XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 July 2015 - 08:46

Nəsrin Ərbil: “Tənha ulduzlu bir səma yuxusu” – Şeirlər

Nəsrin Ərbil İraq türkmən ədəbiyyatının ən ünlü nümayəndələrindən biridir. O, 1939-cu ildə Ərbil şəhərində doğulub. Ailəsi türkmən elinin tanınmış ailələrindən biridir. Atası Atallah Rəşid Ağa, anası kərküklü İzzə paşanın qızıdır. öncə Bağdadda təhsil almış, ingilis, türk və ərəb dillərini öyrənib, sonra isə 4 il Höte Universitetində təhsil alaraq alman dilini öyrənmişdir. Hazırda Bağdadda yaşayır.

Nəsrin Ərbilin şeirlərindən ikisini oxuculara təqdim edirik.

Yaralı quş

Biz də torpağında yetişən

Bir sünbülün dənələri idik.

Dəli kimi küləklər,

Diyar-diyar

Məmləkət-məmləkət payladı bizi.

Keçdi neçə-neçə fəsillər,

Dörd rəng içində

Arzularım,

Dəmir çərçivənin içində unudulub.

Bir aslan ehtirası,

Xıncım

Babamın gümüş qılıncının dəstəyində

Tozlanıb.

Gah yanıb bir sönür,

Tənha ulduzlu bir səma yuxusu

işıqlandırır dərdlərimizi.

Bir gün,

Uzaq bir diyardan

Yaralı bir quş gəldi.

Halsızdı, yorğundu, nəfəssizdi

“Onu gördüm” dedi.

“Sənin üçün ağlayırdı,

Yarası var çaylar qədər,

Dərdi var dağlar dolusu,

Sənə salam göndərdi.

Torpaq ətirli,

Ana kimi isti bir salam”.

Sonra can verdi yaralı quş.

Canlanan əməlimə,

silkinib təmizləndi illər,

tozlanmış xatirələrdən.

Və qabardı aslan ehtirasınız.

Paslanmış dəmirlər arasında,

Şaha qalxdı qəzəbim.

Babamın gümüş qılıncından,

çaylar daşdı yol verdi.

Genişləndi dostluğu unudan dar yollar,

Gərildi döyüş ellərinin yayı,

Düz Kərkükə, Erbilə kimi…

İki şəhər

İki şəhər tanıyıram,

Candan bağlı,

ürəkdən dağlı.

Bir qızıl körpü ilə,

ürəkləri bir–birinə bağlı.

Biri maviliklər içində,

Digərinin yanır üfüqləri.

Gecələr onları boğmasa,

Günəşli günlər görəcəklər.

Görəcəklər ümidli işıqların,

Doğuşunu.

Şəfəqlə bərabər,

Silinəcək ağrılar,

Xilas olacaq iki şəhər,

İlğımlı ümidlərə doğru qaçmaqdan.