XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

08 İyul 2015 - 07:39

Nizami Göydərəli: “Sevgi yağışları yağıb başıma”

“Bilirdim ağacın, quşun dilini…”

Nizami Göydərəli (Nizami Salmanov) 1957-ci ildə Lerik rayonunun Göydərə kəndində anadan olub. 1983-cu ildə Baki Dövlət Universitetinin huquq fakultəsini bitirib, həmin vaxtdan bu günə kimi huquq-muhafizə orqanlarinda işləyir.

Erkən yaşlarından ədəbi yaradıcılıqla məşğul olan Nizami Göydərəlinin ilk şerləri orta məktəbdə oxudugu zaman rayon qəzetində dərc edilib. “Durna harayı” (1987), “Mən bir payız mahnısıyam” (2003), “Mən də uçacağam Tanrıya sarı” (2007), “Bu dünyanın qəmi əbədidir” (2014) və digər kitabların müəllifidir.

Polis polkovniki Nizami Göydərəli hazırda Polis Akademiyasında pedaqoji fəaliyyətlə məşğuldur.

Məni qoymadılar şair olmağa

Dünyaya ürəyi dolu gəlmişdim,

özüm yeridiyim yolu gəlmişdim,

Şerin, sənətin qulu gəlmişdim,

Məni qoymadılar şair olmağa.

Bilirdim ağacın, quşun dilini,

Torpağın dilini, daşın dilini.

Baharın dilini, qışın dilini,

Məni qoymadılar şair olmağa.

Başımın üstündə göylər, mələklər,

Ayağım altında əsən küləklər,

Böyrümdə, başımda ağ kəpənəklər,

Məni qoymadılar şair olmağa.

Quruldu məclislər, deyildi “tost”lar,

Mey ilə başımı qatdılar dostlar,

Yalançı iclaslar, yalançı postlar,

Məni qoymadılar şair olmağa.

Harda dərd gördülər, dərdə çəkdilər,

Həsrətdən gözümə pərdə çəkdilər.

Planlar qurdular, xəritə çəkdilər,

Məni qoymadılar şair olmağa.

Gəlişim dünyaya bir ağrı verdi,

Şair pasportumu tək Tanrı verdi.

özü dərgahına çağırıb verdi;

Məni qoymadılar şair olmağa…

Sənin gözlərin

Sənin gözlərinə baxa bilmərəm,

Sənin gözlərinin dəli vaxtıdır.

Sənin saçlarına əl uzatmaram,

Sənin saçlarının zəli vaxtıdır.

Başına döndüyüm, çəkil yolumdan,

Bu vədə günaha batırma məni.

Dəli gözlərini dikib üzümə,

Sevgi yagışında yatırma məni.

Burax, çıxım gedim, atam balası,

Mənim məsum-məsum gözləyənim var.

Burax, çıxım gedim, başım bəlası,

Mənim oğrun-oğrun söz deyənim var.

Sənin gözlərinə baxa bilmərəm,

Sənin gözlərinin dəli vaxtıdır.

Sənin saçlarına əl uzatmaram,

Sənin saçlarının zəli vaxtıdır.

Tanrı elçisi

(Dünya şöhrətli həkim, akademik Vaqif Rəhmanova)

Sən Tanrının qüdrətindən doğuldun,

Uşaq ikən xiffətindən doğuldun,

Naqislərə nifrətindən doğuldun,

Tanrı elçisi tək qalxdın göylərə.

çox vaxt çətin olub, keçdiyin anlar,

Səni dünya sevər, aqillər anlar.

üstünə gələndə xəbis nadanlar

Doğma evin kimi baxdın göylərə.

Əzablı yollarda ürəyin bişdi,

Əllərin qızıldı, beynin gümüşdü.

Tanrı sənə bir damla nur vermişdi,

Sən onu ümman tək yaxdın göylərə.

Biz gedərik, dünya qalan həyatdı,

Bizdən qalan bir əməldi, bir addı.

Tanrım səni öz elçisi yaratdı,

özün yer üzündə, taxtın göylərdə.

Qəlbin bir güzgüdür, düm ağ qar kimi,

Paksan, müqəddəssən arzular kimi.

özün çox sevdiyin yağışlar kimi,

Təşnə ürəklərə yağdın göylərdən.

Nəvəm

Günəş doğub evimizə,

Baharım, yazımdı nəvəm.

Tanrı pay göndərib bizə –

Oğlumdu, qızımdı nəvəm.

İşvəsini necə yozum,

Oyununu necə pozum?

Gecələr mələyən quzum,

Səhər avazımdı nəvəm.

Yaş gəlib bir az yaşıma,

Qaranlıq çökür qaşıma.

Mayakdı, çıxıb qarşıma,

Parlaq ulduzumdu nəvəm.

İşi-gücü hərəkətdi,

Hər addımı bərəkətdi,

Nə şirindi, nə nemətdi,

çörəyim, duzumdu nəvəm.

Tanrı verən pay, tikədi,

Şirin, yeməli kökədi.

Başı mənim tək yekədi,

Lap elə özümdü nəvəm.

Dünya

Biz gəlmişik, sənə qonaq

Sən gedirsən hara, dünya?!

Biz səndən nə istədik ki,

Geyinmisən qara, dünya?!

Başdan-başa bir oyunuq,

Sinən üstə iz qoyuruq.

Sən çobansan, biz qoyunuq,

Verdik sənə bala dünya.

Soyuqsan dağda qar kimi,

Əzabsan arzular kimi.

Alıb səni bir nar kimi,

çırpam divara dünya.

Görünmür ucun, bucağın,

İnsanlardır oyuncağın,

Dərdi – sərin yığın-yığın,

Könlüm tək avara dünya.

Dərd daşıyan qarışqayıq,

Dağ boyda yüklər daşıdıq.

Sərvət üçün yarışdayıq,

Düşdük haldan-hala dünya.

Biz yuxu görüb gedirik,

Sən əbədi qal, a dünya!

Bağrımızın tellərindən,

Ocağını qala, dünya!

Sən güclüsən, bizə güc ver.

Bac alırsan, özün bac ver.

Mənə bir ömür də borc ver,

Gedək dübarə, dünya!

Sevgi yağışları

Gülləri qoxladım təzəykən, tərkən,

Olmadı gözümdən yayınan, hürkən.

Belə ağarmazdı saçlarım erkən,

Sevgi yağışları yağıb başıma,

Sevda yağışları yağıb başıma.

Heç kim eşitmədi mənim səsimi,

Boğdum istəyimi, boğdum hissimi,

Alışıb yananda mən Kərəm kimi,

Sevgi yağışları yağıb başıma,

Sevda yağışları yağıb başıma.

ürəyim ağrıdı vaxtından qabaq,

Ayağım altında alışdı torpaq.

Gözümdən çıxanda cüt qoşa bulaq,

Sevgi yağışları yağıb başıma,

Sevda yağışları yağıb başıma.

Uşaqkən uçurdum, qanadlı quşdum,

Qanadım çıxmamış yuvamdan uçdum.

Anadan mən şair doğulmamışdım,

Sevgi yağışları yağıb başıma,

Sevda yağışları yağıb başıma.

Durnalar dalınca baxmazdım belə,

Qatarlar dalınca qaçmazdım belə,

özüm öz evimi yıxmazdım belə,

Sevgi yağışları yağıb başıma,

Sevda yağışları yağıb başıma.