Səlimin cinayəti, prokurorla redaktorun fikir həmrəyliyi və ya atamın dəqiq olmayan yetmiş yeddinci ad günü haqqında
İstər müharibə olsun, istər hər hansı digər qeyri-insani davranışlar, əməllər – bunlardan ən çox zərər görən, canları ağrıyan, ürəkləri yaralanan məsum körpələr, uşaqlar olur…
Atam xatırlayır: “Anam Gülxanım öləndə beş yaşım vardı, təbii ki, ölümün, itkinin, dərdin-bəlanın nə olduğunu bilmədiyimdən, dərk etmədiyimdən anamın ortalıqda uzadılmış meyitinin yanında sevinclə ora-bura qaçır və anamın ölümünü bayram edirdim, bilmirdim ki, anamı bir də heç vaxt və heç yerdə görməyəcəyəm”.
“Atam Zülfi öləndəsə – atam sonra danışırdı. – yeddi yaşındaydım, II Dünya müharibəsinin axırıncı iliydi, hər yerdə aclıqdı, adamlar çörək tapmırdı yeməyə, atam hər gün əlimdən tutub bağçaya, çölə aparır, yerdən tapdığı, özü yeməyib mənə verdiyi yemliklə, ya da nəsə başqa bir yeməli otla aclığıma mane olmağa çalışırdı. Ancaq bu da çox çəkmədi, bir gün səhər tezdən yuxudan oyanıb gördüm ki, atam eləcə yerində uzanıb qalıb, həmişə bizdən qabaq oyanan atam həmin səhər yuxudan durmadı, bu dəfə isə başa düşdüm ölümün nə demək olduğunu, anamdan sonra indi də atam bizi birdəfəlik tək qoyub, yəqin ki, aclıqdan ölmüşdü…”
Ancaq atam onu da danışır ki, deyəsən, sənədlərdə yazıldığı kimi, 1938-ci ildə yox, 1941-ci ildə anadan olub, elə buna görə də belə çıxır ki, anası ölərkən atamın beş yox, üç yaşı varmış və babam ölərkən də deməli, qanunauyğun olaraq beş yaşında olmalıydı.
Mənsə, həmişə fikirləşirdim, bəs necə oldu ki, bu beş, yeddi, on və s. yaşlı, (neçə yaşında olur-olsun) atasız-anasız yetim uşaq bu amansız, zalım dünyayla baş-başa gələ bildi, atasını-anasını öldürən dünya bir uşaqla bacara bilmədi?
özlüyümdə qane olmasam da, şübhəli qalsam da, bu suala bir neçə cavablar vermişdim, lakin bu sualın həqiqətə daha çox yaxın hesab elədiyim ayrı bir cavabını bu günlərdə baxdığım, 1972-ci ildə ekranlaşdırılmış “Xatirələr sahili” filmində tapdım.
Filmin digər və yaxud rus dilindəki adı “Mən dəniz sahilində böyümüşəm”dir. (“Я вырос у моря”).
Növbəti və həqiqətə daha çox yaxın cavab bu idi: Aydın Kazımzadə (Tofiq Mirzəyev) Bakıdan qatarla kəndə, cinayət törətmiş uşaqlıq dostu Səlimin məhkəməsinə gəlir və yolboyu özüylə söhbətləşir: “Qatarla şəhərdən doqquz saatlıq yoldur bizim kəndə. O dağların sinəsindəki şosseylə beş saata da catmaq olar. Bəlkə, elə buna görə də bir yerdə böyüyüb, boya-başa çatdığım uşaqlar, elə bil, həmişə yanımda olublar, mən həmişə onları yanımda hiss eləmişəm. Yeddi yaşımda yetimliyin acısını onlar unutdurdular mənə, o uşaqlar atamı da, anamı da əvəz elədilər, tək idim, ancaq tək qalmadım”.
Rəfail atam da söhbətlərində həmişə uşaqlıq yoldaşlarından, onun kimi ac, kasıb, yetim uşaqlarla əl-ələ verib yaşamaq uğrunda necə mübarizə aparmalarından, onlara rəhm eləməyən dünyayla necə dirəşmələrindən danışır.
“Azərbaycanfilm” kinostudiyasında çəkilən filmin quruluşçu rejissoru Yalçın Əfəndiyevdir. “Xatirələr sahili” həm də sənədli filmlər ustası kimi məşhurlaşan, 1969-cu ildə ekranlaşdırdığı “Cırtdan” cizgi filmiylə Azərbaycan kinosunda cizgi filmlərinin əsasını qoyan Yalçın Əfəndiyevin ilk və son tammetrajlı bədii filmidir.
Dəftərxana müdirimiz Elvin demişkən, elə təkcə filmin adı – “Xatirələr sahili” nəyə desən dəyər.
Maraq üçün deyim ki, Əfəndiyev həm də bu günlərdə vəfat etmiş türk siyasətçisi Süleyman Dəmirəl haqqında kinojurnal da şəkib.
Filmdə bir çalar da diqqətimi cəlb etdi: Aydınla arvadı Rəna (Leyla Şıxlinskaya) filmin əvvəlində Səlimin məhkəməsi haqqında söhbət edərkən Nobel mükafatı laureatı, yazıçı Ernest Heminqueyin divardan asılmış portretini görürük. O dövrün normal, adi bir azərbaycanlı sovet ailəsi və Ernest Heminquey. Möhtəşəm mənzərədir!
“Xatirələr sahili” həm də rəhmətlik Telman Adıgözəlovun 1972-ci ildə on doqquz yaşında çəkildiyi ilk kinofilmdir.
Redaktor Nəcəfovun (Şəmsi Bədəlbəyli) Aydınla söhbətində – Aydının, Səlimin məhkəməsinə getməkdən ötrü Nəcəfovdan icazə aldığı səhnəni deyirəm, – təəssüflə söylədiyi “Tez-tez sual verirəm özümə… Axı adam nə üçün başlayır çürüməyə? Baxırsan, sappasağ adamdır, ancaq içərisini qurd yeyib çürüdüb” sualını bizlər özümüzə sonuncu dəfə nə vaxt vermişik? Nəcəfovun bu fəlsəfəsi Səlimin məhkəməsində prokurorun çıxışıyla üst-üstə düşür hardasa: “Belə adamlar təkcə xalqın malını-pulunu oğurlamırlar, insanların ürəyini, mənəviyyatını oğurlayırlar”.
Aydın harda olur-olsun, həmişə uşaqlıq yoldaşlarını xatırlayır, lakin keçmişə o qədər bağlıdır ki, onları xatırlayanda heç vaxt bu günlərini yox, həmişə uşaqlıq illərini xatırlayır.
Aydının dəmiryolunun açılışıyla bağlı uşaqlıq xatirələrindəki qocalarsa, sonuncu dəfə altı yaşımda gördüyüm, kənddəki evimizin otaqlarının birinin divarından asılmış portreti səbəbindən hələ də sifətinin cizgilərini unutmadığım ana babama çox oxşayır. Həyat adamı bir-birinə necə bənzədərmiş.
Yolboyu öz-özüylə söhbətinin ardından, stansiyada düşərkən qarşılaşdığı dəmiryolçu Əhməd dayının (Ələddin Abbasov) Aydının indicə hansı hissləri keçirməsini bilmədən Səlimin cinayətlərinə görə həm də Aydını danlaması əvvəl bir az yersiz görünür mənə. Ancaq filmin finalında Əhməd dayıya haqq verirəm.
Aydın xatırlayır ki, onların kəndi “həmişə Əhməd dayı kimi qocaların çiynində durub. Bu insanların qabarlı əllərindən, xeyirxah ürəklərindən yoğrulub bizim xeyir-bərəkətimiz”.
Əhməd dayı Aydınla söhbətində yağ əhvalatını da xatırladır. Nədir bu əhvalat? Müharibə gedir, ataları cəbhədədir, Səlim, Aydın və digər uşaqlar analarının işlədiyi fabrikdən yağ oğurlayır və Yusifov da (Süleyman Ələsgərov) işçi qadınları heç bir günahları olmadan yığıb danlayır. Analar hadisədən xəbər tutub övladlarının oğurladığı yağ bankalarını Yusifova geri qaytarırlar. Həyat davam edir, görünür ki, Səlimdən başqa digər uşaqlar bir də sonradan heç vaxt pis yola düsmür. Səlimsə ya vəlvələdən, ya zəlzələdən dörd uşaq atası ola-ola onları başıaşağı edir. Nəticədə yenə də uşaqlar atasız qalır, vaxtıyla Səlim atasını müharibədə itirmişdi, indisə özü uşaqlarını atasız qoyur. Ancaq özündən fərqli olaraq, uşaqları Səlimlə fəxr eləyə, qürurlana bilməyəcəklər, çünki onların atası oğrudur. Elə buna görə də Aydın “Bizdən soruşanda deyirdik, atamız davaya gedib, Səlimin uşaqları nə cavab verəcəklər bu suala?” deyə fikirləşir.
Belə çıxır ki, Səlimi Aydından başqa müdafiə edən, ona yazığı gələn yoxdur. Uşaqlıq yoldaşları Kamran (Həsənağa Turabov) Aydınla sərt danışır: “Nə deyirsən de, Səlim oğrudur”. Aydın “O, təkcə oğru deyil, səninlə bir parta arxasında oturub, səninlə bir yerdə atasının qara kağızını alıb” desə də, Kamran öz fikrində qalır. Növbəti kadrlarda Xalidə (Amaliya Pənahova) gəlir və Aydıngillə oturmuş
Kamrana hücum edib, onu əri Səlimin həbsində günahlandırır. Kamransa çıxış yolunu susmaqda, ayağa durub qaçmaqda tapır.
Elə İmran da (Əliabbas Qədirov) Səlim barədə Kamranla, demək olar ki, eyni fikirdədir: “Bir anlıq təsəvvür elə ki, Səlimin atası bizim atalarımızı səngərdə satıb”.
Aydın Kamranla onun saldırdığı çay plantasiyasını gəzirlər, həmişəki kimi uşaqlıq xatirələrindən ayrılmayan Aydının “Burda bir xan çinar vardı” xatırladığında Kamran saymazyana “Mən sizin çinarınızı qorumalıydım, ya Səlimə deməliydim ki, əliuzunluq eləmə?” söyləyir.
Başqa bir uşaqlıq yoldaşı Vəli də (Rafiq Əzimov) öz işində-gücündədi, Səməd Vurğunun “Vaqif” tamaşasını səhnələşdirir. Lakin Şah Qacar rolunu oynayanın tövründən (“Evdə sözlərin hamısını əzbər bilirdim e, ancaq bura gələndə yadımdan çıxdı”) aydındı ki, bu xəmir hələ çox su aparacaq, bu gedişlə tamaşa çətin hazır olar.
Vəliylə görüşdən ayrılan Aydın yenə də xatirələrlədir: “Həmişə bu yolla mən tək gedirəm. Bəlkə ona görə tək gedirəm ki, hərdən bu yolda mən moruq kollarının arasından boylanan bir uşaqla rastlaşıram. O uşaq həmişə məni gözləyir, həmişə məni çağırır. Bir dəfə oğlumu da özümlə apardım. Səlim də gec-tez bu yoldan kecəcək, özü də tək yox, öz oğlu ilə birlikdə. Uşaqlar öz ataları haqqında hər şeyi bilməlidirlər. Başqa cür mümkün deyil… Nə qədər ki, bu yol var… bu dəniz var… biz varıq… ömrümüzü təzədən başlaya bilərik.”
Filmin axırlarında Bəşir əminin (Sadıq Hüseynov) Aydın və onun uşaqlıq yoldaşlarına qınağıyla mənə hər şey daha da aydın olur: “Səlim uçuruma gedəndə gözü tutulmuşdu, bəs siz onda hara baxırdınız?”
Doğrudan da, Aydından başqa digər uşaqlıq yoldaşları indi Səlimi qınayır, cinayət yoluna düşməsini ona bağışlamırlar. Ancaq adama deyərlər, sizdən başqa bir şey istəyən yoxdu, onsuz da hərənizin başı öz iş-gücünə qarışıb. Uşaqlıq münasibətlərini bir kənara qoyaq, Səlim elə vəzifəcə də Kamrandan kiçikdi. Kamran, İmran, Vəli və o biriləri bu gün onu nədəsə ittiham etməkdənsə, vaxtında Səlimə məsləhət verə, lap ərklə döyə-söyə onu cinayət yolundan döndərə bilərdilər. Orda-burda özlərinə necə haqq qazandırsalar da, günahkar həm də onlardır. Yoxsa, Kamran Xalidənin qarşısından niyə qaçırdı, o biri yoldaşları qadının qarşısında niyə uşaq kimi susurdular? Lap Aydın özü, nə olsun ki, indi Səlimə acıyır, ona kömək etmək istəyir, bu illər boyu Səlimlə bir dəfə maraqlanıbmı, ondan nə iş gördüyünü, neylədiyini soruşubmu? Yox! Deməli, uşaqlıqda altında oynadıqları xan çinarı heç vaxt unutmayan Aydınla o ağacı baltalatdıran Kamran mahiyyətcə eyni adamlardır, nəticədə eyni şey alınıb, Səlimin və onların təqsiri ucbatından Səlimin körpələri vaxtıyla onların da qaldıqları kimi atasız qalıb… Körpə Aydıngili qəddar dünyaya qarşı ayaq üstə saxlayan, yetim olmalarını onlara unutduran uşaqlıq dəyərləri necə məhv oldu, bir-birləri üçün ata-analarını əvəz edən bu uşaqlar onları yetim qoyan dünyayla, insanlarla sonradan necə eyniləşdilər, bunu özlərinə necə layiq bildilər? Barələrində ağız dolusu danışdıqları ataları beləydilər ki? İndi o atalar yoxdusa, o Aydıngil yoxdusa, Səlimin uşaqlarının atasını onlar üçün əvəz edə biləcək o uşaqlar da heç yoxdur…
Ancaq ümid hələ ölməyib: “…Nə qədər ki, bu yol var… bu dəniz var… biz varıq… ömrümüzü təzədən başlaya bilərik…”
…Hə, bir də Oqtay Ağayevin sirli-sehrli ifası bu filmdə də bizimlədir:
“Yazda qaranquş gələr,
Qaranquşlar xoş gələr.
Mən yollara baxaram,
Yollar əliboş gələr…”
Elə heç kimin yollarının əliboş gəlməməsi arzusuyla da bu yazını bitirirəm…
…Bu yazını bir də, dəqiq olmasa da, bu ay yetmiş yeddi yaşı tamam olmuş atama həsr edirəm…