Bu gün Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar müəllimin doğum günüdür.
Xalq yazıçısı Anar 1938-ci ildə iki böyük ədəbiyyat adamının – Rəsul Rzanın və Nigar Rəfibəylinin ailəsində dünyaya göz açıb. Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) filologiya fakultəsini bitirib. Anar müəllimin anası Nigar Rəfibəyli Azərbaycan Demokratik Cümhuriyyətinin ilk səhiyyə naziri, Gəncə şəhərinin general-qubernatoru Xudadat bəy Rəfibəylinin qızıdır. Atası – Azərbaycan sovet ədəbiyyatının görkəmli nümayəndələrindən olan Rəsul Rza Göyçayın məşhur Məmmədxanlılar nəslindəndir.
1987-ci ildən üzü bəri Azərbaycan Yazıçılar Birliyinə rəhbərlik edən Anar 1991-ci ildə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının ilk iclasının aparıcısı kimi də Azərbaycan tarixinə silinməz imza atmışdır. O, 1995-ci və 2000-ci illərdə Milli Məclisin deputatı seçilmişdir. Anar müəllim eyni zamanda bir sıra filmlərin, o cümlədən, “Sözsüz mahnı” (1972), “Evləri köndələn yar” (1982), “İmtahan” (1987), “Əlaqə” (1989), “Təhminə” (1993), “Otel otağı” (1998), “Cavid ömrü” (2007) və digər filmlərin ssenari müəllifidir.
Anar müəllim həm də yaxşı tərcüməçidir. O, Şekspirin “Fırtına”, B.Brextin “Qalileo Qaliley” pyeslərini, R.Taqorun “Bağban” mənsur şerlərini, A.Blokun, V.Mayakovskinin, S.Yeseninin, B.Pasternakın şerlərini dilimizə çevirmişdir.
Anar müəllim bir sıra dövlət və beynəlxalq mükafatların sahibidir. 1998-ci ildə 60 illiyi münasibəti ilə Azərbaycan Respublikasının ən yüksək mükafatına – İstiqlal ordeninə layiq görülmüşdür.
Bu gün -14 mart Anar müəllimin doğum günüdür. Bu münasibətlə hörmətli xalq yazıçımızı strateq.az saytı olaraq təbrik edir, ona yeni yaradıcılıq uğurları diləyirik.