İlkin Xaliq (Əliyev İlkin Xaliq oğlu) 1981-ci il dekabr ayının 24-də Sumqayıt şəhərində, şair Xaliq Oğuzun ailəsində anadan olub. Bədii yaradıcılığa uşaq yaşlarından başlayıb. İlk şeiri 1994-cü ildə dərc olunub.
Şeirləri ilə müxtəlif qəzet və jurnallarda çap olunan İlkin Xaliq, yeni nəsil Azərbaycan poeziyasının istedadlı nümayəndələrindən biridir.
Kaş ki, mən su olaydım
Kaş ki, mən su olaydım,
Düşüb bulud cildinə ağlayaydım həsrəti.
Sən gedən cığırları təmizləyib yuyaydım,
O yolları edəydim bu dünyanın cənnəti.
Yağaydım yollarına səndən bir addım öncə,
Yağaydım yollarına hər saat, hər bir gecə.
Buludlartək boşalıb, buludlartək dolaydım –
Kaş ki, mən su olaydım.
Kaş ki, mən su olaydım.
Bir fincana doldurub, qəfil məni içəydin.
Bir su damlası kimi daxilində qalaydım,
Ordan isə yol tapıb, ürəyinə köçəydim.
Hər dəfə pıçıldayıb “sevirəm” kəlməsini,
Sənə eşitdirəydim bir dənizin səsini.
Sonra da həsrətimdən ağladığın zamanda
çıxaydım gözlərindən, çıxaydım bir yaş kimi.
İçindəki dənizin səsin duyduğun anda
Gələydim gözlərinə dərdinə sirdaş kimi.
Axaydım gözlərindən,
axaydım yanağından,
Yanağından süzülüb, dodağında duraydım.
Kaş ki, mən su olaydım.
Kaş ki, mən su olaydım…
Bu natəmiz dünyadan qorunaydın mənimlə.
Yuyunaydın mənimlə, yuyunaydın mənimlə.
Olaydım bədənindən axan bir su damlası,
Səni gəzmək olaydı həyatımın mənası.
Süzülüb bədəninlə aşağıya axaydım,
Səni orda görəydim, sənə orda baxaydım.
Sevərək bədənini, gəzəydim qarış-qarış.
Buxarlanıb uçaydım,
yenə olaydım bulud,
Yenə olaydım yağış . . .
Unut!
Unut, qurban olum, sən məni unut,
Elə bil heç zaman olmamışam mən.
Qəfil öpməmişəm sənin üzündən,
Əl atıb saçını yolmamışam mən.
Kobud əllərimi incə əllərin,
Gözümü yaşaran gözün unutsun.
Burnumun təmasın ipək tellərin,
Tüklü sifətimi üzün unutsun.
Səsimi lent kimi silib təmizlə,
Səsim də qalmasın qulaqlarında.
Tütün dadı verən dodaqlarımı
Unutsun çiyələk dodaqların da.
Beləcə unutsun burnun qoxumu,
Unut gülüşümü, batıq çənəmi.
Unut “sevgi” adlı şirin yuxumu,
Başın da unutsun balınc sinəmi.
Sil məni hər şeyin öz yaddaşından,
Köhnə məktub kimi sandığa basma!
Sök mənim rəsmimi göz yaddaşından,
Onu gözlərinin üstündən asma!
Bizi qovuşdurmaz qoca dünyanın
Görüşüb- ayrılan yolları, izi.
Qovuşmaq yazmayıb Uca Yaradan,
Bəlkə, yazacaqmış, unudub bizi.
Həyətin beşinci işıq dirəyi
Yerim də, yurdum da küçəniz idi,
Ən gözəl illərim orda keçibdir.
Eh, sizin həyətin çox ağacları
Mənim gözlərimin suyun içibdir.
Məhlədən “vağzalı” səsi gələndə,
Mənim ürəyimdən ürək qopardı.
Dərsindən qaçdığım müəllimlərim
Sizin küçənizdə məni tapardı.
İndi çox gülməli görünür mənə,
Yerə ürək çəkib yandırmağım da.
Sizin pəncərəyə daş atan zaman
Qonşu pəncərəni sındırmağım da.
Sizin qonşular da qəribə idi,
Sanki huşsuz idi tum satan xala.
Hər məni görəndə sual verərdi:
Kimin uşağısan -deyərdi-bala?
Məhlədə nərd atan yaşlı kişilər,
Elə bil bənd idi məni görməyə.
Gah məni dükana göndərərdilər,
Gah da çayxanaya çay gətirməyə.
Bir kimsə bilməzdi gətirib ora,
Bu gənci sevgisi, sevən ürəyi.
Mənə ad qoymuşdu sizin qonşular –
“Həyətin beşinci işıq dirəyi”…
Görüşərik
Bəxtini silib atasan –
Qarla siləsən bu gecə.
Bürünüb qara yatasan,
Səssiz öləsən bu gecə.
Bir şüşə araq götürüb
Yavan çörəklə içəsən.
Yatıb – yuxuya gedəsən,
Donub – dünyadan köçəsən.
Donasan, nəfəsin şişə
Boğazında tikə kimi.
Bu qara taleyin düşə
Qar üstünə ləkə kimi.
Don vura bu boş başını,
Sözlə dolu ürəyini.
Donmuş əlindən apara,
çöl iti son çörəyini.
Cibindən kağız tapalar:
“çıxdın həyatıma şərik”.
Səninlə haqq-hesabım var,
O dünyada görüşərik!
Səhv ola…
Səhv ola, bəxtin gətirə,
Donub gözünü döyəsən.
Bir uçan boşqab götürə,
Uçub gedəsən göyə sən.
Ya qolların qanad ola,
Durduğun yerdən uçasan.
Dərdlər baxa-baxa qala,
Əlindən birdən uçasan.
Qonasan Allah evinin
Qara yaylıqlı başına.
Ya da qonasan kor olmuş
Bəxtinin elçi daşına.
Sürtəsən öz köynəyini
Bəxtin kor olmuş gözünə.
Bəxtinin gözü açıla,
Açıla, gülə üzünə.
Bir uçan boşqab götürə,
Göy üzündə sülənəsən.
Səhv ola bəxtin gətirə,
Ulduz-ulduz dilənəsən.
Dünya mənim evim deyil
Dünya mənim evim deyil,
Evim olsa ağlamazdım.
Dünya mənim evim deyil,
Mən belə ev saxlamazdım!
Dünya mənim evim deyil.
Mən bir dərviş, mən bir qərib,
Məni bu gidi dünyaya
Səni göndərən göndərib.
Dünya mənim evim deyil.
Evim olsa yaşayardım.
Evim olsa, mən köçəndə
” Veş-vüşümü” daşıyardım!
Dünya mənim evim deyil,
…Təməl tökmək istəyirəm.
Mən, burdakı qazancımla
Bir ev tikmək istəyirəm.
Dünya mənim evim deyil,
Mən, deyiləm bura yiyə.
Bu dünyanın öz yiyəsi
özü burda qalmır, niyə?