XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

03 Sentyabr 2016 - 16:08

Sabir Rüstəmxanlı yazır:"Azərbaycan yazıçısının böyük bir hissəsi ömrü boyu qorxu içində yaşayır"

sabir_rustemxanli

Sabir RÜSTƏMXANLI

 

İnqilablarin, müharibələrin, siyasi sistemlərlərdəki keçidlərin faciə və ağrıları cəmiyyətin hər kəsiminin qədərində bir cür iz buraxır. Söz yox, ən ağır yük vətəni qorumalı olan savunma qüvvələrinin çiyninə düşür. Çünki indiki savaşların taleyini gücdən və ağıldan çox, silah həll edir, əsgərin və millətin daşımalı olduğu məsuliyyətin bir hissəsini silah bəhanəsi qapadır. 
Bu faciə və sınaqlar da başlanır və bitir, ancaq cəmiyyətin elə bir zümrəsi var ki, onun üçün uzaq keçmiş və ya indiki çağlarda baş verən olayların heç biri heç zaman bitmir, o, daim bu olayların içindədir; tarixə dönmüş olaylar da onun təxəyyülündə canlıdır, hərəkətdədir; daim araşdırılır, incələnir və xalqın gələcəyi baxımından dəyərləndirilir.

Yazıçı, məhz bu baxımdan cəmiyyətin barometridir və üzdə tez-tez görünüb-görünməməsindən asılı olmayaraq, onun iş otağı, yazı masası həm hakimdir, həm Milli Məclisdir, həm döyüş cəbhəsidir, həm də xalqın səsinin gur eşidildiyi meydanlardır… Əslində, yazıçının siyasi qruplara qoşulması vacıb deyil, çünki o, bütövlüklə xalqın səsi olmalı və ya millətin taleyi və maraqlarına optimal şəkildə xidmət edə biləcək demokratik, çağdaş, dünyəvi, milli qüvvələrin tərəfində dayanmalıdır.

Ədəbiyyatımızın tarixində bu sadə həqiqəti onaylayan örnəklər var. Ötəri, günlük siyasətə uymaq, haqqın yox, zorun tərəfində dayanmaq yazıçını bütün gələcəyindən məhrum edə bilər. Təkcə onun özü yox, övladlar və davamçıları da heç vaxt bu səbatsızlığın lənətindən xilas ola bilməzlər.

Yanlış, milli ideallara zidd yol tutulanda qazanılan var-dövlət, şöhrət, fəxri adlar, deputatlıq, orden-medal yağışı günlərin birində xalqın qınağına çevrilib yazarın üstünə qayıdır. 

1937-ci ildə Stalin rejimini əbədi və sarsılmaz sayaraq, şərə xidmət edənlərin, antimilli yol tutanların, işğala və assimilyasiyaya haqq qazandıranların, qələm dostlarının ölümünə imza atanların sonrakı taleyi göz qabağındadır. Haqqı dərk edənlərin zəhməti və zamanın ədaləti Hüseyn Cavidi Sibir cəhənnəmindən Naxçıvana qaytardı, üstündə Mömünə Xatun məqbərəsiylə bir sırada dayanan məqbərə ucaltdı, ancaq Stalini mərmər mavzoleydən çıxarıb atdı. Öz canlarını qorumaq üçün mədhiyyəbazlıq etmiş yazar və şairlərin qara imzaları ortaya çıxandan sonra onların bütün ehtişamlı həyatı, cild-cild nəşr edilib kitabxanalara doldurulmuş əsərləri xalqın gözündən düşür, heç nə, hətta övladlarının, atalarının günahını yumaq üçün etdikləri səmimi və ya məcburi tövbələr, haqqa və xalqa dönüş cəhdləri də köməyə çatmır… 

Bəs indi durum necədir? Yazıçı sözünü hansı səviyyədə deyir? Deyə bilirmi? Deyilən söz xalq arasında və rəsmi dairələrdə necə qəbul edilir?

Deyə bilərlər ki, bu məsələyə rəsmi dairələri niyə qatırsan? Axı onlar bir ovuc insandır. Oxuyur oxusun, oxumur oxumasın! Bu belədir! Ancaq təəssüf ki, ədəbiyyata, sözə, kitaba və onun müəllifinə münasibətin bir sıra mühüm cəhətlərini ümumi oxucu kütləsi yox, bəlli adamlar yönəldir və rəsmiləşdirir, buna görə də onların rəyini kənarda qoymaq olmaz.

Yurd sevgisi çox vaxt gözümü tutub, pisi də yaxşı saymışam, ümidim sarsılmayıb: “düzələr, müvəqqəti çətinlikdir, keçib gedər, millətimiz müdrikdir bu əyriliyin qarşısını alar, köhnəliyin qalığıdır, vaxt keçdikcə düzlük, haqq, ədalət yerini tutar”, – demişəm.

Bu, bir inamdır, vətəndaş mövqeyidir. Kökü sevgimə dayanır. Sevgi adamın gözünü tutur, amma kor eləmir. Bununla yanaşı, bir yazıçı, şair, ziyalı mövqeyi də var. Orda güzəşt yoxdur; orda həqiqətdən qaçmaq olmur; qaçsan özünü də, sözünü də, yolunu da, şəxsiyyətini də itirərsən.

Dünya balacadır. Yüz cür qorunma üsullarına baxmayaraq, qrip və ya başqa yoluxucu xəstəliklərin ölkədən ölkəyə ildırım sürətilə keçib yayıldığı kimi, cəmiyyətlərdəki mənəvi xəstəliklər və dərdlər də yayılır, nə faciəni, nə yenilikləri, nə sevinci, nə kədəri bir ölkə çərçivəsində həbs edib saxlamaq olmur. 

Əslində, söz və cəmiyyət, ədəbiyyat və hakimiyyət problemləri bu gün ümumdünya problemidir. Düz söz demək, həqiqəti yazmaq imkanları bizdən qat-qat artıq olan Qərb dünyasının yazarları da “düz danışmaq qorxusu” içində yaşadıqlarından gileylənirlər.

Böyük ədib Uilyam Folkner yazırdı: “Bizim zəmanəmizin faciəsi hamımızın kütləvi şəkildə cismani qorxu içində yaşamağımızdadır, biz o qədər çoxdan bu vəziyyətdəyik ki, artıq onunla barışmışıq. İnsan ruhunun bundan başqa heç bir problemi yoxdur. Onun üçün yalnız bir sual qalır: məni haçan məhv edəcəklər? Buna görə də müasir gənc yazıçılar insan qəlbinin özüylə münaqişədə olması ilə bağlı sorunları unudublar, halbuki əsl ədəbiyyatı məhz bu problemlər doğurur, yalnız onlar barədə yazılanlar dəyərli ola bilər… Yazıçı… qorxu deyilən şeyi həmişəlik unutmalı, öz yaradıcılıq emalatxanasından sevgi, şərəf, qürur və fədakarlıq kimi köhnə, əbədi, universal, həqiqətlərdən savayı – çünki bunlarsız istənilən əsər ölüdür, unudulmağa məhkumdur – qalan hər şeyi kənara atmalıdır. Yazıçı bunu etmədikcə lənət təhlükəsi ilə üz-üzə qalacaq”.

Bu, “azad” Amerikanın Nobel mükafatına layiq görülmüş böyük qələm sahibinin etirafıdır. Məqsəd yazıçıları qorxudan xilas etməkdir.

Dünyanın hər yerində, o cümlədən, bizdə ədalətli, düz sözün üstündə bir qara qorxu dolaşmaqdadır. Bu, ilk hövbədə hakim dairələrlə bağlıdır. Mənəvi və cismani terrordan başlamış, səsini oxucuya çatdıra bilməməyə, mətbuat qadağalarına, bir tikə çörəyə möhtac olmaq faciəsinə qədər… Bütün bunların hamısı qorxu mənbəyidir. Azərbaycanda bunlardan əlavə cəhalətin, dini xürafatın da öz qorxutma üsulları var və bu üsullar bir-irinə çox bənzəyir. Məsələn, başqa bəhanə tapılmayanda “polisə müqavimət”dən tutmuş, “dövləti və dövlət başçısını təhqir etmə”yə qədər gülünc bəhanələr çıxır ortaya, əsl həqiqət qalır bir kənarda. Xırda məmurlar öz intiqamlarını dövlət başçılarının və bütövlükdə dövlətin vahiməli kölgəsi altında gizləyirlər. Eynilə cahil, savadsız din xadimləri də öz rəqiblərini allahsız və ya dinsiz elan edirlər. Xoş məramla deyilən alternativ söz ciddi mətləblərə toxunursa və cavabı çətin olursa, həmən siyasətin və dinin bütün arsenalı işə salınır…

Yazıçısı qorxuya öyrəşən, daha doğrusu, qorxuyla barışan cəmiyyət – ruhunu itirmiş, enerşisi tükənmiş, imuniteti zəifləmiş cəmiyyətdir.

Mətbuatımızda tez-tez mübahisələr gedir: bizim yazıçılar niyə Nobel mükafatı ala bilmirlər və ya Nobel mükafatına layiq əsərlər yazmırlar?

Nobel mükafatının getdikcə siyasiləşməsi əsas və tez-tez təkrarlanan cavablardan biridir.

Çoxlu başqa səbəb də var: dilimizin uluslararası ünsiyyət dili olduğu çağların arxada qalması, əsərlərimizin Avropaya çıxması üçün bir neçə maneələr adlaması, kitablarımızı geniş yayılmış dünya dillərinə çevirə bilən yüksək səviyyəli tərcüməçilərin olmaması və s. 

Məncə, bu sıraya əlavə olunmalı ciddi bir səbəb də var: Qorxu! Bəli, Azərbaycan yazıçısının böyük bir hissəsi ömrü boyu qorxu içində yaşayır. Həm də bu, dünəndən, srağagündən başlanan bir faciə deyil. Ən azı iki yüzildir davam edir. Çarızm dövründə ana dilində təhsilin olmaması üzündən həm mədrəsələri, həm rus məktəblərini bitirənlərin içində dilimizi zəif bilmə qorxusu vardı. Hətta XIX-XX yüzil ədəbiyyatımızın bir sıra böyükləri də bu qorxunun işərisindən keçmişlər, ədəbi dil normaları dəqiqləşməmiş bir dildə yazmaq onlar üçün ömürlük bir sorun olaraq qalmışdır. Sovet dövrünün problemləri də hər kəsə bəllidir. Yazıçılarımız daim ikiqat qorxu altında olmuşlar: Sovet rejiminin siyasi-ideoloji basqısı, vulqar sosioloji cərəyanların, konfliktsizlik, sosializm realizmi metodlarına uyma məcburiyyətinin irəli sürdüyü şərtlər və bu şərtlərdən kənara çıxmanın repressiya qorxusu; digər tərəfdən, müttəfiq respublikalara ikinci sinif yanaşmasının doğurduğu və yerli hakimiyyət orqanlarının ədəbiyyat üçün cızdıqları məhdud dairədən çıxmağın qorxusu. Üstəlik, nəşrə təqdim olunan hər əsərin başının üstündə bir senzor qorxusu da vardı. Çap olunmaq arzusu tədricən yazıçıların özlərini senzora çevirirdi. Yenilikdən və ədəbi cəsarətdən qaçma vərdişləri belə yaranmışdı. Bu, sovet hakimiyyətinə sərf edirdi. Hətta belə bir ənənə formalaşdırılmışdı: başqa xalqların kitablarında, mətbuat orqanlarında Azərbaycanın əleyhinə yazılan, tariximizi, mədəniyyətmizi təhrif edən yazılara da cavab vermək yasaqlanırdı: “münasibətləri pozar, yəqin, Moskva və ya özlərinin arasından obyektiv düşünənlər tapılıb cavab verərlər”. Nəzərə alınmırdı ki, bizə bu cür yanaşmanın arxasında elə mərkəzi hakimiyyətin özü dayanır. 

Bütün bunlara baxmayaraq, həm ədəbi dilimiz, həm ədəbiyyatımız son 150-200 il ərzində böyük bir inkişaf yolu keçmişdir. Məhdudiyyətlər və qorxu ədəbiyyatımızın humanist mahiyyətini, azadlıq ruhunu və milli ideallara bağlılıq gücünü sarsıda bilməmişdir… Az sayda olsa da, dünya ədəbiyyatı səviyyəsində dayanan əsərlər də yaranmışdır…

Məncə, milli dövlətçiliyimizin bərpası, müstəqilliyin qazanılması bu qorxu sindromunu aradan qaldırmalıdır. Çünki ədəbiyyatsız xalq lal adam kimidir, onu heç kim eşitməz. Hər millətə ümumi mədəniyyəti, yaşam tərzi, potensialı və milli-mənəvi dəyərlərinə onun ədəbiyyatı əsasında qiymət verirlər. Siyasi rejimlər, iqtidar və müxalifətlər keçib gedir, ancaq ədəbiyyat, kitab qalır. Öz kitabına və ədəbiyyatına münasibət hər bir cəmiyyətin ümumi mədəni və intellektual səviyyəsini göstərir.

Ədəbiyyata qısqanclıq, yazıçı sözünü, ziyalının cəmiyyətdəki neqativ hallara münasibətini süngüylə qarşılamaq məmurun öz millətinin və dövlətinin gələcəyini düşünməməsinin əlamətidir. Ətrafda nə baş verir, cəmiyyətin ümumi psixoloji durumu necədir, insanlar öz dövlətlərindən nə gözləyirlər? Bu sualların ən dəqiq cavabını yalnız bədii ədəbiyyatda tapmaq olar. Buna görə də istənilən milli dövlət ədəbiyyatın tənqid ruhundan qorxmamalı, əksinə, yazıçıların qorxu sindromundan xilas olub daha sərbəst düşünüb yazmaları, daha rahat nəşr olunmaları üçün şərait yaratmalıdır.

Yuxarıda Folknerdən gətirdiyim misal bu məsələnin dünyanın bütün böyük söz ustalarını rahatsız etdiyini göstərir. 

Yazıçının öz yüksək vətəndaş mövqeyi ugrunda ardıcıl və cəsarətli mübarizəsi baxmından başqa bir Nobel mükafatı laureatı, ingilis yazıçısı Harold Pinterin həyatı və əsərləri də nümunə göstərilə bilər. Ədəbiyyatın xalqın həyatındakı rolunu Pinter çox dəqiq ifadə edir və bu misalı tərəddüd eləmədən bizə də aid etmək olar. O yazır: “Siyasətçilərin istifadə etdiyi siyasi dil belə mövzulara toxunmamağa üstünlük verir, çünki onların çoxu həqiqətin söylənməsində deyil, hakimiyyətdə və onu əldə saxlamaqda maraqlıdır. Hakimiyyəti əldə saxlamaq üçünsə gərək insanlar həqiqətdən – hətta həyatları barədəki həqiqətlərdən – bixəbər olsunlar. Odur ki, bizə istifadə üçün təklif edilən, bizi əhatə edən xalı yalnız yalanlardan toxunub”.

Qərb dövlətlərinin, o cümlədən ABŞ və Böyük Britaniyanın dünyanın müxtəlif ölkələrinin iç işlərinə müdaxiləsini işğal və müharibələri ifşa edən yazıçı deyirdi: “İraq xalqına biz işgəncələri, kasetli bombalar, kasadlaşdırılmış uran, təsadüfi insanların çoxsaylı qətllərini, bədbəxtlikləri, tənəzzül və ölümü gətirərək, bunu “Yaxın Şərqdə azadlıq və demokratiyanın təmin edilməsi” adlandırdıq. Nə qədər insan öldürmək lazımdır ki, sizin hərəkətlərinizi “kütləvi qətllər” kimi tövsif etmək, özünüzü isə hərbi cani saymaq mümkün olsun? Yüz min?” 

Nobel mükafatını alarkən söylədiyi nitqində Pinterin sualları, əslində, dünyanın bütün yazıçılarının insan qatillərinə, ədalət və həqiqət qatillərinə üsyanı kimi səslənir: “Bizim əxlaq hissimizə nə olub? Bizim ümumiyyətlə əxlaqımız olubmu? Bu anlayışların mənası nədir? Görəsən onların bizim zamanlarda çox nadir hallarda işlədilən “vicdan” sözüylə bağlılığı varmı?”

İki böyük söz ustası yazıçıların müdafiə olunmadığından və ömürləri boyu yalan yazmağa təhrik edildiyindən şikayətlənir. Müdafiə olunmaq, təhlükəsiz yaşamaq istəyirsinizsə, yalan yazmalısınız! Az qala, aksiom kimi təqdim olunan bu sözlər çağımızda olaylara obyektiv qiymət verən bir yazıçı olmağın nə qədər çətin iş olduğunu göstərir.

Həqiqəti ifadə etməyən, yalançı, məddah, hər iqtidarın vaxtında bir rəngə boyanan əsərlərlə, millətini, insanlığı qorumaq əvəzinə, özünü qorumaq duyğusu ilə yazılmış ədəbiyyatla dünya ədəbiyyatı üfüqlərinə necə yol açmaq olar? Ədəbiyyatımızın böyüməsini və tanınmasını istəyiriksə, ilk növbədə bu suallar aradan qalxmalı, yəni yazıçılar qorxu mühitindən azad olmalıdırlar…

milletinsesi.az