XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

09 İyul 2015 - 08:45

Mətləb Ağa: “Ədalət Ağaoğlunun ən gözəl qəzası”

1996-cı ildə avtomobil qəzasında ağır xəsarət alması ucbatından iki il xəstəxanada yatıb müalicə olunan və bundan sonra Can Yücelin “Sən Türkiyənin ən gözəl qəzasısan” sözləri ilə şərəfləndirdiyi Ədalət Ağaoğlunun sayca ikinci romanı “Fikrimin incə gülü” öz adını əsərin qəhrəmanı Bayrama sevgilisi Kezbanın hədiyyə verdiyi valdakı mahnıların birinin başlığından alır.

Türk ədəbiyyatında “ilk yol romanı” sayılan və birinci nəşri 1976-cı ildə reallaşan “Fikrimin incə gülü”nün müəllifi xanım Ağaoğlu 1929-cu ildə Ankaranın Nallıxan rayonunda doğulub, ədəbi həyatına şeir yazmaqla başlayıb.

“Fikrimin incə gülü” romanının dərci böyük səs-küyə səbəb olmuş, bu kitaba görə Ağaoğlu 1981-ci ildə “Türk Silahlı Qüvvələrini təhqir etmək və hörmətdən salmaq” ittihamıyla məhkəməyə verilmiş və kitabın dördüncü nəşri hələ çapdaykən yığılıb qadağan edilmişdi.

Hansı ki, artıq 12 sentyabr 1980-ci ildə Türkiyə Sılahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Kənan Evrənin (9 may 2015-ci ildə vəfat edib) rəhbərliyi ilə Türkiyədə hərbi çevriliş baş vermişdi.

Roman iki il sürən məhkəmə prosesindən sonra bəraət almış, Ədalət Ağaoğlunun digər yazılarına və məhz bu romanın çapına qoyulmuş maneə aradan qaldırılmışdı.

Kitabın hərbçilərin qəzəbinə belə tuş gəlməsi ordan qaynaqlanırdı ki, yazıçının əsas surəti Bayram gələcəkdəki alçaq hərəkətlərini yönləndirən vicdansızlığını ilk dəfə məhz orduda əsgərlik dövründə qazanmış, oradakı sürücülük illərində siyasətçilərə qarşı təzyiqlərə şahidlik etmiş və özü də bu təzyiqlərdə iştirakçı olmuşdu.

“Fikrimin incə gülü” bir də “Sarı Mersedes” olaraq Türkiyə, Fransa və Almaniya ortaqlığıyla Tunc Okanın rejissorluğunda ekran variantına sahiblənmişdi.

Xanım Ağaoğlu müsahibələrinin birində romanının ekran variantının “Sarı Mersedes”lə tanıdılmasının heç də doğru olmadığını və rejissorun əvvəllər film barədə aralarında razılaşdıqları dörd bəndlik anlaşmaya əməl etmədiyini deyib, Okanı o ki var qınamışdı.

Ancaq “Fikrimin incə gülü”ndən fərqli olaraq, “Sarı Mersedes”də Bayramın yol boyu o məşhur mahnını səsləndirməsini eşitmirik və yəqin ki, elə bu səbəbdən də Tunc Okan filmin romanla adaş olmasına ehtiyac görməyib.

Bu həmin Tunc Okandır ki, 1974-cü ilə qədər aktyorluq edib, “Avtobus” filmi ilə rejissorluq kürsüsünə oturmuş, lakin uzun illər “Avtobus”un Türkiyədə göstərilməsi qadağan edilmişdi. “Avtobus”da kəndlərindən başqa heç bir yeri görməmiş bir dəstə kəndlinin bir qaçaqmalçı tərəfindən avtobusla qaçaq işçi qismində, Stokholma gətirilib, orada pasportlarını və pullarını əllərindən aldıqdan sonra qaçaqmalçının qaçıb aradan çıxmasından və həmin vəziyyətdə bu biçarələrin başlarına gələnlərdən danışılır.

çəkilişləri 1992-ci ildə tamamlanmış “Sarı Mersedes”in əsas qəhrəmanını İlyas Salman canlandırır. Şablon “mənfi-müsbət” rakursundan yanaşsaq, bu kadrlarda mənfi rola girmiş İlyas Salmanı digər baxdığım filmlərində həmişə saf və sadəlövh surətlərdə gördüyümdən Bayramı qəbul etmək mənim üçün əvvəl bir az çətin oldu.

“Sarı Mersedes”dəki ifasını Salmanın aktyorluğunun zirvəsi hesab edənlər çoxdur və yəqin ki, onlar heç də yanılmırlar.

Bayram 1993-cü ildə məşhur aktyora Ankara film festivalında “Ən yaxşı kişi oyunçu” adını da qazandırıb.

Film nədən danışır? Bayram adlı bir türk gənci Münhendə, “BMW” zavodunda montaj ustası işləyib, yeməyib-içməyib üç illik qazancına sarı (bal) rəngli bir “Mersedes” alıb, bu səbəbdən də “Balqız” adlandırdığı avtomobili ilə bir yaz günü Almaniyadan doğma yurduna, Əskişəhərin Ballıhasar kəndinə qayıdır və bu qayıdışın Bolqarıstan sərhədindən kəndlərinə qədər yeddi saat sürən hissəsi Bayramın iyirmi beş il əvvəldən başlayan keçmiş xatirələri və hazırda başına gələnlər şəklində gözlərimiz qarşısında canlandırılır.

Bayram vicdanını, insanlığını, kişiliyini, şəxsiyyətini, sevgisini bahalı bir avtomobil almaq üçün qurban verir və hesab edir ki, bütün bu itirdiklərini həmin avtomobilin ona gətirəcəyi şöhrətlə geri qaytaracaqdır.

Uşaqlığında çox çətinliklər görmüş, əmisi Rüstəmin himayəsində bir qarnı ac, bir qarnı tox yaşamış Bayramın uşaqlıq günlərinin birində “Ford” markalı bahalı bir avtomobillə kəndlərinə gəlmiş bir siyasətçinin hamı tərəfindən böyük hörmətlə qarşılanması onun gələcək həyat yolunun istiqamətini müəyyən edir. Bayram düşünür ki, belə bir avtomobil sahibi olsa, hər kəs ona hörmətlə yanaşacaq, cəmiyyətdə sayılıb-seçilən biri olacaqdır. Bu fikirlə də, əlinə imkan düşən kimi kənddən qaçır, şəhərdə müxtəlif işlərdə çalışır, bir gün orada uşaqlıq dostu İbrahimə rast gəlir, onun Almaniyaya getmək üçün növbəyə yazılmasını və getmə növbəsinin yaxınlaşmasını öyrənir, bu aralar İbrahimin qohumlarına baş çəkmək üçün kəndə getməsindən istifadə edib, laboratoriyada onun sağlamlıq raportunu dəyişdirərək, İbrahimin növbəsinə yiyələnib avtomobil sahibi olmaq xəyalıyla Almaniyaya yola düşür. Bu aralarda şəhərə gəlib Bayramla görüşən, ondan sevgi və qayğı gözləyən Kezbana da arxa çevirir, avtomobil almaqdan ötrü yığdığı puldan qəpik-quruş xərcləyib şəhərdəki görüşlərində Kezbana bir çay və ya bir simit almağa belə qıymır, əvəzində Kezban özü ona simit alır, Bayram hesab edir ki, nə vaxtsa Almaniyadan qayıdanda Kezban onun dəbdəbəli avtomobilini görüb ayaqlarına səriləcəkdir.

Kezban Bayramın İbrahimə qarşı elədiyi alçaqlığı eşidənə qədər ona sədaqətini qoruyur, onu sevir, bu xəbər ona çatanda isə daha dözmür və onu istəyən bir balıqçıya ərə gedir. Bayram isə bu vaxt Almaniyada Solmaz adlı yüngüləxlaqlı bir qadınla öz “Mersedes”inin arxa oturacağında kefini sürür, yolda, Yalova bərəsində olarkən avtomobilinə arxalanıb bir sarışın qadınla da münasibət qurur, Solmazla olduğu kimi həmin qadına da avtomobilinə oturar-oturmaz hücum çəkib qucaqlayır, qadınsa onun bu vəhşiliyini gördüyündə qışqırıb maşından düşür və Bayram bütün gəmidə biabır olur. çünki, Bayram elə fikirləşirdi ki, bahalı avtomobilini və dəbli geyimini görər-görməz bütün gözəl qadınlar ona vurulacaq.

Buna görə də, Türkiyə sərhədində polislərin və gömrük işçilərinin onunla adi bir insan kimi davranmasını görüb çaşır, sarı “Mersedes”ini görənlərin ona hörmətli bir zat kimi yanaşacağına dair qurduğu xəyalları alt-üst olur.

Bayram bu illər ərzində o qədər rəzilləşib ki, Türkiyəyə gələn Solmazı da avtomobilinə yük olmasın deyə aldadır, vədələşdikləri yerə gəlib onu götürmür, Almaniyada ona hörmətlə yanaşıb, hətta onu Solmazla tanış etmiş Vəlinin Türkiyə yolunda avtomobiliylə qəzaya düşməsini görsə də, dayanıb Vəliyə və onun ailəsinə heç bir köməklik etmir.

Şossedə Solmaz Vəlinin avtomobilində “Mersedes”in yanından ötüb keçərkən avtomobilin pəncərəsindən “Sən də kişisən?!” deyə Bayramı lənətləyəndə qəhrəmanımız onunla arxa oturacağdakı münasibəti ilə qürurlanıb “Sən mənim kişiliyimi b
ilirsən!” deyə özünə təsəlli verir və rəzilliyini bu kadrla bir daha isbatlayır.

Bununla kifayətlənməyib, bu yeddi saatlıq səfər boyunca davranışı ilə dəfələrlə özünü çətin vəziyyətlərə salır, insanlarla yerli-yersiz mübahisələr edir, bir yük maşınının təkərlərinin altından çıxan daş avtomobilinin şüşəsini çatladandan sonra həmin yük maşınının sürücüsünü saxlayıb hədələyir, ondan çatlayan şüşəyə görə pul ödəməsini istəyir və mübahisə zamanı döyülür. Baxmayaraq ki, özü naşı sürücülüyü ilə neçə dəfə digər avtomobillərə qəza şəraiti yaradır.

Kəndlərinə çatar-çatmaz Bayram yoluna çıxan kombaynla möhkəm toqquşur və sarı “Mersedes”i tanınmaz hala düşür. Artıq kənddə lovğalanmaq və hamıya yuxarıdan aşağı baxmaq xəyallarından məcburən əl çəkən Bayram rastlaşdığı gənc çobandan kəndlərinin başqa əraziyə köçürüldüyünü öyrənir, bu gənc çoban Bayramı tanımayıb etdiyi bütün alçaqlıqları onun sifətinə çırpır, əmisi Rüstəmin bir həftə əvvəl “Bayram” deyə-deyə öldüyünü, Bayramın İbrahimə xəyanət etməsini kənddə hamının öyrəndiyini və İbrahimin atasının Bayramın bu alçaqlığına dözməyib ölməsini, İbrahimin arvad-uşağının da bu səbəbdən pis günlər yaşamasını, Kezbanın ərə gedib artıq hamilə olmasını bildirir, bu zaman Bayram özünü müdafiə etməyə çalışır, gənc çoban:- “sənin kim olduğunu bir yerdən öyrənəcəyəm, salamat qal” söyləyib ayrılır və Bayramsa dörd yol ayrıcında çarəsiz, yazıq bir halda, dəmir yığınına çevrilmiş avtomobili ilə bir yerdə heykəl kimi donub qalır.

Əlindən gələni, bacardığını sərvət (“Mersedes”) qazanmağa sərf etmiş və buna görə də bütün mənəvi dəyərlərə tüpürmüş Bayramın əhvalatı məhz belə də qurtarır, buna Bayramın sonu da demək olar – bir vaxtlar Bayramı sevdiyi üçün onun yolunda ölməyə belə razı olan Kezban, yeganə doğması-əmisi, kişiliyi və ləyaqəti birdəfəlik yox olur və lap axırda, uğrunda vicdanını büsbütün xərclədiyi sarı “Mersedes”dən də ona dəmir topasından başqa heç bir şey qalmır.

Beləcə, itirilmiş vicdan gec də olsa, hər halda layiqincə öz cavabını bir yığın əzik-üzük dəmir parçası formasında geri qaytarır.

Kim nə deyir desin, Bayramın vicdansızlığına ən ədalətli və ən adekvat cavab da elə bu idi və yəqin ki, ibrət götürməyə dəyər.