XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

24 İyul 2015 - 05:07

Nurduran Duman: “Sıxılmadan sıxılmaq nədir, bilirmisən?” – Şeirlər

Nurduran Duman çanakkalada doğulub. İlk şeirini 8 yaşında yazıb. İstanbul Texniki Universitetini “Gəmi inşaatı mühəndisi” ixtisası üzrə bitirib. Şeirləri ingilis, fin, serb, bolqar, slovak, hind və digər dillərə tərcümə edilərək Avropa, Amerika və Hindistanda yayımlanıb.

“Yenilgi oyunu” (2006), “İstanbulla baxışmaq” (2010), “Qızlar və ataları” və digər adda 10-a yaxın şeir və tərcümə kitablarının müəllifidir. İngilis və alman dillərini bilir. çağdaş Türkiyə ədəbiyyatının öncül nümayəndələrindən biridir.

Bir sehrdən

Sıxılmadan sıxılmaq nədir, bilirmisən?

Hərdən səninlə quş izləməyə gəlmədiyimdə,

Evdəki dişli bıçaqda dünya notunu səsləndirmək;

Həyatı içəridən açıq havaya daşıyan

Bir eşqdir bu!

Şərqi söylədiyində sən,

Bal arıları toplanar ətrafıma.

Ağır bir qapını yumruqlayır qəlbin,

Mən şeirlə fısıldadığımda boynunu,

O eşq, bu içdən…

Sirr körpüsündə

Kor misralara şərqi öyrədir kimi,

Düzürəm qıldan incə sözlərimi.

Hazır ol, dururam, tətikdə qəlbim,

Qəlbinə “diyez” səslər ilə üzürəm.

Adımın sol açarı yox,

üzümün yelkəni yırtıldı.

Utancaq damarına girirəm, ehmallıca

Günaha girirəm, əllərində olmaq suç.

ədəbsiz notların işğalında nəfəsim,

qorxuram… üfləsəm, yıxılarsan.

Ağlım itməməli bu savaşda;

Qaynar dönüş yolu var.

Kor bir misraya şərqi öyrədir kimi,

Tutmadayam qılıncdan daha kəskin sözümü.

Sinənin sol qapısında sırada,

Alovdan bir çayla qurtuluram.

Adımın sol açarı yox,

üzümün yelkəni…

Naxış

Necə diksinər sudan marallar,

Röyadasa durna quşları,

Duz damla eşqinə!

Necə səkər daş üstünə daş,

Kor dəmirçi, keçəl misgər, dəli keramikaçı,

Heçdən biri gəlsin, qəlbi çay olsun.

Oddan əriyən zəhərli metal,

Bişib də mayası tutmayan torpaq…

İnsan: necə büllurlaşır?

Torpağın yağmur yağdığında

Qoxu verəcəyi zaman var.

Hərflər, günü gəlincə

Bükülür cizgisinə.

Kağızını o an döyər qələm,

Zaman-zaman güllə verər nöqtəsinə.

İnsan necə yeriyir,

Görürmü üzünü su?!

çevirən və təqdim edən: Namiq Hacıheydərli