Nə vaxtdır ki, Xeyirxahlıq və Şər haqqında yazmaq istəyirəm.
Onların mahiyyəti barədə…
Bu ərəfədə “Tibet ölülər kitabı” haqqında oxuduqlarım, bu istəyimi bir az da qüvvətləndirdi.
Eramızın VIII əsrində yaşamış bir buddist hind sufisi olan Padma-Sambhava tərəfindən ərsəyə gətirildiyi deyilən 49 bölümlük bu “Tibet ölülər kitabı”, əgər insan gələcək həyatında bu dünyada yenə insan olaraq doğulmaq istəyirsə, öləndən sonra cəhənnəmə düşmək və yaxud heyvan olaraq doğulub ortalarda dolaşmaq istəmirsə, onun hazırki həyatında xeyirxahlıq etməsininin vacibliyini, yaxşı insan olmalı olduğunu” deyir.
Məqsədi ölmüş insana o dünyadakı yolçuluğunda bələdçilik etmək olan bu kitabın gəldiyi yekun nəticə bundan ibarətdir.
Təsadüfi deyil ki, Tibetdə həm də “jhator” (quşlara verilən ehsan) adlanan, bizə olduqca qorxunc görünən dəfn adəti, oradakı digər dəfn adətlərindən (“Səma dəfni”) daha geniş yayılıb.
Bu adət ölənlərin meyitlərinin onların yaxın adamları tərəfindən dağlıq bir əraziyə aparılmasından, hissələrə bölünərək quşlara (kərkəslərə) verilməsindən ibarətdir.
Tibetli fikirləşir ki, o öləndən sonra son olaraq bir kərə də xeyirxahlıq etmək imkanına malikdir. Artıq ruh tərəfindən tərk edilmiş, adi bir ət parçası olan cəsədlə ac quşları axı bir dəfə də olsa, yemləmək, doydurmaq mümkündür.
Müqayisə üçün deyim ki, antik Misir “ölülər kitabı” da “Tibet ölülər kitabı” ilə eyni məzmunun daşıyıcısıdır.
Yəni antik Misir kitabında da ölüm baş verəndən sonra insan ruhunun o biri həyatda çətin bir sorğulanmadan keçməsindən, insanın vicdanlı olub-olmamasının bu sorğulanma (psixostazi) zamanı böyük əhəmiyyət daşımasından və ölümdən sonra baş verən bu vicdani hesablaşmanın ardından bəzi ruhlara yenidən həyata qayıtmaq imkanının tanınmasından söhbət gedir.
Amma antik Misirdə insanlar öldükdən sonra onları öz istəkləri ilə mumiyalayırdılar və beləliklə, bu o demək idi ki, insan yeni həyat üçün öz bədənini qorumağa çalışır…
Yenidən həyata gəlmək üçünsə yaxşı olmalısan…
Deməli, bu nöqtədən etibarən Tibet insanının xeyirxahlıq barədə düşüncəsi antik misirlinin şüurundakı eyni anlayışdan kəskin fərqlənməyə başlayır.
Və bir də bu arada oxuduqlarımdan “Malleus Maleficarum” haqqında olanları da var…
Belə yazılır ki, amansız inkvizitor və katolik alman ruhanisi olan Henri Kramer (Heinrich Kramer) 1485-ci ildə zavallı bir qadına qarşı həyata keçirdiyi inkvizisiya məhkəməsində istədiyinə nail ola, o qadını cadugərlikdə təqsirləndirib yanar tonqala göndərə bilmir və bu uğursuzluğunu heç kimə bağışlamır.
Yeri gəlmişkən, o dövrün cadugərliklə əlaqəli digər bir kitabına görə isə inkvizisiya “dindən üz çevirənləri yenidən geriyə, dinə qaytarmaq və başqa tərəddüd edənlərin də dindən uzaqlaşmasına yol verməmək” səbəbiylə XIII əsrdə katolik kilsəsi tərəfındən yaradılıb.
Biz indi ona kilsə polis təşkilatı da deyə bilərik.
Beləliklə, Kramer həmin uğursuzluğunun baş verməsindən bir il sonra bu uğursuzluğundan doğan dəhşətli nifrətinin (Şərin) məhsulu olan “Cadugərlərin çəkicı” (latınca orijinal adı “Malleus Maleficarum”, ingiliscə “Hammer of the Witches”, almanca “Der Hexenhammer”, türkcə “Cadıların çekici”) kitabını ortaya çixarır.
Budur, Şər yenidən başqa bir yerdə, yeni bir cilddə doğulur və sürətlə yüksəlir…
Amma əslində, necə və nə baş verib:
Uğursuzluğun baş verməsi deyilən ildən bir il əvvəl, 5 dekabr 1484-cü ildə Papa VIII İnnokenti cadugərliyi asıb-kəsən, əslində isə insanlığa nifrət aktı olan bir fərman verir və bu fərmanla yanaşı iki nəfər inkvizisiya alim-cəlladına bu xüsusda geniş səlahiyyətlər tanıyır.
Bu həmin Papa VIII İnnokentidir ki, 1489-cu ildə, ХV əsrin ən məşhur kabbalistlərindən (kabbalizm – Yaradanın mahiyyətini dərk etməyə və varlıqların, insanın mövcudluğunun səbəbini anlamağa çalışan yəhudi mistikasıdır) olan italyan mütəfəkkiri Piko Della Mirandolanın “Fəlsəfə, kabalastika və teologiya barədə nəticələr” adlı əsərini “kafir və xəstə ağlın sayıqlaması” adlandırır və humanist alimə lənətlər yağdırır.
Görün, kim kimə nə deyir…
Bu lənətləmənin səbəbi də odur ki, Mirandola həmin əsərində insanı hər şeydən üstün sayır.
Bizim tariximizdə olan hürufilərin insana yanaşmalarının mahiyyəti də Mirandolanın buradakı mövqeyi ilə, təxminən, eynidir.
Nə isə… Hürufiliklə işimiz yoxdur.
Həmin alim-cəlladlar Jakob Sprenger və yuxarıda adı çəkilən Henri Kramer idi.
Onlar öz mənəvi ataları Papa VIII İnnokentinin etimadını artıqlaması ilə doğruldurlar.
Beləliklə, bu iki yaramaz Jakob Sprenger və Henri Kramerin birgə zəhmətinin nəticəsində 1486-cı ildə “Malleus Maleficarum” yazılır və 1487-ci ildə ilk dəfə Almaniyada Şpeyerdə nəşr olunur.
Əslində, maraqlı bir şey də baş verir burada:
Belə ki, yenicə kəşf edilmiş (artıq 1450-ci ildə H. Kramerin həmvətəni olan İohan Quttenberq metal hərflərdən istifadə etməklə kitab çapı texnikasını yaratmış, daha sonra çap dəzgahını icad etmiş, bundan istifadə etməklə Avropada ilk mətbəəni qurmuş və bu kəşfin “Qutenberq Bibliyası” adı ilə tanınan ilk dünyaca məşhur nəşrini, təxminən, 180 tirajla dərc etmişdi), əslində özlüyündə mütərəqqi bir icad olan mətbəə bu iyrənc kitabın geniş yayılmasını sürətləndirir, nəticədə bu kitab Atlantik okeanını da aşıb, Yeni Dünyaya, Amerika sahillərinə gəlib çıxır və burda da insanlığın faciəsinə səbəb olur.
Sözüm onda da deyil.
“Malleus Maleficarum” nəşr olunur və bundan sonra kilsə bu kitabı günahsız insanlara əzab-əziyyət vermək cəhdlərində öz masaüstü kitabına çevirir.
Hansı ki, bu kitab cadugərlik adı altında günahsız insanlara qarşı həyata keçirilən total qeyri-insani hücumu, dini və hüquqi cəhətdən əsaslandırır, “cadugərləri necə tanımaq və onları necə cəzalandırmaq olar” kimi sərsəm suallara sərsəm və dəhşətli cavablar verir.
Necə deyərlər: “Gedin və günahsız insanları öldürün”.
Şər dayanmadan irəliləyir…
Səbəb nədir?
Cəhalət, nadanlıq, xurafat ola bilərmi?
Bütün bu qəddar xüsusiyyətlərindən çıxış edərək, “Malleus Maleficarum”u dünya ədəbiyyatının ən qəddar və ən zərərverici kitabı”ı da adlandırırlar.
Yəqin, elə buna görə də dövrümüzdə National Geographic Channel tərəfindən bu mövzuda çəkilmiş sənədli film haqlı olaraq bu kitabı faşist Adolf Hitlerin “Mein kampf”ı ilə eyniləşdirir.
Bir kitab nələrə qadirmiş…
Bu kitab orta əsrlər xristian dininin himayəsində doğulur və Şərin yaddaş kitabı olaraq amansız, sırtıq və həyasız bir şəkildə qadınlara və ümumilikdə insanlara nifrəti təbliğ edir, onları alçaldır, nəticədə cadugər adı verilən bədbəxt bir qadına (əksərən kimsəsiz dul qadınlar olurdu, hər halda, tarixçilər bu yazıq qurbanların yüzdə yetmişinin qadınlar olduğunu yazır) işgəncə verilir, ondan cadugər
liyinin etirafı istənilir, o qadın da sonsuz işgəncələrə dözməyərək özünün cadugər olmasını deyir, bundan sonra isə, əlbəttə, kilsə öz istədiyinə çatır və o zavallı qadın günahkar elan olunub diri-diri yandırılaraq öldürülür. Əlbəttə, bu sorğu-sual zamanı həmin qadından cinayəti tək, yaxud başqaları ilə bir yerdə edib-etməməsi də soruşulur, bədbəxt qadın yenidən başlanan qorxunc işgəncələrə dözməyib cinayət ortağının (ortaqlarının) da olmasını etiraf edirsə, o digər qadını (qadınları) da asır, kəsir, suya atır, yandırırlar.
Bu zaman, heç bir şahidə və sübuta ehtiyac yoxdur. İşgəncə ver və sənə nə deməklərini istəyirsənsə, sənə nə lazımdırsa, bunu hesaba çəkdiklərinin boynuna qoy.
Bu prinsipə əsaslanırdılar.
Necə deyərlər, inkvizisiyanı təbrik etmək olar.
İntəhasız gücə malik olan nəhəng bir polis təşkilatı, Şərin nökərləri olan qoluzorlu kişilər zavallı bir qadını qarışqa kimi əzib keçir…
Bəşəriyyətin üz qarası…
Şər böyükdür!
İnanmırsınız?
Təbii fəlakətlər baş verirdisə, yəni sel daşır, yağan dolu əkin sahələrini məhv edirdisə, buna səbəb o bədbəxt qurbanlar sayılırdı.
Qadınlar doğmurdularsa, kişilər uşaq törədə bilmirdilərsə, inəklər süd vermirdilərsə, toyuqlar yumurtlamırdısa, baisi kimdir?
Əlbəttə, cadugərlər. Başqa sözlə, kasıb, yazıq dul qadınlardır.
National Geographic Channel iddia edir ki, təxminən, 200 il ərzində böyük bir Avropa coğrafiyasında tüğyan edən bu vəhşilik “Malleus Maleficarum”un yolgöstərənliyi ilə 40-60 min arası insanın qəddarlıqla öldürülməsinə səbəb olub. İnanmaq olar…
Sonra nə baş verdi?
Yavaş-yavaş bu alçaq, sərsəm və həyasız insanların ağlı başlarına gəlməyə başladı və “Malleus Maleficarum”un ideoloji rəhbərlik etdiyi vəhşilik XVII əsrin axırlarına yaxın, demək olar ki, sonuna çatıb dayandı…
Alçaq, sərsəm və həyasızmı?
Bəlkə, nadan?
Olansa olmuşdu…
Şər növbəti qələbəsini bayram edə bilərdi…
Burada yazını tamamlamaq istəyirdim.
Amma çoxdan olmuş, öz gözlərimlə gördüyüm bir əhvalatı da yazmaq istədim.
90-cı illərin əvvəlləri idi. Bakıda universitetdə oxuyurdum. Bir gün rayondan (Salyandan) avtobusla Bakıya gedirdim. Yolda şofer avtobusu saxlayıb sərnişinlərdən gediş haqqlarını yığmağa başladı. Qabaqdakı oturacaqların birində oturmuş lap qoca bir kişi isə yol pulunu vermədi. Sözsuz ki, imkanı yoxdu, görkəmi də, geyimi də buna şahidlik edirdi. Onun kimi qoca olmasa da, hər halda yaşlı bir adam olan avtobus şoferi ondan pul ala bilmədiyini görüb acıqla, “Bəs sənin pulunu kim verəcək, ay kişi” deyə soruşduqda qoca halını pozmadan, heç qımıldanmadan sakit bir səslə “Allah” dedi.
Və bundan sonra, gözləmədiyim bir hadisə baş verdi, avtobus şoferi sakitcə dönub getdi.
Yəqin ki, indi onların heç biri bu dünyada yoxdur…
Heç yadımdan çıxmır…
Bu əhvalatın üstündən çox illər keçib.
20 ildən də çox.
21 il, 22 il?
Dəqiq xatırlamıram…
Əslində, əhvalat kimi bu, çox kiçik bir əhvalatdır…
…Xeyirxahlıq və Şər haqqında yazmaq istəyirdim…