XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 March 2015 - 19:03

“Mənim şeirlərim Qarabağlıdı”

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun noyabrın 15-dən fevralın 1-dək vətənpərvərlik mövzusunda elan etdiyi müsabiqənin qalibi məlum olub. Bu, gənc şair Ruslan Dost Əlidir. Məlumatı Streteq.az-a şairin özü verib.

Hazırda Qazaxıstanda ali təhsil alan Ruslan iki gün sonra keçirilməsi nəzərdə tutulan təqdimat mərasimində iştirak edə bilməyəcək. Bunu özünəməxsus təmkinlə qarşılayan şair facebook səhifəsində hadisəyə “olsun, məncə, əsas uğur qazanmaqdır” statusuyla münasibət bildirib.

Şairi təbrik edir və ona qalibiyyət gətirən şeiri oxucularla bölüşürük:

daha sözlərimdə ləzzət gəzməyin,
daha sözlərimin tamı da yoxdu.
indi dadlı yemək hər evdə bişmir,
indi dadlı söz də hamıda yoxdu.

nə gəzir gül ətri, çiçək qoxusu,
özün bil, istərsən oxuma daha.
sözdən dəstə tutur baxma çoxusu,
bir ləçək də girmir yuxuma daha.

sözləri nəzərə, gözə tez gəlir,
ürək döyüntüsün duyan kəslərin.
sizin ağlınıza təzə söz gəlir,
mənim qulağıma güllə səsləri.

o iyirmi faiz nə boydadırsa,
bu xalqın o boyda davası çatmır.
biz dağa qaçırıq hava almağa,
Şuşada dağların havası çatmır.

əli çənəsində qalan şairə
yurdunun tənəsi, gileyi gəlsin.
torpağı işğalda olan şairin
gərək sözlərindən qan iyi gəlsin.

indi təbim belə xoşuma gəlməz,
indi misralarım belə, zəlildi.
mənim şeirlərim yeriyə bilməz,
hamısı ikinci qurp əlildi.

tək adam adamla yaşıt olmurmuş,
eyni yaşdakılar gör nə qədərdi,
ay mən yaşdakılar, bir dövrdənik,
bizimlə yaşıtdı Xocalı dərdi …

daralan ürəyin darvazasına
hələ də əl boyda qara bağlıdı.
oxucum, bilmirəm sən haralısan,
mənim şeirlərim Qarabağlıdı!..