XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

10 İyul 2015 - 04:46

Fərqanə Mehdi: “İndi şairləri güllələmirlər, ac saxlayırlar” – Müsahibə

“Şair Allahın köməkçisidir”

“Strateq.az” saytının müsahibi şair, publisist Fərqanə Mehdidir.

Müsahibimiz haqqında arayış:

1964-cü ildə Salyan rayonunun Ərəbqardasbəyli kəndində dogulub. Bakı Mədəni Maarif Texnikumunun rejissorluq fakultəsini və ADPU-nun filologiya fakultəsini birtirib. 1981-ci ildən respublika mətbuatında müxtəlif səpgili yazıları ilə çıxış edir.çəkdiklərim mənə bəsdi”(1999), “Deyirlər sirindi dünya” (2003), “Payızın yanında gözlərsən məni” (2006), “İkimiz darıxsaq” (2012) adlı şeir kitablarının müəllifidir. Fərqanə Mehdi hazırda “Ulduz” jurnalında poeziya söbəsinin redaktorudur.

– Günaydın Fəranə xanım! Necəsiz? Yaradıcılıqda nə kimi yeniliklər var?

Aydınlıq içində olasınız. Necə olduğum kənardan görünür. Şükür Allaha sağ-salamatam. Amma əhvalımla razılaşmadığım anlar da olur. Necə deyərlər :
“Zəmanə havamı elə çaldırır
Qalxıb oynayıram əsəbim ilə…”
Yaradıcılıq da həmişəki kimi öz qaydasıyla gedir. “Şeirin ucbatından” adlı şeirlər kitabımı çapa hazırlayıram. Bu il yaradıcılıq uğurlarım daha çox olub. Ən yaxşı şeir müsabiqəsinin qalibi olmuşam. 5 iyun “Beynəlxalq Şairlər Günü”ndə “Mikayıl Müşfiq” mükafatına layiq görülmüşəm.

– Fərqanə Mehdi hazırda hansı qayğılarla və arzularla yaşayır?

-Qayğısız deyiləm. Səhhətimlə bağlı arabir Təbrizə gedirəm. Bu yaşa kimi fikir verməsəm də, indi sağlamlığımı qorumağa çalışıram. Arzular sonsuzdur. Hər gün “Qarabağ alındı” xəbərini həsrətlə gözləyirəm, əsgər anasıyam. Oğlumun hərbi xidmətdən gəlməsini gözləyirəm. Xəyalımda oğluma elçi gedirəm. Toy əhval-ruhiyəsinə köklənirəm.

– Gözəl arzulardı. Tanrı diləklərinizə qovuşdursun. Son zamanlar yeni şeirlərinizi görmürük. Yazıb saxlayırsız, yoxsa, yaradıcılığınızda durğunluq var?

-Yaradıcılığımda bir müddət durğunluq oldu. Yeni şeirlərim var. Bu yaxınlarda “Azərbaycan” jurnalına və “Ədəbiyyat qəzeti”nə təqdim edəcəyəm.

– Sizcə, bu gün Azərbaycan şairi öz sözünü deyirmi?

-Azərbaycan şairi zaman-zaman öz sözünü deyib. çünki şair zamanın güzgüsüdür:
Qoyur ümidləri, qoyur, ac qoyur,
Bir dəli sevdanı yalavac qoyur,
Elə bil başına dünya tac qoyur,
Şairlər dünyanın dərdini çəkir.

Təpədən dırnağa sevgi səsidir,
Vətən dəlisidi, el dəlisidi,
Elə bil Allahın köməkçisidi,
Şairlər dünyanın dərdini çəkir.

Amma şair bəzən öz dediyi sözü özü eşidir. Gözəl şairimiz Kəmaləddin Qədimin belə bir şeiri var: “Bu xalqın şairi olmaq çətindir”. Dəyərli şairimiz Ramiz Qusarçaylı da deyir ki: “İndi şairləri güllələmirlər, İndi şairləri ac saxlayırlar.” Qəşəm Nəcəfzadə isə belə yazır:
“İndən belə şeir vaxtı deyil ki,
Qoy bu şeiri yazan ölsün, ay Vətən”

Gənc, istedadlı şair İntiqam Yaşar isə:
“Bu şəhər yağışı neylər, İlahi
Gözündən qəm yağır adamlarının”

Fərqanə Mehdi də yazır ki:
“ümidi susuz satdılar,
çəkib düpbədüz satdılar,
Torpağı ucuz satdılar,
Papağı baha “kişilər”.

və yaxud;
“Yesin ürəyini, ölsün acından,
Tək sözə söykənsin ehtiyacından,
Edam kötüyündən, dar ağacından
Gərək ayılmasın şairin başı.”

Namiq bəy, mən bu sadalamaların sayını artıra da bilərəm. Səncə, şair sözünü deyə bilirmi?

– Məncə, əminliklə “deyə bilir”-deyə bilmərəm. Nədən ki, bu örnəklərdə daha çox şikayət mötivi var və hədəf bəlli deyil… Cəmi 30-35 il öncə ucqar kəndlərdə belə kolxozçular, müəllimlər və digər insanlar yenicə çapdan çıxan şeir və hekayə kitablarını, romanları oxumaq üçün növbəyə yazılardılar. Bəzən bir nüsxəni 30 adam oxuyardı. Belə kitablar 20-25 min tirajla çıxardı və qısa müddətdə də alınardı. Hamı ədəbi mühit mənsublarının adını əzbər bilərdi. Bəs bu gün niyə insanlarımız kitab oxumur və niyə geniş oxucu kütləsi şair və yazıçılarımızı tanımır?

– Ən ciddi oxucuları hələ uşaq ikən öz evimizdə görmüşəm. Atam-anam yazıçı və şairlərin yeni çıxan kitablarını, ədəbi orqanların hər nüxsəsini böyük həvəslə oxuyardılar. çünki o zamanlar “Azərbaycan” , “Ulduz” jurnalları yüksək tirajla çıxırdı və evlərə çatdırılırdı. Düzdür, hətta qonşularımızdan da bu kitabları bizdən alıb oxuyanlar olurdu. Yazıçı və şairlərin sözünü deməyə böyük meydanı vardı. Onda vaxt da məhdud deyildi. İndi ədəbi orqanlar elə tirajla çıxır ki, müəlliflər ancaq özləri oxuya bilir. Bu gün hamının başı öz ehtiyacına, gündəlik qayğılarına qarışıb. Sovet dövründəki kimi ədəbiyyatın təbliğati güclü deyil. Elə istedadlı şair və yazıçılarımız var ki, onları xalq tanımır. Xalq, şairini hardan tanıyar? Televiziya kanallarından! İndi televiziyalarda ancaq bayağı verlişlərə çox yer verilir. Şoular xalqa meydan oxuyur. Gör nə qədər haqq-ədalət itib. Azərbaycan televiziyasında, İctimai kanalda, Mədəniyyət kanalında və s. milli dəyərləri qoruyan verilişlər yayımlanır. Belə verlişlərin sayı çox olsa, əlbəttə xalq bu gün şair və yazıçısını tanıyar. Bir də indi Sovet dövründə olan senzura yoxdur. Kim istəsə kitab çıxarır. üzü yaraşıqlı kitabların sayı-hesabı yoxdur. Amma bir həqiqət də var ki, kitab oxumaq istəyən harda olsa tapıb oxuyur. Məsələn, o gün bazarda bir orta yaşlı qadın köşkün arxasında Markesi oxuyurdu. Deməli, hələ oxucu var. “28 may”da “Kitab evim”də keçirilən imza günləri təsdiqləyir ki, kitaba qayıdış var. Bölgələrdə çox istedadlı yazarlarımız var. Cəlilabadda yazıçı Meyxoş Abdullahı, şair-alim Bilal Alarlını, Əlirza Həsrəti, Salyandan Zabil Pərvizi, Bərdədən Dədə Telmanı, Gəncədən Bahadur Fərmanı, Aləmzər Əlizadəni, Dərin Mehdini, İnqilab İsaqı, Rübaili, Aydın Murovdağlını niyə xalq tanımasın? Niyə ciddi yazarlarımızın çoxu televiziya ekranlarında görünməsin? Ədəbi aləm bir-birini əzbər tanıyır. Amma böyükdən tutmuş kiçiyə kimi xalq öz yazarını tanımalıdır.

– Daha bir şey soruşmaq istəyirəm. Sovet dönəmində yaxşı bir ənənə vardı; yaşlı nəslin istedadlı gəncliyə arxa olması, “uğurlu yol” arzulaması və onlara hərtərəfli dəstək olma ənənəsi. Bu gün tanıdığımız bir çox yaşlı yazarlarımız var ki, onlar özləri də bir zaman kimlərinsə himayəsi ilə ayaq açıb, yeriyiblər. Bəs bu gün niyə yoxdu bu ənənə?
– Əslində, gənclərə “uğurlu yol” diləmək orta və yaşlı nəslin öhdəsinə düşür. Yaşlı nəslimizə də vaxtilə “uğurlu yol” diləyənlər olub. Məncə, bu gün də o ənənə davam etdirilir. Neçə istedadlı gəncə işıqlı yol açanlar olub. Gənc ədiblər məktəbi buna canlı nümunədir. Nə qədər o məktəbdən istedadlı gənclər yetişdi. Əslində qələm adamına öz istedadı cığır açır. Xalq şairi Fikrət Qocanın neçə-neçə gənc şairə “Ədəbiyyat” qəzetində “uğurlu yol”una rast gəlmişəm. Bu ənənə bu gün də davam etdirilir.

– İllər keçəcək, biz tarixi təftiş etdiyimiz kimi, bizim də zamanımızı təftiş edəcəklər. Sizcə, gələcək nəsillər bizi ən çox nədə günahlandıracaq?

-çox şey görüb, az danışmağımızda , nəyəsə qurban getdiyimizdə, haqsızlıqlara göz yummağımızda, tərifə layiq olmayanı normadan artıq təriflədiyimizdə, Müşfiqin;
“Şairəm söyləyir yerindən duran
Adamın üzündə haya gərəkdir.”

-şeirini unudub, gecədən səhərə, səhərdən günortaya, günortadan axşama yağış yağandan sonra çıxan göbələk kimi şairciklərə əl çalmağımızda və s. Günah birmi, ikimi? Amma zaman gələcək, bütün həqiqətlər üzə çıxacaq. çünki ən gözəl hakim zamandır.

– Oxuculara, insanlarımıza, ədəbi gəncliyə demək istədiyiniz nəsə varmı?

Oxuculara deyərdim ki, heç vaxt kitabdan ayrılmayın. Nə qədər internet bolluğu, sosial şəbəkələr dəbdə olsa da, bir vərəq kitabı əvəz eləmir. Şairin, yazıçının ümid yeri oxucudur. Onlar həmişə öz oxucularına arxalanıb, güvənirlər. Oxucu yazarın güzgüsüdür. Oxucuların gözü həmişə o güzgünün üstündə olsun, onu toz basmağa qoymasınlar. İnsanlar bir-birlərini qorusunlar. Xoş sözlə, isti münasibətlə, bol salamla bir-birlərinin könüllərini oxşasınlar. Bir-birlərini sevsinlər. Səmimiyyət olan yerdə həyat var. İstedadı danmasınlar. Adamlar bir-birinə paxıllıq etməsə, uğuruna sevinsə, insan ömrü birə beş artar. çox istedadlı ədəbi gənclik yetişir. Gənclər özlərindən böyüyə hörmətlə yanaşsınlar. çox iddialı olmasınlar. Yaradıcılığa canları, qanları, ürəkləri ilə bağlasınlar. Heç bir titul , heç bir mükafat şairə, yazıçıya istedad vermir. İstedad Allahın bəxş etdiyidir. Allahın verdiyinə sədaqətli olsunlar. çox oxusunlar, öyrənsinlər. Demək istədiyim nəsə də qaldı. Qaraca oğlan demişkən: “Desəm öldürərlər, deməsəm ölləm” (gülür). İbrahim İlyaslı da deyir ki : “Mən bir söz bilirəm.”

Əyər, deyəcəklərimin hamısını desəm şeirə nə qalar? Sağlıq olsun!

Bir də gənclərə demək istəyirəm ki, yaradıcılıqlarını davam etdirməklə yanası kənarda öz işlərini qursunlar. çünki ədəbiyyatın çörəyi yoxdur…

-Sonda bir bənd şeirinizi deyin. Sözümüzü şeirlə bitirək. Şeirdə xeyir var…

– Misra göyərdirəm, ətim, qanımla,

Payız buludu tək bosallam, dollam.

Seirin ucbatından ölən canımla,

özüm öz evimdə kirayə qallam…

Söhbətləşdi: Namiq Hacıheydərli