Bu gün kimlər kimlərdən yazır?
Mühitin o yanından, bu yanından, kənarından, divarından, tavanından, yaxşısından, yamanından, bir sözlə, olanından danışaq bir az da. Son dönəmlər ədəbi tənqid tənqidə tuş gəlməyə başlayır, deyəsən, “mübarək olsun!” -deyirik, yaxşı haldı (Mübarək deyəndə, taxtı devrilib aradan çıxarılan Misirdəki binəvanı demirəm). Qoy bu “tənqidi tənqid” aradan çıxmasın. Bir az bizim əziz qandaşlarımızın öz üzərində göz olmasını, nəzarət olunmasını sevən kimsələr olduğundan bu qənaətdəyəm. Tənqidimizin üzərində də bir əlavə tənqidin olmasının nəyi pisdir ki?! Bəlkə, ədəbiyyatşünaslıqda daha bir üfüq açılır. Bəlkə, buradan elə yeni meyllər, yeni cığırlar açılacaq. Niyə olmasın ki?! Qazanan biz deyilikmi, qazanan söz deyilmi, qazanan ədəbiyyat deyilmi?! Bircə tənqidçilərlə qələm adamlarının sərhədi itən kimi, tənqidlə yeni yaranan “tənqidi tənqid”-in sərhəddi itməsin…
Bu gün kimlər kimlərdən yazır?- sualı hamını maraqlandırmırmı? Əlbəttə maraqlandırır, amma maraq çox kiçik, elementar, ibtidai bir tərpəniş, fəaliyyət aktı deyilmi?!
Cənablar, xanımlar, (o biriləriylə bizim işimiz yoxdu, onlarla ciddi maraqlananlar onsuz da yetərincədi) bəs bizim inkişaf dediyimiz hardadı? Bu gün savad, mütaliə, ədəbi fikir etalonu etdiklərinizin ədəbi vicdan qıtlığı sizi sadəcə maraqlandırırmı? Heçmi narahat etmir?
Etməsin, nəyinizə lazımdır ki?! Hər halda bilməmiş olmazsınız ki, bu gün tənqidlə mətn arasındakı münasibətin bircə adı var ki, o, nə “şəxsi somakatdı”, “nə şəxsi maşındı”, “nə şəxsi təyyarədi”. Bunların hamısını sürətinin tozunda buraxan gözünə döndüyüm o “şəxsi münasibətdi”. Bir Tanrı bilir bu amansız vasitənin neçə “fil gücü” (at qüvvəsi deyil bilirəm ki. At qüvvəsi nəmənə şeydi bu zırılıtnın yanında) dartı qüvvəsi var.
Məncə, belə bir ideya ilə də çıxış etmək olar bu mübarək məqamda ki, artıq “Ədəbi tənqidin münasibət formaları” mövzusunda araşdırmalar aparılsın. Sizi inandırım ki, elə bu mövzunun içərisindən bir neçə qol ayırıb bir neçə il “tənqid çörəyi” yemək olar.
Məsələn, “Tənqiddə vodka münasibəti”, “Tənqiddə yağır olmuş qapı münasibəti”, “Tənqiddə qırmızı xətt münasibəti”, “Tənqiddə dayı münasibəti” və s. artırmaq olar.
özü də deyirlər, ədəbiyyatın çörəyi yoxdu. Bu, çörək olmayanda lavaşdımı, çörəkdi, özü də birinci növ buğda unundan… Nuş olsun…
İntiqam Yaşar