XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 July 2015 - 09:56

Ayaz Arabaçı: “Mənə nağıl danışmağa nə var ki…” – Şeirlər

Ayaz Arabaçı 1967-də Gədəbəy rayonunun Arabaçı kəndində müəllim ailəsində doğulub. 1984-də Arabaçı kənd orta məktəbini bitirib. Təxəllüsünü doğulduğu kəndin adından götürüb. Orta məktəbdə oxuduğu illərdə şeirləri “Azərbaycan gəncləri” qəzetində, “Ulduz” jurnalında dərc olunmuş, radionun uşaq verilişlərində səsləndirilmişdir. Ali təhsilini başa vurandan sonra Təhsil Nazirliyində fəaliyyətə başlamışdır. Sonralar “İdrak” qəzetində baş redaktor, “Diplomat” nəşriyyatının direktoru, Ali Diplomatiya Kollecinin İcra Aparatının rəhbəri, “Xudafərin” jurnalının redaktoru işləmişdir. 5 şeir kitabının müəllifidir. 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Prezident təqaüdçüsüdür. çoxlu sayda ədəbi-bədii, publisistik və tarixi kitabların redaktorudur.

çəkir

Zaman ömrümüzü yun kimi didib.

Bizi bircə-bircə darağa çəkir.

Elə ki,kiminsə vaxtı yetişir,

Əzrayıl əlini yarağa çəkir.

Sübut var,atalar məsəli kimi,

Həyat nuş olunmur fəsəli kimi,

Pis gün ən sonuncu təsəlli kimi,

Axırda hamını arağa çəkir.

Anası madyannar neçə ki,çoxdu,

Mənim əsəbimin itləri toxdu,

Cırtdanın nağılda günahı yoxdu,

Qaranlıq adamı çırağa çəkir.

öpürəm,qucuram daşı yanıram,

Yanır ürəyimin başı, yanıram,

Görürlər,ortada yaxşı yanıram,

Hərə bir tərəfdən qırağa çəkir.

Can demə heç kimə bəli yerinə,

Sorurlar qanını zəli yerinə,

özünü qoyursan dəli yerinə,

Dost-tanış adamı qınağa çəkir.

Təzə qiyməti var,təzə salxımın

Səsi sonra çıxır mənim “çalqı”mın,

Başına dönərəm kasıb xalqımın,

“Yağlı”tikələri “qonağ”a çəkir.

çəkdiyin acılar dərs eləmirmi,

Qolunda qandallar səs eləmirmi?…

Bəndənin zülümü bəs eləmirmi…

Allah da bir yandan sınağa çəkir.

Adam

Dərdimi siyirməyə,

Yoxdu bir rəndə adam.

Adammı tapmaq olar,

Bu qatı çəndə, adam?

Ayaqları baş gördüm,

Nalə gördüm, yaş gördüm,

Adamdan çox daş gördüm,

Mən bu vətəndə, adam.

Gördüyüm divar ətdi…

Namus ətdi,ar ətdi,

Bir torba murdar ətdi,

O boyda təndə adam.

Əllində,yüzündə öl,

Sifətin üzündə öl,

Get çölün düzündə öl,

Gəl ölmə, məndə, adam.

Dərdin əlində yaxam…

Ucuz tutuldu baham,

Bəs deyirdin Allaham,

Nə oldu bəndə adam?..

Bir buz abidə kimi…

Bir buz abidə kimi durub sonuncu qatda,

Tanrı baxır gecənin aylı pəncərəsindən.

Mərmi kimi partlayır ürək köksümün altda,

Diksinirəm damdakı pişiklərin səsindən.

Yoxdu o xam xəyallar,atlanası,minəsi,

Pərdələmək gərəkir ürəyimdən keçəni.

Açılıbdı həsrətin iltihablı sinəsi,

Vecimə almamağa çalışıram gecəni.

ömrümü qayçı kimi kəsib töküb cəzalar,

Soyuq baxışlarını isit sonuncu kərə.

Gözümü çox qorxudub keçirdiyim qəzalar,

Paraşütlə enirəm daha xatirələrə.

Qollarımı qopardıb sürüyür sola-sağa,

Yolunu azıb gələn küləklərin fəryadı.

Bu axşam içimdəki boşluğu doldurmağa,

Nə şərab bəs eləyər,nə siqar,nə də qadın…

Bahar olmaq istəyin,adi romantikaydı,

çiçəklərlə bəzənmiş şabalıdı sətində..

Qabaqcadan bilirdik bu yay sonuncu yaydı,

çiçək bayramı olmur payız portretində.

Ayrılıq aramızda günlərlə susa-susa,

Hər iki ayağını soxmuşdu bir başmağa.

Bir bulud da yox idi,amma necə oldusa,

Gözlərimiz başladı yağışdan danışmağa.

Dönüb xatirələrə yaşanan hər gözəl gün,

Hər zaman qayıdırsa getmək heç də “get” deyil.

Nəhayət anladıq ki,məhəbbət bizim üçün,

Bəzəkli kağızlara bükülmüş konfet deyil.

İşlədib qurtarıblar hər cürə təşbehləri,

Bir gözəl karetaya qoşulan iki atdıq,

Uğur vəd eləmədi istixar təsbehləri,

Həsrətin mənzilinə eyni məqamda çatdıq.

ömrümü qayçı kimi kəsib-tökür cəzalar,

Soyuq baxışlarını isit sonuncu kərə..

Gözümü çox qorxudub keçirdiyim qəzalar,

Paraşütlə enirəm daha xatirələrə…

Sizin küçədi

Evlər sinəsində sətir-sətirdi,

Qovaqlar başında yaşıl çətirdi,

Dartıb ayaqlarım bir də gətirdi,

Bu sizin küçədi, sizin küçədi.

Dünən varlığımdı,bu gün heçliyim,

Burdan gəlin köçdü sevib-seçdiyim,

Hər gün qorxa-qorxa gəlib-keçdiyim,

Bu sizin küçədi, sizin küçədi.

Tanıyıb soruşdu kefimi, çatan,

Gımışdı görəndə qoca tumsatan,

Görüb öz-özünə deyindi atan,

Bu sizin küçədi, sizin küçədi.

Dedim heç olmasa dərdim dağılar,

Əksinə,oyandı köhnə ağılar,

Söz atıb gülüşdü cüvəllağılar,

Bu sizin küçədi, sizin küçədi.

Bu küçə ömrümün yaz vaxtı idi,

Onda gəncliyimin saz vaxtı idi

Könlümün-gözümün paytaxtı idi,

Bu sizin küçədi, sizin küçədi.

…nə var ki

Baxışların göy üzünə qurşaqdı,

Bir görməknən ağıl getdi, huş axdı,

Könlüm hələ nağıl gəzən uşaqdı,

Mənə nağıl danışmağa nə var ki.

Sevgi filan xam xəyaldı başımda,

ümid versən çiçək açar daşım da,

Aldanıram istənilən yaşımda,

Mənə nağıl danışmağa nə var ki.

Şeytan üzlü bir qocadan qaçıram,

Gah qapıdan,gah bacadan qaçıram,

Mən sualdan,tapmacadan qaçıram,

Mənə nağıl danışmağa nə var ki.

İstəyəndə məni tapır hər bəla,

ömrüm-günüm müsibəti -Kərbala,

Tənbəl Əhməd,Məlikməmməd,Nərbala,

Mənə nağıl danışmağa nə var ki.

Gözlərini dəniz bilib bataram,

Mənzilinə yetişməyən qataram,

Almaları gözləməyib yataram,

Mənə nağıl danışmağa nə var ki.

Adam adamı

Saxlar ürəyinin qızıl yerində,

Doyanda “mis”ləməz adam adamı.

Aparıb azdırmaz dumanda-çəndə,

Aldadıb sisləməz adam adamı.

Bu sevda ayrılıq donuna çıxar,

Bəxtdi də minindən onuna çıxar,

Sevəndə biryolluq sonuna çıxar,

Yandırıb hisləməz adam adamı.

Görüşə dağları yanıynan çəkər,

Hər yükü ruhuynan,canıynan çəkər,

Şəklini qəlbinin qanıynan çəkər,

Yalandan süsləməz adam adamı.

Barmaqlar bir həzin ney üstə küsər,

Dodaqlar küsəndə mey üstə küsər,

Bir dəfə bir ciddi şey üstə küsər,

Boş yerə “küs”ləməz adam adamı.

Sən mənə hər zaman gərəksən deyər,

Sevdiyim bu səssən, bu rəngsən deyər,

öpüb aradabir ürəksən deyər,

Həmişə pisləməz adam adamı.

Biz ən “qıl körpü”nün üstəyik,lap ən,

Bir ucunda mənəm,bir ucunda sən,

Mən ölə bilərəm sevindiyimdən,

Belə çox istəməz adam adamı.

Könlümün

çöldə min il yağsa nədi,kəssə nə,

öz dolusu,öz yağışı könlümün…

Ən günəşli bahar gələ çəkilməz,

Bundan belə qarı-qışı könlümün.

Göz yaşımdan torpaq dəmdi,səma dəm,

Mən bir eşqin şərabından dəm,Adəm..

Həsrətindən nalə çəkib dəmadəm,

Gecə-gündüz yanar başı könlümün.

Ha işlənib təzə qalıb ümidi,

İki kəlmə sözə qalıb ümidi,

Bir bükümlük bezə qalıb ümidi,

Nə zəri var,nə qumaşı könlümün

Mənim bəxtim başı üstə durubdu,

Haçan baxdım,hardan baxdım qürubdu.

Bir dilbilməz həsrət üstə qırıbdı,

Simlərini neçə naşı könlümün.

Köksüm altda alovlanar,qor-ahlar,

Biçər məni göyərdikcə oraqlar,

Uçub getmiş kəkliyini soraqlar,

Yetim qalmış dağı-daşı könlümün…

Ay vətən

Kimi gəldi mindirmisən dalına,

Xalça haqqı,palaz haqqı ay vətən.

Bir tikə də yanan yoxdu halına,

Bu ney haqqı, bu saz haqqı, ay vətən.

Nicat umma,qeyrətini boğandan.

Batırıblar günəşini doğandan..

Yüz illərdi fərqin yoxdu soğandan,

Min qış haqqı, min yaz haqqı, ay vətən.

Bizi niyə yad qucağa atıbsan,

Quru yerdə ahımıza batıbsan,

“Fil qulağı”otelində yatıbsan,

O toy haqqı, o yas haqqı, ay vətən.

Ərəbdəyik, farsdayıq, rusdayıq,

Mustafanı deyəmmirik,”mus” dayıq,

Biz yalandan and içməyə ustayıq,

Lap çox haqqı, lap az haqqı, ay vətən.

Kökünədək qaşımaram,qazmaram,

Bir yol tapsam hər dumana azmaram,

Mən heç səni istəməsəm yazmaram,

Murov haqqı,Kəpəz haqqı, ay vətən.

Hansı notun səadətin notudu,

öydüklərin heç bir şeyin otudu.

Hacıların, mollaların lotudu,

Keşiş haqqı, papaz haqqı, ay vətən.

Hər yetirən nişan alır “taqq”, səni,

Əzib keçib Araz boyda tank səni,

Minib-çapır neçə-neçə bank səni,

Yediyimiz qapaz haqqı, ay vətən.

Kəsmə görək ümidini Tanrıdan,

Azdan-çoxdan odu bizi yarıdan,

çıx deməknən donuz çıxmaz darıdan,

Oynadığın “topaz” haqqı, ay vətən.

Bircə sənsən birim-bircəm, axırda,

Heçə çıxır cəm üstə cəm axırda,

Mən özümü öldürəcəm axırda,

Həzrət haqqı, Abbas haqqı, ay vətən.