XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 July 2015 - 07:38

Xosrov Barışan: “Adımızı soruşsalar, mənim adım yalqızlıq” – Şeirlər

“Bu topraq topraq deyil, məni səndə quylamasa…”

Tanıtım: Xosrov Barışan 29 yanvar 1983-cü ildə Təbriz şəhərində doğulub. Orta məktəbi və liseyi doğulduğu şəhərdə bitirdikdən sonra Şəbüstər Universitetinin Dampərvəri (heyvandarlıq üzrə mütəxəssis) fakultəsində təhsil alıb. İlk şeirlərini orta məktəbdə oxuyarkən yazıb. Universitetə girdikdən sonra Şəbüstər şəhərinin Şeyx Mahmıd Şəbüstərli adına yaradıcılıq dərnəyinin fəal üzvü olur. Eyni zamanda “Aşina” adlı ədəbiyyat dərgisinin baş yazarı kimi fəaliyyət göstərir. “Yağış saniyəsi” adlı ilk şeirlər kitabı da burada çap olunur. O, təkcə şeirləri ilə deyil, eyni zamanda maraqlı hekayələrlə və tərcümələrlə də müntəzəm olaraq İran mətbuatında çıxış edir.

Bir sıra ədəbi mükafatlara layiq görülən Xosrov Barışan “Yaşar qələm Təbriz” adlı yayın evinin qurucusudur.

“Yağış saniyəsi”, “Mən sənə məcburam”, “Dünyamız danışanda”, “Dovşan”, “Gözəl quşum” və digər bir neçə kitabın müəllifidir.

çağdaş Güney ədəbiyyatın istedadlı nümayəndələrindən olan Xosrov Barışanın bir neçə şeirini oxucularımıza təqdim edirik:

Xosrov Barışanı soruşsanız…

“Xosrov Barışan”ı soruşsanız,

Oradan getdi, burasızlığa hər gün.

Yol yanğını bir yürüşü;

Ayaqları yerişinə ağır yükdür!

Ayaqları qırmızı həyəcan siqnalı!

Yeridiyi küçə,

İki nəfərlik yalqızlığı qədərdir.

Kim yazsa ünvanını qorxar!

Bir paradoks heykəlidir suallar bülvarında!

Eşiyi içini danar, içi eşiyini!

Qapananda qapılar,

Şeirlərində qaçaq;

Addımları tarixə quylanar.

“Xosrov Barışan”ı soruşsanız…

Səhər olsa,

Yuyar

Əl-üzünü ışıqla,

Və göyə sarı darar saçlarını.

Habelə ana qarnından ölümlə adaxlı,

Doğulandan şeir ilə evli,

ürəyi yumruğudur.

Sevməyi yumruğundan böyük,

Tutduğunda əli boşa gedər.

Boğular bütünlədəndə əskik yanını!

Könül verdiyi,

Fahişələrin bakirə kraliçası!

ölümdən qaçıb da şeir yazar.

Buludundan quş doğar, quşundan qanad!

Qəfəsdə uçmaq ən qırcanan sevgilisi.

Elə odlu öpüşər ki,

Söndürər bütün çıraqları.

İnciyəndə küsməz,

Yarım qalar.

“Xosrov Barışan”ı soruşsanız…

Qaranlıqdakı çığırmadır,

Bu umud oyan nəfəslikdə.

Quşquları tiğə ağzında yaşayar.

Telefonların dalısında gecə pıçıltısı;

Sevgilisini qarabasmalarda oğurladılar.

Hirsində vardır tütsüsü,

Tüstüsündə böyütdü ulduzunu,

Yuxusunu qurdu hirsində…

Və bir məktəbdir yuxuları,

Oxunulsa,

Diksinib, oyanar!

Bu günü dünəninə dustaqdır,

Dünəni bu gününə.

Gördükləri hər zaman yasaqdır yasaq…

“Xosrov Barışan”ı soruşsanız…

Hər sorununu,

Şeirlə çözməyi düşünür.

Ya da şeirin,

özüdür elə,

Heç bir qalibə sığışmaz.

özünə belə,

Dərd çəkər, dərd…

Yazdıqları naşirlərin,

Qazilərin çörək ağacıdır.

Yalqızlığı yoxluğu qədərdir.

Həyatı bir filimdir,

çəpik çalacaqsınız bitcək.

Gözlərin

Ən vəhşi

Canavardır gözlərin.

Yeyin qaçsam, yeyinlər,

Nə qədər qaçsam da,

Sonunda yaxalar adamı!

Ən islaq topraqdır gözlərin,

Bir ömür əvəz verilər;

Onda quylanıb

Yenidən göyərmək üçün.

Yəni gözlərin,

ölümün özüdür, sevgilim!

Leylaya

Adımızı soruşsalar sevgilim,

Mənim adım yalqızlıq,

Sənin adın gecə.

Gözlərin xəyanət vitrini olmasın, sakın!

Mən sənlə anlama çatar.

Sən məndə anlama çatar.

Bir bulud keçər qələbəliklər üzərindən,

O bulud mənəm.

Və ulduzlar xəlvət küçələrin addımlarından başlanar,

göydə sayılmaz.

Sirrlər səndən başlanar,

Məndə çözülməz.

Səni sevmək,

Suallara dalmaqmış demək!

özümü düşüncəmdən asıram.

Səndə hələ Leyladan Mövlaya çatacaqdım.

Getmə, sənsiz əksiyəm inan.

Sənin qızlığında,

Qızıllığında gecənin basılmışam.

Mən bir körpəyəm canım,

Sığal çəksən, böyüyərəm.

Ah…

Bir göyərçin olub uçsam gözlərində,

Göy utansa,

Yağış yağsa,

Yalnız islansa şairliyimin başmaqları,

Kəlmələrin gəlişində sürünsəm, sürünsəm…

ürəyim ağzıma gəlsə,

Ağlamadan ölümdən qaça bilsəm,

Şair olardım mən də.

Bu divar, divar deyil,

Məni səndən ayırmasa.

Bu topraq topraq deyil,

Məni səndə quylamasa.

Bu gediş, gediş deyil,

Şeir olub yazılmasa.

Şeir deyil ki bu yazdığım,

Söz doğrayıram nisgil doğramacına.

“Hər kəs sənə ulduz deyə

özüm sənə ay demişəm”.

Bir qurd olub ulayıram…

Təqdim etdi: Namiq