XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 July 2015 - 05:09

Sara Selcan: “Misra-misra damcılayan ömrümü çək” – şerlər

Sara Selcan Hacıqabul rayonunun Muğan qəsəbəsində doğulub. 2002-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin bakalavr, 2008-ci ildə magistratura pilləsini bitirib. Hazırda Muğan qəsəbəsində orta məktəbdə müəllim işləyir. “Yovşanlı düzlərdə üzü küləyə” adlı şerlər kitabının müəllifidir.

Misra-misra…

Rəsmimi çəkən oğlan,

Qəlbimdəki ümidi tünd elə,

çarəsizliyi acıq,

Gözlərimə kədər qat azacıq.

Ovunmadığım ağrıları

Bütün rənglərin qarışığından çək-

Qırıq-qırıq.

Adını deyimmi onların?

-Qəzəb və hıçqırıq.

Qalın elə

ovuclarımdakı inamı

Yapışıb dura bilim.

Mən daşlı yollardan keçib gəldim,

önümdəki yolları kəsəksiz çək,

Ayağımı yalın elə.

Su bəyazlığı qat çohrəmə

Yuyunub durula bilim.

Saçlarımın ucundan

Dabanımacan

Nəfəsimi çək.

çək, çək, səsimi çək,

çatırsa haracan.

Rəsmimi çəkən oğlan,

misra-misra damcılayan

ömrümü çək.

Yoxluğumu qoru

Yoxluğumu

qoru,

Ayrılığı

itirmə.

ürəyində yaşat məni,

Məni

ağlına gətirmə.

Bütün ayrılıqlara

Bir az unudum səni,

Səni bir az saxlayım.

Ya susum, gözlərimdə

əbədi yas saxlayım.

Asıldığım umudun

Kəndiri köhnə, qırıq.

Həbs edibdi Günəşi

Bəxtimdəki qaranlıq.

Yaman insafsızdılar

Qəhr olsun onlara.

Qocaman nifrətim var

Bütün ayrılıqlara.

Duyğuların ağrısı

Göy üzü bulud-bulud,

Ay buludlar içində.

çəmənlər çiçək-çiçək,

çiçək otlar içində.

Nisgilli ayrılıqlar

Yer üzündə hələ var.

Hansı ad ilə qalar

Adım adlar içində.

Ruhunda fəryad adam,

Məni sən oyat, adam.

Dünya dolu yad adam,

Mən bu yadlar içində.

Bağrım o daşda yandı,

Gözlərim yaşda yandı,

Alışdı yaş da yandı,

Quru odlar içində.

Tanrı sevən kəslərin,

Dinlə eşq hədislərin,

Zədələndi hisslərim

Bu kobudlar içində.

Sular kimi…

Candır yer əmanəti,

Ruhumuz sirr yerində.

Bizə yaşamaq düşüb,

Bu naməlum ömürdə.

Gündəlik qismətindir-

Əzab, arzu, sevgi, nifrət.

Sən istədin, istəmədin

Budur, əbədi həqiqət.

Alın yazında kodlaşıb,

Nə vaxt gedib qalmağın.

Sənə kömək olar ancaq,

Sular kimi pak olmağın.