İki il əvvəl mobil rabitənin yardımçı stansiyalarının köhnəlmiş avadanlıqlarını dəyişən mühəndisləri Azərbaycanın rayonlarına apararaq, avtomobilin sükan çarxını günlər boyunca fasiləsiz surətdə fırlatmalı olmuşdum. Başımıza gələn hadisə iyunun ortalarında əyalətin lap cənubunda baş vermişdi. Yayın qızmar, qorabişirən günəşi bizi o qədər də narahat etmirdi. Çünki yardımçı stansiyalarda avadanlıqların dəyişdirilməsi gecələr – həmin stansiyaların söndürülməsi, işinin dayandırılması üçün daha münasib, əlverişli vaxtlarda həyata keçirilirdi. İşimizi qurtardıqdan sonra sərin yarımqaranlıq şəxsi evdə yatıb dincimizi alırdıq.
Səhərin dan şəfəqlərinin zəif, solğun kölgəsi cənubun gecə səmasına qovuşmağa başlayanda mühəndislər Əkrəm və Məhmət yardımçı stansiyanı bağladılar və mənə motoru işə salmaq işarəsi verdilər. Günəş çıxanadək rayon mərkəzinə çatmaq, yolda rastımıza çıxan ilk kiçik yeməkxanada ayaqüstü qəlyanaltı etmək və uzun, yuxusuz gecədən sonra uzanıb yatmaq istəyirdik.
“Ford-Pikap” yamaq-yamaq astar vurulmuş asfaltın çala-çuxurlarının hər birini sanki tənbəlcəsinə keçərək, başlı-başına qalmış karxanaya, bundan sonra süni su kanalının qabağını kəsən dambaya – torpaq bəndə doğru uzanan yola tərəf döndü. Və şose yola çıxmağa hazırlaşırdıq ki, it hürüşü eşitdik. Bir neçə saniyədən sonra avtomobilin fənərlərinin işığında itin özü göründü: o, çoban iti idi, boynundakı çirkli, uzun yoğun kəndir yerlə sürünürdü. Kimsəsiz, boş və gecə vaxtı düzənlikdə ev heyvanı ilə qəflətən qarşılaşmaq bizim üçün gözlənilməz olsa da, üçümüzdə də daxilən bir maraq, bir həvəs oyatdı. Mən maşını saxladım, onun içində əyləşənlər itin sahibini görmək ümidi ilə pəncərədən çölə boylandılar. Səsini kəsən it maşının ətrafında onun üçün təhlükəsiz olan və bizim onu kifayət qədər yaxşı görməyimizə, nəzər salmağımıza imkan verən məsafədə qaça-qaça dövrə vururdu. O, dolğun əzələli güclü pəncələrə malik, gözoxşayan tünd rəngi, yan tərəflərində və belində kiçik qəhvəyi zolağı, ensiz, uzun sifət quruluşu iri gözləri olan bir it idi. Ona bizdən savayı, heç kim reaksiya vermədiyindən belə qənaətə gəldik ki, çoban iti ya itib, ya da yolu azıb. Çünki onun səsində elə ilk andaca sürünü qorumaq vəzifəsindən irəli gəlməyən və diqqəti cəlb edən nə isə bir həyəcan duyulurdu. Qısa məsləhətləşmədən sonra iti tutmaq və elə getdiyimiz rayon mərkəzinə aparmaq qərarına gəldik. Orada ola bilsin ki, onun sahibi də tapılardı. Əks halda, iti qaldığımız evin sahibəsinə verəcəkdik…
Onu sakit, mehriban səslə çağırmağa başladıq…Və it bizim yanımıza gəldi, onu əl ilə götürüb maşının banına qoymağa da imkan verdi, müqavimət göstərmədi…Ancaq maşının arxa bortunu qaldırmaq istəyirdik ki, it birdən sıçrayıb yerə tullandı, bir az aralı qaçdı və yenidən hürməyə başladı. Qəribə idi, it bizdən qorxur, çəkinir, eyni zamanda uzağa da getmirdi. Mən mühəndislərdən hələlik maşında qalmalarını xahiş etdim, özüm isə itlə eyni boyda olmaqdan, onu sakitləşdirməkdən ötrü çömbəlib oturdum… Onu yenidən mülayim, oxşayıcı səslə çağırmağa başladım. İndi o, özünü bir qədər başqa cür aparırdı: dal pəncələri üstə oturdu, şüşələri aşağı salınmış boş gözcüklərdən Mehmet və Əkrəmin aludə baxışlarının göründüyü maşına tərəf başını buladı. İt burnunu bir neçə dəfə yerə sürtdü, amma bu halda da hər an ehtiyatlı, diqqətli tərpənir və məni gözdən qoymurdu. Mən tərpənmir və ayaqlarımın necə keyidini hiss edə-edə iti çağırmaqda davam edirdim. Heyvan bir qədər də ləngiyib, sonra mənə doğru gəlməyə başladı. O, səhra qartalı duruşunda oturduğum yerə bir neçə metr qalmış yerə uzandı və süründü. İt indi artıq hürmür, sakitcə, asta-asta zingildəyirdi. Mənə o qədər yaxın idi ki, əlimi uzadıb onu tumarlaya bilərdim. İt bir qədər sakitləşəndən sonra və mən yoldaşlarıma maşından düşməyi işarə elədim. İtin bədənindən ətrafa yayılan dəhşətli üfunət qoxusundan kənara çəkilməmək üçün böyük zəhmətə qatlaşmalı olduq. Yadımdadır, onda fikirləşmişdim ki, o, bəlkə də, ildən çoxdur ki, buralarda tək-tənha gəzib-dolaşsa da, insanları hələ də tanıyır, fərqləndirir.
Mən onun boynundakı köhnə, çöl tərəfə doğru dişvari sıralanmış mil ucluqları olan qalın kəndirin sallandığı xaltaya əl uzatdım. Belə kəndirlərdən adətən döyüş cinsli itlər üçün istifadə edilir. Çoban itini “kölə buxovu”ndan azad etmək üçün bıçaq, bağban qayçısı, yaxud da onları əvəzləyən bir şey lazım idi. Kəndirə, görünür, hələ nəm ikən bir neçə düyün vurulmuş, bundan sonra iti bağlı halda saxlamışdılar. Boynundakı xaltada ora-bura dartınan it düyünləri daha da bərkitmişdi. Bir-birinin içərisinə girmiş ən azı altı düyünü əlimizdə olan vasitələrlə heç cür kəsə bilmədik. Xaltanı gözdən keçirdik və ağzımıza gələn söyüşləri it sahibinin ünvanına yağdıraraq ondan əl çəkdik. Xaltadakı ilgək düymələrin ucu dartılmış və qalın məftildən əldəqayrılma pərçimlərlə möhkəm bərkidilmişdi. Pərçimlərin ucları itin boynuna batmış və onların altında bitişməyən, qaysaq bağlamayan yaralar əmələ gətirmişdi. Zavallı heyvanı əzab-əziyyətdən qurtarmaqla bağlı göstərdiyimiz cəhdlər heç bir nəticə vermədi, boşa çıxdı. Əlimizdə bağban qayçısı olsaydı belə, kəsici aləti görən çoban itinin ona necə reaksiya verəcəyini öyrənmədən çətin ki, həmin alətdən istifadə edə bilərdik. Nə xaltanı özümüzə tərəf çəkməyi, nə də pərçimləri aralayıb açmağı bacarmadıq: əlimizi hər dəfə xaltanın altına soxmaq istəyəndə it inildəməyə başlayır, ağzı ilə əllərimizi tutacağına sanki işarə verirdi: incidir axı! Elə olanda biz onu hecə varsa eləcə, yəni xaltalı və üstündəki kəndirlə birlikdə götürmək qərarına gəldik. Sanki bunu hiss edibmiş kimi, dilsiz heyvan onu əllərimizlə qucağa almağa imkan verdi. Əkrəm və mən yenidən çömbəlib oturduq. Baxımsız, sərgərdan qalan, qulluq görməyən itin bədənindən ətrafa yayılan qoxuya tab gətirməkdən, dözməkdən ötrü dərindən nəfəs alıb üzümüzü yana tutmaqla ciyərlərimizə hava çəkdik. Onu bütün gücümüzlə qaldırıb maşının banına atdıq. İstəyimiz yenə də baş tutmadı, alınmadı, çoban iti orada yenidən bir müddət əvvəlki halına qayıdıb həyəcanlanmağa, inildəməyə, hürməyə başladı… və birdən əlimizdən çıxıb sanki “hopp” deyərək, bortun üstündən yerə tullandı. Biz birlikdə onu bir neçə dəfə maşının bortuna qaldırıb oturtmağa uğursuz cəhd göstərsək də, heyvan orada qalmaq istəmir, tullanıb yerə düşür, qaçıb aralanmadan yaxınlığımızda fırlanır, var-gəl edirdi. Səmərəsiz, ümidsiz işdir, – deyib, hamımız brikdə çoban itini başlı-başına buraxaraq, xoş niyyətlə maşına əyləşdik və yuxusuzluğumuzu, yorğunluğumuzu unudaraq dilxor, kefi pozulmuş, pəjmürdə halda yenidən asfalta çıxdıq. O da bizdən geri qalmayaraq, yamaq astar vurulmuş kələ-kötür yolda “Ford”la yanaşı qaçırdı. Bəlkə, elə bu cür yaxşı idi? Prinsip etibarı ilə biz elə bu tərzdə rayon mərkəzinədək gedərdik, yolda isə bir də baxardın ki, it yorulub və özü atılıb maşının banına minəcək. Həyatda bunun nişanələri, nümunələri var axı, – mən xatırladım … və mühəndislərə qışda ayı ovlayarkən peşəkar ovçu ilə bic, hiyləgər ovçunun fərqi barədə ibrətamiz bir hekayə danışdım. Hiyləgər ovçu sonradan hazır cəmdəyi bütövlükdə, yaxud hissə-hissə evə daşımamaqdan ötrü vəhşi heyvanla onun kahasının yanında qarşıdurmaya, savaşmaya çıxmaz. Bic ovçu yatmış ayını bərk hirsləndirib, onu dalınca düşməyə, qaçmağa, təqib etməyə məcbur edər. Özünü yüksüz halda evinin hasarınadək qaçıb çatdırar və aldatdığı ayıya yalnız orada, həyətinin kandarında atəş açar. Biz zarafat edir, deyib-gülür, arabir itə də göz yetirirdik. Bu vəziyyət ön oturacaqda əyləşmiş Mehmetin əlini düzənliyinsağ tərəfinə uzadıb nəyi isə göstərərək, dayanmağımızı xahiş etdiyi ana qədər davam etdi. Biz maşından düşdük və yalnız orada – düzənliyin çəkilib getməkdə, əriməkdə olan qaranlığında bir piyada fiqurunun peyda olduğunu sezdik …və onun ətrafındakı it sürüsünü gördük. – Deyəsən, öz dəstəsi ilə gələn çobandı axı, – Mehmet duyğusunu dilə gətirdi. Əkrəm də ucadan dedi:
– Belə vaxtda düzənlikdə daha kim veyillənə bilər?
Başımız gələnlərə baxmağa qarışdığından çoban itinin bizə necə gizlincə yaxınlaşıb arxamızda uzandığını hiss etməmişdik. Biz hadisələrin sonrakı gedişinə hazır deyildik, ona görə də özümüzü səhnədə sözsüz rol oynayan aktyorlar kimi hiss edirdik. Çoban bizim dəstəmizin on addımlığına çatanda it düz yanımızda şöngüyüb qorxunc səslə hürərək, sanki anlatmağa çalışırdı ki, xortdan, əcinnə gəlir.
Cavabında çobanın ətrafındakı itlərdən birinin yanımızdakı itinkindən geri qalmayan qəzəbli hürüşü eşidildi və qulağı, quyruğu kəsilmiş, qəzəbdən coşan, qıllı və hirsli altı baş it çobanın dalınca düz bizim qabağımızdakı yolda dayandı. Onlar sülh şəraitində əhliləşdirilmiş heyvanlar, Qafqazın xüsusi təyinatlı itləri – qurdbasanlar idi. Çoban başının dəstəsi ilə inamla bizə tərəf gəlirdi. Qurdbasanlar bizi dövrəyə almağa başladı, ancaq sürünün sahibi qısa və hiddətli şəkildə onlara necə acıqlandısa, “bizim it” də daxil olmaqla, bütün itlər səsini xırp kəsdi. İndi maşının yanında iki dəstə insan və it dayanmışdı: biz onlara qarşı. Çöldə tənha sərsəri, sahibsiz gəzib dolaşan bu itin onun olub-olmadığı ilə maraqlandıq. Çoban süni şəkildə gülümsəyərək, itin sahibi olduğunu təsdiqlədi. Dediyindən o çıxdı ki, bu murdar, rəzil dördayaqlı məxluq, guya, yenə qaçaraq onu tərk edib.
– Heç bu vəziyyətdə, bu görkəmdə də it saxlayarlar?! – Əkrəm əsəbi halda soruşdu. Və çobana iti bizə satmağı təklif etdi. Biz onun Anadolu türkcəsindəki sözlərini çətin başa düşürdük. Çoban təklif olunan sövdələşmədən imtina etdi, biz isə inad göstərmədik, israr etmədik: güc bərabərliyi, güc bölgüsü açıq-aşkar bizim xeyirimizə deyildi.
– Yaxşı, onu götür, kişi! Ancaq itlə bir az yaxşı davran, yaxşı rəftar elə, – Əkrəm məsləhət gördü.
– Alınmır, – çoban içini çəkərək, köks ötürüb cavab verdi, – doğrusu, o, çox tərsdir, inadcıldır.
– Tərs, inadcıl yox, ağıllıdır, – Əkrəm etiraz etdi,-qoyun otarmaq onun işi deyil. O, insanlara xidmət etməlidir, qoyunları yox, insanları qorumalıdır.
Çoban yalnız çiyinlərini çəkib ürəyində sanki “çərənlə, nə qədər istəyirsən çərənlə, onsuz da mən öz işimi bilirəm” deyib iti səslədi. İt zingildəyərək maşının altına girdi. Və biz onu oradan çıxartmağa nə qədər cəhd göstərsək də, bu, baş tutmadı. Səbr kasası daşan və qızğınlaşan qurdbasanların çətinliklə qabağını alan çoban ağına-bozuna baxmadan, dalını-qabağını düşünmədən əlindəki çomaqla maşının altına vurmağa, döyəcləməyə başladı. İt zingildədi, maşının altından qara yumaq kimi diyirlənərək çıxıb sürətlə düzənliyə tərəf götürüldü. Qurdbasanlar da onun dalınca. Çoban bizimlə xudahafizləşdi, çomağını, çubuğunu çiyninə atdı, üzü o yana döndü, itlərin hərəkətinə və ağılagələn dəhşətli dərəcədə boğuşacaqlarına heç cür fikir vermədən yavaş-yavaş gəldiyi səmtə üz tutdu. Biz oradan getməyə tələsmirdik, gecə ikən sərinləyən havada aydın səhərin necə açıldığını sezmədən həyəcanla düzənliyə baxırdıq. İtləri görmənin mümkün olduğu məsafəyədək çoban itinin sağ-salamat qalmasına əmin olmaq istəyirdik. Düzənliyə yelpik kimi dağılışan qurdbasanların çoban itini qısqacvari caynaqlarına almalarına cəhd göstərdiklərini görürdük. Çevik və cəld hərəkət edən çoban iti düzənliyin kələ-kötür və əyrim-üyrüm yolağasında dolaşıq dövrə vuraraq özü üçün təhlükəsiz məsafə saxlayırdı. O, məqam gözləyirmiş kimi qəflətən aldadıcı bir sıçrayış edib, cəld yana döndü və əks istiqamətdə sürətlə qaçmağa başladı. Çoban iti hər dəfə belə manevr edəndə, kələyə əl atanda dalınca düşmüş qurdbasan sürüsü ondan getdikcə daha çox geri qalırdı. Heyvan xeyli aralandıqdansonra qurdbasanların cərgəsi dağıldı. Sanki şikarı gözdən itirən qurdbasanlar vurnuxmağa, bir-birinin üstünə cummağa, boğuşmağa başladılar. Sonra isə şöngüyüb uzandılar və dillərini çıxarıb ağır-ağır ləhləyərək, nəfəs alıb çobanın gəlişini gözlədilər.
-Bax belə!-Mehmet heyranlıqla ucadan dillənib baş barmağını dikəltdi.
– Əhsən! – Əkrəmlə mən də sevincdən fit və çəpik çaldıq. Sonra gördüyümüz mübarizənin, çarpışmanın nəticəsindən çox məmnun halda maşına əyləşdik və rayon mərkəzinə istiqamət götürdük. Yaşı altmışı keçsə də, itigözlülükdə cavanlardan heç də geri qalmayan Mehmet orada – aralıda nə isə sezib, barmağı ilə şüşəni taqqıldatmağa başladı. İrəlidə sahibsiz, sərsəri itlər yolu yüyürüb keçirdi: iki çoban iti və bir həyət iti. Tənhalıqda, yalnızlıqda dincələn “bizimki” görünür, sahibsiz, sərsəri itlərin qoxusunu alaraq onlara sarı dönmüş, sevinclə hürmüş, quyruğunu bulamış və qaça-qaça gəlib onların qarşısına çıxmışdı. Biz maşının sürətini yenə də azaltdıq, yalnız onların özünə məlum olan səmtə tərəf qaçan “dördlük”lə bərabərləşdik, vidalaşmaq üçün siqnal verdik və sürəti artırdıq…Rayondan geri qayıdanadək orada qaldığımız hər gün əsas, başlıca suala cavab tapa bilməsək də, tez-tez o hadisəni xatırlayır, o dördayaqlı ağıllı varlığın aqibətinin necə olduğunu heç cür unuda bilmirdik. Qoyun sürüsünün ətrafında yad, özgə olduğunu sankifəhmləanlayan heyvan, görəsən,o birihəmcinsləri kimi yenə sürünün, çobanın yanına qayıdası oldu, ya sahibsizliyi,azadlığı, sərbəstliyi seçdi? İndiyə qədər də həmin suallar cavabsız qalıb… Bütün bunlara rəğmən,qəribə hisslər keçirirəm, sanki buna bənzər hallarla həyatımda dəfələrlə qarşılaşmışam.
Ezamiyyətdən sonra paytaxta qayıdanda, yolda ikən anladım: bax odur, bu lənətə gəlmiş! Yetər ki, addımlarını yavaşıdıb, küçədə yanından ötüb keçənlərə diqqətlə baxasan. Özünlə eyni qana, eyni dilə və dünyagörüşünə malik insanların arasında nə qədər yadlar, özgələr görərsən?!Bəziləri bir cür danışır, digərləri bir cür əyləşir, o birilər bir cür geyinir, bir cür gülür, baxır, görür,hərəkət edirlər. Amma bunları onlara izah etmək, özünə olan münasibəti anlamaq, əvvəlki vəziyyəti itirdiyinə görə həyat vəsaitindən məhrum olan adam durumundan qurtulmaq, hara isə üz tutub getmək mümkün deyil. Və onlar boyunlarını çiyinlərinə əyərək, baxışlarını yerə dikərək özününkülərin arasında niyə yad, özgə olduqlarını anlamayaraq, bizim aramızda yaşayır, hərəkət edir və işləyirlər…
Kosmik əntərlərin, divlərin, əcaib varlıqların tanınmış, məşhur təlimçisi leytenant Ripli necə demişdi? “Bizim aramızdakı Yad, Özgə. O – bizlərdən biridir…”
Ruscadan çevirəni:
Abdulla Muqdətoğlu