XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 July 2015 - 12:37

İşıqlı dünyaya gedən yolun bələdçisi – Əjdər Ağayev

Əjdər müəllimi Azərbaycan toplumu yaxşı tanıyır. Yurdumuzun taleyinə biganə olmayan, az-çox təhsil görmüş hər kəs onun çoxşaxəli fəaliyyətindən xəbərdardır. Bu üzdən onu özəl olaraq təqdim etməyə gərək qalmır. Əjdər müəllim pedaqogika sahəsində çağımızın ən böyük Azərbaycan alimidir. Əjdər müəllim pofessordur, jurnalistdir, nasirdir, publisistdir, təhsil ekspertidir…

Lakin o, həm də oxucunun qarşısına şair kimi çıxır. Həm də necə?! Sevən insan, duyğusal qələm adamı, sinəsi yaşamaq və yaşatmaq eşqi ilə dolu olan, ürəyi insanlara və insanlığa sonsuz məhəbbətlə döyünən, yurduna qırılmaz mənəvi tellərlə bağlı, tarixinə ibrətlə, sabaha inamla baxan illərin sınağından çıxmış, müdrikləşmiş şair kimi!

Rabindranat Taqor “Ədəbiyyat dünyanı insan qəlbinin işığı ilə nurlandırdı” deyirdi. ömər Xəyyam “Əsl yazar xalqı qaranlıq dünyadan aydınlığa aparan bir insan olmalıdır” yazırdı. Belinski isə söyləyirdi ki, “Şair həqiqəti sübut etmir, şair həqiqəti göstərir”.

Əjdər müəllim öz şair kimliyində məhz bu 3 böyük şəxsin demiş olduğu özəlliyi cəmləşdirib. Onun şeirləri qəlbinin dərinliklərindən qopan işıq yarpaqlarıdı, oxuyanın içini nurlandırır. O, qaranlıq dünyadan işıqlı dünyaya gedən yolu göstərir. Bu yol, sevgi yoludur. Yaradana və yaradılana sevgidir, dünyaya və dünya gözəlliklərinə sevgidir, insana və insanlığa olan sevgidir. Və nəhayət, o, Belinskinin dediyi kimi “həqiqəti sübut etmir, həqiqəti göstərir”. Bu həqiqətsə, elə onun özüdür, daha dəqiq desəm, özündədir. Bu həqiqət 7-dən 77-yə qədər gəldiyi zəhmət dolu, mübarizə dolu həyat yolu və bu uzun yolun sonucu olaraq onun varlığının halal ömür yolunun timsalına çevrilməsidir. Sübut etdi ki, yedəkdə olmadan da, kimsənin ətəyindən tutmadan da, yalnız Tanrıya güvənərək və içindəki tükənməz inama sarılaraq ömrün zirvəsinə ucalmaq, halal bir yaşam yolunun örnəyini yaratmaq olar. Onun təqdim etdiyi həqiqət budur.

Hər hansı bir şair haqqında danışarkən, onun şeirlərinə şərh vermək fikrindən uzağam. Şairin şeirinə şərh verdiyin an, şeiri öldürmüş olursan. 7 rəngin yüzlərlə çaları olduğu kimi, şair sözünün də bir neçə məna çaları olur. Qoy oxucu özü hər misraya öz zövqünə, öz dünyasına, öz ruhuna və öz sevgisinə uyğun anlam versin, oxusun, duyğulansın, qanadlansın, sevsin və sevilsin. Axı, Hüseyn Cavidin dediyi kimi “Hər kəsin öz eşqi, öz ilahı var”! Digər tərəfdən Əjdər müəllim hər kəsin anlaya biləcəyi, Əmir Teymur demişkən, “sadə, el dilində” yazır. Əjdər müəllimin şeirlərini oxumaq istəyən oxucu onun şeirlərindən hər misranın neçə-neçə məna çalarını asanlıqla duya biləcək. Bu məqamla bağlı Kamyunun da indicə yadıma düşən bir sözünü xatırlamaq yerinə düşər: “Aydın yazanların oxucuları, qaranlıq yazanların şərhçiləri var”.

Əjdər müəllimin Atəşin imzası ilə yazdığı poeziya örnəkləri, onun oxucusuna olan atəşin salamları, sayğıları və sevgiləridir.

Yeni şeirlər kitabı çapa hazırlanan Əjdər müəllimin şeirlərini oxuduqca işığınızın artdığını hiss edəcəksiz, çünki onun şeirləri işıqdan doğulur. Əjdər müəllimin şeirlərini oxuduqca, ürəyinizin dərinliklərindən bir sevginin boylandığını duyacaqsız. çünki onun şeirləri sevgidən yaranır. Və nəhayət onun şeirlərini oxuduqca içinizdə yeni bir gənclik enerjisinin boy atdığının şahidi olacaqsız. çünki şair müdriklik yaşında olsa da, onun poeziyası tükənməz gənclik enerjisindən qaynaqlanır.

Bir də ki, şairlərin yaşı olmur axı. Şair elə hər zaman bir yaşdadı; şairlik yaşında – Əjdər müəllim kimi!

Yaxınlarda yayımlanacaq şeirlər kitabında Əjdər müəllimin təkcə şeirləri ilə deyil, həm də maraqlı esseləri və dünya ədəbiyyatından etdiyi tərcümələrlə tanış olcaqsız. Təkcə tanış olmayacaqsız, həm də axtardığınız misraları və deyimləri tapacaqsız. “Sanki ürəyimi oxuyub, yazıb”-deyəcəyiniz misralara rastlanacaqsız.

Bu yazıda böyük insanların mövzuya uyğun yadıma düşən sözlərindən örnək gətirdim. Keçdiyi ömür yolu, yaşam tərzi, yaşadıqları və yaratdıqları ilə adını böyüklər cərgəsinə yazmış Əjdər müəllimin “İz”essesində dediyi bir sözlə yazımı bitirmək istəyirəm:

“Aqillər, iz salmaq gözəl haldır – deyiblər. İnsanlar çətin keçilən yerlərdən, aşılmaz dağlardan, hündür təpələrdən, suyu qurumuş dərələrdən iz salıb keçməyi cəsurluq sayıblar. Həyatda, qəlbdə-könüldə, yeridiyi yolda belə izi olmaq təqdirəlayiqdir –deyiblər. İz var ki, kiminsə izi olaraq qalır, iz var ki, arxasınca gələnlər onu cığıra çevirir”.

Əjdər müəllim yaşam və fəaliyyəti ilə silinməz və pozulmaz iz salıb artıq. Bu iz yüzillərlə arxadan gələnlər üçün cığıra çevriləcək, mayak kimi qurtuluş və yüksəlişə aparan yolu göstərəcək.

İziniz və Sözünüz qutlu olsun, Əjdər müəllim!

Namiq Hacıheydərli