XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 July 2015 - 09:05

Altay Buragan: “Eyni yolun yolçusuyuq hamımız” – Şerlər

Artıq Strateq.az saytının təkcə Azərbaycanda deyil, bütün türk dünyasında izlənməyə başlandığını nəzərə alaraq ara-sıra türk dünyası ədəbiyyatından seçmələri təqdim etmək qərarına gəldik. Bir neçə gün öncə Türkmən eli ədəbiyyatından örnəkləri təqdim etmişdik. Bu dəfə isə çağdaş Kıbrıs ədəbiyyatının öndə gələn nümayəndələrindən olan Altay Burağanın şeirlərindən bir neçəsini təqdim edirik.

Altay Burağan 1951-ci ildə Kıbrısın Baf bölgəsinin Tabanlı kəndində anadan olub. İbtidai məktəbi doğulduğu kənddə, orta məktəbi və liseyi Lefkoşada bitirib. 1976-cı ildə Ege Universitetini bitirib. Həmin ildən Kıbrısda kənd təsərrüfatı üzrə mütəxəssis olaraq çalışmağa başlayıb. Hazırda Kıbrıs Türk Yazarlar Birliyinin İdarə Heyətinin üzvüdür. “Uçun quşlar, uçun barışa doğru” (1997), “Yaşasın dünya” (2000), “Bir içim Ağdəniz” (2003), “Yelkən açdım həsrətlərə” (2008) və s. kitabların müəllifidir.

Altay Burağan müntəzəm olaraq mətbuatda araşdırma yazılarla da çıxış edir.

Sayğı duyuram

Yaşatmaq üçün yaşayanlara,

Yaşama dəyər qatanlara,

Yaşamını ortaya qoyanlara

Sayğı duyuram.

Tutuşan könüllərə su,

Aclıq çəkənlərə aş,

Quruyan ürəklərə can verənlərə

Sayğı duyuram.

Adı qardaşlıq –

Qardaşın qardaşa

Dəstəyidi birlik.

Dostluğun,

Beyinləri sardığı nöqtədi yardımlaşma.

İnsanın insana,

Səbridir xoş baxış.

Yoxsuluyla, zənginiylə,

Eyni yolun yolçusuyuq hamımız.

Hər addımda birlik və yardımlaşma,

Bunun adı qardaşlıqdır;

çiyin çiyinə.

Yaşasın o sevda

ürəkdəki dərin yaraya,

üzdəki acı baxışa,

Gələcəkdəki qayğılara

Son verə bilirsə bir sevda;

Yaşasın o sevda!

Gələcəyə ümidsə sevda,

Sevgiyə dostsa, yoldaşsa,

çarpan ürəkdəki qan isə əyər;

Yaşasın o sevda!

Eşqi alovlandıra bilirsə,

Göz yaşlarını quruda bilirsə,

Yaşamdan

həzz aldıra bilirsə;

Yaşasın o sevda!

çevirən və təqdim edən: Namiq Hacıheydərli