Strateq.az-ın Ədəbiyyat səhifəsinin bu dəfəki qonağı tanınmış şair Kəmaləddin Qədimdir.
Kəmaləddin Qədim
* 1957-ci ildə Naxçıvan MR-nın, Sədərək rayonunda anadan olub.
* 80-ci illər ədəbi nəslinin tanınmış nümayəndələrindən olan şair 8 şeir kitabının müəllifidir.
* “Türk ədəbiyyatına xidmət”, “Şahmar əkbəzadə adına beynəlxalq Ədəbiyyat mükafatı” laureatıdır.
* Prezident mükafatçısıdır.
SAXLA, YADINDA QALIM
Buraxma, qıyma, gülüm,
özgə qadında qalım.
Qalım göz xoşluğunda,
Ağız dadında qalım.
üzdə xalında saxla,
Dodaq balında saxla.
öt də, dilində saxla,
Yandır, odunda qalım.
İnciməm dünyada, ver,
Min cür dərd ver, qada ver.
öz əlinlə bada ver,
Gedim badında qalım.
Olsun, aramız busa;
Bu boyda soyuqdusa…
Yanında yer yoxdusa,
Saxla, yadında qalım…
14 iyul 2015
SEV GETSİN, XOŞLA GETSİN
Bu dünya ki fanidən
Fanidi, boşla, getsin…
Eylə yır-yığışını,
Köçməyə başla, getsin…
Yüyrək olan dilə bax,
Günə, aya, ilə bax.
Gəlir dabanbasaraq,
Bir az yavaşla, getsin…
Bu nə səhvdi, xətadı,
Bu nə şər-şabatadı?
Gələn qandı-qadadı,
Qov, getsin, daşla, getsin…
Olsun iman, din eşqin,
Dön, başına dön eşqin.
Bu da ölüm-son eşqin,
Sev, getsin, xoşla, getsin…
12 iyul 2015
GöZ YAŞLARIM KİMİYDİN
Nədən Tanrıdan gələn
Buta bilmədim səni?
Saydım bir dadlı bəla,
Xəta, bilmədim səni…
Bu nə bəxtdi, qədərdi?
Nə becərdim, nə dərdim…
Vəsf eləyib döndərdim
Bütə, bilmədim səni…
Səhvəm bilirdim nədə,
öldüm, dirildim nədə…
Nə qala bildim, nə də
ötə bilmədim səni…
Bircəmdin, təkimiydin,
Qəlbimə hakimiydin.
Göz yaşlarım kimiydin,
Tuta bilmədim səni…
14 iyun 2015
Sən adam olasan, yiyən olmaya
Qorxuram yenə də vaxt deyən ola,
Olmaya, yenə sən deyən olmaya…
Uğur qazanasan uğur dalınca,
Sevib-sevələyən, öyən olmaya…
Boşuna sovuşa, boşuna hər gün,
Nəyin var daşlanıb daşına hər gün.
Min oyun açıla başına hər gün,
“Nədən”in olmaya,”niyə”n olmaya…
Qurtulmaq istəyin ola azından,
İblis fitnəsindən, ilan ağzından.
çəkəsən, çıxmaya qılıncın qından,
At ola, əlində yüyən olmaya…
Uçula, dağıla qalan, qalaçan,
Böyüyüb fil ola bu səhv balacan.
Bir küncdə qızıla dönüb qalasan,
Toxunan olmaya, dəyən olmaya…
Əl ələ tutmaya kömək hardasa,
Elə daşdan çıxa çörək hardasa.
Qurd basa arxalı köpək hardasa,
Sən adam olasan, yiyən olmaya…
DURUM GEDİM DARIXMAĞIN DALINCA
Qoşub sənə, uçub sənə gəlmişdim,
Durum gedim darıxmağın dalınca…
Gör nələrdən keçib sənə gəlmişdim,
Durum gedim darıxmağın dalınca…
Xəyal ilə solum, sağım gözəlmiş,
Xəyal elə dağım-dağım gözəlmiş.
Səndən yana darıxmağım gözəlmiş,
Durum gedim darıxmağın dalınca…
Dəlilikmiş sevda, bir cür dəlilik,
Bu sevdayla sövdə bir cür dəlilik.
çöldə bir cür, evdə bir cür dəlilik,
Durum gedim darıxmağın dalınca…
Bir şey ki yer, göy qatı da sevgidi,
Həyatı da, siratı da sevgidi.
Darıxmağın bir adı da sevgidi,
Durum gedim darıxmağın dalınca…
Gecikmişəm, boşunaymış səfərim,
Heç yox imiş xəbərlərdən xəbərim.
Durum gedim darıxmaqdan gəbərim,
Durum gedim darıxmağın dalınca…
5 iyun 2015
BU ADAM
“Ustadı”, bir cürə “usta” bu adam,
Böyüyüb elə öz tipinin üstdə.
Yol gəlib çəpinin üstdə bu adam,
Hələ də yol gedir çəpinin üstdə.
Bir başdı, yüz başa vurulub başı,
Zəngli saat kimi qurulub başı.
Gör neçə doğrunun yarılıb başı,
Bunun əyrisinin, çəpinin üstdə…
Əzilib, büzülür…naz demək olmur,
Lap milli pazdı bu, paz…demək olmur.
Sözünün üstünə söz demək olmur,
Odun yığmaq olmur ipinin üstdə.
Nəyi var dövləti, varıdı elə,
Tək vardan, dövlətdən yarıdı elə.
Həmin küpəgirən qarıdı elə,
çıxıb oturubdu küpünün üstdə.
Bir az da arxayın, əmin adamdı,
Tapıb yaşamağın çəmin, adamdı.
Gördüm tanımadım həmin adamdı,
Oxudum adını qapının üstdə…
3 iyun 2015
UZAQLAR YAXINLAŞIR
Keçib getdi nə çağlar,
Nə çağlar yaxınlaşır…
Nə qarmaqlar, tələlər,
Duzaqlar yaxınlaşır…
Düşən elə haqq düşür,
Tənha, yalquzaq düşür.
Böyüklər uzaq düşür,
Uşaqlar yaxınlaşır…
öz küncün, köşən olur,
Darıxmaq peşən olur.
Kürəklər nişan olur,
Bıçaqlar yaxınlaşır…
Eşq könlünün məbədi,
Dön başına, Kəbədi.
Yaxınlaşır, əbədi
Qucaqlar yaxınlaşır…
Qəm yemə xəstə canım,
Gedirsən dosta, canım.
Hər gün bir az da, canım,
Uzaqlar yaxınlaşır…
27 may 2015
QIŞIMI GöTüRüM GEDİM
Dərd dönüb qoşuna gəlir,
Qoşunu götürüm, gedim.
Sel olmamış, gözlərimin
Yaşını götürüm, gedim…
Bir bəxt idi, fağır gəldi,
Dilsiz gəldi, sağır gəldi.
Görürəm çox ağır gəldi,
Daşımı götürüm, gedim…
Sirr idim, çözüb bitirdim,
Səbr edib, dözüb bitirdim.
Könlümü üzüb bitirdim,
Başımı götürüm, gedim…
Uzaqlardan gəlsin səsim,
Eşitməyən eşitməsin.
Gedim kimsə üşütməsin,
Qışımı götürüm, gedim…
27 may 2015
öZüMü GöZüMüN ALTDA TUTURAM
Az qalıb, azıma çəkirəm ömrü,
Nəyim var azımın altda tuturam.
Nizama, düzümə çəkirəm ömrü,
Nizamın, düzümün altda tuturam.
Bu əyri doğuşdan paşam, əyrimi,
Elə düzəltməkmi peşəm əyrimi?
Beş-on yalnışımı, beş-on əyrimi,
Doğrumun, düzümün altda tuturam.
Düz də ki belədi, düz də görünmür,
Qalır düzlüyündən düzdə, görünmür.
Gözlərə təpilmir, üzdə görünmür,
Dərdi də sözümün altda tuturam.
Suyu bulandıran birsimi başda,
Başdamı bu suyun tilsimi, başda?
Qoymuram çatlasın hirsimi başda,
Qatlayıb dizimin altda tuturam.
Canımın as yeri, usta yeri var,
üz tutub gedirəm dosta, yeri var.
çox da ki gözümün üstdə yeri var,
özümü gözümün altda tuturam…
24 may 2015
GEDİŞİN NƏ GöZƏLDİ?
Bir az asta gedən qız,
Bir az usta gedən qız.
Ay gözüm üstdə gələn,
Gözüm üstdə gedən qız
Gedişin nə gözəldi?
Al da gedir səninlə,
Şal da gedir səninlə.
Qalmır gözüm yol çəkə,
Yol da gedir səninlə
Gedişin nə gözəldi?
Nə acıq, nə kin qalır,
Nə ara sərin qalır.
Gör, necə boş görünür,
Gör, necə yerin qalır?
Gedişin nə gözəldi?
ürək də odlanmasa,
Arxanca atlanmasa.
Ayrılıq sayılmasa,
Ayrılıq adlanmasa
Gedişin nə gözəldi…
Ruham, ruhdan oluram,
Bir quru can oluram.
Bu gedişlə sən məndən,
Mən günahdan oluram…
Gedişin nə gözəldi…
NƏ VAR QUŞ OLMAĞA ALLAHIN ALTDA?
Usta qanad çalıb, usta dolaşıb,
Nə var quş olmağa Allahın altda?
Hamıdan ucada, üstdə dolaşıb,
Nə var quş olmağa Allahın altda?
Atdan düşəsin yox, atdı deyilsən,
ünvanlı deyilsən, addı deyilsən.
Kiminsə əlinin altda deyilsən,
Nə var quş olmağa Allahın altda…
Uçmağa göylərin yönü nə qədər,
İtməyə dumanı, çəni nə qədər.
Yetirir suyuna, dəninə qədər,
Nə var quş olmağa Allahın altda?
Kimsə sual verib, cavab gözləmir,
Günah ki hərləmir, savab gözləmir.
Sonda haqq gözləmir, hesab gözləmir,
Nə var quş olmağa Allahın altda?
Qonduğun kol mutlu, koğuş bəxtəvər,
Ağac yuvacığın-ağuş bəxtəvər.
Bəxtəvər başına a quş bəxtəvər,
Nə var quş olmağa Allahın altda?
Aç, yoğur, günahı kündəlik elə,
Elə, tövbəsini gündəlik elə.
Gəl də mənim kimi bəndəlik elə,
Nə var quş olmağa Allahın altda?
10 may 2015
ASTARI üZüNDƏN BAHA çIXACAQ
Aldığım, verdiyim nəfəsi saysan
çoxusu çəkdiyim aha çıxacaq.
Bülbülə yuvadı qəfəsi saysan,
Mənə də bir uçuq kaha çıxacaq…
Doğuşdan alnıma yazılı dərdim,
Gör, necə nizamlı, düzülü dərdim…
Yenə havalanıb Füzuli dərdim
Bəxtəvər-bəxtəvər dağa çıxacaq…
Mən elə bir könlü paşanın biri,
Yüz yol danışdırın, yüz yol dindirin.
Bir ucu boynuma keçən kəndirin,
Axtarsan bir ucu şaha çıxacaq…
Canım, dahası var hələ, dahası,
Canımı hələ çox oda yaxası.
Keçəcək əlimə adam yaxası,
Əlimdən sevdiyim yaxa çıxacaq…
Bir gün gətirəcək əlim, gələcək,
Mənim də vurğunum, dəlim gələcək.
Gələcək, bir gözəl ölüm gələcək,
Astarı üzündən baha çıxacaq…
3 may 2015
üZü KİMLƏRƏSƏ BU XOŞ GüNLƏRİN
Zalımı zalımdı elə min ildi,
Min ildi darğadı darğası bizə.
Nə fəndgir tülküsü dərs ola bildi,
Nə də ki aldanmış qarğası bizə…
Nə toy-büsatını yaşadıq asan,
Nə elə yas kimi yas tutduq yasa.
İnandıq, dedilər bəy balasısan,
Gəldi bəy paltarı soyxası bizə.
Bu daş doğru-dürüst hörəndən oldu,
Bu ağac barını dərəndən oldu.
Qorxu da elə göz görəndən oldu,
Başqa nə qaldı ki qorxası bizə?..
Di get hesabını bu boş günlərin,
Dərdinə çarə bul naxoş günlərin.
üzü kimlərəsə bu xoş günlərin,
Hələ də bizədi arxası, bizə…
10 aprel 2015
SüR öMRüMüN QALANINI
(ömür-gün yoldaşıma)
ölümüylə bir doğulub bu adam,
ölüb gedir, ölümüylə bir getsin.
Olan olub, keçən keçib, nə varsa
Yaddaşının divarına hör getsin…
Dəli-dolu bir adamdı, bilirdin,
Necə sındı, necə damdı, bilirdin.
Bir az ocaq, pir adamdı, bilirdin,
Qorumadı ocaq, getsin, pir, getsin…
Haqdan yana kəfənini geyəndi,
öz sözünü, düz sözünü deyəndi.
Azadlığı, hürriyyəti öyəndi,
Gedir, barı azad getsin, hürr getsin…
Bir sızlayan yeri vardı, bilmədin,
Bilməliydin…dili vardı, bilmədin…
ürəyində biri vardı, bilmədin,
Sirr saxladı, sirr yaşatdı… sirr getsin…
Bu dörd divar, tənha, yalqız oda, sən,
Bundan belə çörək də sən, su da sən.
Bu uşaqlar…bu qayğılar…bu da sən…
Sür ömrümün qalanını, sür getsin…
3 aprel 2015
öLüM çİçƏYİN üSTDƏ
Bezdim, adam olmaqdan
Yoruldum, daha gedim…
Bu taledən, bu baxtdan,
Qurtarım yaxa, gedim…
Tanrım, bu viranlığa
Görk elə bir anlığa.
Göndər bir qaranlığa,
Dönüm çırağa gedim.
Bir quşuna tay elə,
Bir qurduna pay elə.
Bulaq elə, çay elə
Axım qurağa gedim.
Ot olum, çəmən olum,
Bir sərçəyə dən olum.
Ya da, duman, çən olum
çəkilim dağa gedim…
Arın olum lap, istə
Gülün-çiçəyin üstdə.
ölüm çiçəyin üstə
Göm də yarpağa, gedim…
29 mart 2015