortam yaradır. Türklük kimliyinin nəyə dayanaraq ayağa durması, oturuşması olduqca önəmlidir. Dayanılacaq nəsnə ulusal gücmü deməkdir, yoxsa sonradan yenə yabançılığa açılan qapımı?! Burada bizim, Mütləqə İnam Ocağı olaraq, önərilərimiz aşağıdakı kimidir: ulusal-ruhani baxış sistemimizi öyrənərək, ulusal ideolojiliyi qatqısız oturuşdurmaq, yəni üzərimizdə ərəbçilik, farsçılıq basqısı yaradan dini, eləcə də vətəndaş qarşıdurması hazırlayan Batı demokratiyasını rədd etmək gərəkdir. Bu dönəmdə bunu düşünmək olduqca önəmlidir. Hər bir böyük yanlışlıqlar bizi, ulus olaraq, onilliklər dala atır, sonucda özgürlüyümüzü, bağımsızlığımızı itiririk…

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

Soylu Atalı

Mütləqə İnam Ocağının yükümlüsü

Od ayı, 37-ci il (iyul, 2015)