XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 September 2016 - 16:27

Erməni saxtakarlığını ifşa edən yeni tarixi kitab –FOTO

eldar-ismayil-kitab

Tanınmış şair, yazıçı, tarixi romanlar müəllifi, əməkdar jurnalist, “Təbib” qəzetinin baş redaktoru Eldar İsmayıl və istedadlı gənc şair, nasir Gündüz Əhmədlinin birgə müəllifliyi ilə işıq üzü görən “Qərbi Azərbaycan, Göyçə – Erməni işğalı” kitabı zaman-zaman xalqımızın başına gətirilən müsibətlərdən, əzəli və əbədi düşmənlərimizin tarixi saxtakarlıqlarından, insanlığa sığmayan saysız-hesabsız vəhşiliklərindən bəhs edir.

Müəlliflər diqqəti, xüsusilə, Q.K.Qabrielyanın “Mirvari Sevan” kitabındakı saxtakarlıqların zəngin və təkzibolunmaz faktlar əsasında ifşasına yönəldiblər.

Fəlsəfə elmləri doktoru, professor Qoşqar Əliyevin ön sözdə də yazdığı kimi, Qərbi Azərbaycanın, Qarabağın  işğalı, yüzlərlə şəhər, kənd və qəsəbənin xarabalığa çevrilməsinin memarı olan ermənilər bununla belə dünya xalqlarına özlərini məzlum, zavallı bir xalq kimi təqdim edirlər: “Özlərinə xas olan qeyri-insani əməllərini türklərin ayağına yazırlar. Ağlayaraq, sızlayaraq böyük dövlətlərin qoltuqağacına  çevrilən ermənilərlə bağlı dünyanın  bir sıra siyasi xadimləri, yazıçı və alimləri, hərbçiləri öz fikirlərini bildirərək, erməni yalanını ifşa etmişlər”.

Q.K.Qabrielyan adlı erməni müəllifin Moskvanın “Mısl” nəşriyyatında çap etdirdiyi “Jemçujnıy Sevan” ( “Mirvari Sevan” ) kitabı erməni saxtakarlığının bariz nümunələrindən biridir.

Erməni xislətinə sadiq qalan Qabrielyanın bu əsərini oxuyandan sonra ona cavab vermək zərurəti yaranır.

E.İsmayıl və G.Əhmədli saxtakar erməni yazıçısının yalanlarını bir-bir üzə çıxarır, erməni tarixinin qondarma olduğunu əsaslı faktlarla sübuta yetirirlər: “Qabrielyan Sevan hövzəsindən söhbət açarkən bu ərazinin ermənilərə məxsus, Kamo şəhərinin 2750 yaşı olduğunu qeyd edir.  Əslində ermənilər Sevan hövzəsi deyilən – Göyçə mahalına ilk dəfə 1831- ci ildə gətirilmişlər. Kamo dediyi kəndin adı Kəvər olmuşdur. Sevan gölü 1931-ci ildən əvvəllər bütün xəritələrdə Göyçə gölü adını daşımışdır. Ermənilərin Türkiyədən, İrandan Azərbaycan ərazisinə köçürülməsinin 150 illiyi münasibətilə 1978-ci ildə Mardakert rayonunda abidə qoymuşlar… 

Bütün tarixi faktlar təsdiq edir ki, ermənilər Göyçə və Qərbi Azərbaycan torpaqlarına, eləcə də Azərbaycanın digər bölgələrinə XIX əsrin sonlarından başlayaraq köçürülmüşlər”.

1936-cı il iyunun 11-də Ermənistan Ali Şurasının “Erivan” şəhərinin Yerevan adlandırılması haqqında fərman verdiyini xatırladan müəlliflər bu qədim türk şəhərinin nə vaxt inşa edilməsinə də tarixi mənbələrlə aydınlıq gətirirlər: “Halbuki  Qabrielyanın Yerevan dediyi  məkanın əzəli adı  İrəvan  olmuşdur. 1936- cı ilin iyun ayının 12-də Ermənistan Ali Şurası “Erivan”  şəhərinin Yerevan adlandırılması haqqında fərman vermişdir. Bundan bir neçə il sonra ermənilər daha bir saxtakarlığa imza atmışlar. Erməni radiosu 1968-ci il mart ayının 21-də Novruz bayramının axşamında dünyaya xəbər yaydı ki, oktyabrda Yerevan (gah Erebuni, gah Erivan) şəhərinin 2750 illiyi təntənəli surətdə qeyd ediləcəkdir.

Faktlara diqqət edək və tarixi saxtakarlığı müşahidə edək.

Tarixi mənbələr göstərir ki, İrəvan qalasını, İrəvan şəhərini Səfəvi şahı I Şah İsmayıl Xətai saldırmışdır. Şah 1508-ci il aprelin 10-da Azərbaycanın qərb bölgəsinə hərbi yürüşə çıxır. Hər yana baş çəkəndən sonra başlanğıcını Göyçə gölündən alıb Araz şayına tökülən Zəngi çayının  sahilində qılıncını torpağa sancıb üzünü sağında dayanmış sevimli sərkərdəsi Rəvan xana çevirib deyir: “Sən burada qal, möhtəşəm qala ucalt və şəhər sal. Yengi sənədə Təbrizdən qayıdıb baxacam”.

Qalanın tikintisi haqda saray salnaməçisi Mirzə Əli Ərdəbilinin  şəhadətinə görə, tikinti işlərində çalışanlar hamısı türklər olub.

Çah bir ildən sonra- 1509-cu ilin nisan (aprel) ayında tikintini yoxlamağa qayıdır. Yeni salınan şəhəri görəndə gözlərinə inanmır. Möhtəşəm qala divarları, bürclər, döyüşçü qüllələri şahı heyran etmişdi. Xoş mənzərədən riqqətə gələn hökmdar qalanın və şəhərin açarlarını Rəvan xandan qəbul edərkən, oradaca adqoyma mərasimi yapır. Rəvan xanın şərəfinə şəhərə Rəvan adı verir.
 Bu ad beləcə də dünya xəritələrinə düşür. 1509-cu ilə kimi ermənilərin uydurduğu  Erebuni, Erivan adlı bir şəhər  nə bir beynəlxalq xəritədə  görünmüş, nə bir səyyah, nə bir  siyasi xadim tərəfindən qeydə alınmışdır”.

Erməni yazıçısının adı çəkilən kitabında azərbaycanlı əhali haqqında söhbət açılmasa da, ermənilərin hələ də aradan çıxara bilmədikləri toponimlər sanki dil açıb danışır və “biz varıq” deyirlər.

“Reqnum” İnformasiya Agentliyinin baş redaktoru Morest Kalerovdan gətirilən sitat da saxta kitab müəllifinə ən tutarlı cavabdır: Tarixi sənədlərdən də  göründüyü kimi, İrəvanın sadəcə 500 yaşı var və o, 1918-ci ildə məhz Rusiyanın  köməkliyi ilə  Ermənistanın paytaxtı olub. Ona qədər isə həmin ərazi İrəvan xanlığının mərkəzi idi.Tarix isə hələ də heç bir erməni imperiyası tanımır”.

Ermənilərin özlərinə hami seçdikləri rus xalqına “sevgi”ləri də sünidir, saxtadır. Təsadüfi deyil ki, hələ ötən əsrin 80-ci illərində İrəvanda rusca danışanlara ya cavab vermirdilər, ya da təhqiredici sözlər yağdırırdılar: “Siz o dili Bakıya gətiribsiniz, buraya gətirə biməzsiniz! Gedin, rus dilini Bakıda  işlədin, burada erməni dili var!”

“Qərbi Azərbaycan, Göyçə – Erməni işğalı” kitabında bu gün Ermənistan ərazisində qalan azərbaycanlılara məxsus tarixi abidələrdən, qondarma erməni soyqırımının qabardılmasından, beynəlxalq ictimaiyyətin ikili standartlarından söhbət açılmaqla bərabər, dünya miqyasında tanınmış ictimai xadimlərin, yazıçıların ədalətli mövqeyinə də kifayət qədər yer ayrılır. Xronoloji ardıcıllıqla tarixi proseslərə də toxunan müəlliflər araşdırmalarında rəsmi yazışmaları, maraqlı tarixi sənədləri oxucuların diqqətinə çatdırmaqla sanki yaddaşımızı silkələyir, itkilərimizin böyüklüyünü gözümüz önündə yenidən canlandırırlar.

Kitabda kənd, yer-yurd adlarının ilkin mənalarının, əhalinin milli və say tərkibinin tarixi mənbələrə istinadən açıqlanması bu ərazilərdə türk tayfalarının dominantlıq etməsini bir daha təsdiqləyir.

Əsərdə Qərbi Azərbaycanın tanınmış simaları, şairləri, aşıqları haqqında da dolğun məlumat verilir, onların keşməkeşli həyat yoluna işıq salınır.

Ermənilərlə 160 illik mücadilənin acı nəticələrini təhlil edən müəlliflər 1987-1988-ci illərdən başlayan hadisələr üzərində ayrıca dayanaraq qeyd edirlər ki, artıq Ermənistan televiziyası və radiosu bütün verilişlərini Dağlıq Qarabağ hadisələri ilə başlayırdı. Demək olar ki, siyası və iqtisadi məsələlər tamamilə unudulmuşdu.

Kitabda ayrı-ayrı zaman kəsiklərində dağıdılmış, hətta xəritədən silinmiş türk kəndləri, İrəvanın və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi barədə tarixi sənədlər də öz əksini tapıb.

1988-ci ilə qədər Ermənistanda olan azərbaycanlı yaşayış məntəqələrinin tam siyahısını kitaba daxil edən müəlliflər o yerlərin, o yurdların tarixi həqiqəti öz canında, çöhrəsində yaşadacaqlarına, əzəli və əbədi sakinləri gələnə kimi gözləyəcəklərinə inanırlar.

Biz də o tarixi günün gələcəyinə inanmaq istərdik. Gərək unutmayaq ki, bütün tarixi qələbələr tarixi həqiqətlərə söykənir. Düşünürük ki, “Qərbi Azərbaycan, Göyçə– Erməni işğalı” kitabı beynəlxalq ictimaiyyətinin diqqətini bu tarixi gerçəkliyə yönləndirmək, Ermənistan adlı bir dövlətin tarixi torpaqlarımız hesabına yarandığını sivil dünyaya çatdırmaq baxımından çox dəyərli bir mənbədir.

Arif MƏMMƏDLİ